Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3159/2024 29.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcunun tutulması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı ASC “Xalq” Bankının nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi X6 iştirakı ilə, İddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-4451/2022 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ASC “Xalq” Bankı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.2013-cü il tarixli, **********90013 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə satış qiyməti 60.000 manat olan ünvan 1 ünvanında, 2-ci mərtəbədə yerləşən 38 kv.m yaşayış sahəsindən, 22 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 60 kv.m təşkil edən 3 otaqlı, 3 saylı mənzilin (bundan sonra ipoteka predmeti) alınması məqsədi ilə 96 ay müddətinə, illik 14 % ödənilmək şərti ilə 42.000 manat məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsinin təminatı olaraq xx.xx.2013-cü il tarixli, **********90013/1 №-li alqı-satqı və ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan mənzil ipoteka ilə yüklü edilmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli, 2(011)-1035/2018 saylı qətnaməsi ilə cavabdehdən xx.xx.2013-cü il tarixli, **********90013 saylı kredit müqaviləsi üzrə 33.453.83 manat əsas borcun, 10.143,74 manat faiz borcunun və gecikdirməyə görə 200 manat cərimənin, cəmi 43.797,57 manat pulun, dövlət rüsumunun, sənədlərin notarial təsdiqi üçün ödənilmiş 20 manat dövlət rüsumunun bankın xeyrinə tutulması, cavabdehə məxsus ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 80.000 manat müəyyən olunması, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun banka ödənilməsi, iddiaçının ipoteka predmeti olan mənzildən çıxarılması və mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1769/2019 saylı qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-1035/2018 nömrəli qətnaməsi qismən dəyişdirilmiş, bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 6.071.66 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədilə 1.738,72 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti isə təmin edilməmişdir. Qətnamənin icra edilməsi ilə bağlı icra sənədi verilmişdir.
4. İcra orqanının sifarişi əsasında hərrac keçirilmiş və "xxxx" MMC-nin direktoru ilə bankın etibarnamə üzrə nümayəndəsi arasında hərracın yekunları üzrə əmlakın, yəni ipoteka predmeti olan mənzilin alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə bağlanmış, mənzil 51.000 manata iddiaçı olan banka satılmışdır.
5. ASC “Xalq” Bankı tərəfindən təqdim edilmiş xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə ödənişləri əks etdirən hesabdan çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə yuxarıda göstərilən qətnamələrin icrası qaydasında həmin müqavilə üzrə 33.453,83 manat məbləğində əsas, 6.071,66 manat məbləğində faiz, 1.738,72 manat məbləğində cərimə borcu ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2013-cü il tarixli, **********90013 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında 18.044.63 manat məbləğində xx.xx.2021-ci il tarixinədək hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğinin, xx.xx.2021-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 5.005.38 manat təşkil edən penyanın, cəmi 23.050.01 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 159,15 manat məbləğində çəkilmiş xərclərin və 0.40 manat məbləğində xidmət haqqının əvəzinin bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, ipoteka predmeti qismində çıxış edən əmlakların ödənilməmiş borc müqabilində bankın balansına keçməsinə baxmayaraq, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında kredit müqaviləsi üzrə əsas borc məbləğinin tam ödənildiyi xx.xx.2021-ci il tarixinədək hesablanmış və ödənilməmiş 18 044,63 manat məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, xx.xx.2021-ci il tarixə bu məbləğ 5.005,38 manat təşkil etmişdir. İpoteka predmeti hesabına bankın tələbi ödənilmədiyinə görə “İpoteka haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 47.5-ci maddəsinə əsasən bankın tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklər könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə bank tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4451/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş dövvlət rüsumu iddiaçıya aid edilmişdir (hakim X3).
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddianı əsaslandıracaq sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, xx.xx.2013-cü il tarixli, **********90013 nömrəli kredit müqaviləsi üzrə cavabdehin borcu məhkəmələr tərəfindən müəyyən edilmiş, cavabdehdən tutulmuş borcun ödənilməsini təmin etmək üçün ipoteka predmetinə tutma yönəldilmiş, ipoteka predmeti dəyərindən kifayət qədər aşağı məbləğə açıq hərracda satılmış, xx.xx.2013-cü il tarixli, **********90013 nömrəli kredit müqaviləsi üzrə mövcud olan bütün borclar (o cümlədən faizlər və dəbbə) ödənilmiş, qalıq məbləğ də cavabdehə qaytarılmışdır. Buna görə də iddia tələbi əsassızdır və təmin edilməmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 386.1, 433.1, 442, 442, 443.1, 445.7-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1, 4.2, 7.2, 47.2, 47.4 və 47.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 81, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti Mülki Məcəlləsinin 399.3-cü maddəsinə istinad edilərək onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin kredit müqaviləsi tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsində öz əksini tapır. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək, daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarına, habelə kredit müqaviləsinin 1.1-ci, 2.4- cü və 6.2-ci bəndlərinə əsasən bank xx.xx.2018-ciil tarixdən kredit müqaviləsi üzrə əsas borcun tam ödənildiyi xx.xx.2021-ci il tarixə qədər hesablanmış və ödənilməmiş 18 044.63 manat məbləğində adi faizləri və 5 005.38 manat məbləğində penyanı tələb etməkdə haqlı olmuşdur.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1009/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), M.Məmmədov və F.Talışinski).
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tələbini əsaslandırmaq üçün iddia ərizəsində maddi zərərin (əldən çıxmış fayda) vurulması ilə bağlı olan Mülki Məcəllənin 21-ci maddəsinə və öhdəliklərin icra edilməməsinə görə borclunun məsuliyyətini müəyyən edən 385, 445-ci maddələrinə əsaslansa da, cavabdeh tərəfindən ona hər hansı maddi zərərin vurulmasını, eyni zamanda hər hansı hüquqlarının pozulmasını sübut edə bilmədiyindən, iddia tələbi əsaslı olmadığından və iş materialları ilə öz təsdiqini tapmadığından təmin edilməməlidir.
15. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
16. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü, 7-ci, 47-ci, Azərbaycan Respublikası Mülki Prosessuaı Məcəlləsinin 14.2-ci, 77.1-ci, 372.6-cı, 384.1-ci, 385.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il Qərarına istinad edərək əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsində icraat
17. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Azərbaycan Respublikasının Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)- 31/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı ASC “Xalq” Bankın kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1009/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir (hakimlər Elşanə Vəliyeva (məruzəçi), Əhliman Xıdırov və Elşad Şamayev).
19. Kassasiya instansiyası məhkəməsi əldən çıxmış faydanın (zərərin) əvəzinin tutulması tələbinin tamamilə rədd edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir, adıçəkilən normanın tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur, bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014cü il tarixli Qərarında öz əksini tapmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il qərarında isə həmin hüquqi mövqe inkişaf etdirilərək, belə bir hüquqi mövqe sərgiləmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Hər iki qərarda əks olunmuş hüquqi mövqeləri nəzərə almaqla, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin pozulmasına görə müqavilədən imtina edərək kredit üzrə borcun ödənilməsi ilə bağlı borcluya bildiriş verməklə və məhkəmədə iddia qaldırmaqla müqavilədən imtina edərək ona xitam verdiyindən həmin tarixdən sonra kredit müqaviləsi üzrə əsas borcun tam şəkildə ödənildiyi xx.xx.2021-ci il tarixədək, əgər iddiaçı digər əsaslardan çıxış edərək daha yüksək faiz ödənilməsi tələbini lazımi qaydada əsaslandıra bilmirsə, o halda onun gecikdirilmiş vaxt üçün vurulmuş zərərin əvəzi məqsədilə illik 5% ödənilməsini tələb etmək hüququna malikdir. Apellyasiya məhkəməsi isə iddiaçının tələbi üzrə yuxarıda qeyd edilən Qərarlarda əks olunmuş hüquqi mövqelər baxımından hüquqi qiymət verməmiş, MM-nin 445.7-ci maddəsinin mübahisəyə tətbiq edilməməsinin səbəblərini əsaslandırmamışdır.
20. Kassasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442 -ci, 443.1-ci, 445.7-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 88-ci, 407.2-ci, 416-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarlarına istinad edərək əsaslandırmışdır.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
e) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə iclasında iddiaçı ASC “Xalq” Bankın nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
23. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək,birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; əvvəlki redaksiyada 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il qərarıına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
29. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
30. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
31. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərlə razılaşır və onları, habelə apellyasiya şikayətində qətnamənin ləğv olunub iddianın təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasının xahiş edildiyini nəzərə alıb, qətnaməni tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərə hüquqi qiymət verərkən iddianın pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə faiz borcunun tutulması hissəsində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, bu tələb üzrə öz qənaətində haqlı olmamışdır. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “faiz borcunun tutulmasının rədd edilməsi və dövlət rüsumunun iddiaçıya aid edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə qismən təmin edilməlidir.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, tərəflər arasında xx.xx.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə satış qiyməti 60.000 manat olan Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsində yerləşən 56 saylı evin, 3 saylı mənzilinin alınması məqsədi ilə 96 ay müddətinə, illik 14 % ödənilmək şərti ilə 42.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq həmin mənzil iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh həmin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyindən onların arasında məhkəmə mübahisəsi yaranmış və iddiaçının iddiası üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-1035/2018 saylı və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1769/2019 saylı qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə 34.453,83 manat məbləğində əsas, 6.071.66 manat məbləğində faiz, 1.738,72 manat məbləğində cərimə borcu tutulmuş və tutma ipoteka ilə yüklü edilmiş əmlaka yönələrək, bu əmlakın açıq hərracdan satılması qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi müvafiq qərarı ilə bu nəticə ilə razılaşmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun əsasında verilmiş icra sənədinin icrası qaydasında ipoteka predmeti satılmış və satışdan əldə edilmiş vəsait hesabına xx.xx.2021-ci il tarixdə müəyyən edilmiş borc məbləğinin, o cümlədən 33.453,83 manat məbləğində əsas borcun ödənilməsi təmin edilmişdir.
34. Hazırda iddiaçı yuxarıda göstərilən məhkəmə mübahisəsi çərçivəsində həmin kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə yaranmış borcun tələb edildiyini, borcun isə tam olaraq xx.xx.2021-ci il tarixdə ödənildiyini iddia edir və bu müddət üçün (xx.xx.2018xx.xx.2021) müqavilədə göstərilən dərəcələrlə hesablama aparılmaqla ödənilməmiş adi faizlər üzrə 18.044.63 manat məbləğində faiz borcun və 5.005.38 manat məbləğində penyanın, cəmi 23.050.01 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, ilk növbədə iddia üzrə irəli sürülmüşü 5.005,38 manat penya məbləğinin tutulması tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında penya məbləğinin hesablanması haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh ödənişlərin gecikdirilməsi nəticəsində penya ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsinin 6.2-ci bəndində öz əksini tapmışdır Yuxarıda göstərilən məhkəmə mübahisəsi çərçivəsində də iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış penya borcunun ödənilməsini tələb etmişdir. Artıq qeyd edildiyi kimi, bu tələb üzrə cavabdehdən iddiaçının xeyrinə 1.738,72 manat məbləğində penya (cərimə) tutulmuşdur.
36. Bu sahəni tənzimləyən qanunvericilikdə məhkəmə mübahisəsi çərçivəsində məhkəmə tərəfindən penya məbləği tutulduqdan sonra hazırki iddia tələbi üzrə irəli sürülmüş əsaslarla hər hansı sonrakı dövr üçün yenidən penya məbləğinin tutulmasının mümkünlüyü təsbit edilməmiş, o cümlədən qanunla belə hal müəyyənləşdirilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, bu hissədə apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.
37. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarında əks olunmuş məcburi göstərişləri nəzərə alıb, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il və xx.xx.2023-cü il tarixli qərarlarında nümayiş etdirilmiş hüquqi mövqeyi rəhbər tutub, qeyd edir ki, kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbindən irəli gələn mübahisə üzrə xx.xx.2018-ci il tarixə hesablanmış borc məbləği, o cümlədən faiz borcu tələb edilmişdir. Hüquqi nəticə etibarı ilə müqavilə üzrə 34.453,83 manat məbləğində əsas borcun yaranması və bu məbləğin ipoteka predmetinin açıq hərracdan satılması nəticəsində əldə edilmiş vəsait hesabına məhz xx.xx.2021-ci il tarixdə ödənilməsi öz təsdiqini tapmışdır. Tərəflər arasında yaranmış kredit müqaviləsindən irəli gələn münasibətlərin təminatı qismində əmlakın çıxış etməsi (ipoteka predmetinin mövcudluğu) isə bu məbləğin ödənilməsi öhdəliyini aradan qaldırmış olmur. Hər bir halda, aralarında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürmüş öhdəliyə əsasən cavabdeh iddiaçıya yaranmış kredit borcunu ödəməli idi.
38. Bununla belə, cavabdeh kredit borcunun ödənilməsi öhdəliyinin icrasını gecikdirmiş və bu borcun ipoteka predmetinin açıq hərracdan satılması yolu ilə yalnız xx.xx.2021-ci il tarixdə ödənilməsi nəticəsində cavabdeh tərəfindən iddiaçıya xx.xx.2018-ci il tarixdən (iddiaçının nümayəndəsi də məhkəmə iclasında faiz borcunu məhz bu tarixdən hesablamaqla tələb etdiklərini bildirir) xx.xx.2021-ci il tarixədək müddət ərzində faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurulmuşdur. Qeyd edilənlər öz növbəsində iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq digər əsaslardan çıxış edərək, daha böyük məbləğ tələb edə bilmədiyi halda, gecikdirilmiş həmin vaxt üçün ən azı illik 5 dərəcə ilə hesablanmış faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnu yaratmış olur ki, bu məbləği də cavabdeh ödəməyə borcludur.
39. Məhkəmə kollegiyası da iddiaçının bu barədə tələbini nəzərə alıb, habelə daha böyük məbləğin tutulması ilə bağlı dəlilləri ilə razılaşmayıb, apellyasiya şikayətinin dəlillərini bu hissədə qismən əsaslı hesab edir və belə qənaətə gəlir ki, kredit borcunun ödənilməsinin gecikdirildiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 2 il 11 ay 24 gün müddət üçün vurulmuş zərərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə cavabdehdən illik beş faiz dərəcəsi ilə pul tutulmalıdır.
40. Məhkəmə kollegiyası əsas borc məbləğinin 34.453.83 manat, illik faiz dərəcəsinin 5 faiz, ümumi müdətin isə 2 il 11 ay 24 gün olmasını nəzərə alıb, qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə (34.453,83 x 5 / 100 = 1.722,69 – 1 il, 1.722,69 / 12 ay = 143,56 – 1 ay, 143,56 / 30 = 4,79 – 1 gün /// (1.722,69 x 2 il = 3.445,38) + (143,56 x 11 ay = 1.579,16) + (4,79 x 24 gün = 114,96) = 5.139.50) 5.139,50 manat məbləğində pul vəsaiti tutulmalıdır.
41. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ümumilikdə 5.139,50 manat məbləğində borcun tutulması qənaətinə gəlindiyindən cavabdehdən iddiaçının xeyrinə bu məbləğ üçün nəzərdə tutulmuş məbləğdə, yəni 71,40 manat məbləğində dövlət rüsumu tutulmalı, dövlət rüsumunun qalan, yəni (159,15 – 71,40 = 87,75) 87,75 manat hissəsi iddiaçıya aid edilməlidir.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ASC “Xalq” Bankı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-4451/2022 saylı qətnaməsi qismən – “faiz borcunun tutulmasının rədd edilməsi və dövlət rüsumunun iddiaçıya aid edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 34.453,83 manat əsas borca xx.xx.2018-ci il tarixdən - xx.xx.2021-ci il tarixədək müddət üçün ilik 5 dərəcəsi ilə hesablanmış 5.139,50 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun 71,40 manat hissəsinin əvəzi tutularaq iddiaçıya verilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı ASC “Xalq” Bankının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-4451/2022 saylı qətnaməsi qismən – “faiz borcunun tutulmasının rədd edilməsi və dövlət rüsumunun iddiaçının özünə aid edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 34.453,83 (otuz dörd min dörd yüz əlli üç manat, səksən üç qəpik) manat əsas borca xx.xx.2018-ci il tarixdən - xx.xx.2021-ci il tarixədək müddət üçün ilik 5 dərəcəsi ilə hesablanmış 5.139,50 (beş min bir yüz otuz doqquz manat, əlli qəpik) manat faiz borcu və ödənilmiş dövlət rüsumunun 71,40 (yetmiş bir manat, qırx qəpik) manat hissəsinin əvəzi tutularaq iddiaçı ASC “Xalq” Banka verilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçı ASC “Xalq” Bankının özünə aid edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı ASC “Xalq” Bankına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.