Məhkəmə qərarları › İş №2(103)-3134/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3134/2022

26.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3134/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “X3” MMC-nin Cavabdeh qarşı “reqres qaydasında pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-1433/2021 saylı, 12 oktyabr 2021ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X3” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət Cavabdeh reqres qaydada 38607,60 manat maddi ziyanın və 30 manat rüsuma görə məbləğin alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X3” MMC-də əmək funksiyasının yerinə yetirərkən həkim Cavabdeh tibbi yardıma ehtiyacı olan X2 17.11.2017-ci il tarixdə sol gözündə, 26.01.2018-ci il tarixdə isə sağ gözündə əməliyyatlar aparmış və nəticədə xəstənin gözlərinin görmə qabilliyəti zəifləmişdir. Bakı Apelllyasiya Məhkəməsinin 19.12.2019-cu il tarixli qətnaməsi ilə “X3” MMC-dən X2 xeyrinə müəyyən məbləğ tutulmuş, qətnamə Ali Məhkəmədə qüvvədə qalmışdır. Qətnamənin icrası qaydasında iddiaçı tərəfindən 36081,87 manat və 2525,73 manat, cəmin 38607,60 manat ödənilmişdir Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-1433/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh reqres qaydada 36081,87 manatın alınaraq “X3” MMC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh “X3” MMC-nin xeyrinə tutulması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə ərizə göndərərək iştirak edə bilməyəcəyini və işin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə isə öz qətnaməsində əsassız olaraq qeyd edir ki, işə baxılma müddəti yol vermədiyindən məhkəmənin işə iştirakı olmadan baxması mümkündür. İlk olaraq qeyd edilməlidir ki, birinci instansiyası məhkəməsi işi tam, obyektiv və hərtərəfli araşdırmadığından qətnamə işin faktiki halları ilə uyğunluq təşkil etmir. Bu cür qanunsuz və əsassız qətnamənin qəbul edilməsi onun hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmaqdadır. Hazırki iddia tələbindən əvvəl “X3” MMC ilə digər işdə iddiaçı qismində çıxış edən X5 ona qarşı birgə məqsədə çatmaq üçün əlbir olmuşlar. Belə ki, iddia tələbi ilə “X3” MMC ilə X5 ilə əlbir olub ondan tələb olunan pul məbləğinin alınaraq xeyirlərinə ödənilməsinə çalışırlar. Ona qarşı əvvəlcədən qərəzli şəkildə əlbir olmaqlarına sübut kimi “X3” MMC-nin digər Məhkəmə işində heç bir müqavimət göstərməməsini, iddia tələbini qəbul etməsini göstərmək olar. Həmin işdə cavabdehin təqsirli olmağı birbaşa sübuta yetirilmədiyi halda “X3” MMC-nin əsassız olaraq iddia tələbini qəbul etməsi səbəbindən X5 tərəfindən irəli sürülən iddia təmin olunmuş, iddianın təmin olunmasına səbəb isə cavabdehlərdən birinin iddianı qəbul etməsi olmuşdur. Qeyd edilməlidir ki, əvvəlki iş ilə bağlı irəli sürülən sübutlardan biri kimi ekspertin fəsadın bir neçə səbəbdən baş verə biləcəyi ilə bağlı rəyi olmuşdur. Məhkəmə tərəfindən iş üzrə sübutlara hüquqi qiymət verilərkən ekspert rəyinə ötəri yanaşılmış və ondan pul qopartmaq məqsədi güdən cavabdehin iddianı qəbuletməsi əsas götürülmüşdür. Bu səbəbdən X3ndan pul tutulmuşdur. Göründüyü kimi onların bu niyyətlərini “X3” MMC tərəfindən ondan reqres qaydada pul tələb olunması bir daha sübuta yetirir. Bu pulu aralarında bölmək üçün “X3” MMC ilə X5 ona qarşı oyun qurmuşdurlar. Cavabdehin isə təqsirli olmağı birmənalı şəkildə sübuta yetirilmir. X5 bildirir ki, X6 adına Milli Oftalmologiya Mərkəzində onun gözlərinin əməliyyatdan öncə 0.8 və 0.9 olmasını sübut edən müayinə həyata keçirilib. Həmin müayinə nəticələrinə nəzər yetirdikdə məlum olur ki, müayinənin aparılma tarixinin müəyyənləşdirilməsi qeyri-mümkündür. Müayinə tarixinin müəyyən olunmaması öz növbəsində X2 məqsədinin işgüzar nüfuzuna xələl gətirmək, ondan pul almaq olduğunu ortaya qoyur. Əlavə olaraq xəstəyə əməliyyatdan sonra nə cür davranması gərəkdiyini, yəni əməliyyat müddətində əyilmək, qəflətən başını qaldırmaq, böyrü və ya üzü üstə yatmaq kimi hərəkətlərdən çəkinməsini, göz damcılarını vaxtı-vaxtında tökməsini və sairə kimi təlimatları bildirmişdir. Təəssüf ki, onun bir həkim kimi xəstənin ambulator şəraitinə nəzarət etmə imkanı yoxdur. Belə olan halda isə bütün məsuliyyət xəstənin üzərinə düşür. Görünür xəstə X5 da öz məsuliyyətsizliyi ucbatından baş verən qüsurları cavabdehin üzərinə yıxmışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsaasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə məlumat lazımi qaydada verilsə də, cavabdehin nümayəndəsi üzrlü səbəbdən iştirak edə bilməmişdir, buna baxmayaraq çəkişmə prinsipi pozularaq onun iştirakı olmadan məhkəmə prosesinin keçirilməsi qərara alınmışdır. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında 01.09.2013-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, həmin əmək müqaviləsi sistemə 19.09.2014-cü il tarixdə sistemə daxil edilmiş, 158/k №-li, 08.12.2018-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. X5 2017-ci ilin noyabr aynıda sol gözündə yaranmış narahatçılıqla əlaqədar "xxxx" MMC-də işləyən Cavabdeh müraciət etmiş, aparılmış müayinə nəticəsində cərrahi əməliyyat təklif olunmuş, o, buna razılıq vermiş və onların arasında tibbi yardıma dair müqavilə bağlanmışdır. X2 17.11.2017-ci il tarixdə sol gözündə, 26.01.2018-ci il tarixdə isə sağ gözündə Cavabdeh tərəfindən əməliyyat aparılmış, bir neçə günlük yaxşılaşma olsa da, yenidən görmə qabiliyyətində problem yaranmışdır. İddiaçı təkrar Türkiyə Respublikasına getmiş, lakin əməliyyatın uğurlu olmasına dair yalnız Almaniya Federativ Respublikasında olan xəstəxana təminat vermişdir. Bundan sonra tərəflər arasında məhkəmə çəkişməsi yaranmış və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13473/19 nömrəli, 19.12.2019-cu il tarixli qətnamə ilə "xxxx" MMC-dən X2 xeyrinə təyyarə biletinə xərclənən 255,96 manat, gözün əməliyyatına xərclənmiş 3200 manat, mənəvi zərərə görə 5000 manat, Türkiyədə müayinəyə görə xərclənən 403,32 tl, gələcəkdə gözlərinin əməmliyyatına xərclənəcək 16200 ABŞ dolları tutulmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almışdır. "xxxx" MMC qətnamənin icrası qaydasında X4 36081,87 manat ödəniş etmişdir. Eyni zamanda Nərimanov rayon icra şöbəsinin icra məmuru C.Tağıyev tərəfindən qəbul edilmiş 09.10.2020-ci il tarixli qərarla icra sənədinin 10 gün müddətində icrası təmin olunmadığı üçün, qətnamə ilə tutulan məbləğin 7 faizi məbləğində icra ödənişi tutulmuş və həmin 2525,73 manat inkasso sərəncamı əsasında "xxxx" MMC-dən tutulmuşdur. İcra məmurunun 04.11.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, "xxxx" MMC işçisi olan Cavabdeh törətdiyi delik üçün zərərin əvəzini ödəmişdir və MMC-nin işçisinə qarşı reqres hüququ yaranmışdır. Ona görə də "xxxx" MMC tərəfindən X4 ödənilmiş 36081,87 manat cavabdehdən reqres qaydasında tutulmalıdır. İcra şöbəsinə ödənilmiş 2525,73 manata görə Cavabdeh "xxxx" MMC-nin qarşısında hər hansı bir məsuliyyət daşımır. Belə ki, məhkəmənin qanuni qüvvəsini almış qətnaməni könüllü icra müddətində ödəmək vəzifəsi "xxxx" MMC-nin üzərinə düşürdü. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən Cavabdeh törətdiyi delikt üçün zərərin əvəzi iddiaçı tərəfindən ödənildiyindən sonuncunun hazırki cavabdehə qarşı reqres hüququ yaranmışdır. Belə olan halda, iddiaçı tərəfindən Nazim Cəfərliyə ödənilmiş delikt əvəzinə ödənilmiş 36081,87 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının digər tələbi üzrə isə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı könüllü icra müddətində icra sənədi üzrə ödəməli olduğu məbləği (36081,87 manat) ödəmədiyindən, ondan əlavə olaraq 7 faiz məbləğində məcburi icra ödənişi tutulmuşdur. Bu səbəbdən də icra şöbəsinə ödənilmiş pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutula bilməz. Kollegiya cavabdehin apellyasiya şikayətində qətnamənin ləğv edilməsinin və iddia tələbinin rədd edilməsinin əsasları kimi qeyd etdiyi dəlillərə münasibətdə qeyd edir ki, bu dəlillər formal xarakter daşıyır, sübutlara əsaslanmır və cavabdehin şəxsi mülahizələrindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın qaldırılmasına görə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə cavabdehin özünə aid edilməlidir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-1433/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Cavabdeh reqres qaydada 36081,87 manat alınaraq “X3” MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyindən iddianın qaldırılmasına görə ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar