Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3144/2020 12.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəllaləddin qızının katibliyi ilə, iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2017-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı MMC-nin nümayəndəsi X3 və cavabdehin iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, İMEİ nömrəsi **********74649 olan “iPhone 5S” markalı telefona görə 259 manat məbləğində ödənilməmiş məbləğin, 150 manat məbləğində dəbbə pulunun, “xxxx” markalı televizor üçün 394 manat məbləğində ödənilməmiş məbləğin, 300 manat məbləğində dəbbə pulunun, İMEİ nömrəsi **********65799 olan “Samsung Galaxy S6” markalı telefona görə 955 manat məbləğində ödənilməmiş məbləğin, 810 manat məbləğində dəbbə pulunun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun, ona münasibətdə alıcı olan cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı olan MMC ilə alıcı olan cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh dəyərini hissə-hissə ödəmək şərti ilə MMC-dən nağd ödəniş qiyməti 665 manat, İMEİ nömrəsi isə **********74649 olan “iPhone 5S” markalı telefonu nisyə almış və növbəti 12 ay müddətində “Ödəniş cədvəli” üzrə hər ay 73 manat məbləğində olmaqla, cəmi 876 manat ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra, MMC ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh dəyərini hissəhissə ödəmək şərti ilə MMC-dən nağd ödəniş qiyməti 649 manat olan “xxxx” markalı televizoru nisyə almışdır. Bu zaman o, MMC-yə 1 manat məbləğində ilkin ödəniş etmiş və növbəti 12 ay müddətində “Ödəniş cədvəli” üzrə hər ay 54 manat məbləğində olmaqla, cəmi 648 manat ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra, MMC ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh dəyərini hissə-hissə ödəmək şərti ilə MMC-dən nağd ödəniş qiyməti 799 manat, İMEİ nömrəsi **********65799 olan “Samsung Galaxy S6” markalı telefonu nisyə almış və növbəti 12 ay müddətində “Ödəniş cədvəli” üzrə hər ay 90 manat məbləğində olmaqla, cəmi 1.080 manat ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməmiş və nəticədə onun borcu yaranmışdır. Belə ki, cavabdeh xx.xx.2015-ci il tarixli müqavilə üzrə cəmi 707 manat ödəniş etmiş, ondan 617 manat əsas borca, 90 manat cəriməyə, xx.xx.2015-ci il tarixli müqavilə üzrə cəmi 325 manat ödəniş etmiş, ondan 255 manat əsas borca, 70 manat cəriməyə, xx.xx.2015-ci il tarixli müqavilə üzrə cəmi 235 manat ödəniş etmiş, ondan 125 manat əsas borca, 110 manat cəriməyə hesablanmışdır. Göstərilənlərə əsasən iddiaçı MMC hesab edirlər ki, “iPhone 5S” markalı telefona görə 259 manat əsas borc, 150 manat dəbbə pulu, “Samsung Galaxy S6” markalı telefona görə 955 manat əsas borc, 810 manat dəbbə pulu və “xxxx” markalı televizora görə 394 manat əsas, 300 manat dəbbə pulu cavabdehdən tutularaq ona ödənilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalan 259 manat, həmin müqavilə üzrə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 15 manat, xx.xx.2015-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalan 394 manat, həmin müqavilə üzrə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 30 manat, xx.xx.2015ci il tarixli müqavilə üzrə ödənilməmiş qalan 955 manat, bu müqavilə üzrə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 80 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən iddiaçı MMC-nin xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin əsasları ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verməmiş, işə cavabdehin iştirakı olmadan baxmış, iddia ərizəsi ilə cavabdehdən tutulması xahiş edilən məbləğlərin şişirdilmiş olmasına əhəmiyyət verməmişdir. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. İddiaçı MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərindən biri (birinci dəlil) ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verməmiş, işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, müzakirə edilən dəlil əsassızdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinin mənasına görə, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzrlü hesab etdikdə işə baxılmasını təxirə salır (maddə 185.3.). Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır (maddə 185.4.). Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir (maddə 185.5.). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışından və işdə olan digər sənədlərdən görünür və cavabdeh tərəfindən də təsdiq edilir ki, cavabdehin yaşayış yeri qeydiyyatda olduğu ünvan ünvan 1 mənzil 10 ünvandır. İşdə olan zərflərdən görünür ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə “Məhkəmə bildirişlərini” məhz həmin ünvana göndərmiş, lakin bildirişlər müvafiq poçt şöbəsi tərəfindən üzərinə “Bu ünvanda yaşamır” və “Ünvan düzgün deyil” qeydləri ilə Rayon Məhkəməsinə qaytarılmışdır. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi üzərinə düşən prosessual vəzifələri yerinə yetirmiş və işə cavabdehin iştirakı olmadan baxmağa haqlı olmuşdur. Qətnamə çəkişmə şəraitində qəbul edilmiş hesab olunur. Mövcud mülki mübahisənin həlli ilə bağlı isə Məhkəmə qeyd edir ki, MMC ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilədən və bu müqavilənin tərkib hissəsi olan həmin tarixli “xxxx” görünür ki, cavabdeh dəyərini hissə-hissə ödəmək şərti ilə MMC-dən nağd ödəniş qiyməti 665 manat olan “iPhone 5S” markalı telefonu nisyə almış və növbəti 12 ay müddətində “Ödəniş cədvəli” üzrə hər ay 73 manat məbləğində olmaqla, cəmi 876 manat ödəməyi öhdəsinə götürmüşdür. MMC ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilədən və bu müqavilənin tərkib hissəsi olan həmin tarixli “xxxx” görünür ki, cavabdeh dəyərini hissə-hissə ödəmək şərti ilə MMC-dən nağd ödəniş qiyməti 649 manat olan “xxxx” markalı televizoru nisyə almışdır. Cavabdeh, MMC-yə 1 manat məbləğində ilkin ödəniş etmiş və növbəti 12 ay müddətində “Ödəniş cədvəli” üzrə hər ay 54 manat məbləğində olmaqla, cəmi 648 manat ödəməyi öhdəsinə götürmüşdür. MMC ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilədən və bu müqavilənin tərkib hissəsi olan həmin tarixli “xxxx” görünür ki, cavabdeh dəyərini hissə-hissə ödəmək şərti ilə MMC-dən nağd ödəniş qiyməti 799 manat olan “Samsung Galaxy S6” markalı telefonu nisyə almış və növbəti 12 ay müddətində “Ödəniş cədvəli” üzrə hər ay 90 manat məbləğində olmaqla, cəmi 1.080 manat ödəməyi öhdəsinə götürmüşdür. MMC-nin təqdim etdiyi sənədlərdən görünür ki, cavabdeh, yuxarıda qeyd edilən müqavilələr üzrə iddiaçı MMC qarşısında üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməmiş və nəticədə onun borcu yaranmışdır. Cavabdeh iddiaçı MMC tərəfindən ona edilmiş yazılı xəbərdarlıqlara baxmayaraq öhdəliyini icra etməmişdir. Cavabdeh özü də qeyd edilən bu halı mübahisələndirmir. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məcəllənin 600-cü maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600.1.). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4.). Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.). Qeyd edilən maddi hüququ normalarının tələblərindən işin müəyyən edilmiş hallarına yanaşdıqda müəyyən edilir ki, borclu olan cavabdehin onunla kreditor olan MMC arasında bağlanmış xx.xx.2015, xx.xx.2015 və xx.xx.2015-ci il tarixli müqavilə üzrə MMC qarşısında icra edilməmiş öhdəliyi mövcuddur; cavabdeh, öhdəliyin icra edilməməsinə görə MMC qarşısında mülki məsuliyyət daşıyır; cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Rayon Məhkəməsi eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. İş üzrə tərəflər arasında mübahisə doğuran hal borcun məbləği ilə bağlıdır. Belə ki, cavabdehin apellyasiya şikayətinin (ikinci) dəlili ondan ibarətdir ki, iddia ərizəsi ilə cavabdehdən tutulması xahiş edilən məbləğlər şişirdilmişdir, işə baxmış Rayon Məhkəməsi isə buna əhəmiyyət verməmişdir. Mübahisənin həlli və apellyasiya şikayətinin müzakirə edilən bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı MMC tərəfindən təqdim edilmiş sənədlərdən və hesablamadan görünür ki, cavabdeh, xx.xx.2015-ci il tarixli müqavilə üzrə MMC-yə cəmi 707 manat ödəniş etmişdir ki, həmin məbləğdən 617 manat əsas borcdan, 90 manat cərimədən silinmişdir. Bu müqavilə üzrə ödənilməmiş məbləğ (876-617=) 259 manat təşkil edir. xx.xx.2015-ci il tarixli müqavilə üzrə cavabdeh cəmi 325 manat ödəniş etmişdir ki, bu məbləğdən 255 manat əsas borcdan, 70 manat cərimədən silinmişdir. Bu müqavilə üzrə ödənilməmiş məbləğ (649-255=) 394 manat təşkil edir. xx.xx.2015-ci il tarixli müqavilə üzrə cavabdeh cəmi 235 manat ödəniş etmişdir ki, bu məbləğdən 125 manat əsas borca, 110 manat isə cəriməyə hesablanmışdır. Bu müqavilə üzrə ödənilməmiş məbləğ (1.080-125=) 955 manat təşkil edir. Cavabdeh qeyd edilən məbləğlərin şişirdilmiş olduğunu bildirsə də, bu halı təsdiq edə biləcək sübutları (məsələn: ödəniş qəbzlərini, həmin qəbzlər üzrə aparılmış adi hesablamanı) Məhkəməyə təqdim etməmişdir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili sübuta yetməməsinə görə əsassız hesab edilməlidir. Rayon Məhkəməsi iddiaçı MMC tərəfindən təqdim edilmiş hesablamaların əsas borca aid hissəsini əsaslı hesab etməkdə haqlı olmuşdur. İddiaçı MMC-nin cavabdehə qarşı irəli sürdüyü iddianın bir hissəsi MMC ilə borclu olan cavabdeh arasında bağlanmış xx.xx.2015, xx.xx.2015 və xx.xx.2015-ci il tarixli müqavilələr üzrə dəbbənin (cərimənin) tutulması ilə bağlıdır. İddiaçı MMC xx.xx.2015-ci il tarixli müqavilə üzrə cavabdehə 150 manat, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 300 manat, xx.xx.2015-ci il tarixli müqavilə üzrə isə 810 manat məbləğində dəbbə (cərimə) hesablamış və həmin məbləğlərin də cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Yuxarıda artıq qeyd edildiyi kimi, Rayon Məhkəməsi bu tələbi qismən təmin edərək xx.xx.2015-ci il tarixli müqavilə üzrə dəbbə məbləğini azaltmış və dəbbə olaraq 15 manat, xx.xx.2015-ci il tarixli müqavilə üzrə dəbbəni azaldaraq 30 manat, xx.xx.2015-ci il tarixli müqavilə üzrə isə dəbbəni azaldaraq 80 manat məbləğində pulun cavabdehdən iddiaçı MMC-nin xeyrinə tutulması qət etmişdir. Məhkəmə qeyd edir ki, MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2015, xx.xx.2015 və xx.xx.2015-ci il tarixli müqavilələrdən görünür ki, müştəri “Ödəniş cədvəli” üzrə ödəniş şərtlərini pozduqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faiz həcmdə mübahisəsiz olaraq penya (cərimə) ödəyir. Ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, müştərinin ödədiyi məbləğin 50 faizinə qədər hissəsi penyanın ödənilməsinə yönəldilə bilər. Müştəri ödəniş şərtlərini 2 aydan artıq müddətdə yerinə yetirmədikdə, müqaviləyə xitam verilir və müştəri “Ödəniş cədvəli” üzrə ödənilməmiş tam məbləği, hesablanmış penyaları və məzənnə fərqinə hesablanmış məbləği ödəməlidir. Əgər bu şərt 1 aydan artıq müddətə yerinə yetirilməzsə, müştəri hesablanmış penya və məzənnə fərqindən əlavə “Ödəniş cədvəli” üzrə ödənilməmiş məbləğin iki qatını (200%) ödəməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apellyasiya baxışı zamanı müəyyən edildi ki, Rayon Məhkəməsi dəbbə məbləğinin tənasüblüyünü, iş üzrə tərəflərin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə almışdır. Mülki Məcəllənin 405.1, 425.1, 462.1 və 467-ci maddələrinin tələblərini, iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2015, xx.xx.2015 və xx.xx.2015-ci il tarixli müqavilələrin şərtlərini, cavabdehin qeyd edilən bu müqavilələr üzrə iddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsini nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi də düzgündür. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi, iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2017-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-3144/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3144/2020
12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver