Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3131/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-126/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarş iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK-dan 17.420 manat artıq alınmış pul vəsaitinin, 34.680 manat əldən çıxmış gəlirin, 4.706 manat artıq hesablanmış kommunal xidmət haqqının, cəmi 56.806 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-126/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 095 nömrəli, xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi 1-ci Yavər Əliyev küçəsində yerləşən 1 saylı evin 22 saylı mənzilinə görə 26,5 kv.m sahə üçün artıq ödənilmiş 17.185,51 manat, 14.607,59 manat əldən çıxmış fayda olmaqla, cəmi 31.793,10 manat məbləğində pul vəsaitinin Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir Eyni zamanda, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-126/2024 saylı, xx.xx.2024-cü il tarixli xüsusi qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Cavabdeh MTK-nın əməlində cinayətin əlamətlərinin mövcud olub-olmamasının müəyyən edilməsi üçün bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna xəbər verilməsi qərara alınmışdır. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-126/2024 saylı, xx.xx.2024-cü il tarixli xüsusi qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-126/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-126/2024 saylı, xx.xx.2024-cü il tarixli xüsusi qərardadından Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-126/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xüsusi Qərardadda göstərilən məlumatlar əsasında Cavabdeh MTK-nın əməlində cinayətin əlamətlərinin mövcud olub-olmamasının müəyyən edilməsi məsələsinə baxılması işin sonrakı hərəkətinə mane olan hal olmaqla yanaşı, qərardadın əsassızlığını müəyyən edir. Belə ki, mülki məhkəmə icraatında baxılmalı olan işin halları Mülki qanunvericiliyin, o cümlədən AR MPM-nin tələblərinə müvafiq olaraq dəyərləndirmək əvəzinə, məhkəmə Xüsusi Qərardadda heç bir hüquqi əsas göstərməmiş, yəni AR CM-nin xüsusi hissəsində nəzərdə tutulan hansı müddəanın tələblərinin pozulması etimalına istinad belə etməmiş və ya edə bilməmişdir. Hüquqi Əsas: AR Mülki Prosessual Məcəlləsinin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Xüsusi olaraq qeyd olunmalıdır ki, məhkəmə bir-birini açıq-aşkar təkzib edən və hüquqi baxımdan anlaşılmayan məlumatları əsas tutmaqla qəbul etdiyi Xüsusi Qərardadla əslində iddiaçının əsası olmayan hüquqlarının müdafiəsi məqsədilə bilə-bilə qanunsuz və əsassız çıxardığı Qətnamənin apellyasiya instansiyası məhkəməsində baxılmasına əvvəlcədən manə yaratmışdır. Belə ki, məhkəmə bir tərəfdən həmin müqavilənin Dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olduğunu və məhkəmə araşdırması zamanı ortaya çıxdığını qeyd edir. Digər tərəfdən isə həmin müqavilənin İddiaçı tərəfindən imzalanmadığını, həmin müqavilədə sonuncunun imzasının saxta olması barədə məlumat əldə edilməsini qeyd etməklə, bu faktik hallara görə Cavabdeh MTK-nın əməlində cinayətin əlamətləri mövcud olduğu nəticəyə gəlsə də, hansı cinayətin əlamətlərini ümumiyyətlə göstərməmiş və ya göstərə bilməmişdir. Birinci instansiya məhkəməsi xüsusi qərardadı çıxarmaqla bir məqsədi olmuşdur ki, bu da işin sonrakı hərəkətinə maneə yaratsın. Odur ki, şikayətin geri qaytarılmasına dair qərardad əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-126/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır (iddiaçı tərəfindən verilmiş yazılı etiraz apellyasiya şikayəti ilə bağlı olmuşdur). Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir; 395.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda, habelə məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər; 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası hazırki işin hallarını nəzərə alıb, eyni zamanda bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən, habelə digər aidiyyəti normalarını rəhbər tutub qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə qərardadlardan yalnız bu Məcəllədə göstərilən hallarda, habelə onlar işin sonrakı hərəkətinə mane olduqda şikayət verilə bilər. Lakin cavabdehin mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli xüsusi qərardaddan nə şikayətin verilməsi nəzərdə tutulmuş, nədə ki, bu qərardad işin sonrakı hərəkətinə mane olur. Qeyd edilənlər öz növbəsində həmin qərardaddan şikayətin verilməsini qeyri-mümkün edir və bu hüquqi yanaşmaya uyğun olaraq, verilmiş şikayətin geri qaytarılmasını şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli xüsusi qərardaddan cavabdeh tərəfindən verilmiş şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-126/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3131/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3131/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver