Məhkəmə qərarları › İş №2(103)-3126/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3126/2024

24.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3126/2024 24.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi və debitor borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)- 940/2024 nömrəli qətnaməsindən İddiaçı İB-nin apellyasiya şikayətinə açıq məhkəmə icasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehə aid olan, ünvan 1 ünvanında (abonent kodu: **********00000) təbii qazdan sayğacdan kənar istifadə nəticəsində vurulmuş zərər (itirilmiş qazın dəyəri) kimi 4.089,80 manat və qazdan istifadəyə görə debitor borc kimi 1.270,40 manat, habelə dövlət rüsumunun əvəzi kimi 73,61 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, zərərin əvəzi kimi 86,80 manat, debitor borc kimi 1.257,70 manat, dövlət rüsumnun əvəzi kimi 18,46 manat, ümumilikdə 1.362 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Təbii qazdan sayğac üzrə istifadəyə görə debitor borc kimi 1.270,40 manat tələb olunub, məhkəmə 1.257,70 manat tutulmasını qət edib, tələbin qalan 12,7 manat hissəsi rədd olunub. Abonentin borcunun 1.257,70 manatdan artıq olduğunu təsdiq edən sübut yoxdur, ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinin və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, 12,7 manat debotor borcun tutulmasına dair tələbin rədd edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Təbii qazdan sayğacdan kənar istifadəyə görə zərərin əvəzi kimi 4.089,80 manat tələb olunub, məhkəmə 86,80 manat tutulmasını qət edib, tələbin qalan 4.003 manat hissəsi rədd olunub. Tələb 21 akta əsaslanıb, həmin aktlar xx.xx.2012-ci ildən xx.xx.2022-ci ilədək olan 10 ilə yaxın müddət ərzində tərtib olunub. Bütün aktlarda qeyd olunub abonent qazdan sayğacdan kənar istifadə edir. 1-ci akt – xx.xx.2012-ci il tarixli akt məhkəməyə təqdim olunmayıb. 2-ci akta – xx.xx.2017-ci il tarixli akta əsasən zərərin məbləği 86.80 manat müəyyən edilib, məhkəmə zərərin əvəzi kimi həmin məbləğin tutulmasını qət edib, qalan aktlara əsasən hesablanmış zərərin əvəzinin tutulmasından imtina edib. Bu, düzgün nəticədir. Belə ki, Mülki Məcəllənin 21.3-cü maddəsinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İddiaçı İB Azərbaycan Respublikası ərazisində təbii qazı təchizat nöqtələrindən qəbul edərək, paylanması və satışını həyata keçirir. Təbii qazdan sayğacdankənar istifadə faktı ilk dəfə aşkar edilərkən öz statusuna görə İddiaçı İB bu hərkətləri etməyə borclu idi: 1) təbii qazdan sayğacdan kənar istifadənin qarşısının almaq; 2) təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonenti inzibati məsuliyyətə cəlb etmək; 3) təbii qazdan istifadə qaydaların pozulmasına görə abonentin mülki məsuliyyətə cəlb edilməsini təmin etmək, yəni zərərin əvəzinin ödənilməsi üçün iddia qalırmaq. Lakin İddiaçı İB 10 ilə yaxın müddət ərzində bunları etməyib, öz hərəkətsizliyi ilə zərərin həcminin artmasına şərait yaradıb, zərərin məbləği 4.000 manatı aşdıqdan sonra məhkəməyə iddia verib. Hətta sayğac üzrə istifadə edilən qazın dəyəri tam həcmdə ödənilməmiş, buna baxmayraq İddiaçı İB qaz təchizatının dayandırmamış, sayğac üzrə istifadə edilən qazın dəyəri 1.000 manatı, ümumi borcun məbləği isə 5.000 manatı aşdıqdan sonra məhkəməyə iddia vermişdir. Belə iddialar tam həcmdə təmin edildiyi təqdirdə də, abonentin ödəmə qabiliyyəti olmadığına görə istehlak edilmiş qazın dəyərinin alınması mümkün olmur. Ona görə də təbii qazdan sayğacdan kənar istifadə faktı ilk dəfə aşkar edilən kimi İddiaçı İB zərərin həcminin atmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə borcludur. Beləliklə, qətnamə mübahisələndirilən hissədə, yəni iddianın rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamə iddianın təmin edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-940/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar