Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3148/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında tutulan alimentin məbləğinin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 mart 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə Cavabdeh iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdehin birgə övladları olan xx.xx.2018-ci il təvəllüdlü Nərminin yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi (iş № 2(075)-115/2022) əsasında cavabdehdən onun xeyrinə hər ay tutulan 170 manat sabit pul məbləğində alimentin artırılaraq 235 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəlki qətnamə ilə təyin edilmiş aliment uşağın saxlanılması üçün artıq kifayət etmir. 2024-cü il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu nəzərə alınaraq alimentin miqdarı 235 manat müəyyən edilməlidir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, uşağın mənafeyi, onun təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması nəzərə alınaraq alimentin miqdarı artırılmalıdır. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin aidiyyəti üzrə tərəflərin qeydiyyatda olduğu rayonun birinci instansiya məhkəməsinə göndərilməsi barədə və ya işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh alimentin miqdarının artırılmasına etiraz etmir. Sadəcə olaraq ərazi aidiyyəti qaydaları pozulmaqla çıxarılmış qətnaməni qanunsuz hesab edir. Hər iki tərəf Şəki rayonunda qeydiyyatda olduğu üçün hazırki işə Şəki Rayon Məhkəməsində baxılmalı idi. Bundan başqa, iddiaçı 2023-cü ilin əvvəllərində Mingəçevir Mediasiya təşkilatına müraciət etmişdir. Ona həmin təşkilat tərəfindən 2023-cü ilin fevral ayında xitam protokolu verilmişdir. Qanunun tələbinə əsasən tərəf müraciət etdiyi məhkəmənin yerləşdiyi yer üzrə aidiyyəti mediasiya təşkilatına müraciət edərək müvafiq arayış əldə etməlidir. Eyni zamanda məhkəmədən kənar həll barədə təqdim edilmiş arayışdan uzun müddət keçmişdir. Məhz bu tələblərə riayət edilmədiyi üçün iş baxılmadan geri qaytarılmalıdır. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş tərəflərin izahatları barədə məlumat
7. Apellyasiya baxışında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi.
8. İddiaçı işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Onun gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
9. Şəki Rayon Məhkəməsinin 2(075)-115/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022ci il tarixli qətnaməsindən görünür ki, hazırki iş üzrə tərəflərin arasındakı nikah pozulması, uşağın ananın (hazırki iş üzrə iddiaçının) yanında saxlanmış, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün uşağın atasından - hazırki iş üzrə cavabdehdən hər ay 170 manat məbləğində alimentin xx.xx.2022-ci il tarixdən tutularaq hazırki iş üzrə iddiaçıya verilməsi qət edilmişdir.
10. Hazırda iddiaçı uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılmasını xahiş edir.
11. İşə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, alimentin məbləği artırılaraq 235 manat müəyyən edilməlidir.
12. Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh bildirir ki, ərazi aidiyyəti qaydalarına və mediasiya prosesinin tələblərinə düzgün riayət edilmədiyi üçün qətnamə ləğv edilməlidir.
13. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1.). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2.). Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxs tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1.).
16. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa görə, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat təşkil edir.
17. Qeyd edilən maddi hüquq normalarının tələblərindən və uşağın üstün mənafeylərinin qorunmasından çıxış edən Məhkəmə müzakirə edilən mülki mübahisəyə yanaşdıqda müəyyən edir ki, iddia əsaslıdır.
18. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə müəyyən edilir ki, iddia ərizəsinə əlavə edilmiş və Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “müvəqqəti qeydiyyat vəsiqəsindən” görünür ki, iddiaçı, hazırda yaşadığı yer üzrə Nəsimi rayonu üzrə müvəqqəti qeydiyyatadır (dəqiq ünvan arayışda göstərilib).
19. Mingəçevir 1 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli, MŞM/MT031/2023-00219 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, hazırki iş üzrə cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
20. Göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən iddia ərizəsi icraata qəbul edilərkən qanunvericiliyin tələblərinə riayət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. h) apellyasiya baxışının nəticəsi
21. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
22. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
23. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən cavabdehin özünə aid edilməlidir.
25. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz. MPM-nin 112-ci maddəsinin mənasina görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki apellyasiya baxışının predmeti olan iddianın qiyməti isə ((235 manat – 170 manat) x 12 ay = 660 manat) 5.000 manatdan azdır.
26. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 mart 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.