Məhkəmə qərarları › İş №2(103)-3125/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3125/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3125/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-735/2024 saylı, 26 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə (dəqiqləşdilimiş tələblə) məhkəməyə müraciət edərək 17000 manat məbləğində pulun və 140 manat rüsumun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2018-ci ilin noyabr ayının ortalarında yaxın qohumumun vasitəsilə tanış olmuşdur. Cavabdeh söhbət zamanı bildirmişdi ki, onun adına Maştağa qəsəbəsində avadanlıqsız çay evi var. O, həmin obyekti işlətmək üçün ora lazım olan avadanlıqları almalıdır. Lakin, lazım olan pul vəsaitini əldə edə bilmir. İddiaçıdan xahiş etdi ki, bankdan pul götürüb ona versin. İddiaçı da köməklik etmək məqsədi ilə özündə olan pulu və bir hissədə pulu bankdan götürərək Cavabdeh kredit müqaviləsi imzalayaraq vermişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 9 saylı Notariat Kontorunda kredit müqaviləsi ilə 17000 manat məbləğində pulu 29 noyabr 2019cu il tarixə kimi 1 il müddətinə cavabdehə vermişdir. Həmin vaxtdan sonra bir neçə dəfə iddiaçı cavabdehlə əlaqə saxlamış, o, obyekti hələ təmir etdirmədiyini, bir neçə probleminin olduğunu bildirdi. Artıq Cavabdeh borclu öhdəliyini yerinə yetirmir. Hər dəfə bir bəhanə gətirərək borcunu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-735/2024 saylı, 26 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 15000 manat məbləğində pul və 135 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi və ödənilmiş 5 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən, cavabdehdən 15000 manat tutulması hissəsində ləğv edilməsi, ona qarşı verilən iddia tələblərinin tamamilə rədd edilməsi, “iddia qalan hissədə rədd edilməsi” hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, hazırki mübahisənin iddiaçı ilə aralarında həll edildiyini və apellyasiya şikayətindən imtina etdiyini bildirərək, apellyasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdırıb hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətindən imtina qəbul edilməli, hazırki apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Göründüyü kimi istinad edilən maddədə apellyasiya şikayətindən imtinanı iddia tələbindən imtinaya, apellyasiya şikayətinin etiraf edilməsini isə iddia tələbinin etiraf edilməsinə bərabər tutur. Belə olan halda, Məhkəmə kollegiyası MPM-nin “İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi” adlı 52-ci maddəsinə nəzər salmağı vacib bilir və qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir (maddə 52.5). İş materiallarından görünür ki, apellyasiya şikayətindən imtina qanuna zidd deyil. İmtina hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-735/2024 saylı, 26 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən imtina edilməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-735/2024 saylı, 26 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etməsi qəbul olunsun və iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar