Məhkəmə qərarları › İş №2(103)-3152/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3152/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3152/2024 24.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması, zərərin əvəzinin ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-25/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində 3 tələb irəli sürülüb: 1) tərəflərin arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin, həmin müqavilə üzrə əsas borc kimi 68.000 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun; 2) maddi zərərin əvəzi kimi 52.000 manat cavabehdən iddiaçının xeyrinə tutulsun; 3) həmin pulun tutulması xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, ev № 106-da yerləşən 129 №-li mənzilə yönəldilsin, mənzil açıq hərracda satılsın. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, kredit müqaviləsi ləğv edilsin, həmin müqavilə üzrə əsas borc kimi 68.000 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun və tutma ipoteka predmeti olan mənzilə yönəldilsin, likvid qiymət 204.000 manat müəyyən edilməklə mənzil açıq hərracda satılsın, satışdan əldə edilən pul hesabına borc, dövlət rüsumunun əvəzi və hərracın keçirilməsi ilə bağlı çəkiləcək xərclərin əvəzi ödənilsin, artıq qalan vəsait cavabdehə qaytarılsın, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia tələbinin təmin edilən hissəsi təmin edilməsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Qətnamə əsas borc kimi 68.000 manat pulun tutulmasına aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tərəflərin arasında notariat qaydasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə görə, iddiaçı (kredit verən) cavabdehə (kredit alana) 68.000 manat məbləğində pulu borc verir, cavabdeh isə həmin pulu xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürür. İddiaçı iddia edir ki, müqavilədə göstərilən pulu cavabdehə verib, lakin cavabdeh pulu müqavilə ilə müəyyənləşdirilmiş müddətdə geri qaytarmayıb. İddia ərizəsi xx.xx.2022-ci il tarixdə, yəni pulun qaytarılması üçün müəyyən edilmiş müddətin bitməsindən 2 il 10 ay sonra verilib. Apellyasiya icraatı zamanı cavabdeh bildirdi ki, iddiaçıya həmin məbləğədə borcu var. Cavabdeh əsas borcun qaytarılması barədə tələbi etiraf etmiş, bu barədə məhkəməyə ərizə vermişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə əsas borc kimi 68.000 manat pulun tutulmasına aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamə maddi zərərin əvəzi kimi 52.000 manat tutulması barədə tələbin rədd edilməsi hissəsində mübahisləndirilməyib, ona görə də həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Qətnamə ipoteka predmeti olan mənzilə tutma yönəldilməsinə aid hissədə ayrıca qərardadla ləğv edilmiş və həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti baxılan hissədə təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-25/2024 nömrəli qətnaməsi kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə əsas borc kimi 68.000 manat tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 411 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Nəsimi Rayon Məhkəməsinin həmin qətnaməsi kredit müqaviləsi üzrə tutmanın ipoteka predmeti olan, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, ev № 106-da yerləşən 129 №-li mənzilə yönəldilməsi hissəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli ayrıca qərardadı ilə ləğv edilib və iddia ərizəsi həmin hissədə baxılmamış saxlanılıb. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar