Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3122/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülk iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-517/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 4354,83 manat məbləğində əsas borc, 710,09 manat faiz borcu, 262,61 manat cərimə borcu olmaqla, cəmi 5327,53 manat kredit borcunun və 74 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya 59 ay müddətinə illik 25 faiz ödənilməsi şərtilə 4500 manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq, ödəməli olduğu krediti vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka borcu yaranmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-517/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsi ilə (sədrlik edən Adilə Paşayeva) iddia təmin olunmuş, Cavabdeh 4354,83 (dörd min üç yüz əlli dörd manat, 83 qəpik) əsas borc, 710,09 (yeddi yüz on manat, 9 qəpik) faiz borcu, 262,61 (iki yüz altmış iki manat, 61 qəpik) cərimə borcu olmaqla, cəmi 5327,53 (beş min üç yüz iyirmi yeddi manat, 53 qəpik) məbləğində pul vəsaitinin və 74 (yetmiş dörd) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-nin hesabına köçürülməsi qət olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, borcun azaldılmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işin obyektiv hallarına diqqət yetirilməməsi, cavabdeh tərəfindən ödənişlər edilməsinə baxmayaraq əsas borcdan cəmi 145,17 manat silinməsi, bu halın isə məhkəmə tərəfindən araşdırılmaması, müvafiq ekspert rəyinin alınmadan qətnamə çıxarılması, məhkəmə iclaslarında çəkişmə prinsipinə əməl olunmaması, bu səbəbdən də cavabdehin ekspertizanın keçirilməsi barədə vəsatət təqdim edə bilməməsi, sübutlara obyektiv hüquqi qiymət verilməməsi, nəticədə hüquqlarının pozulması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq cavabdehlə bank arasında bağlanmış kredit müqaviləsinin bankın məhsulu olan “BolKart” ilə bağlı olduğunu, lakin cavabdeh tərəfindən öhdəliklər lazımınca icra olunmamasını, cavabdehə xx.xx.2024-cü il tarixə 4354,83 manat məbləğində əsas, 710,09 manat faiz, 262,61 manat cərimə borcunun (cəmi 5327,53 manat borc) olmasına dair xəbərdarlıq məktubu göndərildiyini, lakin yenə də öhdəliyin icra olunmadığını, cavabdehin Bolkartdan bəzən POS terminal, bəzən isə ATM vasitəsilə nağdlaşdırma əməliyyatları həyata keçirdiyini, bunun hesabdan çıxarışdan da göründüyünü, apellyasiya baxışı zamanı alınmış ekspertiza rəyi ilə borcun mövcudluğunun bir daha təsdiq olunmasını bildirərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AL/42446/91/3 nömrəli kredit sazişindən (kredit xətti) görünür ki, həmin sazişlə cavabdehə illik 25% hesablanmaqla, 59 ay müddətinə, kredit xəttinin maksimal məbləği 10000 manat, ilkin olaraq istifadəsi mümkün olan məbləğ isə 4500 manat müəyyən olunmaqla plastik kart vasitəsilə müvafiq kredit xətti ayrılmışdır. Bununla yanaşı, işdə olan digər sübutlardan görünür ki, iddiaçı tərəfindən cavabdehə 1 ədəd kart (X8 Credit Contactless) təqdim olunmuş, həmçinin cavabdeh iddiaçı bankın müştərilərinə kreditləşmə və xidmət şərtləri ilə tanış olaraq onu imzalamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli, AL/42446/91/3 nömrəli müqaviləyə əsasən, 4354,83 manat əsas, 710,09 manat faiz, 262,61 manat cərimə borcu olmaqla, cəmi 5327,53 manat kredit borcu mövcuddur və bank bağlanmış kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyini bildirmiş, borcalandan banka olan bütün borc məbləğini tam olaraq dərhal ödəməyi tələb etmiş və müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Birinci instansiya məhkəməsi iddianın əsaslı olması nəticəsinə gələrkən qeyd etmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən, tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, faizlərin və cərimə borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdeh apellyasiya şikayətində kredit sazişinin etibarlılığını mübahisələndirməmiş, yalnız borcun məbləği ilə razılaşmayaraq, tərəfindən ödənişlər edilməsinə baxmayaraq əsas borcdan cəmi 145,17 manat silinməsini, məhkəmə iclaslarında iştirak etməməsini, bu səbəbdən də ekspertizanın keçirilməsi barədə vəsatət verə bilməməsini, kredit borcunun məbləğinin obyektiv müəyyən olunması üçün məhkəmə mühasibətlıq ekspertizasının təyin olunmasının zəruriliyini və s. qeyd etmişdir. İşdən görünür ki, cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmiş, lakin işdə olan sübutlardan (bildirişlər, reyestrlər, SMS məlumatlandırma və s.) görünür ki, cavabdehə rəsmi qeydiyyatda olduğu ünvan üzrə məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada bildirişlər göndərilmiş, həmçinin mobil telefona SMS bildirişlər göndərilmiş, cavabdeh isə hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Bununla yanaşı, cavabdeh hər hansı üzrlü səbəb göstərmədən apellyasiya baxışında da iştirak etməmişdir. MPM-in 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. MPM-in 146-cı maddəsinin tələbinə görə, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Lakin, qeyd edilənlərlə yanaşı apellyasiya şikayətinin dəlilləri üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılması istiqamətində apellyasiya baxışı zamanı məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3135 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2023-cü il tarixli, AL/42446/91/3 nömrəli kredit sazişinin şərtləri əsas götürülməklə, cavabdehin banka olan borcu xx.xx.2024-cü il tarixə əsas borc üzrə 4363,32 manat, faiz borcu üzrə 718,13 manat müəyyən olunmuşdur (cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdən sonra cəmi 10 manat ödəniş həyata keçirilmiş, lakin sualda borcun hesablanma tarixi xx.xx.2024-cü il qeyd olunduğundan həmin ödəniş ekspert tərəfindən nəzərə alınmamışdır). Göründüyü kimi, ekspertiza tədqiqatı zamanı da əsas və faiz borcunun məbləğinin iddia tələbindən göstəriləndən az olması müəyyən edilməmişdir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir. Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində həyata keçirdiyi ödənişlər üzrə əsas borcdan cəmi 145,17 manat silinməsini qeyd etsə də, ekspertiza rəyinə əsasən iddiaçı tərəfindən ümumilikdə 1478,50 manat ödəniş həyata keçirilmiş, ondan 805,06 manat əsas borca silinmişdir. Göründüyü kimi, cavabdehin irəli sürdüyü dəlillər işdə olan sübutlarla təsdiq olunmur. Eyni zamanda, cavabdeh xx.xx.2024-cü il tarixədək öhdəliyni əhəmiyyətli dərəcədə pozmaqla yanaşı, həmin tarixdən sonra cəmi 10 manat ödəniş həyata keçirmişdir ki, bu hal da özü-özlüyündə sonuncunun kredit müqaviləsi üzrə öhdəliyinin icrasına laqeyd münasibətini ehtiva edir. Halbuki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmçinin qeyd edilməlidir ki, məhkəmə kredit borcunu məhz xx.xx.2024-cü il tarixə müəyyən etdiyindən sonradan ödənilmiş həmin 10 manat pul vəsaiti məhz icra vaxtı nəzərə alınmalıdır. Eyni zamanda işdən görünür ki, tələb olunmuş dəbbə pulu (cərimə) 262,61 manat təşkil etmişdir ki, həmin məbləğ də əsas borca münasibətdə tənasübsüz deyildir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 467-ci maddəsinə əsasən tələb olunmuş cərimənin azaldılmasına zərurət görmür. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verməklə, qalıq borcun ödənilməsini tələb etməkdə də haqlı olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AL/42446/91/3 nömrəli kredit sazişinin ayrılmaz tərkib hissəsi sayılan və cavabdeh tərəfindən imzalanaraq ona əlavə olunmuş bankın müştərilərinə kreditləşmə və xidmət şərtlərinin 7.1-ci bəndindən görünür ki, müştəri ödənişlərini Müqavilədə (həmçinin onun əlavələrində) göstərilən qaydada vaxtında və lazımınca icra etmədikdə Bank kredit borcunu vaxtından əvvəl tələb edə bilər. Göründüyü kimi, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması ilə əlaqədar, müqaviləni birtərəfli qaydada ləğv etməklə, müvafiq iradə ifadəsini cavabdehə yazılı qaydada bildirmiş, dərhal qalıq bütün borcun ödənilməsini tələb etmişdir. Qeyd edilməlidir ki, MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda. Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, MM-nin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Beləliklə, MM-nin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında əks etdirilən hüquqi mövqeyə görə - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd edilən qərarında həmçinin göstərmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu sonda bu qərara (Qərarın 3 və 4-cü bəndləri) gəlmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Məhkəmə kollegiyası işdə olan sübutları məcmu halda qiymətləndirərək bir daha qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması ilə əlaqədar, müqaviləni xx.xx.2024-cü il tarixdə birtərəfli qaydada ləğv etməklə, müvafiq iradə ifadəsini cavabdehə yazılı qaydada bildirmiş, dərhal bütün qalıq borcun ödənilməsini (4354,83 manat əsas və 710,09 manat faiz, 262,61 cərimə borcu) tələb etmişdir. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixi Qərarı). Göründüyü kimi, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zamanı qüvvədə olmuş MM-nin 739-cu maddəsinin tələbinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı 100 manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülk iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-517/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-517/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci Cavabdeh aid edilsin. Cavabdehdən apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3122/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3122/2025
07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver