Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3154/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh X3 qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X8 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh X3 qarşı kredit müqaviləsi üzrə “əsas borcun, ona hesablanmış faiz və cərimənin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-325/2024 saylı, 19 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 0084072AZN15100saylı fiziki şəxslərin maliyyələşdirilməsi üzrə sifariş ərizəsinə əsasən bank borcluya 24 ay müddətinə, illik 17 % hesablanmaqla 1.700 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit versə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən 306,7 manat əsas borc, 9,86 manat faiz borcu və 737,47 manat cərimə borcu yaranmışdır.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 0084072AZN15100 saylı fərdi maliyyələşdirmə üçün ərizə üzrə borcalanın banka ödənilməli olan əsas kredit borcu 125 manat, faiz borcu 0,83 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 306,7 manat əsas, 9,86 manat faiz, 737,47 manat cərimə, 1.054,03 manat pul vəsaitinin və 31 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə X10 toplusunun xx.xx.2018-ci il tarixli 1.1.1 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-000573İB/2016 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Qeyd edilən Ümumi şərtlər toplusu çərçivəsində 0084072AZN15100 saylı xx.xx.2018-ci il tarixli X1 üçün ərizəyə əsasən Borcalana xx.xx.2020-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 180% olmaqla 1.700 manat məbləğində istehlak xərcləri məqsədi ilə işçi krediti verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 0084072AZN15100 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1164 gün təşkil edir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın 11 avqust 2023-cü il tarixə İddiaçı ASC qarşısında 0084072AzN15100 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliyi 306.70 manat əsas borc, 9.86 manat faiz borcu, 737.47 manat cərimə borcu olmaqla, cəmi 1,054.03 manat borc təşkil edir. X6 əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Eyni zamanda X6 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 31 manat dövlət rüsumu ödəmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-325/2024 nömrəli, 19 mart 2024cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh 125 manat əsas, 0,83 manat faiz, 12,5 manat cərimə olmaqla, cəmi 138,33 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır.
7. Məhkəmə həmçinin qeyd etmişdir ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 125 manat məbləğində əsas borca münasibətdə Cavabdeh 737.47 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz, tənasübsüz yüksək olduğundan azaldılmalıdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
9. İddiaçı ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakışəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-325/2024 saylı,xx.xx.2024-cü il tarixli qətnaməsinin əsas, faiz və cərimə borcunun təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissələrdə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, ümumiyyətlə cavabdehin risk dairəsinə aid olan öhdəlikləri düzgün müəyyən etməmişdir. Müqavilənin şərtinə uyğun olaraq 306,70 (üç yüz altı manat yetmiş qəpik) manat əsas borc, 9,86 (doqquz manat səksən altı qəpik) manat faiz borcu, 737,47 (yeddi yüz otuz yeddi manat qırx yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 1.054,03 (bir min əlli dörd manat üç qəpik) manat borcu təmin edilməli idi. Belə ki, İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsi üzrə iddia tələbini müdafiə etmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Belə başa düşmək olar ki, burada cərimə məbləğinin azaldılması imperativ norma kimi qeyd edilməmişdir və qanunu tətbiq edən orqanın öhdəliyinə buraxılmışdır. Eyni zamanda maddədə “tənasübsüz” (uyğunluğu olmayan; əndazəsiz, uyğunsuz) deyilərkən bu anlayışın hansı meyarlar əsasında müəyyən edilməsi qeyd edilməsə də amma hüquqi düşüncəsinə və mülki qanunvericilkdə ağlabatanlıq anlayışına əsasən bu norma tətbiq edilərkən əsas borcun cəriməyə olan nisbətinin ağlabatanlığının nəzərə alınmasımaddənin ruhundan duyulur. Məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamışdır və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Həmçinin Borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarında biri kimi dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq, məqsədi güdmüşdür. Məhkəmə, öz qətnaməsində Mülki Məcəllənin 448.1-ci maddəsinə istinad etməmiş, ümumiyyətlə cavabdehin risk dairəsinə aid olan öhdəlikləri düzgün müəyyən etməmişdir.
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, təqdim edilmiş ekspert rəyində hesablara baxan zaman müəyyən olunur ki, onların təqdim etdiyi hesabdan çıxarışdakı məbləğlərlə iş materiallarına əlavə edilmiş cədvəl formalı hesabdan çıxarışdakı rəqəmlər arasında fərqlər mövcuddur. Orada hesaba daxil edilən məbləğ, silinən məbləğ fəqli şəkildə qeyd olunubdur. Onların yenidən ekspertiza istəməmələrinin səbəbi ondan ibarətdir ki, məbləğ azdır, vaxtın uzanmasını istəmədilər. Məhkəmə ekspert rəyini sübut kimi qiymətləndirməyə də bilər, çünki iş materiallarındakı hesabdan çıxarışda, eyni zamanda elektron kabinet vasitəsilə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, silinmələrin hansı formada olduğu açıq-aydın qeyd olunmuşdur. Silinmələr düzgün aparılmamış olsa belə daxil olan məbləğlərdə də çox fərqlər vardır. Qarşı tərəfdən sadəcə müqavilə müddətinin bitdiyi tarixə, sentyabr ayının 1-a olan borcu istəmyiblər. 13.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, məhkəmə ekspertizası bu rəyi qanuna uyğun olmuşdur. Belə ki, müqavilə müddəti bitdikdən sonra heç bir faiz borcu hesablana bilməz, hesab edir ki, hesablanma düzgün aparılmışdır. Pandemiya dövründə ödənişlərdə gecikmələr olurdu. Bu onun bu bankda üçüncü kreditidir, hazırkı kredit mikrokreditdir. Əvvəlki kreditlər böyük kreditlər idi və gecikmələr olmurdu, sadəcə bu kreditdə pandemiya dövrünə düşdüyü üçün gecikmələr olmuşdur.
Apellyasiya baxışının hədləri
14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 15.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan aydın olur ki, o, qətnamənin iddianın təmin olunmayan hissəsindən narazıdır. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunmayan hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
18. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
22. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. 443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
24. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
25. 448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
26. 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
27. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
28. Bank Xidmətlərinin Göstərilməsinə X10 Toplusunun 3.11, 3.13, 5.2 və 5.3-ci bəndlərinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Birdəfəlik kredit üzrə, “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” formasında göstərilən ödəniş tarixdən sonra 7 (yeddi) gün ərzində ödəniş olmadığı təqdirdə, Müştəri müvafiq ərizə formasında müəyyənləşdirilən faiz həcmində gündəlik hesablanan cərimə ödəyir. Bankın xidmətlərinin ödənilməsindən imtina etdikdə, yaxud Bankın xidmətlərini vaxtında ödəmədikdə Müştəri Banka hər ötən gün üçün cərimə ödəyir. Müqavilənin İİ.5.1. və İİ.5.2. bəndlərində qeyd olunan cərimə faizlərinin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün Mərkəzi Bankın təyin etdiyi uçot dərəcəsi ilə müəyyənləşdirilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
29. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə).
30. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).
31. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 33.Belə ki, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, vaxtında icra etməmişdir. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 34.Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Tələb hüququna malik olan iddiaçı da öz növbəsində müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır.
35. İş materiallarından göründüyü kimi, borc məbləğinin müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli ekspert rəyinə əsasən (işdə olan hesabdan çıxarış məlumatlarına uyğun olaraq), Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 0084072AZN15100 saylı fərdi maliyyələşdirmə üçün ərizə üzrə borcalanın banka ödənilməli olan əsas kredit borcu 125 manat, faiz borcu 0,83 manat təşkil etdiyi müəyyən edilmişdir. Ekspert rəyi ilə borclunun əsas və faiz borcu iddia ərizəsində qeyd edilən kimi deyil, daha az məbləğdə müəyyən edildiyindən, məhkəmə haqlı olaraq hesab etmişdir ki, ekspert rəyi ilə müəyyən olunan məbləğ cavabdehdən tutulmalıdır. 36.Kollegiya Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq ekspert rəyini işdə olan digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək qeyd edir ki, işə baxan məhkəmə üçün heç bir sübutun qabaqcadan müəyyən olunmuş qüvvəsi yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsi daşıyır. Belə ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir. 37.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyini iş üzrə toplanmış digər sübutlarla yanaşı qiymətləndirərək həmin rəyin mötəbərsizliyini təsdiq edən hər hansı sübutun olmaması qənaətinə gəlir. 38.Cavabdehdən tutulmalı olan dəbbə pulunun məbləğinin 12,5 manat həddində müəyyənləşdirilməsi də ağlabatan və ədalətlidir.
39. Belə ki, mülki qanunvericiliyə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İşin hаllаrı nəzərə аlınmaqla tənаsübsüz surətdə yüksək dəbbə pulunun аzаldılа bilməsi mümkündür. Tənаsüb müəyyənləşdirilərkən kreditorun həm əmlаk mənаfeləri, həm də bütün əsаslı mənаfeləri nəzərə аlınır. 40.Göründüyü kimi kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti də ondan ibarətdir ki, dəbbə qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu tənbeh, müəyyən hədlərdə borclunun hüquqlarına təsirsiz ötmür. 41.Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, həm də borclu şəxsin maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Belə ki, dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. 42.Hazırki işdən göründüyü kimi tərəflər müqavilədə cərimə tətbiqini nəzərdə tutmaqla, cəriməni əvvəlcədən öhdəliklərin icra edilməməsi halında cavabdehə münasibətdə tətbiq edilməli olan maliyyə sanksiyası kimi razılaşdırmışlar. Qanunvericilik isə yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını müəyyənləşdirir, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur. 43.Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 12,5 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Kollegiyanın qənaətinə görə də həmin məbləğin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab oluna bilər. Bu məbləği ədalətli hesab edərkən kollegiya, borcalanın aldığı kredit borcunun vaxtında qaytarılmaması nəticəsində iddiaçı bankın məruz qaldığı maddi itkiləri nəzərə alır.
44. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
45. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
46. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
47. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-325/2024 nömrəli, 19 mart 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova