Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3149/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» nə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “maddi zərərin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili X3 iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-105/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 MTK tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən yol verilmiş hərəkətsizlik nəticəsində qeyri-qanuni tikintilərin aparılması və həmin tikintilərdə tikinti normalarının pozulmasının qarşısının alınmaması nəticəsində ona vurulmuş 9.807,36 manat həcmində maddi ziyanın, 10.400 manat dəyərin itkisi, qiymətləndirmə rəyi ilə bağlı ödənilmiş 100 manat, hüquqi xidmətlə bağlı ödənilmiş 1.230 manat olmaqla, cəmi 21.692,36 manat məbləğində kompensasiya və ödənilmiş 155,08 manat dövlət rüsumununun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 MTK və «X2 Qrupu» MMC-nin fəaliyyətlərində yol verdikləri qanunsuzluqlar nəticəsində İddiaçı Aleksandrovnanın əmlakına ziyan vurulmaqla ona maddi ziyan vurulmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixində İddiaçı Aleksandrovaya məxsus «Mazda CX-5» markalı **-DO- *** dövlət qeydiyyat nişanı olan avtomobilini «Messenat Holdinq»in binasında icarədə olan «Bank VTB (Azərbaycan)» ASC-nin bank əməkdaşları üçün müəyyən olunmuş və Xətai prospekti 38 ünvanda yerləşən «Messenat Holdinq» tərəfindən idarə edilən binanın dayanacağında saxlamışdır (iddiaçı qeyd olunan bankın işçisidir). xx.xx.2023-cü il tarixində, saat təqribən 11:00-da bankın əməkdaşları iddiaçıya zəng vuraraq, avtomobilinin üzərinə yaxında yerləşən binadan taxtalar düşdüyünü və avtomobilinin zədələdiyini bildirmişlər. İddiaçı nə baş verdiyini görmək üçün dərhal dayanacağa getmişdir. İddiaçı dayanacağa gələrək avtomobilə çoxlu ziyan dəydiyini görmüş və maşının vəziyyətinin şəklini çəkmişdir. Taxtaların maşının üzərinə düşməkdə davam etdiyini görüb, iddiaçı özünə yaranan təhlükəni və riski nəzərə almayaraq maşını təhlükəsiz yerə köçürmüşdür. Hadisə nəticəsində daha üç maşına zərər dəymişdir. Daha sonra iddiaçı həyat yoldaşı Sultan Danyalova zəng etmiş, yaxınlıqda olduğundan sonuncu da tezliklə hadisə yerinə gəlmiş və maşının vəziyyətini daha ətraflı foto şəkil və videoya çəkmişdir. Avtomobil demək olar ki, bütün korpus üzrə əhəmiyyətli əzilmə və cızıqlar kimi çoxsaylı zədələr almışdır və ön şüşə də çatlamışdır. İddiaçı bundan bir qədər sonra, saat 11:31-də 102-yə zəng edib hadisə barədə məlumat vermişdir. İşin uzun müddət aidiyyəti müəyyən edildikdən sonra araşdırılması üçün Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə verilmişdir və həmin idarəyə yazılı şikayət verilmişdir. Eyni zamanda, FHN-in qaynar xəttinə 112 nömrəsinə zəng edilmişdir və hadisə barədə məlumat verilmişdir. Hadisə FHN tərəfindən ətraflı araşdırılmadığından iddiaçı yenidən xx.xx.2023-cü il tarixdə yenidən müraciət etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-18-2/2-D-10xx-xx/2023 saylı cavab məktubu ilə İddiaçı tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətinə uyğun olaraq, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanda «Messenat Holdinq»in avtodayanacağında nəqliyyat vasitəsini saxladığı zaman taxta parçalarının avtomobilin üzərinə düşməsi nəticəsində ziyan dəyməsi ilə bağlı Agentlik tərəfindən göstərilən ünvana baxış keçirildiyi və Nəsimi rayonu Xətai prospekti 787-ci məhəllədə Cavabdeh1 MTK tərəfindən inşa edilmiş yaşayış binasına bitişik avtodayanacaq binasının tikintisi 3-cü mərtəbə səviyyəsində uzun müddətdir ki, dayandırıldığından, binanın şaquli və üfüqi elementləri üçün qurulmuş qəliblərin bir hissəsinin dağılaraq ətrafa səpələnməsi halı baş verməsini təsdiq etmiş və yaranmış təhlükə ilə əlaqədar həmin ərazidə təhlükəsizliyin təmin edilməsi məqsədi ilə lazımi tədbirlərin yerinə yetirilməsi barədə "xxxx" MTK-nın rəhbərliyinə 29 mart 2023-cü il tarixli 3-18-2/2-2051/2023 nömrəli məktub ünvanlandığı bildirilmişdir. FHN TTDA tərəfindən verilmiş cavab məktubundan göründüyü kimi iddiaçıya ziyan vurulmasına səbəb olan tikinti qoruma taxtalarının cavabdehlərin mülkiyyəti və sahibliyində olan yarımçıq tikilidən küləyin təsirindən qoparaq iddiaçıya ziyan vurulmuşdur. İddiaçının avtomobilinə dəymiş zərərin müəyyən edilməsi üçün iddiaçı tərəfindən «Mazda» rəsmi servisinin icraçısı "xxxx" MMC-nin servis xidmətinə müraciət etmiş və həmin servis tərəfindən araşdırma aparılmış və təqdim edilmiş xx.xx.2023-cü il tarixli rəyə əsasən avtomobilə dəymiş zərər 9.807,36 manat təşkil edir. Bundan başqa, avtomaşın xəsarət almadan cəmi 48 gün əvvəl alınmışdır. Yəni tam təzə olmuşdur. Xəsarət dəyməsi isə onun əmtəə bazar dəyərini də aşağı salmışdır. Bununla bağlı Əmlak Ekspert Mərkəzinə müraciət olunmuşdur. Həmin mərkəzin təqdim etdiyi xx.xx.2023-cü il tarixli rəyə əsasən avtomaşın 10.400 manat əmtəə dəyərini itirmişdir. Müvafiq rəyin verilməsi ilə bağlı 100 manat ödəniş həyata keçirilmişdir. Dövlət orqanlarında müraciətlərinə baxılmadığını gördükdə, iddiaçı keyfiyyətli hüquqi yardım almaq məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü 3 saylı vəkil bürosunun vəkili Vəkil1 ilə müqavilə bağlayaraq ona 1.230 manat ödəniş etmiş, ona dövlət orqanları və məhkəmələrdə iddiaçının hüquqlarının müdafiəsi səlahiyyəti verilmişdir.
3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-105/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Vüsalə Musayev) ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 MTK-dan vurulmuş maddi ziyana görə 8.295 manat və avtomobilin əmtəə dəyərinin itkisinə görə 7500 manat, ödənilmiş vəkil xərcinə görə 1200 manat, qiymətləndiriciyə ödənilmiş 100 manat və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 141,28 manatın tutularaq İddiaçı ödənilməsi, aparılmış tədqiqatın cəmi dəyəri olan 250 manatın Cavabdeh1 MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə, 150 manat qiymətləndirmə xərcinə görə 82,4 manat iddiaçıdan və 67,6 manatın isə cavabdehdən tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba köçürülməsi müəyyən edilmişdir.
4. İddiaçı və Cavabdeh1 MTK qətnamədən apellyasiya şikayətləri vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. İddiaçı isə apellyasiya şikayətində göstərmişdir ki, məhkəmənin maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmiş, sübutlar yetərincə qiymət verilməmiş, eyni zamanda avtomobilə dəyən zərər düzgün qiymətləndirilməmişdir. Buna görə də şikayətinin təmin olunmasını, qətnamənin qismən ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir.
6. Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus avtomobilə dəyən zərər məhz qarşısıalınmaz qüvvənin təsirindən dəymişdir. Belə ki, bu güclü küləyin olması ilə bağlı proqnoz müvafiq qurum tərəfindən öncədən xəbərdarlıq edilmişdir və məlum hadisə şirkətin iradəsindən asılı olmadan baş vermişdir. Buna görə də qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə müdafiə edərək təmin edilməsini, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, qətnamə ilə müəyyən edilən məbləğlə razı deyillər, ekspertiza zamanı iştirakları təmin edilməmiş, çəkişmə prinsipi pozulmuşdur, bundan başqa, hadisənin baş vermə səbəbi məhz qarşısıalınmaz qüvvə-təbii hadisə kimi küləyin təsirindən olmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2023-cü il tarixdə Bakı şəhəri ərazisində müşahidə edilmiş hava şəraiti haqqında arayışla həmin gün baş verən külək gücünə görə fırtına və qasırğa kimi qiymətləndirilmişdir.
8. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı və digər cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
9. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
10. Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş BB341005 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2022-ci il istehsal ili olan «Mazda CX-5» markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdır.
11. 07 mart 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Nəsimi RPİ 22-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Orxan Qurbanov İddiaçı müraciəti əsasında toplanmış 1 saylı HK-295 nömrə ilə qeydə alınmış material üzrə cinayət işi başlanmasını rədd etmiş, İddiaçı dəymiş maddi ziyanın ödənilməsi tələbi mülki xarakter daşıdığından mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
12. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin xx.xx.2023-cü il tarixli 3-18-2/2-D-10xx-xx/2023 saylı məktubundan görünür ki, Sultan Danyalovun həyat yoldaşı İddiaçı Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 38 ünvanda «Messenat Holdinq»in avtodayanacağında nəqliyyat vasitəsini saxladığı zaman taxta parçalarının avtomobilin üzərinə düşməsi nəticəsində ziyan dəyməsi ilə bağlı FHN-ə ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətinə Agentlikdə baxılmışdır. Həmin ünvana baxış keçirilmiş və müəyyən edilmişdir ki, Nəsimi rayonu Xətai prospekti 787-ci məhəllədə Cavabdeh1 MTK tərəfindən inşa edilmiş yaşayış binasına bitişik avtodayanacaq binasının tikintisi 3- cü mərtəbə səviyyəsində uzun müddətdir ki, dayandırıldığından, binanın şaquli və üfüqi elementləri üçün qurulmuş qəliblərin bir hissəsinin dağılaraq ətrafa səpələnməsi halı baş vermişdir. Yaranmış təhlükə ilə əlaqədar həmin ərazidə təhlükəsizliyin təmin edilməsi məqsədi ilə lazımi tədbirlərin yerinə yetirilməsi barədə Cavabdeh1 MTK-nın rəhbərliyinə xx.xx.2023-cü il tarixli 3-18-2/2-2051/2023 saylı məktub ünvanlanmışdır. Həmin məktubun surəti əlavə olunmuşdur.
13. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin Cavabdeh1 MTK-ya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-18-2/2-2051/2023 saylı məktubunda eyni hallar qeyd edilməklə yaranmış təhlükə ilə əlaqədar həmin ərazidə yaşayan insanların, yaxınlıqda olan tikililərin və nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə lazımi tədbirlərin yerinə yetirilməsi tapşırılmışdır.
14. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli MZ-68744 saylı iş kartından görünür ki, Mazda markalı, CX-5 modelli, ** DO *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı xx.xx.2022-ci il tarixdə satılmış, yürüyüş 1660 km, avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün təmir və ehtiyat hissələrinə 8.311,32 manat, 18 % ƏDV 1.496,04 manat olmaqla, cəmi 9.807,36 manat pul vəsaiti tələb olunur.
15. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ƏEM/M-07-111/23 saylı daşınar əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus «Mazda CX-5» minik markalı ** DO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qəzadan əvvəlki bazar dəyəri Cədvəl 2-yə uyğun olaraq 52.000 manat təşkil etmişdir. Həmin nəqliyyat vasitəsinə qəza nəticəsində dəymiş zərərin məbləği Cədvəl 1 və 1.1-ə uyğun olaraq 9.807,36 manat təşkil edir. Nəzərə alınsa ki, qeyd edilən avtomobilin təmir-bərpasına çəkilmiş xərc ehtiyat hissələri və təmir xərci daxil olmaqla 9.807,36 manat təşkil edir, bu zaman təmirdən sonra əmtəə dəyərinin itirilməsi birmənalı olaraq avtonəqliyyat vasitəsinin bazar dəyərinə təsirsiz ötüşmür. Bu baxımdan təqdim edilmiş qüsur aktı təfərrüatlı tədqiq edilmişdir. Təhlil edildikdən sonra itirilmiş əmtəə faizi dəymiş zərərin təyinatından və həcmindən asılı olaraq 20 % təşkil etmişdir. Hesablamalara əsasən 52.000 manat (nəqliyyat vasitəsinin bazar dəyəri) – 20 % (itirilmiş əmtəə faizi) = 41.600 manat həcmində müəyyən edilir. Beləliklə, aparılmış tədqiqatlara və təhlillərə əsasən İddiaçı məxsus «Mazda CX-5» minik markalı ** DO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qəzadan sonrakı bazar dəyəri 41.600 manat, likvid dəyəri 37.440 manat təşkil edir. Qiymətləndirmə xərci 100 manat təşkil etmişdir və iddiaçı tərəfindən ödənilmişdir
16. Bakı şəhər İcra Hakimiyyəti başçısının 27 iyul 2005-ci il tarixli 203 saylı sərəncamından görünür ki, Nəsimi RİH-in xx.xx.2005-ci il tarixli 01-04/58 saylı razılıq məktubu, Cavabdeh1 MTK-nın xx.xx.2004-cü il tarixli 41 saylı müraciəti və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2004-cü il tarixli 003494 saylı şəhadətnaməsi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 787-ci məhəllədə qeyri-yaşayış sahəsinin tutduğu 3943,3 m2 torpaq sahəsinə bitişik 432,7 m2 sahə icarə əsasında, ümumi 4376 m2 torpaq sahəsində 24 m dəmir yolunun mühafizə zolağından məsafə saxlanılmaqla, çoxmərtəbəli qaraj binasının layihələşdirilməsi və tikintisi üçün həmin MTK-nın istifadəsinə verilmişdir. Eləcə də, Cavabdeh1 MTK-ya tikinti işlərinə başlayana qədər, mülkiyyətində olan qeyriyaşayış sahəsinin yerləşdiyi 3943,3 m2 torpaq sahəsi üçün Azərbaycan Respublikası İİN DƏİO və ÖD ilə icarə müqaviləsi bağlaması tapşırılmışdır
17. 24 iyul 2023-cü il tarixli 18929 saylı ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 600 manat ödəniş edilmişdir. Ödəniş 3 saylı Vəkil Bürosunun vəkili Vəkil1lə bağlanmış müqaviləyə əsasən ödənilmişdir.
18. 19 oktyabr 2023-cü il tarixli 22532 saylı ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 600 manat ödəniş edilmişdir. Ödəniş 3 saylı Vəkil Bürosunun vəkili Vəkil1lə bağlanmış müqaviləyə əsasən ödənilmişdir.
19. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2024-cü il tarixli vəkil sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubuna əlavə etdiyi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri ərazisində müşahidə edilmiş hava şəraiti haqqında arayışından görünür ki: Binəhidrometeoroloji stansiyası: xx.xx.2023-cü il tarixində hava tutqun buludlu (10/10), meteoroloji görünüş məsafəsi 10 km, havanın orta temperaturu mənfi 0,1 °C, minimal temperaturu mənfi -1,2°C, maksimal temperaturu 1600 müşahidə müddətində 0,6°C, sutkanın maksimal temperaturu 1,6°C, Qərb-Şimal-Qərb istiqamətli küləyin maksimal sürəti 24 m/san (9 bal)' olmuşdur. 9 bal - Bofort şkalasına əsasən fırtınadır. Gündüz və axşam saatlarında qar yağmış, yağıntının miqdarı 0,9 mm olmuşdur. Bakı (Xırdalan) hidrometeoroloji stansiyası: Həmin tarixdə hava dəyişkən buludlu (7/7), meteoroloji görünüş məsafəsi 20 km, havanın orta temperaturu mənfi 0,5°C, minimal temperaturu mənfi -1,8°C, maksimal temperaturu mənfi -1,3°C, Şimal-Qərb istiqamətli küləyin maksimal sürəti 38 m/san (12 bal) olmuşdur. 12 bal - Bofort şkalasına əsasən qasırğadır. Gündüz və axşam saatlarında qar yağmış, yağıntının miqdarı 0,0 mm olmuşdur. Maştağa aqrometeoroloji stansiyası: Həmin tarixdə hava tutqun buludlu (10/10), meteoroloji görünüş məsafəsi 10 km, havanın orta temperaturu mənfi 0,4°C, minimal temperaturu mənfi -1,4°C, maksimal temperaturu mənfi 0,1 °C, Şimal istiqamətli küləyin maksimal sürəti 30 m/san (11 bal olmuşdur. 11 bal - Bofort şkalasına əsasən şiddətli fırtınadır. Gecə və gündüz saatlarında qar yağmış, yağıntının miqdarı 1,9 mm olmuşdur. Xəbərdarlıq: Fevralın 09-da Şimal-Qərb küləyinin arabir güclənəcəyi, fasilələrlə sulu qar, qar yağacağı haqqında № 4 xəbərdarlığı tərtib edilmişdir
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2024-cü il tarixli 3-16-16/2-3/403; 9/1695 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «Mazda CX-5» markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (banında, qabaq sağ qapıda, qabaq sol qanadda, qabaq sol qapıda) olan zədələr, izlər içəriyə doğru batmış, sürtünmüş vəziyyətdə olmuş və qeyd olunan (qabaq-arxa sol qapılarda, qabaq sağ və sol qanadlarda, qanadları bərkidən metal lövhədə, arxa sol qanadda, arxa yük yerinin qapısı) detalların bərkinc vintlərində sürtünmə, cızılma əlamətlərinin olması onların açılıb-bağlanmasına dəlalət etməkdə təmir olunmasına, qabaq alın şüşəsi, qabaq sol qanad və oblisovka isə yenisi ilə əvəz olunmağa uyğun gəlir. Nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" Servisi tərəfindən xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı «Mazda CX-5» markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8.295 manat müəyyən edilir. O cümlədən: Dəyişməli hissələrin qiyməti – 3.495 manat, təmir-bərpa işlərinin qiyməti – 4.800 manat. Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8.190 manat müəyyən edilir. Dəyişilməli hissələrin qiyməti – 3.390 manat; təmirbərpa işlərinin qiyməti – 4.800 manat. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil etmişdir.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 dekabr 2024-cü il tarixli 3-16-16/2-9/4957; 8/1829/2024 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «Mazda CX-5» markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (banında, qabaq sağ qapıda, qabaq sol qanadda, qabaq sol qapıda) olan zədələr, izlər içəriyə doğru batmış, sürtünmüş vəziyyətdə olmuş və qeyd olunan (qabaq-arxa sol qapılarda, qabaq sağ və sol qanadlarda, qanadları bərkidən metal lövhədə, arxa sol qanadda, arxa yük yerinin qapağında) detalların bərkinc vintlərində sürtünmə, cızılma əlamətlərinin olması onların açılıb-bağlanmasına dəlalət etməkdə təmir olunmasına, qabaq alın şüşəsi, qabaq sol qanad və oblisovka isə yenisi ilə əvəz olunmağa uyğun gəlir. Nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" Servisi tərəfindən xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən 2022-ci il buraxılışlı «Mazda CX-5» markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 8.295 manat müəyyən edilməklə, həmin iş üzrə verilmiş xx.xx.2024-cü il tarixli(3/403; 9/1695 saylı) rəyin nəticəsi təsdiq edilir, o cümlədən: Dəyişməli hissələrin qiyməti – 3.495 manat, təmir-bərpa işlərinin qiyməti – 4.800 manat. Az istifadə olunmuş (48 gün) 2022-ci il buraxılışlı «Mazda CX-5» markalı (** DO *** dövlət qeydiyyat nişanlı) avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə hadisə baş verən tarixə, yəni 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti barədə internet saytlarında məlumat (elan) mövcud deyil. 2022-ci il buraxılışlı «Mazda CX-5» markalı (** DO *** dövlət qeydiyyat nişanlı) avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə hadisə baş verən tarixə, yəni 2023-cü ilin fevral ayına olan orta bazar qiymətini müəyyən etmək mümkün olmadığından, qəza nəticəsində əmtəə dəyərini nə qədər itirməsini müəyyən etmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir.
22. "xxxx" MMC Qiymətləndirmə Şirkətinin xx.xx.2025-ci il tarixli MB 18/0070 nömrəli arayışından görünür ki, “Mazda CX-5 minik” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin əmtəə itkisi dəyəri= yaxşı vəziyyətdə satış dəyəri təmirdən sonrakı satış dəyəri= 42 000-34 500= 7 500 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil etmişdir.
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/2525/2024 saylı məktubundan görünür ki, “Metisens” ayaq analizi aparatına hər hansı bir ziyanın dəyib-dəyməməsi barədə sualların məhkəməəmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığı qeyd edilərək, ekspertizanın aparılmasından imtina edilmişdir. Tətbiq edilən maddi hüquq normaları:
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. -1111.1-ci maddəsinə əsasən binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. -1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. - AR Şəhərsalma və Tikinti Məcəlləsinin 67.1-ci maddəsinə görə tikintiyə dair təhlükəsizlik tələbləri, eləcə də tikinti obyektinin təbiətin zərərli təsirlərindən və texnogen xarakterli təsirlərdən mühafizəsi tələbləri bu Məcəllə ilə və şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilir. - 67.2. Tikinti obyektlərinin təbiətin zərərli təsirlərindən və texnogen xarakterli təsirlərdən mühafizəsi haqqında müddəalar tikinti layihəsində nəzərdə tutulmalıdır. - 67.4. Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən mühafizə tədbirlərinin yerinə yetirilməsi müəyyən edilir. Bu tədbirlərin növləri və onların tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Tətbiq edilən prosessual hüquq normaları:
25. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı və cavabdehin şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Mülki işlə müəyyən olunur ki, iddiaçıya məxsus avtomobilə Cavabdeh1 MTK-ya məxsus tikinti sahəsindən (binadan) tikilinin şaquli və üfüqi elementləri üçün qurulmuş qəliblərin bir hissəsinin dağılaraq ətrafa səpələnməsi nəticəsində zərər dəymişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin verdiyi müvafiq məktubda qeyd edilir ki, iddiaçının avtomobilinin dayandığı yerə bitişik binanın, yəni Cavabdeh1 MTK tərəfindən tikintisi başa çatdırılmamış binanın konstruksiyalarının səpələnməsi barədə məlumat öz əksini tapmışdır.
30. Əvvəla iddiaçının apellyasiya şikayətinin - zərərin düzgün qiymətləndirilməməsi ilə bağlı dəlilinə gəldikdə kollegiya rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşır və qeyd edir ki, iş üzrə aparılmış ekspert rəyləri və özəl qiymətləndiricinin verdiyi rəy mötəbər olmuş və bunun əksini sübut edəcək, ekspert rəylərini şübhə altına ala biləcək hər hansı mötəbər, şübhədənkənar sübutlar təqdim edilməmişdir. Buna görə də hesab edilir ki, iddiaçının şikayəti əsassızdır və təmin olunmamalıdır.
31. Cavabdeh tərəfin apellyasiya şikayətinin əsas dəlili isə bundan ibarətdir ki, həmin konstruktiv elementlərin səpələnməsinə səbəb hava şəraiti-güclü külək olmuşdur, bununla bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti Bakı şəhəri ərazisində müşahidə edilmiş hava şəraiti haqqında arayış təqdim etmişdir.
32. Kollegiya cavabdehin həmin dəlili ilə bağlı diqqətə çatdırır ki, hadisə baş verən gün- xx.xx.2023-cü il tarixdə iddiaçının avtomobilinin zədələnməsinə səbəb olan hal, Cavabdeh1 MTK tərəfindən tikinti norma və qaydalara əməl olunmaması idi. Belə ki, cavabdeh MTK-ya məxsus tikilinin şaquli və üfüqi elementləri üçün qurulmuş taxtalar (qəliblər) yarımçıq tikilidən qoparaq iddiaçının avtomobilinə düşərək ona zərər vurmuşdur. Halbuki, həmin “taxta parça”larının təhlükəsizlik tələblərinə cavab verilməklə saxlanılmasında məhz Cavabdeh1 MTK məsuliyyət daşıyır.
33. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 67.1-ci maddəsinə görə təhlükə potensiallı təbiət hadisəsinin baş vermə ehtimalı yüksək olduğu zonalarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən mühafizə tədbirlərinin yerinə yetirilməsi müəyyən edilir. Bu tədbirlərin növləri və onların tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bakı təhlükə potensiallı təbiət hadisəsi kimi küləyin baş vermə ehtimalı yüksək olan bir şəhərdir və bu halı eləcə də, yuxarıda qeyd edilən maddəni nəzərə alsaq, mübahisəli tikiliylə bağlı təhlükəsizlik və mühafizə tədbirlərinin təmin olunması bu tikintini həyata keçirən Cavabdeh1 MTK-nın vəzifəsi olmuşdur.
34. Müvafiq qurum tərəfindən hadisə baş verən günə dair verilən arayış sadəcə hava proqnozu ilə bağlı olmuş hava şəraitini təsdiq edir və bu cavabdehin hadisənin nəticələrinə görə məsuliyyətini aradan qaldırmır. Eyni zamanda da müəyyən olunmuşdur ki, həmin ünvanda cavabdeh tərəfindən həyata keçirilən tikili uzun müddət - on ildən də artıq bir müddətdə yarımçıq qalmış, tikintinin həyata keçirildiyi vaxt quraşdırılmış taxta qəliblər sökülməmiş, eləcə də uçub tökülməsinin qarşısının alınması üçün heç bir qabaqlayıcı tədbirlər görülməmişdir. Baş vermiş hadisədən sonra da həmin taxta qəliblərin eynilə qalması da anlaşılan deyildir, çünki bu vəziyyət daha ağır fəsadlara – insanların həyat və sağlamlığının itirilməsinə səbəb ola bilər. Cavabdehin şikayətinin digər dəlili isə iddiaçıya vurulmuş zərərin məbləği ilə bağlıdır ki, bununla da əlaqədar cavabdeh zərərin həcminin müəyyən edilməsi üzrə alınmış mütəxəssis- ekspert rəylərini şübhə altın ala biləcək hər hansı sübut təqdim etməmişdir. Buna görə də hesab edilir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş və təmin edilməməlidir.
35. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
37. Beləliklə, Kollegiya qeyd edir ki, cavabdeh MTK-nın tikinti norma və qaydalarına əməl etməməsi nəticəsində iddiaçının avtomobilinə zərər dəyməsi təsdiq olunduğundan rayon məhkəməsi ekspert rəylərini və müvafiq qurumların verdiyi məktub və arayışları nəzərə almaqla iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. bu səbəbdəndə apellyasiya şikayətləri əsassızdır və təmin edilə bilməz. Nəticə:
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətlərinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayətlər təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
40. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş şəxslərin özünə aid edilməlidir.
41. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçı və Cavabdeh1 MTK tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Nəsimi Rayon Məhkəməsinin 2(006)-105/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şəxslərin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.