Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3147/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: qanunsuz müdaxilənin qarşısının alınması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçının nümayəndələri X1 (qardaşı), Vəkil1 (vəkili), Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 15 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər xx.xx.2002-ci ildə rəsmi nikaha daxil olmuş, həmin nikahdan övladları olmamış, xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi ilə nikah pozulmuşdur. İddiaçı Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 8-ci massiv 56A saylı fərdi yaşayış evində yaşayır. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 8-ci massiv 56A saylı fərdi yaşayış evində yaşamasına yaratdığı maneələrin aradan qaldırılması, özbaşına hərəkətlərinə son qoyulması, elektrik enerjisinin kəsilməsi və digər kommunal xətlərə müdaxilə etməsinin qanunsuz hesab edilməklə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda məhkəmə qətnaməsində qeyd edildiyi kimi hərə ayrıca evdə yaşamasına baxmayaraq cavabdeh yaşadıqları evi elektrik enerjisi ilə təmin edən elektrik müqaviləsinin onun adına olmasından istifadə edərək həmin xətti qanunsuz olaraq kəsmişdir. Hazırda qış olduğundan istilik olmadığından həmin evdə yaşmaqda çətinlik çəkirlər. Qaradağ RPİ 10-cu PŞ-nin təhqiqatşısı, polis baş leytenantı H.Dadaşzadənin qəbul etdiyi «Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» 23 sentyabr 20203-cü il tarixli qərarında qeyd edilmişdir ki, Cavabdeh izahatında elektrik naqillərini kəsməsi ilə bağlı keçmiş həyat yoldaşı X3 tərəfindən qeyd olunanları təsdiqləyərək həmin evin rəsmi evli olduqları dövrdə tikildiyi və evin elektrik sayğacının onun adına rəsmiləşdirildiyini qeyd etmişdir. Beləliklə, hazırda mənzilə elektrik enerjisi və digər kommunal xətlərə cavabdeh tərəfindən qanunsuz müdaxilə iddiaçının hüquqlarını pozduğundan, cavabdehin özbaşına hərəkətlərinə son qoyulmaqla elektrik enerjisinin kəsilməsi və digər kommunal xətlərə müdaxilə cavabdehə qadağan edilməlidir.
4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(002)-420/24 saylı iş üzrə 13 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim K.Əsədov) iddia təmin edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi evdə yaşayır, həmin ev tərəflər birgə nikahda olduqları dövrdə inşa edilmişdir. İddiaçının yaşadığı evdə elektrik enerjisindən və s. istifadəyə maneələr cavabdeh tərəfindən yaradılır və bunun nəticəsində məhz iddiaçının qanunla qorunan hüquqları pozulur. Bu səbəbdən, iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ vardır. Yuxarıda qeyd edilən evin iddiaçıya məxsus olmayan torpaq sahəsində inşa edilməsi, həmin evin birgə nikah dövründə tərəflərin ümumi birgə vəsaitləri hesabına inşa edilməsi faktını aradan qaldırmır, eləcə də, bu cavabdehə iddiaçını yaşadığı evdə elektrik enerjisindən və s. kommunal vasitələrdən/xətlərdən istifadə etməsinə maneə yaratması üçün qanuni əsas vermir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 82.3-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı heç bir subyektiv hüququ olmadan vermiş olduğu tələblə onun konstitusion hüquqlarını pozmağa çalışmışdır. Mübahisəli yaşayış sahəsi iddiaçının mülkiyyətində deyil, həmin yaşayış sahəsinə dair hər hansı hüquqları ümumiyyətlə mövcud deyil. Belə olan halda iddiaçının tələbinin hüquqi əsası yoxdur. Həmin yaşayış sahəsinin faktiki sahibi kənarda qaldığı halda onun məhkəmədə iştirakı təmin edilməməklə yanaşı başqasına məxsus olan yaşayış sahəsi barəsində qərarlar qəbul edilmişdir.
b. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c. Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdeh və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
11. İddiaçının nümayəndələri isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
Apellyasiya baxışının hədləri
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
16. Birinci instansiya məhkəməsinin qənaətinə görə mübahisəli ev tərəflər birgə nikahda olduqları dövrdə inşa edilmişdir. Cavabdeh tərəfindən iddiaçının yaşadığı evdə elektrik enerjisindən və s. istifadəyə maneələr yaradılır və bunun nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulur.
17. Mülki Məcəllənin 152.1, 157.2, 157.4-cü maddələrinin mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
18. Hazırkı iş üzrə mübahisə predmeti olan ev özbaşına tikili olsa da həmin ev tərəflər birgə nikahda olduqları dövrdə inşa edilmişdir. Bu fakt Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(002)-172/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmişdir.
19. Həmin qətnamədə ilə müəyyən edilən bu hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur.
20. Kollegiya nəzərə alır ki, MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
21. MPM-in 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
22. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir.
23. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.
24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında isə qeyd olunmuşdur ki, məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.
25. Beləliklə, mübahisəli ev tərəflərin birgə vəsaiti hesabına inşa olunmaqla onların daimi yaşayış yeri olduğundan geniş mənada iddiaçının həmin evə dair əmlak hüquqları mövcuddur və bu baxımdan Kollegiya hazırkı işə qanunun analogiyası qaydasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci maddələrini tətbiq edilməsini mümkün sayır.
26. Mülki Məcəllənin 11.1, 11.2-ci maddələrinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
27. Mülki Məcəllənin 180.1, 180.2-ci maddələrinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
29. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
31. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə 13 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.