Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3156/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pulun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-1930/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «pulun tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 1400 (bir min dörd yüz) manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1430 manat pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli malın nisyə satılması haqqında alqı-salqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan dəyəri 1992 manat olan İPHONE 8 64 GB SPACE GRHY markalı mobil telefon əldə etmişdir. Cavabdeh göstərilən məbləği hər ay 166 manat olmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə öhdəliklərini qismən icra etdikdən sonra qalıq 1400 manatı ödəməkdən imtina etmişdir. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilsə də, cavabdeh müqavilə öhdəliyini icra etməmişdir. Sonuncu dəfə iddiaçıya hüquqi xidmət göstərən «xxxx» MMC tərəfindən cavabdehə yazılı xəbərdarlıq (pretenziya) edilmiş, lakin cavabdeh borcunu ödəməkdən yenə də imtina etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)- 1930/2020 saylı qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia təmin olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, nisyə aldığı telefona dair 1000 manatdan artıq ödəmə etməsi, borcunun daha az olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak etmiş cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, həqiqətən xx xxxxxx 2018-ci il tarixli malın nisyə satılması haqqında alqı-salqı müqaviləsinə əsasən iddiaçıdan dəyəri 1992 manat olan İPHONE 8 64 GB SPACE GRHY markalı mobil telefon almış, lakin maddi imkanı ilə əlaqədar aldığı telefonun ödənişlərini tam həyata keçirə bilməmişdir. Lakin, təxmini hesablamasına görə 1000 manatdan artıq ödəniş etmişdir. O, birinci instansiya məhkəməsinə ödənişləri ilə bağlı qəbzlərin surətini təqdim etmişdir. Lakin, məhkəmə onun sübutlarını araşdırmamış, iddianı təmin etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan xx.xx.2018-ci il tarixli, FSK1408 saylı əşyanın nisyə satılması haqqında alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh iddiaçıdan 1992 manat dəyərində İPHONE 8 64 GB SPACE GRHY markalı mobil telefon almış, dəyərini 12 ay müddətinə hissə-hissə (hər ay 166 manat olmaqla) ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh bu halı apellyasiya şikayətində və izahatında mübahisələndirməmiş, həqiqətən iddiaçı ilə qeyd edilən müqaviləni bağlamasını, müqaviləyə əsasən 1992 manat dəyərində mobil telefon alınmasını təsdiq etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə 5 gün ərzində borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə ödəniş cədvəlindən görünür ki, cavabdehin 1400 manat borcu vardır. Cavabdeh apellyasiya şikayətində 1000 manatdan yuxarı ödəniş etməsini göstərsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə işdə olan ödəniş 3 ədəd qəbzin surətindən görünür ki, cavabdehin həyata keçirdiyi ödənişlərin ümumi məbləği 774 manat olmuşdur. Eyni zamanda, qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5.2-ci bəndinə əsasən cavabdeh ödənişləri gecikdirdiyi təqdirdə, hər günə 1 manat dəbbə pulu ödəyir (yəni, ödənişlərin bir hissəsinin dəbbə puluna silinməsi imkanı da mövcuddur). Göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin əsassızlığının nədən ibarət olmasını əsaslandırmamış, ödənişləri və borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «pulun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-1930/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-1930/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-3156/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3156/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver