Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3157/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-nə qarşı “borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(005)-276/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 119 ay müddətinə, illik 12 faiz ödəmək şərti ilə 23787,39 manat məbləğində kredit verilmişdir. 2.14713 saylı, xx.xx.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən "xxxx" ASC Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi Sumqayıt şossesi 7 km inşa etdirdiyi 1 saylı binanın, 51 blok, 40 saylı 1 otaqdan ibarət, ümumi sahəsi 45,50 kv.m olan mənzili Cavabdeh2 satmağı, sonuncu isə aldığı mənzilin dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürmüşdür.
3. İddiaçı ASC-nin Binəqədi filialı ilə Cavabdeh2 arasında bağlanmış AK-360 saylı ipoteka müqaviləsinə əsasən Abşeron rayonu Xırdalan qəsəbəsi bina 1, blok 51, mənzil 40, ümumi sahəsi 45,50 kv.m olan 1 otaqdan ibarət mənzil AK-360 saylı, xx.xx.2011-ci il tarixli kredit müqaviləsinin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
4. İddiaçı ASC ilə “X7” ASC arasında balanmış xx.xx.2010-cu il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əsasən tərəflər Şirkət tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün Şirkətin inşa etdikləri mənzillərin satışının Bank tərəfindən kreditləşdirilməsi yolu ilə həyata keçirilməsi üzrə bu müqavilədə göstərilən şərtlərlə birgə fəaliyyət göstərməyi öhdəsinə götürürlər. 5.İddiaçı Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Buna görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
6.İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-nə qarşı “borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 44.260,23 manat – bundan 22.446,12 manat əsas, 19.871,21 manat faiz, 972.58 manat cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 970.32 manat faiz borcu və iş üzrə ödənilmiş 222.78 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi Sumqayıt şossesi 7 km inşa etdirdiyi 1 bina, 51 blok, 40 saylı mənzil, ümumi sahə 45,50 kv.m olan 1 otaqdan ibarət mənzilə yönəlməsi, yuxarıdakı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 və "xxxx" ASC-dən tutulması, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və mənzil satıldıqdan 1 ay sonra Ləğv prosesində olan İddiaçı ASC-nə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 119 ay müddətinə, illik 12 faiz ödəmək şərti ilə 23787,39 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi AK 360 saylı ipoteka müqaviləsinə əsasən Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi Sumqayıt şossesi 7 km inşa etdirdiyi 1 bina, 51 blok, 40 saylı mənzil, ümumi sahə 45,50 kv.m olan 1 otaqdan ibarət mənzilin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Kredit müqaviləsinə əsasən borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür. İddiaçı ASC ilə “X7” ASC arasında şirkət tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün Şirkətin inşa etdikləri mənzillərin satışının Bank tərəfindən kreditləşdirilməsi barədə 05 mart 2010-cu il tarixində birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bankla tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən bank üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Nəticədə 01 avqust 2022-ci il tarixinə cavabdehlərin banka hesablanmış cəmi 44.260,23 manat – bundan 22.446,12 manat əsas, 19.871,21 manat faiz, 972.58 manat cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 970.32 manat faiz borcu yaranmışdır. İddiaçı ASC ilə "xxxx" ASC arasında bağlanmış “Birgə fəaliyyət haqqında” Müqavilə qarışıq müqavilədir. Tərəflər qarışıq müqavilə bağlamaqla orada birgə fəaliyyət göstərilməsi, kreditin verilməsi öhdəliyi və zaminlik müqaviləsinin ünsürləri əhatə olunmuşdur. Sözügedən müqavilədən göründüyü kimi müqavilə yazılı şəkildə, onun iştirakçıları tərəfindən imzalanmaqla bağlanmış və orada kreditin öhdəlikləri aydın şəkildə göstərilmişdir. Şirkət həmin müqavilə çərçivəsində hərəkət edərkən satdığı mənzilə görə onun hesabına götürülmüş kreditin məbləğindən, kreditin müddətindən və ona hesablanmış faizlərdən və digər şərtlərdən tam xəbərdar olmuş və zamin kimi bank qarşısında öhdəlik daşımışdır. Həmçinin, Şirkət “Birgə fəaliyyət haqqında” müqaviləni imzalamaqla eyni zamanda gələcəkdə yarana biləcək öhdəliklərini müəyyən edən müqavilə bağlanmışdır. 8.Daha sonra iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cəmi 44.693,91 manat – bundan 22.446,12 manat əsas, 19.871,21 manat faiz, 972,58 manat cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1404 manat faiz borcu və iş üzrə ödənilmiş 224.08 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi Sumqayıt şossesi 7 km inşa etdirdiyi 1 bina, 51 blok, 40 saylı mənzil, ümumi sahə 45,50 kv.m olan 1 otaqdan ibarət mənzilə yönəlməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 və "xxxx" ASC-dən Ləğv prosesində olanİddiaçı ASC-nin xeyrinə tutulmasına dair dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 9.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 25 yanvar 2023-cü il tarixli, 2(005)-276/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Solmaz Ədilova) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada 20.962,04 manat məbləğində əsas borc, 19.871,21 manat məbləğində faiz borcu, 500 manat məbləğində cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 1257,72 manat məbləğində faiz borcu, cəmi 42.590,97 manat məbləğində pul vəsaitinin və 224,08 manat dövlət rüsumunun iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) hesabına keçirilməsi qət edilmişdir. 10.İş materiallarında olan AK-360 saylı, xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Binəqədi filialı tərəfindən Cavabdeh2 119 ay müddətinə, illik 12 faiz ödəmək şərti ilə 23787.39 manat məbləğində kredit verilmişdir. 11.İş materiallarında olan 14713 saylı, xx.xx.2011-ci il tarixli mənzilin alğı-satqı müqaviləsinə əsasən "xxxx" ASC Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi Sumqayıt şossesi 7 km inşa etdirdiyi 1 saylı binanın, 51 blok, 40 saylı 1 otaqdan ibarət, ümumi sahəsi 45,50 kv.m olan mənzili Cavabdeh2 satmağı, sonuncu isə aldığı mənzilin dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürmüşdür. 12.İş materiallarında olan İddiaçı ASC-nin Binəqədi filialı ilə Cavabdeh2 arasında bağlanmış AK- 360 saylı ipoteka müqaviləsinə əsasən Abşeron rayonu Xırdalan qəsəbəsi bina 1, blok 51, mənzil 40, ümumi sahəsi 45,50 kv.m olan 1 otaqdan ibarət mənzil AK-360 saylı, xx.xx.2011-ci il tarixli kredit müqaviləsinin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 13.İş materiallarında olan İddiaçı ASC ilə “X7” ASC arasında balanmış xx.xx.2010-cu il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əsasən tərəflər Şirkət tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün Şirkətin inşa etdikləri mənzillərin satışının Bank tərəfindən kreditləşdirilməsi yolu ilə həyata keçirilməsi üzrə bu müqavilədə göstərilən şərtlərlə birgə fəaliyyət göstərməyi öhdəsinə götürürlər. 14.İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdehlərdən kredit borcunun 3 gün müddətində banka ödənilməsinin təmin edilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. 15.İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı ASC ilə Cavabdeh2 arasındakı AK-360 saylı, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 LPO İddiaçı ASC-nə 22.446,12 manat məbləğində əsas borcu, müqavilə müddəti üçün hesablanmış 19.871,21 manat faiz borcu, 972.58 manat məbləğində cərimə borcu, gecikdirilmiş vaxtüçün hesablanmış 1404 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 44.693,91 manat məbləğində borcu vardır. 16.İş materiallarında olan xx.xx.2022-ci il tarixli 9/7824 №-li AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 20 oktyabr 2011-ci il tarixli, AK-360 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 02 dekabr 2022-ci il tarixinə (maliyyə arayışı üzrə tarixə) İddiaçı ASC-nə olan borcu 42.202,57 manat məbləğində müəyyən edilir, o cümlədən: 20 sentyabr 2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): -əsas borc üzrə 20.962,04 manat, -faiz borcu üzrə 19.982,81 manat. 02 dekabr 2022-ci il tarixə (rəyin verildiyi tarixə): -əsas borc üzrə 20.962,04 manat, -faiz borcu üzrə 21.240,53 manat, -faiz borcu üzrı (5%lə) 1257.72 manat. 17.Məhkəmə ekspertiza rəyini əsas götürərək hesab etmişdir ki, iddia tələbi üzrə 20.962,04 manat məbləğində əsas borc, 19.871,21 manat məbləğində faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 1257,72 manat məbləğində faiz borcu cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nın xeyrinə tutulmalıdır. 18.Məhkəmə həmçinin hesab etmişdir ki, AK-360 saylı, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə 972,58 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından həmin cərimə məbləği azaldılmalı, 500 manata endirilməlidir. 19.Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçının “kredit borcu üzrə tutmanın mənzilə yönəldilməsi, mənzilin hərracdan satılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlərdən tutulması” ilə bağlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, belə tələb irəli sürməkdə iddiaçı haqlı deyildir. 20.14713 saylı, xx.xx.2011-ci il tarixli mənzilin alğı-satqı müqaviləsinə əsasən "xxxx" ASC satdığı Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi Sumqayıt şossesi 7 km inşa etdirdiyi 1 saylı binanın, 51 blok, 40 saylı 1 otaqdan ibarət, ümumi sahəsi 45,50 kv.m olan mənzili tikinti işləri başa çatdıqdan sonra Cavabdeh2 təhvil verməyi, sonuncu isə mənzili qəbul edib mənzilin razılaşdırılmış dəyərini müqaviləyə əlavə edilmiş cədvəl üzrə və ya birdəfəlik ödəniş şəklində ödəməyi öhdəsinə götürmüşdür. Lakin hazırda göründüyü kimi Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi Sumqayıt şossesi 7 km inşa etdirdiyi 1 saylı binanın, 51 blok, 40 saylı 1 otaqdan ibarət, ümumi sahəsi 45,50 kv.m olan mənzil ipoteka ilə yüklü edilmiş əmlak kimi dövlət qeydiyyatından keçməmişdir. İddiaçı isə kredit borcunun ödənilməsinin təminatı kimi tutmanın həmin mənzilə yönəldilməsini xahiş edir və iddia tələbini bu hissədə qanunvericiliyin ipoteka haqqında müddəalarına əsaslanmaqla irəli sürür. Göründüyü kimi iddiaçı hazırda mənzilə dair hər hansı rəsmiləşdirilmə olmadan (ipoteka müqaviləsi olmadan), çıxarış alınmadan müvafiq müddəaya əsaslanmaqla, tutmanın mübahisəli mənzilə yönəldilməsini tələb edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının belə tələb irəli sürməsinin hüquqi əsası olmadığından həmin hissədə iddia tələbi təmin edilə bilməz. 21.Məhkəmə istinad etdiyi qanunvericilik normalarına əsasən hesab etmişdir ki, AK-360 saylı ipoteka müqaviləsi özü özlüyündə qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, bu məqsədlə ipoteka müqaviləsinin bağlanması və əmlakın yüklü edilməsi nəzərdə tutulan mənzil xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. Mülki Məcəllənin 271.1-ci maddəsinin tələbi baxımından əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Bundan başqa Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 22.Beləliklə, məhkəmə təqdim edilmiş sübutları nəzərdən keçirməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada 20.962,04 manat məbləğində əsas borc, 19.871,21 manat məbləğində faiz borcu, 500 manat məbləğində cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 1257,72 manat məbləğində faiz borcu, cəmi 42.590,97 manat məbləğində pul vəsaiti iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 23.Məhkəmə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən hesab etmişdir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 224,08 manat dövlət rüsumu, cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq iddiaçının xeyrinə, habelə 100 manat mühasibatlıq ekspertizasının xərci cavabdehlər cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilməlidir. 24.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.7, 448.1, 448.1, 448.2, 449.1, 449.2, 739.2, 458.1, 465.2, 467, 269.1, 269.7, 269.4, 269.5, 271.1, 317.1, 307.3, 309.1, 319.1: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1, 34.1.1, 34.1.3, 34.1.4, 36.3:Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2, 77.1, 88, 106.1, 217.4, 107, 119.1, 216-220, 227-ci maddələrlə istinadla əsaslandirmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
25.Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin cavabdeh "xxxx" ASC-yə aid hissədə ləğv edilməsini və iddianın cavabdeh "xxxx" ASC-yə aid hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 26.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Akord arasında 05 mart 2010cu il tarixli “Birgə fəaliyyət haqqında” müqavilənin olması o demək deyil ki, Akkord İddiaçı ASC-dən kredit götürən bütün şəxslərə görə bank qarşısında məsuliyyət daşıyır və tərəflər arasında zaminlik müqaviləsinin bağlanılmasına ehtiyac yoxdur. Qeyd edir ki, tərəflər arasında zaminlik müqaviləsi mövcud deyil. Eyni zamanda bildirir ki, Akkord bəzi kredit götürən şəxslərə görə İddiaçı ASC ilə zaminlik müqaviləsi bağlamışdır. Mülki Məcəlləinin 386.1, 406.1 və 471-ci maddələrinə istinad edərək hesab edir ki, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər "xxxx" ASC-yə Cavabdeh2 qarşı iddia tələbi "xxxx" ASC-yə aid hissədə əsassız olduğu üçün iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Apellyasiya şikayətində həmçinin qeyd olunur ki, cavabdehə məhkəmə bildirişi gəlməmiş, cavabdeh məhkəmə prosesində iştirak edə bilmədiyi üçün o, məhkəmə müdafiəsindən məhrum olmuşdur. Zaminlik müqaviləsi olmadığıhalda məhkəmə İddiaçı ASC ilə Akord arasında 05 mart 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqavilənin olmasını əsas götürərək, həmin müqaviləni əsassız olaraq zaminlik müqaviləsi kimi qiymətləndirərək iddianı Akkorda aid hissədə də təmin etmişdir.Tərəflər arasında zaminlik müqaviləsi mövcud deyil. Lakin məhkəmə İddiaçı ASC ilə Akord arasında 05 mart 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan şərtə əhəmiyyət vermədən, əsassız olaraq həmin müqaviləni zaminlik müqaviləsi kimi qiymətləndirərək iddianı Akkorda aid hissədə də təmin etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 27.İddiaçı Ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək apellyasiya şikayəti əsassız olduğundan onun təmin edilməməsini xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28.Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 29.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 30.Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 31.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 32.Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 33.Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 34.Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 35.Maddə 390.6.Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. 36.Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. 37.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 38.Maddə 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 39.Maddə 445.7.Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 40.Maddə 448.1.Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 41.Maddə 448.2.Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 42.Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 43.Maddə 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 44.Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 45.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 46.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
47.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 48.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin cavabdeh "xxxx" ASC-yə aid qismən təmin edilən hissəsində qanuniliyinin və əsalılığının yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, digər cavabdeh və iddiaçı isə apellyasiya şikayəti verməmişlər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
49.Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətini və mülki iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(005)-276/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 50.Belə ki, iş materiallarından görünür ki, bankla tikinti şirkəti arasında 05 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlanmış və həmin müqavilədə şirkətin inşa etdiyi və verəcəyi yaşayış binalarındakı mənzillərin satışının bank tərəfindən kreditləşdirilməsi yolu ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. 51.Həmin müqavilənin 2-ci maddəsinə görə şirkət kreditin verilməsi üçün zəruri olan sənədlərin “banka” təqdim olunmasını təmin edir (həmin sənədlərin siyahısı müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuşdur), satışı bank tərəfindən kreditləşdirilən mənzilin alıcısının müvafiq tələblərə cavab verməsini (şəxsiyyət vəsiqəsinin olması, qeydiyyatının olması, 18 yaşına çatması, fəaliyyət və əmək qabiliyyətinin olması, mənzilin bütün bədbəxt hadisələrdən sığortalanması) yoxlayır. 52.Müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən mənzilin satışının kreditləşdirilməsi şərtləri bankın yalnız öz mülahizələrinə əsasən mənzilin alıcısı ilə bağlayacağı kredit müqaviləsi ilə müəyyən olunur və bu zaman bank krediti ən çoxu 20 il müddətinə qədər və kreditin illik istifadə dərəcəsinin 12 faizdən çox olmamaqla verir. 53.Müqavilənin 2.10-cu bəndinə görə kredit müqaviləsinə əsasən mənzilin alıcısına verilən kreditin məbləği təyinatı üzrə istifadə olunmaq üçün alıcının bank hesabından tikinti şirkətinin bankda olan cari hesabına köçürülür. 54.Müqavilənin 2.12-ci bəndinə əsasən kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövrülüyünü ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda bankın tələbi ilə 20 iş günü müddətinə borcalan tərəfindən ödənilmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “şirkət” öz üzərinə götürür. Bu halda “şirkət” borcalanın “bank” qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. “Şirkət”in zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə görə hesablanmış faizlər “bank”a ödənilənə qədər qüvvədədir. 55.Müqavilənin 2.14-cü maddəsinə əsasən “Şirkət” borcalanın (mənzilin alıcısının) “Bank” qarşısında icra edilməmiş, öhdəliyini zamin kimi tam icra etdikdə kredit müqaviləsi üzrə bütün hüquqlar “Şirkət”ə keçir.
56. 05 mart 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqaviləyə 17 dekabr 2015-ci il tarixli 1 saylı Əlavədən görünür ki, müqavilənin 2.6-cı bəndində “alıcının” sözü “alıcısına” sözü ilə əvəz edilmiş, “adına order verilməsi üçün” sözləri çıxarılmış; 2.7-ci bəndində «order əsasında» sözləri çıxarılmış; 2.9-cu bəndində «dərhal mənzilin alıcısına order verilməsi» sözləri “mənzilin alıcısına verdiyi sənədlər” sözləri ilə əvəz edilmiş və 2.12-ci bəndinin birinci cümləsi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: “Kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və ona hesablanmış faizlərin ödənilməsi dövrülüyünü ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda, bank qeyd edilən pozuntu barədə dərhal şirkəti məlumatlandırmalıdır. Şirkət məlumatlandırıldıqdan 30 iş günü ərzində borcalan tərəfindən ödənişlər bərpa edilmədikdə, bank ödənilməmiş krediti və ona hesablanmış faizləri şirkətin bankda olan hesabından, ona xəbərdarlıq etməklə, silir. 57.“Birgə fəaliyyət haqqında” müqavilənin məzmunundan görünür ki, onun iştirakçıları arasında müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlanmışdır. 58.Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə azadlığını müəyyən edən 390-cı maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. 59.Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (MM 390.4). 60.Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir (MM 390.5). 61.Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (MM 390.6). 62.Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir (MM 390.7). 63.Kollegiya hesab edir ki, tərəflər arasında qarışıq müqavilə bağlanmaqla orada birgə fəaliyyət göstərilməsi, kreditin verilməsi öhdəliyi və zaminlik müqavilələrinin ünsürləri əhatə olunmuşdur. 64.Göstərilən müqavilə, işdən göründüyü kimi, yazılı şəkildə, onun iştirakçıları tərəfindən imzalanmaqla bağlanmış və orada zaminin öhdəlikləri aydın şəkildə göstərilmişdir. 65.“Şirkət” həmin müqavilə çərçivəsində hərəkət edərkən satdığı mənzilə görə onun hesabına köçürülmüş kreditin məbləğindən, kreditin müddətindən və ona hesablanmış faizlərdən və digər şərtlərdən tam xəbərdar olmuş və zamin kimi bank qarşısında öhdəlik daşımışdır. 66.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (MM 470.1). 67.Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (MM 470.2). 68.Şirkət birgə fəaliyyət haqqında müqaviləni imzalamaqla eyni zamanda gələcəkdə yarana biləcək öhdəliklərini müəyyən edən müqavilə bağlamışdır. 69.Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin borcun "xxxx" ASC-dən tutula bilməməsi ilə bağlı dəlillərini əsassız hesab edərək, məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. 70.Kollegiya həmçinin qeyd edir ki, məhkəmə tutulmalı olan borc məbləğlərini düzgün müəyyən etmiş, bununla bağlı ekspertiza rəyi də alınmışdır. 71.Məhkəmə kollegiyası həmçinin apellyatorun ona məhkəmə bildirişinin göndərilməməsi ilə bağlı dəlilini də əsassız hesab edərək qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdeh "xxxx" ASC-yə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat həm elektron, həm də poçt vasitəsilə göndərilmişdir. 72.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri məhkəmənin qəbul etdiyi qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, məhkəmənin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. 73.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. 74.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 75.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 76.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 77.Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 78.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(005)-276/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov