Məhkəmə qərarları › İş №2(103)-3133/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3133/2023

19.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3133/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X1 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 dekabr 2022-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı MMC-nin buna səlahiyyətli olan nümayəndəsi cavabdehə qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçı MMC-dən dəyərinin hissə-hissə ödəməklə aldığı müxtəlif növ tikinti materialların ödənilməmiş qalan dəyərinin – 649,35 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi məqsədilə 30 manat məbləğinə pulun cavabdehdən alınaraq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, iddiaçı MMC-dən 2015-ci ildə müxtəlif növ tikinti materiallarını, materialların dəyərini sonradan hissə-hissə ödəmək şərti ilə almışdır. Cavabdeh, MMC-dən aldığı malların dəyərinin bir hissəsini ödəmiş, lakin qalan borcunu ödəməkdən imtina etmişdir. Cavabdeh, ona dəfələrlə xəbərdarlıq edildikdən sonra MMC gəlmiş və xx.xx.2015-ci il tarixdə MMC ilə cavabdeh arasında “Alınmış malların dəyərini təsdiq edilməsi barədə üzləşmə aktı” tərtib olunmuşdur. Həmin aktla müəyyən edilmişdir ki, cavabdehin iddiaçı MMC-dən aldığı müxtəlif növ tikinti materialları il bağlı ödənilməmiş qalan borcu 649,35 manat məbləğindədir. Cavabdeh həmin aktla üzərinə öhdəlik götürmüşdür ki, həmin borcu MMC-yə ödəyəcək. Buna baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, MMC-yə olan borcunu ödəməmişdir. MMC, yuxarıda qeyd edilən borcun ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh bunu etməmişdir. Bu səbəbdən də, MMC, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğinə dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə dair münasibəti barədə məlumat

3. İş üzrə cavabdeh iddia tələbinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

4. Cavabdehin yazılı etirazı onunla əsaslandırmışdır ki, iddiaçı MMC tərəfindən müqavilə tələbləri üzrə verilmiş 3 illik iddia müddəti buraxılmışdır. İş materiallarından görünür ki, tərəflər arasında olan münasibətlər 2015-ci ilə baş vermişdir və artıq həmin müddətdən 7 ildən artıq vaxt keçmişdir. İddia müddətinin ötürüldüyü açıq-aşkardır. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina etməsi barədə qətnamə çıxarması üçün əsasdır. Göstərilənlərə əsasən ərizəsini nəzərə alaraq, iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsini xahiş edir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

6. Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı MMC cavabdehə qarşı irəli sürdüyü tələb üzrə 3 illik iddia müddətini ötürmüşdür. d) apellyasiya şikayəti barədə məlumat

7. İddia MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

8. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, MMC ilə cavabdeh arasında alğı-satqı müqaviləsi bağlanmamış, bu kimi müqavilənin bağlanmasını iş üzrə tərəflər iddia etmir. Belə olan halda hazırki iddiaya ümumi 10 illik iddia müddəti tətbiq edilə bilərdi, lakin 10 illik müddət MMC tərəfindən ötürülməyib. e) Mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

9. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, iddiaçı MMC ilə cavabdehin imzaladıqları xx.xx.2015-ci il tarixli üzləşmə aktından görünür ki, cavabdeh, iddiaçı MMC-dən 2015-ci ildə müxtəlif növ tikinti materiallarını, materialların dəyərini sonradan hissə-hissə ödəmək şərti ilə almışdır. Cavabdehin iddiaçı MMC-dən aldığı müxtəlif növ tikinti materialları il bağlı ödənilməmiş qalan borcu 649,35 manat məbləğindədir.

11. İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, MMC, yuxarıda qeyd edilən borcun ödənilməsini cavabdehdən tələb etmiş və əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir.

12. İş materiallarından görünür ki, iddiaçı MMC-nin cavabdehə qarşı yönəlmiş və hazırki işin icraatının başlanmasına əsas olmuş iddiası xx.xx.2022-ci il tarixdə Rayon Məhkəməsinə daxil olmuşdur.

13. Cavabdeh, 2015-ci ildə iddiaçı MMC-dən dəyərinin hissə-hissə ödəməklə aldığı müxtəlif növ tikinti materiallarına görə MMC-yə borcunun olduğunu etiraf etsə də, iddia tələbinə iddia müddətinin tətbiqini xahiş etmiş və bu barədə Rayon Məhkəməsinə ərizə vermişdir.

14. İddiaçı MMC qətnamədən verdiyi apellyasiya şikayətində onunla cavabdeh arasında “Malın dəyərinin hissə-hissə ödənilməsi şərti ilə alğı-satqı müqaviləsinin” bağlanmadığını bildirir.

15. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (maddə 329.2.). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır (maddə 405.1.). Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567.). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600.1.). Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4.). Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (maddə 601.1.).

16. Məhkəmə bildirir ki, tikinti materiallarına dair alıcı ilə cavabdehin arasında alğısatqı müqaviləsinin mütləq yazılı və notarial qaydada bağlanmasını şərtləşdirən tələb Mülki Məcəllədə nəzərdə tutulmamışdır. Belə olan halda qəbul edilməlidir ki, iddiaçı MMC ilə cavabdeh arasında 2015-ci ildə şifahi qaydada "xxxx" bağlanmışdır.

17. İşin hallarından müəyyən edilir ki, cavabdeh, onunla iddiaçı MMC arasında şifahi qaydada bağlanmış "xxxx" üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş, MMC-dən aldığı müxtəlif növ tikinti materiallarının dəyərini MMC-yə tam həcmdə ödəməmiş və o, bu halı inkar etmir.

18. İşin bu halını nəzərə alan Məhkəmə bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur (maddə 427.2.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.).

19. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müzakirə edilən halına tətbiqi nəticəsində müəyyən edilir ki, borclu olan cavabdeh kreditor olan iddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliyin icra edilməməsinə görə məsuliyyət daşıyır.

20. Buna baxmayaraq Məhkəmə hesab edir ki, iddia təmin edilə, cavabdehdən iddiaçı MMC-nin xeyrinə iddia ərizəsində qeyd edilən pul məbləği tutula bilməz.

21. Belə ki, Mülki Məcəllənin tələblərinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə 372.1.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (maddə 373.2.). Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir (maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2.). İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (maddə 377.1.). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (maddə 377.3.).

22. İşin hallarından müəyyən edilir ki, iddiaçı MMC, cavabdehin yuxarıda qeyd edilən "xxxx" üzrə öhdəliyin icra edilməməsini cavabdehin iştirakı ilə xx.xx.2015-ci il tarixdə “Üzləşmə aktı” tərtib edilən zaman bilirdi. Lakin iddia ərizəsi ilə təxminən 7 il sonra, yəni xx.xx.2022-ci il tarixdə Rayon Məhkəməsinə müraciət etmişdir. Nəzərə alınsa ki, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir və cavabdeh “iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə” ərizə vermişdir, onda müəyyən edilir ki, iddiaçı MMC-nin iddiası təmin edilə, cavabdehdən iddiaçı MMC-nin xeyrinə iddia ərizəsində qeyd edilən pul məbləği tutula bilməz.

23. Bu baxımdan Məhkəmə hesab edir ki, iddiaçı MMC-nin dəlilləri əsassızdır.

24. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

25. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

28. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

29. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 402 maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 dekabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar