Məhkəmə qərarları › İş №2(103)-3126/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3126/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3126/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 26 dekabr 2019cu il tarixli 2464/2019 №-li kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə qeyd olunan kredit müqaviləsinə xitam verilməsi, cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 9719, 37 manat, faiz borcu üzrə 2026, 22 manat, cərimə borcu üzrə 3832, 86 manat olmaqla, cəmi 15578, 45 manat məbləğində borcun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Babazadə, iş № 2(004)-1967/2021) iddia qismən təmin edilərək, cavabdehdən 9719,37 manat əsas, 2018,12 manat faiz, 300 manat cərimə olmaqla, cəmi 12037,49 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Hazırda cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən – iddianın təmin edilən hissəsində ləğv olunmasını və həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 26 dekabr 2019-cu il tarixli 2464/2019 №-li kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik 25% olmaqla 11500 manat məbləğində kredit verilmişdir. Cavabdeh bu günədək sözügedən kreditin əsas borcundan 1780,63 manat, faiz borcundan 469,37 manat olmaqla, cəmi 2250 manat məbləğində ödəniş etmişdir. Hazırda cavabdehin tələb olunan həcmdə borcu yaranmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, öhdəliyin əhəmiyyətli hissəsi cavabdeh tərəfindən icra edilmiş, yalnız 2020-ci il üzrə ölkədə baş verən pandemiya səbəbindən bir hissəsi üzrlü olaraq ödənilməmiş, həmin hallar kredit müqaviləsində fors major hal kimi qeyd edilmişdir. Öhdəliyin qalan hissəsinin icra edilməməsi müqavilə şərtlərinə uyğun olmuşdur. Məhkəmə bu kimi halları, yəni öhdəliyinin lazımi qaydada icra olunmamasında cavabdehin təqsiri olmadığını nəzərə almamışdır. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə qətnamə iddiaçı tərəfindən mübahisələndirməmişdir. Cavabdeh isə apellyasiya şikayətində qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini, həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir. Beləliklə, hazırkı apellyasiya baxışının hədlərini iddia tələbinin təmin olunmuş hissəsi təşkil edir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış 26 dekabr 2019-cu il tarixli 2464/2019 nömrəli kredit müqaviləsinə əsasən MMC tərəfindən cavabdehə illik faiz dərəcəsi 25% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan qrafik üzrə hər ay 1093,01 manat qaytarmaq şərti ilə 11500 manat məbləğində kredit verilmişdir. 27 yanvar 2021-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin iddiaçıya 9719,37 manat əsas borc, 2026,22 manat faiz borcu, 3832,86 manat cərimə borcu olmaqla, cəmi 15578,45 manat borcu vardır. Cavabdehin müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyinə istinad edən iddiaçı hazırkı iş üzrə tələblə məhkəməyə müraciət etmişdir. Onun tələbi kredit borcunun ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı saymışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2021-ci il tarixli 9/6420 saylı rəyi ilə cavabdehin 26 dekabr 2020-ci il tarixinə, yəni müqavilə müddətinin sonuna əsas borcunun 9719,37 manat və faiz borcunun 2018,12 manat təşkil etdiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 445.2, 448.1, 448.2, 739.1-ci maddələri və s. normalarla əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; (maddə 385.1). “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2). “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Bu halda isə borclunun risk dairəsinə aid olan məsələlər onun tərəfindən kreditin ödənilməsi üçün kifayət qədər gəlirliyinin təmin olunmasıdır (maddə 448.1). “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddəə 467). Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi cavabdehin hərəkətlərini öhdəliyin lazımi qaydada icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuş, ekspert rəyi ilə müəyyən olunmuş həcmdə əsas və faiz borcunu cavabdehdən tutulması, işin hallarını, əsas borcun məbləğini, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini də nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu 300 manat məbləğinə azaltmaqla düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh etdiyi ödənişlər nəticəsində iddiaçıya daha az borcunun qaldığı barədə sübutlar təqdim etməmişdir. Bundan əlavə şikayətin məzmunundan da görünür ki, cavabdeh borcun mövcudluğunu mübahisələndirməmiş, borcu ödəməmə səbəbinin pandemiya ilə əlaqədar olduğunu bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 15 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar