Məhkəmə qərarları › İş №2(103)-3134/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3134/2024

16.12.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3134/2024 16.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2 və İddiaçı1 cavabdeh X3 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “tikilinin sökülməsi və yolun əvvəlki vəziyyətinin bərpa edilməsi” hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçıların nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X3 qarşı “ tikilinin sökülməsi və yolun əvvəlki vəziyyətinin bərpa edilməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-112/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X3 qarşı cavabdeh X5 tərəfindən iddiaçılara məxsus Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsində yerləşən 42L və 42M saylı torpaq sahələrinə gedən yolda mişar daşları ilə qanunsuz tikilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi, yolun 8 metrlik eninin bərpa olunaraq əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçılar İddiaçı2 və İddiaçı1 Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsində hər biri 0,045 ha olmaqla 42L və 42M saylı torpaq sahələrini almışlar. Buna dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə **********02 və **********91 reyestr nömrələri ilə qeydiyyata alınaraq çıxarışlar verilmişdir. İddiaçılara məxsus torpaq sahələrinə gedən yol qonşuluqda yaşayan cavabdehlər X6 və X5 tərəfindən dəmir məhəcərlərlə hasara alınaraq və ağaclar əkilərək zəbt olunmuşdur. Torpaq sahələrinə gedən yolun boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsi ilə bağlı iddiaçılar məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3283/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək iddiaçılar X8 və İddiaçı1 məxsus Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsində yerləşən 42L və 42M saylı torpaq sahələrinə gedən yol boşaldılması, cavabdehlər tərəfindən qeyri-qanuni dəmir məhəcərlərlə hasara alınmış yolun onların vəsaiti hesabına sökülərək yol açılması və əvvəlki vəziyyətə gətirilərək həmin yoldan iddiaçıların istifadəsinə maneələr dayandırılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh Kəmalə Quliyeva apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2809/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh X2 apellyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3283/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul etdikdən sonra, baxmayaraq ki, yolun əvvəlki vəziyyətə gətirilib çıxarılması ilə bağlı cavabdehin üzərinə vəzifə qoyulmuşdur, cavabdeh 2022-ci ilin yay aylarında qanunsuz olaraq öz həyətyani sahəsini artırmaq məqsədi ilə yaşadığı evin hasarını söküb mübahisəli yolda mişar daşı ilə yeni hasar çəkərək zəbt olunmuş yolun keçən hissəsini 8 metr enindən 4 metr eninə qədər daraltmışdır. Məhz bu səbəbdən, birinci instansiya məhkəməsinin qətnaməsinin icrasını uzadmaq məqsədi ilə cavabdeh həmin qətnamədən apellaysiya şikayəti vermişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən, yolun əvvəlki vəziyyətə gətirilərək maneələrin aradan qaldırılması ilə bağlı qanunsuz tikilmiş hasarın sökülməsini icra məmuru tərəfindən cavabdehdən tələb edilsə də, cavabdeh Kəmalə Quliyeva bildirmişdir ki, icra vərəqəsində hasarın sökülməsi qeyd olunmadığı üçün sözü gedən hasar sökülə bilməz. Bu səbəbdən iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Mülki prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi ilə iddiaçıların iddia tələbi təmin olunaraq sözü gedən yol əvvəlki vəziyyətə gətirilməsi, yolun əvvəlki 8 metrlik enində olmasını da özündə ehtiva edir. Hesab edirlər ki, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmalı və qanunsuz tikilmiş hasar cavabdehin hesabına sökülərək iddiaçıların torpaq sahəsinə gedən yol əvvəlki vəziyyətə qaytarılaraq 8 metrlik yolun eni bərpa olunmalıdır.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-112/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “tikilinin sökülməsi və yolun əvvəlki vəziyyətinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat müştərək qaydada iddiaçılar İddiaçı1 və İddiaçı2 alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

4. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 157.8, 170.1, 170.2; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 76.1-76.2, 84, 88, 101.7, 119.1,202.1, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə tərəfindən iş üzrə mübahisə predmetinə daxil olan iddiaçıların və cavabdehin torpaq sahələri arasında yerləşən yola keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsi ünvanında yerləşən 42L və 42M torpaq sahələri ilə cavabdehin torpaq sahəsi arasında yerləşən yol piyadaların və nəqliyyat vasitələrinin hərəkəti üçün uyğundur. Vizual müşahidə zamanı cavabdehin tikdiyi daş hasarın iddiaçıların torpaq sahələrindən istifadə etmələrinə hər hansı maneə yaratması müəyyən olunmamışdır. Göründüyü kimi, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehin çəkdiyi hasarın standartlardan artıq miqdarda kənara çıxdığını, gediş-gəliş üçün nəzərdə tutulmuş yolu tutduğunu, bununla da onların torpaq sahələrindən istifadələrinə maneə yaratdığını bildirərək iddia qaldırmışlar. Daha əvvəl də onlar həmin cavabdehə qarşı iddia qaldıraraq sonuncu tərəfindən tikilmiş dəmir məhəccərli hasarın sökülməsi barədə qətnamə qəbul edilməsinə nail olmuşlar. Hazırda isə iddiaçılar cavabdehin icra məmurunun tələbinə əməl etmədiyini, köhnə hasarı sökərək yeni hasar çəkib hasarı 4 metr məsafədə irəli çəkməklə yolun əvvəlki enini 4 metr daraltdığını bildirərək iddia qaldırmışlar. Lakin, məhkəmə araşdırması zamanı həm ekspert rəyi ilə, həm də yerində müayinə zamanı müşahidə ilə cavabdehin tikdiyi hasarın iddiaçıların torpaq sahələrindən istifadəyə, piyadaların və avtomobillərin hərəkətinə mane olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatı (ekspert rəyi) iş üzrə digər sübutlarla yanaşı qiymətləndirilərək hesab edilmişdir ki, mübahisə predmeti olan yolun standartlara uyğun ölçüdə olub-olmaması məsələsi məhz ekspert rəyi əsasında müəyyən edilməlidir. Bu səbəbdən həmin ekspert rəyi əsas götürülməli və mübahisə predmeti olan yol eni iddiaçıların torpaq sahələrinə giriş-çıxışlarına, piyadaların və nəqliyyat vasitələrinin hərəkətinə mane olmadığından iddia ərizəsi təmin edilməməlidir

5. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki:- ƏMDK DƏDKR publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0450 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq İddiaçı2 adına qeydiyyatdan keçirilmişdir (daşınmaz əmlakın reyestr nömrəsi: **********02);- ƏMDK DƏDKR publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,0605 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq İddiaçı1 adına qeydiyyatdan keçirilmişdir (daşınmaz əmlakın reyestr nömrəsi: **********91);- Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-3283/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin edilməklə iddiaçılar İddiaçı2 və İddiaçı1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsi 42L və 42M saylı torpaq sahələrinə gedən yolun boşaldılması, cavabdehlər tərəfindən qeyri-qanuni dəmir məhəccərlərlə hasara alınmış yolun onların vəsaiti hesabına sökülərək yolun açılması və əvvəlki vəziyyətə gətirilərək həmin yoldan iddiaçıların istifadəsinə maneələrin dayandırılması qət edilmişdir;- Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-2809/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh X2 apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-3283/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır;- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5789 saylı rəyindən görünür ki, Mülki iş materiallarında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsi ünvanında yerləşən 42L və 42M saylı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun, eləcə də, Cavabdeh istifadəsində olan torpaq sahəsinə dair layihələr olmadığından qərardadın bu sualları üzrə tədqiqat aparılmadı. Qərardadın üçüncü sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh istifadəsində olan torpaq sahəsinin hasarı ilə iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin hasarı arasında olan eni bir tərəfdən 5,90 metr daha sonrasında isə 4,60 m təşkil etdiyini nəzərə alaraq həmin yolun Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”-nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinə uyğun olduğu müəyyən edilmişdir. Həmin rəydə göstərilmişdir ki, Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”-nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərində göstərilir: .. Yaşayış evi ilə küçəni birləşdirən, piyadalar üçün nəzərdə tutulan yolun eni 1,5 metr, hərəkət (avtomobil) yolunun eni isə 2,75-3,0 metr olmalıdır. Cavabdeh istifadəsində olan torpaq sahəsinin hasarı ilə iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin hasarı arasında olan yolun eni bir tərəfdən 5,90 metr daha sonrasında isə 4,60 m təşkil etdiyini nəzərə alaraq həmin yolun Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılmasının küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinə uyğun olduğu müəyyən edilir;- Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısının İ müavini tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 5-12/2-52/2024 saylı məktubundan görünür ki, mübahisə predmeti olan ərazinin yeni Mərdəkan-Buzovna şossesindən “Dalğa arena”-ya gedən yolun sağ hissəsində yerləşdiyi, həmin ərazinin 2015-ci ildə aparılan abadlıq-quruculuq işləri zamanı daş hasarla bağlanıldığı qeyd edilmişdir. Həmçinin, yeni Mərdəkan-Buzovna şossesinin kənarında uzun illər öncə dəmiryol xətti keçmişdir. Bu səbəbdən həmin ərazidə avtomobil yolu olmamışdır. Lakin, hal-hazırda bağ sahələri arasında yolun və ya keçidin nəzərdə tutulubtutulmaması, layihənin olub-olmaması barədə məlumat yoxdur. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

6. İddiaçılar İddiaçı1 və X8 apellyasiya şikayətləri verərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-112/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Şikayətlərdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 385.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsi işi tam araşdırmamış və təqdim olunmuş sübutlara düzgün qiymət verməmişdir, bu səbəbdən, məhkəmənin qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. İşin faktiki halları ondan ibarətdir ki, cavabdeh Kəmalə Quliyeva 2022-ci ilin yay aylarında qanunsuz olaraq yaşadığı evin hasarını söküb iddiaçıların bağına gedən mübahisəli yolda mişar daşı ilə yeni hasar çəkərək 7.6 metr enində olan yolu 4,6 metr eninə qədər daraldaraq həmin yoldan 54 kv.m zəbt edib öz həyətyani sahəsini genişləndirmişdir. Nəticədə iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə gedən yol xeyli dərəcədə daralaraq yolun istifadəsi mümkünsüz hala düşmüşdür. Məhkəmə, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəyi əsas götürsə də, həmin ekspert (Elmar Seyidov) məhkəmə iclasında çıxış edərkən öz rəyini təkzib edib səhvə yol verdiyini bildirməsini nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2- 10/5789 saylı rəyinə əsasən, mülki iş materiallarında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsi ünvanında yerləşən 42L və 42M saylı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun, eləcə də, Cavabdeh istifadəsində olan torpaq sahəsinə dair layihələr olmadığından qərardadın bu sualları üzrə tədqiqat aparılmadı. Qərardadın üçüncü sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh istifadəsində olan torpaq sahəsinin hasarı ilə iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin hasarı arasında olan yolun eni, bir tərəfdən 5,90 metr daha sonrasında isə 4,60 m təşkil etdiyini nəzərə alaraq həmin yolun Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”- nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinə uyğun olduğu müəyyən edilmişdir. Həmin cədvəllərdə göstərilir ki, Yaşayış evi ilə küçəni birləşdirən, piyadalar üçün nəzərdə tutulan yolun eni 1,5 metr, hərəkət (avtomobil) yolunun eni isə 2,75-3,0 metr olmalıdır. Birincisi, məhkəmə iclasında ekspert etiraf etdi ki, Cavabdeh istifadəsində olan torpaq sahəsinin hasarı ilə iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin hasarları arasında olan yolun eni, bir tərəfdən 5,90 metr deyil, 7,60 metr, daha sonrasında isə 4,60 metr təşkil edir. Rəydə qeyd edilən “5,90” metr məsafə isə cavabdehin hasarının ortasında quraşdırdığı qapıdan iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin hasarı arasında olan yolun enidir. Ekspert hansı formada tədqiqat apararaq yolun enini ölçməsi barədə sxemi də, rəyə əlavə etmişdir. Bu onu deməyə əsas verir ki, mübahisəli yolun əvvəlki eni 7.60 metr olmuş və iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin hasarı ilə cavabdehin hasarının arasında olan yolun eni 7,60 metrdən başlayaraq 4,60 qədər daralmışdır. Beləliklə, cavabdeh ümumi istifadədə olan yolun 54 kv.m torpaq sahəsini zəbt edərək öz həyətyani sahəsini genişləndirməsini ekspert məhkəmə iclasında təsdiq etmişdir. Cavabdeh tərəfindən 2022-ci ildə mübahisəli yolun 54 kv.m hissəsini zəbt etdiyini məhkəməyə təqdim olunmuş Google yer proqramının ortofoto görüntülərinidə də müşahidə etmək mümkündür. İkincisi, ekspert rəyində Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”-nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinə istinad edərək, yaşayış evi ilə küçəni birləşdirən, piyadalar üçün nəzərdə tutulan yolun eni 1,5 metr, hərəkət (avtomobil) yolunun eni isə 2,75-3,0 metr olduğunu göstərmişdir. Əvvəla mübahisəli yol yaşayış evi ilə küçəni birləşdirən yol və yaxud keçid deyil, mübahisəli yol - yaşayış əraziləri daxilində və baş küçə ilə əlaqədə olan yol sayılır. Bu faktı ekspert məhkəmə iclasında da təsdiq etmişdir. Dövlət Şəhərsalma Norma və Qaydaları 2.6-1in «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»-nin 8.18-ci bəndində, küçə və yolların hesabi parametrləri şəhərlərdə 8-ci cədvələ, kəndlərdə isə 9-cu cədvələ müvafiq göstərilmişdir. Mübahisəli küçə, qəsəbə tipli ərazidə yerləşdiyindən piyadaların və nəqliyyat vasitələrinin gediş-gəlişi üçün qanunda nəzərdə tutulmuş standartlara uyğunluğunu müəyyən etmək üçün yuxarıda qeyd olunan normanın 9-cu cədvəli əsas götürülməlidir. Həmin cədvəlin 3-cü sətrində, yaşayış zonasında əsas təyinatı olan yol - yaşayış əraziləri daxilində və baş küçə ilə əlaqədə olan hər biri 3 metr olmaqla 2 hərəkət zolağından, piyada hissəsinin eni isə 1,5 metrdən ibarət olduğu göstərilmişdir. Mübahisəli küçə hazırda dalan olsa da, əvvəllər baş küçə ilə əlaqədə olduğunu nəzərə alaraq, yuxarıda göstərilən normaya uyğun olaraq sözü gedən küçənin eni 7,5 təşkil etməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsaslanaraq, Cavabdeh istifadəsində olan torpaq sahəsinin hasarı ilə iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin hasarları arasında olan yolun eni bir tərəfdən 7,6 metr, daha sonrası isə 4,6 təşkil etdiyini nəzərə alaraq, həmin yolun Dövlət Şəhərsalma Norma və Qaydaları 2.6-1-in «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»-nin küçə və yolların hesabi parametrləri bölməsinin cədvəlinə uyğun gəlmir. . Bütün bunlar, iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, 10 saylı mütəxəssis rəyində öz əksini tapmışdır, lakin birinci instansiya məhkəməsi həmin mütəxəssis rəyində göstərilən xüsusatları nəzərə almamışdır. Məhkəmə, ümumiyyətlə həmin mütəxəssis rəyinə münasibət bildirməmişdir. Xüsusilə qeyd olunmalıdır ki, cavabdeh Kəmalə Quliyeva yaşadığı evi inşasına İcra Hakimiyyəti tərəfindən icazə verildiyini bildirsə də, bu günə kimi, evə dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Cavabdeh X1 olaraq inşa etdiyi və hazırda yaşadığı evin həyətyani sahəsini genişləndirmək məqsədi ilə ümumi istifadədə olan yolu zəbt etməsi qanunsuzdur və bu qanunsuzluğa məhkəmə tərəfindən bəraət qazandırılması, gələcəkdə digər qonşuların da bu qanunsuz hərəkətlərdən öz mənfəətləri üçün istifadə edəcəklərini isitsna etmir. Odur ki, bütün yuxarıda qeyd olunanları bir daha sübut edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi əsassız və qanunsuzdur. Bu səbəbdən məhkəmə qətnaməsi ləğv olunmalı və iddia ərizəsi tam təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya məhkəməsinin icraatında olan zaman müəyyən edilən hallar:

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi , Bakı şəhəri Xəzər Rayonu Bələdiyyəsi və Xəzər rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 oktyabr 2024-cü il Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 07.08.24 tarixli 3-21-3-30/2-30301/24 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: Sənəd üzrə sahələrin vahid elektron kadastr bazada məlumatı mövcuddur. Sahə mülkiyyətçilərin faktiki sahibliyində və istifadəsində olsa da ara sərhədlərinin düz çəkilmədiyi müəyyən edilir.Göstərilən 605,0 kv.m sahənin qeydiyyatı barədə vahid elektron kadastr bazasında heç bir məlumat aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən mübahisələndirilən sahə əvvəllər ümumi istifadədə olan torpaq yol olmuşdur. Sözügedən yolun bir hissəsi (260,0 kv.m) cavabdehin istifadəsindədir.Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahələrinin yolu cənubdan (mübahisəli hissədən) olmuşdur.İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinin bir tərəfindən asfalt yola çıxışı var. Lakin İddiaçı1 mülkiyyətində olan sahənin üç tərəfi qonşu sahə, bir tərəfi isə mübahisəli yoldur. Sahələrə cənub tərəfdən (mübahisəli hissədən) yol verilməsi mövcud hasar sökülməklə texniki olaraq mümkündür.Əvvəllər yol olmuş ərazi hazırda qarşı tərəfin istifadəsində olduğu üçün İddiaçı1 mülkiyyətində olan sahəsinə girişçıxışı mümkün deyil. İddiaçı2 bu yoldan başqa torpaq sahəsinin qərb tərəfi də asfalt yolu olduğu müəyyən edilir.

9. Məhkəmə kollegiyasının tərəfindən mübahisəli əraziyə yerində müayinə keçirilmiş, yerində müayinə zamanı məhkəmə kollegiyası tərəfindən iddiaçıların nümayəndəsinin dediklərindən müəyyən edilmişdir ki, cavabdeh İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinin bir tərəfindən asfalt yola çıxışı var. Lakin İddiaçı1 mülkiyyətində olan sahənin üç tərəfi qonşu sahə, bir tərəfi isə mübahisəli çəpərə tərəf olan yoldan olması müəyyən edilir. Hal -hazırda mübahisəli çəpərin yerləşdiyi ərazidən (yoldan) iddiaçılar tərəfindən istifadə edilməsi müəyyən edilmir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək, əvvəlki məhkəmə qərarı ilə ümumi istifadədə olan yolda cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırıldığını, lakin sonradan yola tərəf cavabdehin öz həyətini genişləndirib ümumi istifadədə olan yolu isə daraldaraq çəpər çəkdiyini və bunun nəticəsində iddiaçıların yola çıxışına ciddi maneələr yarandığını, əvvəllər cavabdehlə bu məsələni öz aralarında həll etdiklərini və cavabdehin maneəni aradan qaldıracağına söz verdiyini, lakin sonradan bu mövqeyindən daşındığını, həmçinin birinci instansiya məhkəməsi ekspert rəyinə istinad etsə də, həmin ekspertin məhkəmə iclasında verdiyi izahatı ilə öz rəyini təkzib etdiyini bildirmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayəti əsaslı olduğudan təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini əsassız hesab etdiyini, onun tərəfindən yola müdaxilə edilmədiyini, iddiaçıların gediş-gəlişinə də onun çəkdiyi hasarın maneəçilik törətmədiyini qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

12. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

14. 29.Hər kəsin mülkiyyət hüququ vardır.Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 15.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 16.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 18.Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin qeyd edilən qanunvericilik normalarına və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 385-390-ci maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehin çəkdiyi hasarın standartlardan artıq miqdarda kənara çıxdığını, gediş-gəliş üçün nəzərdə tutulmuş yolu daraltdığını, bununla da onların torpaq sahələrindən istifadələrinə maneə yaratdığını bildirərək iddia qaldırmış və məhkəmə qərarı ilə onların iddiaları təmin edilmişdir. Kollegiya hesab edir ki,iddiaçıların hazırkı iddialarına əvvəlki məhkəmə qətnaməsi ilə baxıldığından və həmin qətnamə də qanuni qüvvəsini aldığından hazırkı iddiaya yenidən qiymət verilməsi əsaslı hesab edilə bilməz və iddiaçıların hazırkı mübahisəsi əvvəlki məhkəmə qərarının icrası mərhələsində həll edilməli məsələdir. 19.Məhkəmə xərclərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu və ekspertiza xərci iddiaçılara aid edilməlidir. 20.Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-112/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş 08 oktyabr 2024-cü il tarixli 10/7684 N°-li ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat iddiaçılardan müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar