Məhkəmə qərarları › İş №2(103)-3126/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3126/2025

02.06.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3126/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Verağa oğluna qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə Açar sözlər: maneələrin aradan qaldırılması, yaşayış sahəsinə köçürülmə X1 (sədrlik edən və məruzəçi), X8 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X9, İddiaçı və onun vəkili X12 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Verağa oğluna qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “maneələrin aradan qaldırılması və yaşayış sahəsinə köçürülmə” tələbinə iddia ərizəsi ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-4133/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Verağa oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı X7 (bundan sonra iddiaçı) ilə X17 xx.xx.1997-ci il tarixdə nikaha daxil olmuş və bundan sonra Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kolxoz küçəsində yerləşən 5 saylı evə köçərək, orada yaşamışdır. Tərəflərin birgə nikahından xx.xx.2008-ci il tarixdə X18 dünyaya gəlmişdir. X17 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kolxoz küçəsində yerləşən 5 saylı ev hüquqi vəziyyətinə görə özbaşına tikilidir, həmin ünvan üzrə qaz və suyun abunə kodları adınadır. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən həmin ev ötən əsrin 80-cı illərində X4 (iddiaçı) tərəfindən inşa edilmiş, evin nömrəsi yoxdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Verağa oğlu da həmin evdə yaşayır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Verağa oğluna qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, onun X19 ilə birgə nikahda olduqları dövrdə ünvan 2 ünvanında yerləşən 2 otaqlı (qarşısı şüşə pəncərədən ibarət, hər otağın qarşısında eyvanı, dəhlizi olan, otaqlardan sol tərəfdə yerləşən mətbəx, hamam və sanitar qovşağından ibarət) fərdi yaşayış evinə (qanunsuz tikiliyə) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddianı işin faktiki hallarına uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, 2023-cü ilin yanvar ayının əvvəli qaynı X5 həbsxanadan çıxdıqdan sonra mübahisələr başlamışdır. Onu təhqir etmiş və ona hədə-qorxu gəlmişdir. Son olaraq, iyun ayının 20-si evdən çıxmağa məcbur olmuşdur. Haqqı olan evdə övladı ilə birlikdə yaşamaqdan məhrum edilmişdir. Cavabdeh isə onu yaşadığı evdən qovmuşdur. Bu günə kimi evə köçürülmə ilə bağlı iddia qaldırmaq istəməmişdir, lakin heç bir barışıq əldə edilmədiyindən iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh ona hədə-qorxu gələrək, təhdid edir. Bununla bağlı 30-cu Polis Bölməsinə də müraciət etmiş, lakin araşdırma aparılsa da, şikayət nəticəsiz qalmışdır. Onun həmin evdən istifadəsinə Cavabdeh1 və Cavabdeh2 Verağa oğlu tərəfindən ciddi şəkildə maneələr yaradılır, əmlakları olan mülkünə daxil ola bilmir. Hətta İcra Hakimiyyətinin Qəyyumluq və Qimayəçilik şöbəsinə də qısamüddətli orderin verilməsi ilə bağlı müraciəti olmuşdur. Hazırda evsiz olduğundan son çarə kimi məhkəməyə müraciət etmişdir.

4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Verağa oğlu iddiaya qarşı etiraz təqdim edərək bildirmişdirlər ki, ünvan 3 ünvanında qeydiyyatda olsalar da, həmin fərdi yaşayış evinə dair mülkiyyət hüquqları yoxdur və iddiaçı heç vaxt həmin evdə yaşamamışdır. Ümumiyyətlə, onların mülkiyyət hüququ olan hər hansı yaşayış evi yoxdur. Qeyd edilən səbəblərdən iddia tələbini əsassız hesab edirlər və iddia tələbinin rədd edilməsini xahiş edirlər.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)- 4133/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Kolxoz (indiki X30 küçəsi) küçəsi 5 ünvanında yerləşən, 2 otaqdan ibarət nömrəsiz fərdi yaşayış evindən (qanunsuz tikilidən) istifadəsinə Cavabdeh1 və Cavabdeh2 Verağa oğlu tərəfindən yaradılmış maneələrin aradan qaldırılması,. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Kolxoz (indiki X30 küçəsi) küçəsi 5 ünvanında yerləşən, 2 otaqdan ibarət nömrəsiz fərdi yaşayış evinə (qanunsuz tikiliyə) köçürülməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 Verağa oğlundan müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim X25)

6. Məhkəmə iddia tələbinin birinci hissəsinə münasibətdə qeyd etmişdir ki, işin mübahisə edilməyən halları ilə iddiaçının həmin evdə 25 ildən artıq yaşaması, həmin evdə yenidənqurma işlərinin aparılmasında iştirak etməsi, mübahisəli evin onun qaynatası tərəfindən tikilməsi və razılıq əsasında həmin evə köçürülməsi, iddiaçıya məxsus cehiz əşyalarının hazırda da həmin evdə olması və iddiaçının hazırda başqa yaşayış yerinin olmamasına görə həmin yaşayış sahəsinə ehtiyacının olmasıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətləri 1997-ci də yaranmış, iddiaçı həmin tarixdə mübahisəli fərdi yaşayış evinə köçmüşdür. Ona görə də, mübahisəyə bu münasibətlərin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsi tətbiq edilməlidir. Ev özbaşına tikili olduğundan nə iddiaçı, nə də cavabdehlər həmin evin mülkiyyətçisi deyil. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur və pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Odur ki, pozuntunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsa idi (evdə yaşamaq səlahiyyəti versə idi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin.

7. İddia tələbinin cavabdehlər tərəfindən iddiaçının fərdi yaşayış evindən (qanunsuz tikilidən) istifadəsinə yaradılan maneələrin aradan qaldırırlmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 iddaçının özünə məxsus əşyalarının mübahisə predmeti olan fərdi yaşayış evində olmasını və həmin evin qapısının onun tərəfindən bağlanmasını, həmin əşyaların oradan aparılmasına icazə vermədiyini, eyni zamanda iddiaçı ilə digər Cavabdeh2 Verağa oğlu arasında onun mənzildən çıxarılması ilə əlaqədar mübahisələrin olmasını, lakin döyülmənin baş verməməsini izahatında bildirmişdir. Məhkəmə cavabdehlər tərəfindən edilən bu hərəkətlərin iddiaçının həmin evdən istifadəsinə yaradılan maneələr kimi qiymətləndirərək iddia tələbini həmin hissədə də əsaslı hesab edərək Bakı şəhəri, Suraxanı rayonu, Kolxoz (indiki X30 küçəsi) küçəsi 5 ünvanında yerləşən, 2 otaqdan ibarət nömrəsiz fərdi yaşayış evindən (qanunsuz tikilidən) iddiaçının istifadəsinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qənaətinə gəlmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı, 11-ci, 157-ci, 180-cı, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci, xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü, 123-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 107-ci, 119-cu, 217-ci maddələlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdehlər Cavabdeh2 Verağa oğlu və Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdehlər ayrı-ayrılıqda eyni məzmunlu apellyasiya şikayətlərini onunla əsaslandırmışdılar ki, mübahisəli evin dövlət tərəfindən müvafiq qeydiyyata alınmadığı halda iddiaçının həmin evə köçürülməsi, yəni mülkiyyət sənədi mövcud olmayan evə dair istifadə hüququnun məhkəmə tərəfindən tanınması qanunsuzdur. Belə ki, mövcud məhkəmə işi ilə bağlı Azərbaycan Resbublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-909.2024 nömrəli analoji qərarı mövcuddur. Həmin iş üzrə qərar birinci instansiya məhkəməsindən başlayaraq digər instansiya məhkəmələrini keçmiş, uğurlu olmuş və qüvvədə qalmışdır. Ali Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı mübahisəli evdən istifadə hüququ yaranmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin mübahisəli evə dair heç kimin mülkiyyət hüququ tanınmamışdır. Odur ki, iddiaçının mübahisəli evə istifadə hüququ yaranmadığı halda, mübahisəli ev isə dövlət tərəfindən müvafiq qeydiyyata alınmadığı halda, yəni həmin ev mənzil münasibətinin obyektinə çevrilmədiyindən iddiaçının həmin evə köçürülməsi məntiqi baxımından düzgün deyildir. Mübahisəli ev dövlət tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından yaşayış binasının tərkib hissəsinə köçürülmə istisna edilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi və həyata keçirilməsi mülkiyyətçi ilə bağlanan və notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. Lakin məhkəmə nə bu kimi razılaşmanın mövcud olub olmadığını araşdırmış, nə də iddiaçı məhkəməyə bu kimi sübut təqdim etmişdir. Qeyd edilən Ali Məhkəməkənin analoji qərarında Ali Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, “ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qayınananın keçmiş gəlinini saxlamaq vəzifəsi müəyyən olunmamışdır.” Ali Məhkəməkənin analoji qərarında Apellyasiya İnstansiya Məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki; “Mübahisəli tikilinin cavabdehin faktiki sahibliyində olan qanunsuz tikili olması qəbul edildiyi təqdirdə də iddia əsassız hesab olunur. Belə ki, yaşayış binasından istifadə və ya ümumilikdə mülkiyyət hüququ Mülki Məcəllə və Mənzil Məcəlləsi ilə tənzimlənir. Lakin iddiaçının iddiasında əsasən mübahisəli evin özbaşına tikili olması qəbul edildiyi halda, həmin evdən istifadə və ya mülkiyyət hüququ ilə bağlı məsələlər həmin Məcəllələrlə tənzimlənmir, bu münasibətləri tənzimləyən analoji hüquq normaları da yoxdur. Lakin iddiaçının apellyasiya şikayətinin dəlillərinə əsasən o, cavabdehin faktiki sahibliyində olan özbaşına tikiliyə onun razılığı ilə köçmüşdür ki, cavabdehin razılığı olmadan iddiaçının yenidən həmin mənzilə köçürülməsi sahibliyin pozulması kimi qiymətlənidirilməklə əsassız hesab olunur. Nəzərə alınmalıdır ki, müəyyən hüquq münasibətlərində faktiki sahiblik də qanunla qorunmaqdadır.” Həmçinin İddiaçı Mənzil Məcəlləsinin tələbləri baxımından cavabdelərin ailə üzvü hesab edilmədiyi üçün mübahisəli evə (qanunsuz tikiliyə) istifadə hüququ yaranmamışdır. Belə ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları- apellyasiya şikayətinin 6-cı bölməsində sadalanan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında İddiaçı və onun vəkili X22 ayrı-ayrılıqda apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 Verağa oğlu və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdehlərin və üçüncü şəxsin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

15. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar; 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Cavabdehlər Cavabdeh2 Verağa oğlu və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd edilməməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsinə hər hansı əsas yoxdur.

22. Məhkəmə kollegiyası işin faktiki hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, mübahisə predmetini təşkil edən evin dövlət reyestrində qeydiyyatını əks etdirən hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyil, həmin ev hüquqi vəziyyətinə görə özbaşına tikilidir, ötən əsrin 80-ci illərində iddiaçının qaynatası Minəxanov Verağa tərəfindən inşa edilmişdir. İddiaçı xx.xx.1997-ci il tarixdə bu şəxsin oğlu X17 ilə nikaha daxil olduqdan sonra həmin evə köçmüş və əri, habelə birgə nikahdan doğulmuş uşağı ilə birlikdə evin 2 otaqdan ibarət olan hissəsində yaşamışdır. İddiaçının qaynatası, xx.xx.2012-ci il tarixdə isə əri vəfat etdikdən sonra da iddiaçı uşağı ilə birlikdə həmin fərdi yaşayış evində yaşamağa davam etmişdir. Apellyatorlar (cavabdehlər) iddiaçının qaynı (ərinin qardaşı) və qaynanasıdır. Qaynı 2023-cu ildə həmin evə qayıtdıqdan sonra (cəzaçəkmə müəssisəsində cəza çəkirdi) aralarında münaqişə yaranmış və bunun nəticəsi olaraq iddiaçı 2023-cü ilin ortalarında yaşadığı evi tərk etmək məcburiyyətində qalmışdır.

23. Hazırda iddiaçı həmin evə gəlin köçdüyünü, 20 ildən artıqdır ki, həmin evdə yaşadığını, əşyalarının orada olduğunu, evi təmir etdirdiyini, qaz və suyun abunə kodlarının onun adına olduğunu, evdən məcburiyyət qarşısında çıxdığını, başqa yaşayış yerinin olmadığını bildirir və yaşadığı evdən istifadəsinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını və həmin evə köçürülməsini tələb edir. Cavabdehlər iddianı qəbul etmir, həmin evin Minəxanov Verağa tərəfindən inşa edildiyini, evin özbaşına tikili olduğunu, iddiaçının onların ailə üzvü olmadığını, həmin evə hər hansı hüququnun yaranmadığını, bu baxımdan onun evə köçürülməsinə hər hansı əsasın olmadığını bildirir və iddianın rədd edilməsini tələb edirlər.

24. İddiaçının həmin evə gəlin gəlməsi və 20 ildən artıq orada yaşaması, ona məxsus əşyaların həmin evdə olması, habelə iddiaçının həmin evi təmir etdirməsi işin faktiki halları ilə də öz təsdiqini tapır. Bu halları cavabdeh (apellyator) X10 da təsdiq edir (xx.xx.2024-cü il tarixli məhkəmə iclasının protokolu, i.v. səh. 66-67). Ünvan üzrə su və qazın abunə kodlarının da iddiaçının adına olması onun həmin əmlakda uzun zamandır yaşamasını bir daha təsdiq edir. Onun həmin evdən 2023-cü ilin ortalarında çıxması Suraxanı RPİ-nin 30-cu Polis şəbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə də öz təsdiqini tapır. Hər bir halda, həmin ünvanda yaşamayan iddiaçı cavabdeh X2 ona hədə qorxu gəlib evdən çıxartmağa çalışmasından şikayət verməzdi. Bu cavabdeh də həmin şikayət üzrə aparılmış araşdırma çərçivəsində verdiyi izahatında iddiaçının həmin evdə yaşamamamasını bildirməmişdir. Apellyasiya şikayətlərində də bunun əksi ilə bağlı hər hansı arqument irəli sürülməmiş, əmlakın özbaşına tikili olmasına istinad edilərək iddiaçının həmin əmlaka köçürülməsinin qanunvericiliyə zidd olduğu mövqeyindən çıxış edilmişdir. Halbuki, iddiaya qarşı xx.xx.2024-cü il tarixdə yazılı etiraz verən cavabdehlər ilk öncə iddiaçının heç vaxt həmin evdə yaşamadığını bildirmişdilər. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında cavabdeh X10 iddiaçı ilə onun oğlu (digər cavabdeh) arasında mübahisənin olduğunu etiraf etmiş, oğlunun nəqədər ona təzyiq etsə də iddiaçının həmin evdən çıxmasına razı olmadığını, iddiaçının əxlaqsızlıq etməsi səbəbindən hazırda evə buraxmamasını bildirmişdir. Qeyd edilənlər öz növbəsində iddiaçının uzun illər həmin evdə yaşadığını, evi iradəsinə zidd olaraq, cavabdehlərin bu istiqamətdə hərəkətləri nəticəsində tərk etdiyini və hazırda da cavabdehlər tərəfindən evə buraxılmadığını təsdiq edir.

25. Məhkəmə kollegiyası evlə bağlı tərəflər arasında hüquq münasibətlərinin 1997-ci ildə yaranmasını nəzərə alıb, belə qənaətə gəlir ki, bu münasibətlərə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi aidiyyəti müddəaları tətbiq edilməlidir.

26. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli evin hüquqi vəziyyətinə görə özbaşına tikili olması səbəbindən iddiaçının həmin evə köçürülməsinin mümkünlüyü məsələsinə onun həmin əmlakdan istifadə hüququnun yaranıb-yaranmaması prizmasından hüquqi qiymət verilə bilməz. Lakin həmin evin iddiaçının qaynatası Minəxanov Verağa tərəfindən inşa edilməsi ona həmin evin icarədarı kimi qiymət verilməsini mümkün edir. Belə olan halda, iddiaçı 1997-ci ildə X3 Rüstəm Verağa oğlu ilə nikaha daxil olduqdan sonra həmin evə məhz Minəxanov Verağanın, habelə onun ailə üzvlərinin razılı ilə köçmüşdür. İddiaçı həm bu şəxsin, həm də iddiaçının ərinin ölümündən sonra da bu evdə yaşamağa davam etmiş, eyni zamanda, evi təmir etdirmişdir. Həmin vaxt evdə yaşayan və ərinin ölümündən sonra evə faktiki olaraq sahiblik edən cavabdeh X11 bu vəziyyətə hər hansı etiraz etməmiş, hətta ev üzrə su və qazın abunə kodlarının iddiaçının adına qeydiyyata alınmasına maneə olmamışdır. Bununla belə, iddiaçının mübahisəli evdə yaşamaq hüququ yaranmış və iddiaçı bu hüququna uyğun olaraq ötən illər ərzində evdən istifadə etmişdir.

27. Məhkəmə kollegiyası bu mövqeyini rəhbər tutub, apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə xüsusilə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında birmənalı və imperativ qaydada heç kəsin yaşadığı mənzildən məhruz edilə bilməməsi təsbit edilmişdir. Başqa sözlə, hüquqi vəziyyətindən asılı olmayaraq bu norma bütün növ təyinatlı yaşayış sahələrinə şamil edilmişdir. Bununla belə, iddiaçı ən azı apellyatorlar qədər həmin əmlakda yaşamaq hüququna malikdir. Bu baxımdan cavabdehlər iddiaçını mübahisələndirilən evdən çıxarmaq və onu həmin evə buraxmamaq hüququna malik deyillər. Mövcud vəziyyətdə apellyatorlar öz hərəkətləri ilə iddiaçının həmin evdə yaşamaq hüququnu əsassız olaraq məhdudlaşdırır, bu hüququn reallaşmasına maneələr yaradırlar. Bu səbəbdən cavabdehlərin həmin hərəkətlərinə son qoyulmalı və cavabdeh 20 ildən artıq müddətdir ki, yaşadığı, təmir etdirdiyi və əşyalarının olduğu evə köçürülməlidir. Qeyd edilənlər öz növbəsində cavabdehlərin apellyasiya şikayətlərinin əsassız olduğunu təsdiq edir və bu şikayətlərin rədd edilməsini şərtləndirir.

28. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, iddiaçı həmin evə köçürülməsi ilə yanaşı, bu evdən istifadəyə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını da tələb edir. Halbuki, ikinci tələb mahiyyət və hüquqi nəticə etibarı ilə ilk tələbi əhatə edir. Belə ki, iddiaçı həmin evə köçürülməklə evdən istifadə etmək imkanı əldə etmiş olur. Lakin bu tələblərin ayrı-ayrılıqda irəli sürülməsi onların hər birinin təmin edilməsini istisna etmir və nəticədə onların hər ikisinin təmin edilməsi hüquqi baxımdan hər hansı anlaşılmazlıq yaratmış olmur.

29. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyi əsas götürüb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdehlərin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları cavabdehlərə aid edilməlidir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Verağa oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-4133/2024 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Verağa oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Verağa oğluna aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar