Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3137/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, iddiaçının vəkili Vəkil2, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (X2 İctimai Birliyi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb olunmaqla) Cavabdeh qarşı “həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi və işgüzar nüfuza xələl gətirən məlumatların yayılması ilə əlaqədar vurulmuş zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-111/2022 saylı, 13.01.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Azərbaycan Futbol Federasiyaları Assosasiyası Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus facebook səhifəsində 20 sentyabr 2021-ci il tarixdə AFFA-nın fəaliyyəti ilə bağlı yayılmış məlumatların həqiqətə uyğun olmayan, AFFA-nın və onun rəhbərliyinin işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi, həmin yazının facebook səhifəsindən çıxarılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması, Cavabdeh özünə məxsus facebook səhifəsində dərc etdiyi məqalələrdəki məlumatları təkzib edərək həmin səhifədə heç bir əlavə qeyd, şərh yazmadan təkzib verilməsinin tapşırılması, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və onun rəhbərliyinin işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi kimi Cavabdeh 10000 manat tutularaq, "YAŞAT" Fondunun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ona məxsus facebook səhifəsində 20 sentyabr 2021-ci il tarixdə aşağıdakı məzmunda yazı dərc etmişdir. “Artıq 2 ildir ki, KEŞLƏ FK İnter stadionuna (keçmiş Şəfa) 5 min 800 manat icarə pulunu ödəmir. Buna görə də stadion əməkdaşlarına əmək haqları və sosial müdafiə fonduna vergi ödəyə bilmir. Bu barədə mənə müraciət olunduqdan sonra dəfələrlə problemi ictimailəşdirmədən həll etmək istəmişəm. Buna görə Keşlə FK prezidenti Zaur Axundov adlı birisi ilə bir neçə dəfə danışmışam. Borcu etiraf edib ödəcəyini bildirib. Bu kəs özünü SOCAR-ın X1 adamı kimi təqdim etdiyindən oranın məsul şəxslərinə müraciət etmişəm. Bu dəfə də həll olunmayanda Z.Axundovun dostu AFFA-nın Baş Katibi Elxan Məmmədova bir neçə dəfə zəng etmişəm. Bu “Boss” telefonumu qaldırmayıb. SMS yazmışam və tanışları vasitəsilə fəhlələrin əmək haqlarsız qaldığını bildirmişəm. Bu zənglər, yazışmalar, xahişlər təxminən 3 aydır ki, davam edir və bu günə qədər heç bir nəticə yoxdur. Bu isə ölkədə tam dərəbəylikdən xəbər verir. Hərənin özü üçün bir boss olduğunu, heç kimi saymadıqlarından xəbər verir. İndi Siz sıravi vətəndaşların bu bosslardan çəkdiklərini təsəvvür edin. Buradan ölkənin Baş Prokuroru Kamran Əliyevə müraciət edirəm. Siz gündə bir elan verib, bir neçə min oğurlandığını bildirib korrupsiyaya qarşı mübarizə apardığınızı elan edirsiniz. Mən sizə yüz milyonun oğurlandığı ünvanı deyirəm. Gedin #AFFA-da olan yeyintiləri araşdırın, yüz milyonu müəyyən edin və futbolumuzun bu rəzil durumda nədən olduğunu bilin. Bilirəm ki, Baş Prokuror mənim ərizələrimi araşdırmamağı tapşırıb. Zakir Qaralov belə, bir az fərqli göstərişi vermişdi ki, araşdırın, ancaq təmin etməyin. Mən isə inanıram ki, bir gün bir qanun adamı çıxıb yazdığım bütün ərizələri araşdıracaq və qanunsuzluq edənlərdən cavabını soruşacaqlar.” Həmin yazıda Cavabdeh Azərbaycan Futbol Federasiyaları Assosiasiyası rəhbərliyinin fəaliyyəti barədə oxucularda qəsdən mənfi fikir yaratmış, bundan əlavə, AFFAnın vəzifəli şəxsləri barəsində xüsusilə külli miqdarda pul vəsaitlərinin mənimsənilməsi barədə həqiqətə uyğun olmayan məlumat yaymaqla xüsusilə ağır cinayətdə ittiham etmişdir. Bunun nəticəsində iddiaçının işgüzar nüfuzuna böyük zərər dəymişdir. 26 sentyabr 2021-ci il tarixə həmin məlumatı 592 nəfər oxumuşdur. "X2" İctimai Birliyi (VÖEN: **********) ayrıca hüquqi şəxs olmaqla öz təsərrüfat fəaliyyəti ilə bağlı digər hüquqi şəxs olan AFFA-ya heç bir tabeliyi yoxdur. Yəni AFFA "X2" İctimai Birliyinə icarə haqqının ödənilməsi və ya hər hansı təsərrüfat fəaliyyəti ilə bağlı heç bir göstəriş verə bilməz. Qeyd edilən hal hüquqşünas olan yazı müəllifi Cavabdeh yaxşı məlumdur. Bundan əlavə, Cavabdeh öz yazısında “yüz milyonun oğurlandığı ünvan” kimi AFFA-nı qeyd edir və “#AFFA-da olan yeyintiləri araşdırın, yüz milyonu müəyyən edin və futbolumuzun bu rəzil durumda nədən olduğunu bilin” yazmaqla həmin qurumun rəhbərliyini cinayət (xüsusilə külli miqdar ziyan vurmaqla mənimsəmə və ya israf etmə) törətməkdə ittiham edir. Cavabdeh məlumdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsinə əsasən, bu Məcəllənin 179.1-179.3cü maddələrində nəzərdə tutulmuş əməllər (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən, belə əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Cavabdeh həmin yazısı tamamilə əsassız olmaqla, Mülki Məcəllənin 21 və 23-cü maddələrində nəzərdə tutulmuş məsuliyyətin yaranmasına əsas verir.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-111/2022 saylı, 13.01.2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək, Cavabdeh məxsus fasebook səhifəsində 20 sentyabr 2021-ci il tarixdə dərc edilən yazıda Keşlə FK İnter stadionuna icarə pulunu ödəməməkdə Azərbaycan Futbol Federasiyaları Assosasiyasının rəhbərliyinin təqsiri olduğu barədə, AFFA-da yeyinti, yəni mənimsəmə olması barədə məlumatların həqiqətə uyğun olmayan məlumatlar hesab edilməsi, həmin yazının facebook səhifəsindən çıxarılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması, Cavabdeh öz fasebook səhifəsində 20 sentyabr 2021-ci il tarixdə dərc edilən yazıda Keşlə FK İnter stadionuna icarə pulunu ödəməməkdə Azərbaycan Futbol Federasiyaları Assosasiyasının rəhbərliyinin təqsiri olduğu barədə, Azərbaycan Futbol Federasiyaları Assosasiyasında yeyinti, yəni mənimsəmə olması barədə məlumatların həqiqətə uyğun olmadığı barədə təkzib verilməsinin tapşırılması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Mədinə Bağırova).
4. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 27 sentyabr 2021-ci il tarixdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məhkəməyə müraciət edərək həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi, işgüzar nüfuza xələl gətirən məhkəməyə müraciət edərək həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi, işgüzar nüfuza xələl gətirən məlumatların yayılması ilə əlaqədar vurulmuş zərərin ödənilməsini və.s tələb etmişdir. Mübahisənin əsası cavabdehin “Facebook” səhifəsində aşağıdakı məzmunlu yazısı olmuşdur: “20 sentyabr 2021-ci ildə səhər saatlarında tərəfimdən aşağıdakı “Facebook” səhifəmdə yazılıb: ”Artıq 2 ildir ki, KEŞLƏ FK İnter stadionuna (keçmiş Şəfa) 5 min 800 manat icarə pulunu ödəmir. Buna görə də stadion əməkdaşlarına əmək haqları və sosial müdafiə fonduna vergi ödəyə bilmir. Bu barədə mənə müraciət olunduqdan sonra dəfələrlə problemi ictimailəşdirmədən həll etmək istəmişəm. Buna görə Keşlə FK prezidenti Zaur Axundov adlı birisi ilə bir neçə dəfə danışmışam. Borcu etiraf edib ödəyəcəyini bildirib. Bu kəs özünü SOCAR-ın X1 adamı kimi təqdim etdiyindən oranın məsul şəxslərinə müraciət etmişəm. Bu dəfə də həll olunmayanda Z.Axundovun dostu AFFA-nın Baş Katibi Elxan Məmmədova bir neçə dəfə zəng etmişəm. Bu “Boss” telefonumu qaldırmayıb. SMS yazmışam və tanışları vasitəsilə fəhlələrin əmək haqlarsız qaldığını bildirmişəm. Bu zənglər, yazışmalar, xahişlər təxminən 3 aydır ki, davam edir və bu günə qədər heç bir nəticə yoxdur. Bu isə ölkədə tam dərəbəylikdən xəbər verir. Hərənin özü üçün bir boss olduğunu, heç kimi saymadıqlarından xəbər verir. İndi Siz sıravi vətəndaşların bu bosslardan çəkdiklərini təsəvvür edin. Buradan ölkənin Baş Prokuroru Kamran Əliyevə müraciət edirəm. Siz gündə bir elan verib, bir neçə min oğurlandığını bildirib korrupsiyaya qarşı mübarizə apardığınızı elan edirsiniz. Mən sizə yüz milyonun oğurlandığı ünvanı deyirəm. Gedin AFFA-da olan yeyintiləri araşdırın, yüz milyonu müəyyən edin və futbolumuzun bu rəzil durumda nədən olduğunu bilin. Bilirəm ki, Baş Prokuror mənim ərizələrimi araşdırmamağı tapşırıb. Zakir Qaralov belə, bir az fərqli göstəriş vermişdiki, araşdırın, ancaq təmin etməyin. Mən isə inanıram ki, bir gün bir qanun adamı çıxıb yazdığım bütün ərizələri araşdıracaq və qanunsuzluq edənlərdən cavabını soruşacaqlar”. Yazı “Facebook” səhifəmdə paylaşılandan təxminən 2 saat sonra AFFA rəsmiləri cavabdehi məhkəmə ilə hədələyib. Ondan sonra 2-ci status yazıb paylaşmışdır. Təxminən həmin günün ikinci yarısında Keşlə FK bəyanat yayaraq cavabdehi yalan danışmaqda ittiham edib və guya pulların ödənildiyi barədə sənədlər yayıb. Həmin yayılan sənədlərə baxış zamanı aydın görünür ki, bu borc pulların alınması, yaxud ödənilməsi barədə yox, borcun ödənilməsi üçün Paşa Banka verilən tapşırıqdır. Həmin köçürmənin icra haqqında bank qeydində isə yazılıb ki, təcili icra edilsin. Həmin köçürmə sənədlərinin arasında sonuncu köçürməyə qədər olan bütün bank qeydi hissəsində “standart” yazılıb, yəni köçürmələr adi qaydada olub. Məhz status yazılan günü olan sənədlərdə isə “təcili” qeyd olunub. Bu isə o deməkdir ki, cavabdeh mübahisə predmeti olan statusu yazdığı vaxt həmin borc olub və ancaq statusdan, ictimai qınaqdan sonra pulun təcili köçürülməsi barədə göstəriş verilib. Yalnız bundan sonra Paşa Bank pulun borcalana köçürülməsini həyata keçirə bilərdi. Elə də olub. Əgər məhkəmə ədalətli araşdırma aparıb borcalanı dəvət edib sənədlərə baxsaydı əmin olardı ki, borc pul statusdan bir gün sonra borcalanın hesabına oturub. Həmin statusda qaldırdığım əsas məsələ - Keşlə FK-nın 2 il ərzində fəhlələrin pulunu ödəməməsi elə onların özlərinin yaydıqları sənədlərlə təsdiq edilir. Nədənsə AFFA kimi məhkəmə də bu məsələnin üstündən sükutla keçir və hazırki məhkəmə, mübahisənin əsas predmeti barədə bir dəqiqə belə araşdırma aparmadı. Səbail Rayon Məhkəməsi isə iddianı qismən aşağıdakı kimi təmin etmişdir: “İddia qismən təmin edilsin. Cavabdeh məxsus fasebook səhifəsində 20 sentyabr 2021-ci il tarixdə dərc edilən yazıda Keşlə FK İnter stadionuna icarə pulunu ödəməməkdə Azərbaycan Futbol Federasiyaları Assosasiyasının rəhbərliyinin təqsiri olduğu barədə, AFFA-da yeyinti, yəni mənimsəmə olması barədə məlumatlar həqiqətə uyğun olmayan məlumatlar hesab edilsin. Həmin yazının facebook səhifəsindən çıxarılması vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Cavabdeh öz fasebook səhifəsində 20 sentyabr 2021-ci il tarixdə dərc edilən yazıda Keşlə FK İnter stadionuna icarə pulunu ödəməməkdə Azərbaycan Futbol Federasiyaları Assosasiyasının rəhbərliyinin təqsiri olduğu barədə, Azərbaycan Futbol Federasiyaları Assosasiyasında yeyinti, yəni mənimsəmə olması barədə məlumatların həqiqətə uyğun olmadığı barədə təkzib verilməsi tapşırılsın. Qalan hissədə iddia təmin edilməsin” Səbail Rayon məhkəməsi iş üzrə tərəfimdən verilmiş vəsaətləri əsassız olaraq rədd etməklə həqiqətə nail olmağa, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. İş üzrə sübutlar: AFFA-da (audit rəyi, mühasibatlıq v.s sənədlər) olan yazılı və maddi sübutlar, şahid ifadələri, ekspert rəyi və.s idi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatı ilə yanaşı şahidləri də dindirməli idi. Lakin şahidlərin dindirilməsi ilə bağlı vəsaətətim rədd edilmişdir. Hansı ki, şahid kimi təqdim etdiyim şəxs (Asəf Namazov) birbaşa futbolla əlaqəsi olan şəxslər idi. Məhkəmə digər (AFFA-dan müvafiq sənədlərin istənilməsi ilə bağlı) vəsatətlərimi rədd edərək digər maddi və yazılı sübutların tədqiqinə şərait yaratmamışdır. Məhkəmə iş üzrə ekspertiza təyin etməyərək müvafiq sübutu da əldə etməyə imkan yaratmamışdır. Məhkəmə iş üzrə müvafiq ekspertiza təyin edilməsi ilə bağlı vəsatətimi rədd etmiş və buna dair heç bir mötəbər əsaslandırma aparmamışdır. İş üzrə ekspertiza təyin edilməli, qeyd edilən ifadələrin işgüzar nüfuza ziyan vurub-vurmaması, ümumilikdə AFFA-nın cəmiyyətdəki statusu, bu statusa nisbətdə onun nüfuzu, eləcə də bu statusa nisbətdə cavabdehin işlətdiyi ifadələrin onun işgüzar nüfüzuna ziyan vurub vurmaması məsələsi əsaslı araşdırma predmeti olmalı idi. İş üzrə həqiqətin müəyyən edilməsi məqsədilə 12 oktyabr tarixdə qaldırılmış iddia ilə bağlı AFFA-ya aşağıdakı məzmunda məktub ünvanlanmışdır: “Sizin mənə qarşı (Səbail Rayon Məhkəməsində baxılan) iddianız üzrə obyektiv nəticənin əldə edilməsi üçün aşağıdakı sualların tərəfinizdən cavablandırılıb (cavabların əsasını təşkil edən sənədlərin təqdim edilməsi üçün aşağıdakı sualların tərəfinizdən cavablandırılıb,cavabların əsasını təşkil edən sənədlərin surətini sübut qismində əlavə etməklə) bizə təqdim etməyinizi xahiş edirəm. 1. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Nizamnaməsini, ölkədəki futbol klublarının Nizamnamə və ya əsasnamələrini (eləcə dəfəaliyyət istiqamətlərini formalaşdıran digər sənədlər); 2. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (bundan sonra AFFAya): 2.1. Son 10 il ərizində Azərbaycan dövlət büdcəsindən hər il üçün ayrılan pul vəsaitinə dair məlumatları (sübut edən müvafiq sənədlər əlavə edilməklə); 2.2. Son 10 il ərzində FİFAdan (AFFA-ya) hansı məbləğdə pul vəsaitinin ayrılmasına dair məlumatları (sübut edən müvafiq sənədlər əlavə edilməklə); 2.3 Son 10 ildə hər il üçün ayrılıqda reklamlardan əldə edilən (daxil olan) vəsaitlərə dair məlumatları (sübut edən müvafiq sənədlər əlavə edilməklə); 2.4. Son 10 ildə futbol oyunlarının yayımlarından hər il üçün ayrılıqda əldə edilən gəlirə dair məlumatları (sübut edən müvafiq sənədlərəlavəedilməklə); 2.5. Son 10 ildə futbol oyunlarının bilet satışından hər il üçün əldə edilən gəlirə dair məlumatları (sübut edən müvafiq sənədlərəlavəedilməklə); 2.6. Son 10 ildə ümumilikdə hər il üçün nə qədər və kimlər (hansı hüquqi və fiziki şəxslər, eləcə də digər sponsorlar) tərəfindən ianələr edilməsinə dair məlumatları (sübut edən müvafiq sənədlər əlavə edilməklə); 3. AFFA-nın son 10 ildə bu müraciətin 2-ci maddəsində göstərilən əsaslarla (eləcə də varsa digər əsaslarla) əldə edilmiş bütün vəsaitlərin hara xərclənməsinin (hansı istiqamətlərdə) dəqiq məbləği və təyinatları göstərilməklə xərclənməsinə dair detallı məlumatları (sübut edən sənədlərlə); 4. Ümumilikdə Azərbaycanda neçə futbol (kişi, qadınlar, uşaqlar, eləcə də çimərlik olmaqla) klubunun olması barədə məlumatları; 5. Mövcud olan bütün klublara son 10 ildə (hər il üçün məbləğlər göstərilməklə) hər birini ayrı, təyinatı göstərməklə ayrılan vəsaitlərə dair məlumatları; 6. AFFA-nın Almaniyada yaratdığı Futbol Məktəbinə yarandığı gündən bu günədək hansı məbləğdə pul vəsaitinin ayrılması və həmin futbol məktəbinin hazırda balansında hansı əmlakların olması barədə məlumatları; 7. Son 10 ildə (milli və klublar üzrə) hansı baş məşqçilər, məşqçilər və mütəxəssislərlə müqavilələrin bağlanması (əməkdaşlıq edilməsi) və onlara illik hansı məbləğdə pul vəsaitinin ödənilməsinə dair (onlarla bağlanmış müqavilələri və pul vəsaitinin ödənilməsini təsdiq edən sənədləri əlavə etməklə) məlumatları; 8. Son 10 ildə hansı (adları, soyadları göstərilməklə, eləcə də bu cavab məktubuna müvafiq müqavilələri əlavə etməklə) legioner futbolçuların alınması və onların hər birinə ödənilmiş vəsaitlərə dair məlumatları; 9. Son 10 ildə AFFA tərəfindən milliləşdirilmiş (naturallaşdırılmış) əcnəbi futbolçular və onlara sərf olunan vəsaitlər (konkret adlar və xərclənmiş vəsaitlər göstərilməklə) barədə məlumatları; 10. Son 10 ildə İran İslam Respublikasından ölkəyə gətirilmiş futbolçular (legionerlər və milliləşdirilmişlər daxil olmaqla) və onlara xərclənmiş vəsaitlər barədə məlumatları; 11. Son 10 ildə hər il üçün keçirilmiş Audit rəylərinin təsdiq edilmiş surətlərini; Göstərilən sualların cavablandırılması və sənədlərin bizə təcili verilməsi məhkəmədə mübahisənin ədalətli araşdırılması üçün vacib və qaçılmazdır“. AFFA 12 oktyabr tarixli 5 səhifəlik cavab məktubunda sualları sadalayıb və bütün suallara təxminən 2 məzmunda cavab verib. Birincisi odur ki, istədiyiniz cavablar kommersiya sirri olduğundan verə bilmərik. İkincisi isə AFFA-nın istədiyiniz məlumatlarla rəsmi saytımızdan tanış ola bilərsiniz. Birinci məzmunla bağlı AFFA hansısa şəxsi biznes strukturu olmadığından ona daxil olan və xərclənən pullar barədə məlumatlar kommersiya sirri ola bilməz. Həmçinin qeyd olunmalıdır ki, “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının qanununun 4cü maddəsinə əsasən təsis sənədlərində əksini tapan məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla), qanunvericilikdə nəzərdə tutulan hallarda auditor rəyi daxil olmaqla maliyyə hesabatlarında olan məlumatlar, əməyin ödənilməsi formaları və məbləği barədə, əmək haqqı və sosial ödənişlər üzrə borclar, işçilərin say tərkibini, boş iş yerlərinin mövcudluğunu əks etdirən məlumatlar, qeyri-kommersiya təşkilatlarının fəaliyyəti barədə məlumatlar, özəlləşdirmənin dövlət proqramının həyata keçirilməsi və konkret obyektlərin özəlləşdirmə şərtləri barədə məlumatlar kommersiya sirri sayılmır (Qanunun 4.1.2, 4.1.4, 4.1.6, 4.1.9 və 4.1.10-cumaddələri). İkinci məzmunlu cavabla bağlı isə istənilən şəxs sayta daxil olub AFFA-ya daxil olan və xərclənən pullarla bağlı maraqlansa görər ki, orada olan məlumatlar heç bir suala aydınlıq gətirmir və gözə kül üfürməkdən, şəffaflıq mənzərəsi yaratmaq cəhdindən başqa birşey deyil. Bundan sonra qeyd edilənlərlə (yəni yuxarıda adları çəkilən sənədlərin istənilməsi ilə bağlı) məhkəmə qaydasinda sorğu verilməsinə dair məhkəmə vəsatəti təmin etməmiş və bununlada sübutların (həqiqətin) əldə edilməsinə maneə yaradılmışdır. 2. Cavabdehə qarşı irəli sürülən iddia ilə bağlı elə iddia ərizəsində əsas kimi göstərilən Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 may 1999-cu iltarixli Plenum Qərarı ilə cavab verirmişdir. Lakin Səbail Rayon Məhkəmə qeyd edilən halları nəzərə almamış və bu xüsusatları tədqiq belə etməmişdir. Həmin qərarın 3-cü bəndində göstərilir ki, “Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması”. Bu 3 haldan ancaq 3-cü hal mövcuddur və onu da cavabdeh etiraf edir. Qalan 2 hal isə yoxdur. 1-ci hal cavabdehin yazısının AFFA və ona rəhbərlik edənlərin şərəf vələyaqətini ləkələməsi nəticəsində baş verə bilərdi. Yəni, bu o halda ola bilərdi ki, AFFA bir təşkilat olaraq və ona rəhbərlik edənlər şəxs olaraq ictimaiyyətdə çox hörmətlə qarşılansınlar, hörmət və nüfuza sahib olsunlar. FİFA-nın bu günə olan reytinq cədvəlində sıralama üzrə Azərbaycan Zimbabvedən sonra, Malavi, Nigeriya və Mozambikdən əvvəl 119-cu yerdədir. İflic vəziyyətdə olan Ermənistan isə reytinqdə 89-cudur. Bu isə Azərbaycan üçün bir təhqirdir və futbol ictimaiyyəti də bunu o cür qəbul edir. Təkcə bu ay ərzində Milli Futbol komandası 2 pillə geriləyib. İştirak etdiyi bütün turnirlərdə isə qrupun ən sonuncu yerini tutur. Bundan başqa, ikinci statusu yazanda səhifədə AFFA-nın cavabdehi məhkəmə ilə hədələməsi barədə aşağıdakı bəyanatını qeyd etmişdir: “Hüquqşünas Cavabdeh facebook sosial şəbəkəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası barədə böhtan xarakterli məlumatlar yayıb, AFFA-nı korrupsiyada ittiham edib. İlk növbədə, onu qeyd edək ki, AFFA azsaylı ictimai-idman təşkilatlarından biridir ki, hər il hesabat Konfransında futbol ictimaiyyətinin, mətbuat nümayəndələrinin və dövlət strukturları təmsilçilərinin, həmçinin üzvü olduğu FİFA və UEFA kimi beynəlxalq təşkilatların rəsmilərinin qarşısında fəaliyyəti ilə bağlı hesabat verir və həmin hesabata AFFA-nın gəlirləri və xərcləri ilə bağlı maliyyə hesabatları da daxildir. 2010-cu ildən bu ilə qədər AFFA-nın bütün hesabatları assosiasiyanın saytında yerləşdirilib və maraqlanan hərkəs həmin hesabatlarla tanış ola bilər. Özünü hüquqşünas adlandıran istənilən şəxs bu cür ittihamları səsləndirən zaman konkret hüquqi sənədlərə istinad etməli, populizm ilə məşğul olmamalıdır. Cavabdeh qeyd olunan facebook paylaşımı ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının işgüzar nüfuzuna xələl gətirdiyi üçün onun barəsində müvafiq strukturlara müraciət etmək hüququnu özümüzdə saxlayırıq”. AFFA-nın bəyanatını öz səhifəsində qeyd edənə qədər və ondan sonra bütün ölkə futbolunu təmsil edən bu səhifədəki bütün yazılara münasibət bildirənlərin (Facebook reaksiyaları - bəyənmək, sevmək, qayğı göstərmək, gülmək-lağa qoymaq, təəccüblənmək, kədərlənmək və əsəbləşmək) sayı ortalama 100-150 idisə, AFFA-nın haqqımda yaydığı bəyanatı səhifəmdə qeyd etdiyimə görə həmin yazıya 1489 münasibət bildirən olub. Bu 1489 münasibətdən də 1076-sı gülmək-lağa qoymaq, 31-i isə əsəbləşmək olub, yəni münasibət bildirən, şərh yazan vətəndaşların mütləq əksəriyyəti AFFA-ya və ona başçılıq edənlərə nifrətini açıq şəkildə ifadə ediblər. Bu isə sosial şəbəkələr tarixində istisna hallardandır və cəmiyyətin AFFA-ya mənfi münasibətinin ən dəqiq göstəricisidir. Yenə əgər AFFA-nın rəsmi səhifəsində bütün yazılara ortalama 30-40 rəy yazılırdısa cavabdehin səhifəsində paylaşdığı AFFA-nın bəyanatına 986 izləyici rəy yazıbdır. Onların içində heç 10 nəfər AFFA-nı müdafiə edən yoxdur. Müdafiə edənlərin də AFFA-nın trolları olduğunu elə izləyicilər özləri şərhlərində qeyd ediblər və cavablarını veriblər. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayndəsi Nümayəndə1 və vəkili Vəkil2 cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi dəyərləndirmə:
9. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə və tərəflərin kollegiya iclasında verdiyi izahatlara əsasən qeyd edir ki, iş materiallarında olan “Facebook” sosial şəbəkəsində Cavabdeh məxsus səhifədə 20 sentyabr 2021-ci il tarixdə dərc edilən yazıda görstərilmişdir ki, “Artıq 2 ildir ki, KEŞLƏ FK İnter stadionuna (keçmiş Şəfa) 5 min 800 manat icarə pulunu ödəmir. Buna görə də stadion, əməkdaşlarına əmək haqları və sosial müdafiə fonduna vergi ödəyə bilmir. Bu barədə mənə müraciət olunduqdan sonra dəfələrlə problemi ictimailəşdirmədən həll etmək istəmişəm. Buna görə Keşlə FK prezidenti Zaur Axundov adlı birisi ilə bir neçə dəfə danışmışam, o da borcu etiraf edib ödəcəyini bildirib. Bu kəs özünü SOCAR-ın X1 adamı kimi təqdim etdiyindən oranın məsul şəxslərinə müraciət etmişəm. Bu dəfə də həll olmayanda Z.Axundovun dostu AFFA-nın Baş Katibi Elxan Məmmədova bir neçə dəfə zəng etmişəm. Bu “Boss” telefonumu qaldırmayıb. SMS yazmışam və tanışları vasitəsilə fəhlələrin əmək haqlarsız qaldığını bildirmişəm. Bu zənglər, yazışmalar, xahişlər təxminən 3 aydır ki, davam edir və bu günə qədər heç bir nəticə yoxdur. Bu isə ölkədə tam dərəbəylikdən xəbər verir. Hərənin özü üçün bir boss olduğunu, heç kimi saymadıqlarından xəbər verir. İndi Siz sıravi vətəndaşların bu bosslardan çəkdiklərini təsəvvür edin. Buradan ölkənin Baş Prokuroru Kamran Əliyevə müraciət edirəm. Siz gündə bir elan verib, bir neçə min oğurlandığını bildirib korrupsiyaya qarşı mübarizə apardığınızı elan edirsiniz. Mən sizə yüz milyonun oğurlandığı ünvanı deyirəm. Gedin #AFFA-da olan yeyintiləri araşdırın, yüz milyonu müəyyən edin və futbolumuzun bu rəzil durumda nədən olduğunu bilin. Bilirəm ki, Baş Prokuror mənim ərizələrimi araşdırmamağı tapşırıb. Zakir Qaralov belə, bir az fərqli göstərişi vermişdi ki, araşdırın, ancaq təmin etməyin. Mən isə inanıram ki, bir gün bir qanun adamı çıxıb yazdığım bütün ərizələri araşdıracaq və qanunsuzluq edənlərdən cavabını soruşacaqlar.”
10. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin üçüncü hissəsinə əsasən kütləvi informasiya vasitələri - dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet informasiya ehtiyatı, kinoxronika proqramları və digər yayım formalarıdır.
11. Həmin Qanunun 44-cü maddəsinə əsasən kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.
12. Həmin Qanunun 45-ci maddəsinə əsasən təkzibdə hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin kütləvi informasiya vasitəsində nə vaxt və necə dərc olunduğu göstərilir. Dövri mətbu nəşrdə təkzib, bir qayda olaraq, məlumatın və ya materialın verildiyi səhifədə həmin şriftlə yığılır və «Təkzib» başlığı altında dərc olunur. Gündəlik və həftəlik yayılan mətbu nəşrlər təkzib, cavab və ya düzəliş haqqında tələbin daxil olduğu gündən sonrakı nömrədə, digər dövri nəşrlər isə hazırlanan və ya yaxın günlər üçün planlaşdırılan buraxılışda təkzibi, cavabı və ya düzəlişi dərc etməlidirlər.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxununlmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.
14. Mülki Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.
15. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
16. Mülki Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli, 7 saylı qərarının 1-ci bəndinin ikinci hissəsində məhkəmələrə izah edilmişdir ki, Mülki Məcəllənin 7-ci maddəsində müəyyən olunmuş qaydada təşkilatların və vətəndaşların işgüzar nüfuzu da müdafiə oluna bilər. Ali Məhkəmənin Plenumu həmin Qərarın 3-cü bəndində izah etmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər.
18. Hazırkı halda məqalənin internet vasitəsi ilə yayımlanması, məlumatın yayılması sayılmalıdır ki, həm birinci instansiya məhkəməsində icraat zamanı, həm də apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmə iclasınlarında Cavabdeh mübahisə predmeti olan yazının “Facebook” sosial şəbəkəsində ona məxsus səhifədə yayımlandığını inkar etməmişdir.
19. Kollegiya hesab edir ki, cavabdehin “Facebook” sosial şəbəkəsində ona məxsus səhifədə Keşlə FK-nın İnter stadionuna icarə pulunu ödəməməkdə Azərbaycan Futbol Federasiyaları Assosasiyasının və onun rəhbərliyinin təqsiri olduğu barədə həqiqətə uyğun olmayan məlumatlar, AFFA-da yeyinti, yəni mənimsəmə olması barədə böhtan xarakterli məlumatlar yayması iddiaçının işgüzar nüfuzunun ləkələnməsinə səbəb olan haldır. Həmin məlumatlar işlədilmə məqsədlərinə görə iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar olmaqla, həmçinin kütləvilik dərəcəsində yayılmış olmaqla cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında iddiaçı barəsində mənfi rəy yaradan məlumat kimi qiymətləndirilməlidir.
20. Yuxarıda qeyd olunduğu kimi qanun işgüzar nüfuzun ləkələnməsinə yönəlmiş məlumatların həqiqətə uyğun olmasını sübut etmək vəzifəsini həmin məlumatları yaymış şəxsin üzərinə qoyur.
21. İş materiallarından, apellyasiya şikayətinin məzmunundan və cavabdehin birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində verdiyi izahatlardan da görünür ki, həmin məlumatların həqiqətə uyğun olması barədə cavabdeh məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh “Facebook” sosial şəbəkəsində ona məxsus səhifədə iddiaçının işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatlar yaydığına görə kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, cavabdehə həmin sosial şəbəkədə ona məxsus səhifədə həmin məlumatların həqiqətə uyğun olmadığı barədə təkzib verməsinin tapşırılmasına dair məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur.
22. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Apellyasiya şikayətində qətnamənin tam ləğv edilərək iddianın rədd edilməsi xahiş olunsa da, lakin apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin mənəvi zərərlə bağlı hissəsində mübahisələndirməmişdir. Bu səbəbdən, hazırki apellyasiya icraatı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi tam deyil deyil, yalnız iddianın təmin olunan hissəsində hissədə yoxlanılır.
26. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
29. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddia tələbinin qismən təmin edilməsindən ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
31. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
32. Həmin Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Nəticə:
33. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-111/2022 saylı, 13.01.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev