Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3142/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 04 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6284 nömrəli kredit müqaviləsinə əsasən bank borcalana istehlak məqsədləri üçün 120 ay müddətinə illik 12% dərəcəsi ilə hesablanmaqla 199200 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən borcalan Cavabdeh qeyd edilən müqavilə üzrə xx.xx.2022-ci il tarixinə əsas borcu 130728.94 manat, faiz borcu 768.50 manat, cəmi 131497.44 manat məbləğində kredit borcunun və ödənilmiş 439.23 manat dövlət rüsumunun habelə bank xidmət haqqı olaraq 0.66 manat məbləğində borcu vardır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən "xxxx" ASC-nin xeyrinə 130728.94 manat əsas, 768.50 manat faiz olmaqla, cəmi 131497.44 manat məbləğində kredit borcunun və ödənilmiş 439.23 manat dövlət rüsumunun habelə 0.66 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün tələb olunan məbləğdə borcu yaranmışdır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-263/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova) iddia təmin edilmişdir.
5. Məhkəmə cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş, tələb olunan əsas və faiz borcunu əsaslı hesab etmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 739-cu maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işin faktiki hallarına uyğun yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank tərəfindən məhkəməyə müraciət edilənə kimi o, 230551.80 manat kredit ödənişi edib. Məhkəmə gedişi zamanı isə daha 10000.0 manat ödəyib. Lakin bu ödənişləri nə iddiaçı, nə də məhkəmə nəzərə almamışdır. Həmçinin məhkəmə xərci olaraq ondan 439.66 manat tutulması ilə də razı deyil. İddiaçı müqavilədən kənara çıxmaqla borcludan müqavilə üzrə öhdəliklərinin vaxtından əvvəl ödənilməsini tələb edir. Halbuki müqavilə üzrə öhdəliklərin son icra müddəti 12 mart 2024-cü il müəyyən edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür
15. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda sadalanan maddi hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq etməklə cavabdehdən əsas və faiz borcunun tutulması barədə düzgün nəticəyə gəlmişdir.
19. Apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə apellyasiya baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyul 2023-cü il tarixli, 9/3836 saylı rəyi ilə cavabdehin maliyyə arayışının verildiyi xx.xx.2022-ci il tarixə 139 811, 42 manat əsas, 2563,21 manat faiz borcunun olduğu müəyyən edilmişdir.
20. Ekspert rəyi əsaslıdır və onun mötəbərliyini şübhə altına alacaq sübutlar təqdim edilməmişdir.
21. MPM-ə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2).
22. MPM-nin 218.3-cü maddəsinin tələbinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
23. İşdən görünür ki, iddiaçının dəqiqləşdirilmiş son tələbi xx.xx.2022-ci il tarixə olan 130728.94 manat əsas, 768.50 manat faiz borcunun tutulmasından ibarətdir.
24. Ekspert rəyi ilə əsas borcun məbləği 139 811,42 manat, faiz borcunun məbləği 2563,21 manat müəyyən edilmişdir.
25. Kollegiya iddia tələbindən kənara çıxmadan belə nəticəyə gəlir ki, ekspert rəyi ilə müəyyən edilmiş borcun məbləği tələb həddini aşdığından cavabdehdən iddiaçının tələbi həcmində borc tutulmalıdır.
26. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri öz təsdiqi tapmadığından əsassız hesab edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
27. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.