Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3131/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı qızının nümayəndəsi və vəkili X8, Cavabdeh X6 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-227/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə və istifadə hüququnun tanınması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2016-cı il təvəllüdlü Hüseynova Qönçə İsabalı qızı ilə birlikdə gəlin köçdüyü Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Çingiz Mustafayev küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməklə yaşayış sahəsindən istifadə hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə xx xxxxxx 2013-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Ailə qurduqdan sonra Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Çingiz Mustafayev küçəsində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşamışlar. Birgə nikahlarından xx xxxxxx 2016-cı il təvəllüdlü Qönçə adlı uşaqları doğulmuşdur. Laçın Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(047)-741/2017 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. O, uşağı ilə birlikdə valideynlərinin yanında yaşayır. Onun yaşayış yeri yoxdur. Keçmiş əri ona nə ev almaq istəyir, nə də onu gəlin köçdüyü evin otağına yaşamaq hüququ ilə təmin etmək istəmir. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur və iddianın təmin edilməsini xahiş edir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-227/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı qızı xx xxxxxx 2016-cı il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Çingiz Mustafayev küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, mübahisəli ev özbaşına tikilidir. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmçinin tərəflər əmlaka sahiblik və istifadə hüququ əldə etməmişlər. Buna görə də, iddiaçının mübahisəli evə köçürülməsi yolverilməzdir. Bundan başqa, iddiaçı iki ildən çoxdur ki, mübahisəli evdə yaşamır və onun həmin evə qayıtması qeyri-mümkündür. Digər tərəfdən, xx.xx.1995-ci il tarixdə X3 Buzovna qəsəbəsində 1340 nömrəli sahədə fərdi ev tikmək üçün 1.200 kv.m torpaq sahəsi ayrılması onu göstərir ki, həmin fərdi yaşayış evi qanunsuz tikili olmaqla cavabdehlərə məxsus deyil və cavabdehlərin özləri orada müvəqqəti qaçqın kimi məskunlaşmışlar. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 6674/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin İddiaçı qızının xx.xx.2016-cı il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə köçürülmə” barədə tələbinin təmin edilməməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanması qət edilmişdir. Qətnamədən İddiaçı qızı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-8201/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-6674/2019 nömrəli qətnaməsi iddia tələbinin mübahisələndirilən-evə köçürülmə hissəsində ləğv edilmiş və mülki iş həmin hissədə yenidən apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X6 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı qızının nümayəndəsi və vəkili X14 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş üçüncü şəxs X5 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxs X2 iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini iddia tələbinin təmin olunan hissəsi təşkil edir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlər qeyd olunan hissədə mübahisələndirmiş, iddiaçı isə qətnaməni ümumiyyətlə mübahisələndirməmişdir. Həmçinin iş üzrə qəbul edilmiş kassasiya instansiya məhkəməsinin qərarında görünür ki, iddia tələbinin mübahisələndirilən-evə köçürülmə hissəsində ləğv edilərək həmin hissədə yenidən apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-227/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilən X10 göstərmişdir ki, İddiaçı qızı onun bacısı qızı, Cavabdeh2 isə dayısı oğludur. O, onların evində olmuşdur. İddiaçı 2013-cü ildə Buzovnaya dayısı oğlunun yaşadığı evə gəlin köçmüşdür, həmin evi dayısı tikdirmişdir. Gülxarə ər evində 2017-ci ilin ortalarına qədər yaşamış, sonra isə küsüb uşağını da götürərək atasının evinə qayıtmışdır. İş materiallarında olan Laçın rayon İcra Hakimiyyəti Ağbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxx 2018-ci il tarixli arayışından görünür ki, İddiaçı qızı və qızı - X1 rayonunun Hindarxı qəsəbəsində yaşayırlar. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx xxxxxx 2017-ci il tarixdə ləğv edilmiş, nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında bu barədə 27 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və İddiaçı qızının birgə nikahlarından xx xxxxxx 2016-cı il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan Əzizbəyov rayon İcra Hakimiyyətinin başçısının xx xxxxx 1995-ci il tarixli sərəncamının surətindən görünür ki, X3 Buzovna qəsəbəsində 1340 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Laçın rayonunun Ağbulaq kəndində qeydiyyatdadır. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya kollegiyası məhkəmə araşdırmasını tam və dolğun həyata keçirməmiş, iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu pozmuş, həmçinin xx.xx.1995-ci il tarixli sərəncamla X3 ayrılmış torpaq sahəsinin mübahisəli evin yerləşdiyi torpaq sahəsi ilə eyni olması araşdırılmamış, X5 iş üzrə cəlb edilməmiş və onun da izahatı dinlənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi X2 xx xxxx 2020-ci il tarixli protokol qərarı ilə 3-cü şəxs kimi işə cəlb etsə də, X4 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı qızı Cavabdeh1 keçmiş arvadı, digər Cavabdeh2 isə iddiaçının qayınatasıdır. xx xxxxx 1995-ci il tarixdə X3 Buzovna qəsəbəsində 1340 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmış və iddiaçı cavabdehlərlə 2013-cü ilin noyabr ayından 2017-ci ilin ortalarınadək qeyd edilən torpaq sahəsində yerləşən evdə yaşamışdır. Daha sonra aralarında olan münaqişə səbəbindən iddiaçı ailəsi ilə birlikdə evdən çıxmışdır. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçıya məxsus əşyalar mübahisəli evdədir. Hazırkı şəraitdə iddiaçının mübahisəli yaşayış sahəsindən başqa daimi yaşayış yeri yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq, həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etməklə ədalət mühakiməsini də nəzərdə tutur. Hər hansı şəxs məhkəməyə müraciət edərək onun tələbi üzrə araşdırma aparılaraq yekun hüquqi nəticəyə gəlinən zaman maddi və prosessual hüquq normaları fərqli qaydada tətbiq edilir. Belə ki, mübahisə predmeti üzrə tərəflər arasında mübahisəyə hüquq münasibəti baş verən zaman qüvvədə olan maddi hüquq norması tətbiq edilməli olduğu halda, işin faktiki halları müəyyən edilməsindən ötrü sübutlar qiymətləndirilən zaman isə işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normaları tətbiq edilməlidir. Tərəflər arasında hüquq münasibəti yaranan zaman qüvvədə olan maddi hüquq normasının tətbiq edilməsini qanunverici ona görə zəruri hesab etmişdir ki, mülki hüquq münasibətlərinin müəyyənliyi və sabitliyi təmin edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında mübahisəli hüquq münasibəti 2017-ci ildə yarandığından, hazırkı mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normaları tətbiq edilməli və mübahisə xx xxxxxxx 2009-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşma çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Apellyasiya şikayətinin dəlilləri barədə kollegiya qeyd edir ki, iş materiallarından da müəyyən edilir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi xx.xx.1995-ci il tarixli sərəncamla X3 ayrılsa da, həmin torpaq sahəsi onun tərəfindən və ya digər şəxs tərəfindən mülkiyyətə daxil edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməi, başqa şəxsə keçməsi və xitam dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (AR Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Bu səbəbdən mübahisəli evin yerləşdiyi torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olmasına dair apellyasiya şikayətinin dəlili əsasızıdır. Digər tərəfdən iş materialları əsasında müəyyən edilir ki, iddiaçı mübahisəli evə 2013-cü ildə köçərək həmin yaşayış sahəsində cavabdehlərlə birgə 2017ci ilin ortalarınadək orada yaşamış, cavabdehlərlə ümumi təsərrüfat aparmışdır. İddiaçıya məxsus əşyalar da həmin evdədir. İddiaçının həmin yaşayış sahəsindən başqa yaşayış yeri yoxdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı mübahisəli evə 2013-cü ildə köçərək həmin yaşayış sahəsində cavabdehlərlə birlikdə 2017-ci ilin ortalarınadək yaşadığından, ümumi təsərrüfat apardığından, iddiaçıya məxsus əşyalar həmin evdə olduğundan, həmin yaşayış sahəsindən başqa iddiaçının daimi yaşayış yeri olmadığından, mübahisəli ev özbaşına tikili olduğundan, qanunvericiliklə tərəflərin fərdi yaşayış evinə dair sərəncam vermək ixtiyarı olmasa da, bu, iddiaçının həmin tikintiyə köçürülməsini istisna edə bilməz və iddiaçı xx xxxxxx 2016-cı il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Çingiz Mustafayev küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri qeyd edilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-227/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-227/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-3131/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3131/2020
10.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver