Məhkəmə qərarları › İş №2(103)-3140/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3140/2023

16.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3140/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə (Açar sözlər: müəyyən hərəkətləri etməyə məcbur etmə) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçılar X2 və İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “müəyyən hərəkətləri etməyə məcbur etmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 319/2023 saylı 8 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 16 may 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçılar və cavabdeh qonşu olmaqla eyni blokda yaşayır. Hazırda tərəflər arasında cavabdehin heyvanların saxlanması qaydalarını pozaraq yaşadığı mənzildə saxlanılması nəzərdə tutulan saydan artıq küçə itlərini və pişikləri saxlaması ilə bağlı mübahisə mövcuddur.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin İddiaçı1 ünvanladığı xx.xx.2022-ci il tarixli 4727K-1222 nömrəli məktubunda göstərilmişdir ki, qeyd olunan ünvana aidiyyəti qurumun nümayəndələri ilə gedilməsinə baxmayaraq, vətəndaş Cavabdeh qapını açmamışdır. Buna baxmayaraq Cavabdeh barəsində müvafiq qanunvericiliyə əsasən inzibati protokol tərtib edilməklə cərimə olunmuşdur.

3. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı1 və digərlərinə verilmiş xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, ünvan 2 ünvanında yaşayan vətəndaş Cavabdeh Məhəmməd qızı tərəfindən birgə yaşayış qaydalarına əməl edilməyərək sanitariya-gigiyena normalarının pozulmasının qarşısının alınmasına köməklik göstərilməsi haqqında müraciətə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Bildirilmişdir ki, qaldırdıqları məsələ ilə əlaqədar Suraxanı rayon Polis İdarəsinin 33 saylı Polis Bölməsi tərəfindən vətəndaş Cavabdeh barəsində inzibati protokol tərtib edilmişdir. Eyni zamanda bildirilmiş ki, qonşular arasında yaranmış mübahisəli məsələnin qanunamüvafiq qaydada həll edilməsi üçün məhkəmə instansiyalarına müraciət edilməsi daha məqsədəuyğundur.

4. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti MKTD Suraxanı rayon MKTB tərəfindən İddiaçı1 verilmiş xx.xx.2020-ci il tarixli məktubdan müəyyən olunur ki, qeyd olunanlarla bağlı aidiyyəti üzrə baxılıb tədbir görülməsi, nəticəsi barədə RİH-nə və vətəndaşa məlumat verilməsi üçün Suraxanı rayonu Gigiyena və Epidemiolojiya Mərkəzinə məktub ünvanlandırılmışdır.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Suraxanı rayon Gigiyena və Epidemiolojiya Mərkəzi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan müəyyən olunur ki, 68 saylı MKİS-nin rəisi M.Cəfərov tərəfindən Mərkəzə daxil olan 101 saylı xx.xx.2019-cu il tarixli məktuba əsasən MKİS-nin işçilər tərəfindən pilləkən qəfəslikləri zibillərdən təmizlənmiş və gələcəkdə sakinlər arasında yoluxucu xəstəliklərin baş verməməsi üçün sağlamalaşdırıcı tədbirlərin görülməsi məqsədi ilə aidiyyatı üzrə məlumat verilmişdir.

6. MN 1336716-46 saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən xx.xx.2022-ci il tarixdə saat 14:30-da Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 143, mənzil 32 ünvanında it və pişiklərin müvafiq icra Hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlanılmasına görə Cavabdeh Məhəmməd qızı Azərbaycan Respublikasının İXM-nin 290.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh Məhəmməd qızı Azərbaycan Respublikasının İXM-nin 290.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat cərimə edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə birgəyaşayış qaydalarının, qonşu kimi onların Konstitusion hüquqlarının pozulması ilə nəticələnən, onların öz mənzilində normal yaşamağına maneçilik törədən hərəkətləri, qanunun tələblərini pozmaqla öz mənzilində antisanitar vəziyyətdə itlər və pişiklər saxlamaq kimi hərəkətləri etməyinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

8. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 5-də yaşayan cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli, 38 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması qaydalarını pozaraq yaşadığı mənzildə 15-dək küçə itlərini və 5-dək pişikləri anti-sanitar vəziyyətdə saxlayır, həmin mənzildən çox pis iy gəlir, bu iy səbəbindən yaşadıqları mənzilin qapısını açıb mənzilin havasını dəyişmək olmur, həmin pis iy verən hava şəraitində mənzildə insan kimi yaşamaq mümkün olmur, burada yaşamaqları dözülməz hala gəlmişdir. Gecənin istənilən saatında həmin mənzildən eşidilən itlərin səs- küyündən mülkiyyətlərində olan mənzildə özlərinin, uşaqlarının və ailə üzvlərinin yatması və ya dincəlməsi qeyri-mümkündür. Bununla da, cavabdeh birgəyaşayış qaydalarını pozur, qonşuluq münasibətlərinə əməl etmir. Ona dəfələrlə bu hərəkətlərinə son qoyulması barədə bildirilsə də, o buna məhəl qoymur, əksinə onlara hədə-qorxu gələrək, evində qanunsuz saxladığı itləri uşaqların üstünə salacağı, onları şərləyəcəyi ilə hədələyir. Dəfələrlə şahidi olmuşlar ki, gecə yarısı itləri həyətə çıxarıb gəzdirir. İtlər onun dediklərini edir, onun göstərişləri ilə hərəkət edirlər. Onlar sonuncunun qanunsuz hərəkətlərindən dəfələrlə İcra Hakimiyyətinə, Polis İdarəsinə və digər orqanlara müraciət etmişlər, lakin həmin orqanlar öz vəzifələrini layiqincə yerinə yetirməmiş və barəsində qanuni tədbir görməmişlər və görmək istəməmişlər.

9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 yanvar 2023-cü il tarixli 2(010)-319/2023 saylı qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia qismən təmin olunmuş, cavabdehə birgəyaşayış qaydalarının, Konstitusion hüquqlarının pozulması ilə nəticələnən, mənzildə normal yaşamağa maneə törədən hərəkətləri və ünvan 5 ünvanında yerləşən mənzilində antisanitar vəziyyətdə itlər və pişiklər saxlamaq kimi hərəkətlərin (baytarlıq, sanitaiya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamaq istisna olmaqla) qadağan edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin özünə məxsus evdə ev heyvanları saxlamaq hüququ həmin binada yaşayan digər şəxslərin (iddiaçıların) təhlükəsiz və sağlam mühitdə yaşamaq hüquqlarını pozur və bu pozuntu aradan qaldırılmalıdır. Digər tərəfdən, cavabdeh bu hüququndan sui istifadə etmiş, bu hüquqla bağlı vəzifələrini həyata keçirməmişdir. Cavabdeh ev heyvanlarının, eləcə də itlərin və pişiklərin saxlanılması üçün tələb olunan qaydalara əməl etməmiş, həmçinin heyvanların saxlanılması üçün müəyyən edilmiş say limitini də keçmişdir.

11. Heyvanların hansı əraziyə köçürülməsi məsələsini əvvəlcədən müəyyən etmək mümkün olmadığına görə məhkəmə hesab etmişdir ki, bu məsələ icra mərhələsində öz həllini tapmalıdır.

12. Bununla belə, məhkəmə iddia tələbinin cavabdehə itlərin və pişiklərin saxlanılması üçün tələb olunan qaydalara əməl etməklə və antisanitar vəziyyətdə saxlanılması halları istisna olmaqla it və pişik saxlamaq kimi hərəkətlərin qadağan edilməsi hissəsini əsassız hesab edərək, göstərmişdir ki, qanunvericilik hər kəsə ev heyvanları saxlamaq hüququnu müəyyən etmişdir və bu hüququn məhdudlaşdırılması yalnız digər şəxslərin daha üstün hüquqlarının qorunması çərçivəsində mümkündür. Bu çərçivəni aşan qadağanın qoyulması isə vətəndaşın hüquqlarının əsassız şəkildə məhdudlaşdırılması deməkdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ bəndinə, 60, 39, 31, Mülki Məcəllənin 6, 6.3, 170.2, 560.1, "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”na, Mülki Prosessual Məcəllənin 14.2, 78.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

14. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apelyasiya şikayətində göstərilmişdir ki, iddia ərizəsində göstərilən hərəkətlərə tərəfindən yol verilməmişdir. 2 otaqlı mənzildə bu qədər heyvanları saxlamaq mümkün deyildir. Gündüzlər işdə olduğundan axşamlar itləri hayava çıxarır, bu müddətdə isə mənzildə sanitariya qaydalarına əməl etmək üçün şərait yaradır. Heyvanları daimi saxlamır, çöldə sahibsiz və xəstə olan halda itləri mənzilinə gətirir və müalicə etdikdən sonra aidiyyəti üzrə, sahibsiz itlərin saxlanması yerlərnə təhvil verir. Tərəfindən birgəyaşayış, baytarlıq, sanitariya-gigiyena qaydalarına tam əməl olunur, digər sakinlər üçün heç bir narahatçılıq heç vaxt yaradılmamışdır. Məhkəmədə iştirakı təmin olunmamış, məhkəmə iclasının başqa vaxta keçirilməsi barədə ərizəsi nəzərə alınmamışdır. Mənzilində saxlanılan itlərin sayı müəyyən olunmamışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, hazırda evdə 3 it var, pişik isə yoxdur. O daimi saxlamır, xəstə olduqda evə gətirir, onları müalicə edir, sağaldıqdan sonra isə aidiyyəti üzrə təhvil verir.

18. İddiaçılar isə apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

19. Digər İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

"Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 mart 2011 -ci il tarixli qərarı

21. Maddə 1.2. Ev heyvanları saxlayan şəxslər ərazinin epizootoloji sabitliyini və insanların sağlamlığını qorumağa borcludurlar.

22. Maddə 2.1. Baytarlıq, sanitaiya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir.

23. Maddə 4.1. Heç bir şəxs ev heyvanı ilə qəddar davranmamalı, onlara ağrı, yaxud zərər verməməli və heyvanları müvafiq orqanlara xəbər vermədən sahibsiz vəziyyətə salmamalıdır.

24. Maddə 5. Ev heyvanı saxlayan və ya ona baxan hər bir şəxs həmin heyvanın növünə və cinsinə uyğun olaraq, yaşayışı üçün yer ayırmalı, təbii tələbatlarını nəzərə alaraq, ona aşağıdakı qayğıları göstərməlidir: 5.1.1. heyvana lazımi səviyyədə yem və su verməli; 5.1.2. heyvanın nəzarətsiz qalmaması və qaçmaması üçün müvafiq tədbirlər görməli; 5.1.3.Agentlikdə qeydiyyatda olan baytarlıq klinikalarında, itçilik klubunda öz heyvanlarını ildə bir dəfə müayinədən keçirməli; 5.1.4. baytarlıq xidmətində ev heyvanları üçün quduzluğa qarşı müalicə-profilaktik tədbirləri həyata keçirməli; 5.1.5. lazım olmayan heyvanları sahibsiz heyvanları saxlayan müəssisəyə təhvil verməli; 5.1.6. heyvanlar xəstələndikdə, insanları, heyvanları dişləmə və zədələmə halları müşahidə edildikdə, onlara baxmaq və karantində saxlamaq üçün Agentliyin regional bölməsinə müraciət etməli; 5.1.8. ətraf mühitin çirklənməsinə yol verməməli, ərazini baytarlıq qaydaları və normativlərinə uyğun saxlamalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. İddia qismən təmin edilmiş olsa da, iddiaçılar qətnaməni mübahisələndirməmiş, cavabdeh isə qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunundan aydın olur ki, iddianın təmin edilmiş hissəsində qətnaməni mübahisələndirmişdir, qətnamə həmin hissədə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Göründüyü kimi çoxmənzilli binaların ayrıca mənzillərində ev heyvanlarının saxlanması qaydaları müəyyən edilmişdir.

34. Cavabdeh isə bu qaydaların tələblərinə riayət etməyərək, qaydalara əsasən saxlanılmasına icazə verilən saydan artıq ev heyvanı salxayır. Bu hal iş materialları ilə, həmçinin əlavə edilmiş CD-lərdən də müəyyən edilir. Bu zəmində qonşular tərəfindən çoxsaylı narazılıqlar ifadə olunmuş, hətta cavabdeh inzibati məsuliyyətə cəlb olunmuşdur.

35. Həmçinin apelyasiya baxışı zamanı cavabdeh hazırda 3 it saxladığını bildirmişdir.

36. Cavabdeh ona istinad edir ki, heyvanları daimi saxlamır, onları evdə müalicə edib sağaltdıqdan sonra aidiyyatı üzrə təhvil verir.

37. Kollegiya qeyd edir ki, cavabdehin istinad etdiyi bu hal onun haqlı olmasına və qaydaların tələblərinə zidd olaraq artıq sayda və saxlanılması qaydalarına riayət etmədən heyvan saxlamasına əsas vermir.

38. Müəyyən edilmiş say həddində belə evdə heyvan saxladıqda digər mənzillərdə yaşayan qonşulara narahatlıq yaradılmamalıdır.

39. Baxılan iş üzrə cavabdehin müəyyən edilmiş saydan artıq heyvan saxlaması, onların saxlanılması üçün tələb olunan qaydalara əməl etməməsi kimi hallar həmin binada yaşayan digər şəxslərin (iddiaçıların) təhlükəsiz və sağlam mühitdə yaşamağına mane olmaqla onlar üçün narahatlıq yaradır.

40. Odur ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır.

41. Məhkəmə iclasının başqa vaxta keçirilməsi barədə ərizəsinin nəzərə alınmaması barədə dəlilinə münasibətdə isə Kollegiya qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, məhkəmə iclası xx.xx.2023-cü il tarixdə olmuş, həmin ərizə isə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur.

42. Cavabdehin apelyasiya şikayətində göstərdikləri formal xarakter daşımaqla əsassızdır.

43. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-319/2023 saylı iş üzrə 18 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar