Məhkəmə qərarları › İş №2(103)-3144/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3144/2021

04.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3144/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı1 (o, həm də İddiaçı2 nümayəndəsidir) və onun vəkili X2, cavabdeh X1 nümayəndəsi X6 və Cavabdeh2 iştirakı ilə İddiaçı1 və İddiaçı2 X3 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Əzimə Seyidquliyeva tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 X3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 Cavabdeh2 ilə xx xxxxxxx 1994-cü il tarixdə toy edərək evləndiyini və onun anası X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi ev 7A ünvanında yerləşən 49 saylı mənzilə gəlin köçdüyünü, cehizlərini həmin evə gətirdiyini, Cavabdeh2 ilə nikahından xx xxxxxxxx 1995-ci il tarixdə İddiaçı2 doğulduğunu, Vüqarla evləndiyi gündən etibarən sözügedən mənzildə yaşadıqarını, Əzimə Əliyevanın razılığı ilə mənzilə köçdüyünə, İddiaçı2 isə həmin mənzildə doğulub hazırkı vaxta qədər orada yaşadığına görə mənzildən istifadə hüquqlarının yarandığını bildirmiş, buna görə də sözügedən mənzilə istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmiş, şikayətini, məhkəmənin onun mülkiyətçi olduğunu nəzərə almadığı, xx xxxxxxx 2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin müddalarını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını; İddiaçı1 və onun vəkili X5 şikayətin əsassız olduğunu bildirək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, Cavabdeh2 da qətnamə ilə razılaşdığını və onun qanuni olduğunu bildirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi ev 7A ünvanında yerləşən 49 saylı mənzil X1 mülkiyyətindədir; onun oğlu Cavabdeh2 ilə xx xxxxxxx 1994-cü il tarixdə nikaha daxil olan İddiaçı1 həmin mənzilə gəlin köçmüş, nikahından xx xxxxxxxx 1995-ci il tarixdə digər İddiaçı2 dünyaya gəlmiş, onlar hazırkı dövrə qədər sözügedən mənzildə yaşamaqdadırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Göründüyü kimi, İddiaçı1 mübahisəli mənzilin icarədarının (mülkiyyətçisinin) razılığı ilə mənzilə köçmüş, onun oğlu olan digər iddiaçı da bu mənzildə doğularaq hazırkı dövrədək orada yaşamışdır. Başqa sözlə, iddiaçılar faktiki olaraq daim mübahisəli mənzildə yaşamış və icarədarın ailə üzvü kimi yaşayış sahəsindən istifadə etmişlər. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıların tələblərinə münasibətdə tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3634/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar