Məhkəmə qərarları › İş №2(103)-316/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-316/2022

27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-316/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Babayev Zəki Baba oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi ilə, Cavabdeh və onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1605/2021 saylı 25 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında 20.10.2015-ci il tarixdə № 06-15-11-043544 saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh şəxsi məqsədləri üçün illik 27 % olmaqla 36 ay müddətinədək 1862 dollar məbləğində kredit verilmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh götürülən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərmir. Göründüyü kimi cavadehi müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində İddiaçı ASC-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir (Mülki Məcəllənin 421.2-ci maddəsi). Müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri 1 saylı Əlavədəki cədvələ uyğun olaraq vaxtında ödənilmədikdə, qismən ödənildikdə və Kredit Müqaviləsinin 4.5-ci bəndinə əsasən tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır .ə gecikdirilmiş borc hesablarında əks etdirilir. Gecikdirilmiş borc yarandıqda Borc alan Borc verənə hər gecikdirilmiş gün üçün icra edilməmiş öhdəliyin 0.15 % miqdarında dəbbə (penya) pulu ödəyir.Kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona 'esablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi ümumiyyətlə icra edilmədikdə Borcalan Borcverənə verilmiş kredit məbləğinin 54 % miqdarında cərimə faiz ödəyir.Kredit müqaviləsinin 4.8-vi və 4.9-cu bəndinə əsasən cavabdeh (borcalan) müqavilə üzrə öhdəlikləri vaxtında və ya lazımi qaydada icra etməzsə həyata keçirilən ödənişlər ilk növbədə müqavilə ilə nəzərdə tutulmuş cərimələrin,sonra faizlərin və ən sonda kreditin əsas məbləğinin ödənilməsinə yönəlir.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkərt etməlidir,məsələn pul ödəməli,əmlak verməli,işi görməli xidmətlər göstərməli və i . a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2(002)-1605/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 20.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 628,13 ABŞ dolları əsas borc, 416,92 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1045,05 ABŞ dolları məbləğində borcun (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulraq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bank arasında bağlanmış 20.10.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 27 faiz hesablanmaqla 1862 ABŞ dolları məbləğində kredit verilmişdir. Buna müvafiq olaraq cavabdeh tərəf 1862 ABŞ dolları əsas məbləğ, 874,57 ABŞ dollar məbləğində faiz borcu 36 ay ərizndə ödəməli idi. Kredit müqaviləsi imzalanarkən milli manatın dollara nisbətdə kursu 1,05 manat olmuşdur və müqavilə 1,05 manat civarında bağlanmışdır. Tərtib edilmiş cədvələ əsasən cavabdeh tərəf hər ay 76 ABŞ dolları ödəniş etməli idi. Bu ödənişlər milli manatla həyata keçirilərək hər ay 80,80 manat, üç ay isə 100 manat civarında ödənişlər edimişdir. Yəni, 36 ay ərizndə cavabdeh tərəf heç bir geçikmə olmadan vaxtında ödəniş etmişdir və nəticə etibarı ilə 36 ay üçün nəzərdə tutulmuş 3270,42 manat ödəniş edilmişdir. Qətnamədən görünməsə də, işin faktiki halları bunu deməyə əsas verir ki, cavabdehdən əsas və faiz borcu müqavilə imzalanarkən mülli manatın dollara olan nisbəti 1,05 manatdan deyil, 1,70 manatdan hesablanmışdır. Cavabdeh tərəfindən həmin borc tamamilə ödənilməklə cavabdehin iddiaçı təşkilata heç bir borcu yoxdur. Bankın cavabdehdən əlavə olaraq 628,13 ABŞ dolları əsas, 416.92 ABŞ dolları faiz, cəmi 1045,05 ABŞ dolları pulun istəməsi tamamilə əsassızdır. Göründüyü kimi cavabdeh əsas borcu banka tamamilə ödəmişdir, yenidən iddiaçının bu tələblə məhkəmədə iddia qaldırması tamamilə əsassızdır. Belə ki, cavabdeh 23.01.2019-cu il tarixə kimi müxtəlif vaxtlarda 3270,42 manat kredit borcu üzrə ödənişlər etmişdir. Həmin ödənişlər ilk növbədə cavabdehin əsas borcuna hesablanmalı idi. Görünür, həmin borclar faiz borcuna hesablanmaqla cavabdehin əsas borcumdan çıxılmamışdır. İş üzrə iddiaçı Cavabdeh, habelə onun nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarına əlavə olunmuş 20.10.2015-ci il tarixli 06-15-11-043544 saylı kredit müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə, 27 faiz dərəcəsi ilə, 20.10.2018-ci il tarixədək 1892 ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır. İş materiallarına əlavə 18 mart 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 06-15-11-043544 saylı kredit müqaviləsi üzrə əsas məbləğə görə 628.13 ABŞ dolları əsas, 416.92 ABŞ dolları faiz olmaqla, cəmi 1045.05 ABŞ dolları məbləğində borcu mövcuddur. İş materiallarında olan 18 mart 2021-ci il tarixli arayışın məzmunundan aydın olur ki, Muğanbank ASC ilə Cavabdeh arasında bağlanılmış 20 oktyabr 2015-ci il traixli kredit müqaviləsinə əsasən illik 27% dərəcəsi ilə 36 ay müddətində 1862 ABŞ dolları məbləğində kredit verilmiş, həmin kredit üzrə aparılmış ödənişlər qeyd edilmiş, 19.04.2019-cu ildə əsas məbləğdən 618.18 ABŞ dolları, 14.06.2019-cu il tarixdən faizdən 6,07 ABŞ dolları ödənilmiş (güzəşt edilmiş) vəsait Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 saylı Fərmanına əsasən ödənilmiş kompensasiya məbləğidir. 20 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh cəmi borcu 1045,05 ABŞ dolları təşkil edir. İş materiallarında olan 20 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə 1 saylı Əlavənin məzmunundan aydın olur ki, Cavabdeh illik 27% dərəcəsi ilə götürülmüş 1862 ABŞ dolları məbləğində krediti 36 ay müddətində hər ay 76,01 dollar məbləğində ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 25 fevral 2021-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan aydın olur ki, İddiaçı ASC tərəfindən Cavabdeh 3 iş günü ərzində borcunu ödəməyi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Birinci instansiya məhkəməsi işin araşıdırılan halları əsasında müəyyən etmişdir ki, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etsə də, digər tərəf olan cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müvafiq kredit müqaviləsi üzrə kredit borcunun 618,18 ABŞ dolları əsas borc, 6,07 ABŞ dolları məbləğində faiz borcu müvafiq Fərmana uyğun olaraq güzəşt edilmiş, hazırda cavabdehin iddiaçı bank qarşısında olan kredit borcunun məbləği əsas borc üzrə 628,13 ABŞ dolları və faiz borcu üzrə 416,92 ABŞ dolları olmaqla, cəmi 1045,05 ABŞ dolları məbləğində təşkil edir. Ona görə də, məhkəmə iddia tələbi üzrə əsas və faiz borcunun hər birini ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyini qismən əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə borc məbləğini müəyyən edərkən yalnız iddiaçı tərəfin təqdim etdiyi maliyyə sənədlərinə istinad etmiş, həmin sənədlərin cavabdehin ödəməli olduğu borc məbləğini düzgün əks etdirməsini yoxlamamışdır. Belə ki, iş materiallarından aşkar surətdə görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 20.10.2018-ci ildə başa çatsa da, iddiaçı həmin tarixdən sonrakı müddətə də faiz hesablayaraq tələb etmiş, birinci instansiya məhkəməsi isə həmin hala əhəmiyyət verməyərək iddianı tam təmin etmişdir. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək keçirilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən tərtib edilmiş 23 noyabr 2021-ci il tarixli 9/7753 saylı ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair arayış məlumatları, 20 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh 19 oktyabr 2018-ci il tarixə banka olan borcu – əsas borc üzrə 1338,49 ABŞ dolları, faiz borcu üzrə 4,02 ABŞ dolları, 28 aprel 2021-ci il tarixə olan borcu isə – əsas borc üzrə 654,50 ABŞ dolları, faiz borcu üzrə 409,05 ABŞ dolları təşkil etmişdir. Qeyd edilən ekspert rəyinin iş materiallarında olan və tərəflərin arasındakı kredit münasibətlərini əks etdirən müqavilə və maliyyə sənədləri əsasında verilməsini nəzərə alaraq, məhkəmə kollegiyası həmin rəyi mötəbər sübut kimi qəbul edir. Göründüyü kimi, tərəflər arasında bağlanmış 20.10.2015-ci il tarixli kredit müqaviləsinin müddətinin başa çatdığı tarixdə cavabdehin həmin müqavilə üzrə faiz borcu 4,02 ABŞ dolları təşkil etmişdir. Həmçinin, iş mtareillarından müəyyən edilir ki, qeyd edilən kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri altına düşmüş və ona kompensasiya hesablanaraq ümumi borcundan silinmiş, nəticədə əsas borcunun məbləği 628,13 ABŞ dolları təşkil etmişdir. Beləliklə, Cavabdeh 20.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə bank qarşısında olan əsas borcunun 628,13 ABŞ dolları, faiz borcunun isə 4,02 ABŞ dolları təşkil etməsi müəyyən olunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarında müəyyən edilir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İşin müəyyən edilmiş hallarından və qanunvericiliyin yuxarıda sadalanan müddəalarından bu nəticəyə gəlmək olur ki, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə cavabdehin iddiaçı qarşısında kredit borcunu və ona hesablanmış faiz məbləğini iddiaçıya ödəmək kimi bir öhdəliyi yaranmış, lakin cavabdeh həmin öhdəliyini icra etməmişdir. Bu səbəbdən də iddiaçının həmin borcu məhkəmə qaydasında tələb etməsi əsaslı olmuşdur. Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillərə istinad etməklə qətnamənin əsassız olduğunu bildirir. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərlərin bir qismini – cavabdeh tərəfindən borc məbləğinin tam ödənildiyini, onun bank qarşısında borcu qalmadığını, bu səbəbdən də iş üzrə icraata xitam verilməsini əsassız hesab edir. Belə ki, cavabdeh tərəfindən kredit borcunun tam ödənilməsi iş materialları ilə təsdiq olunmur. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən onun kredit borcu üzrə ödənilməsi tələb olunan faiz məbləği düzgün müəyyən edilməmiş və məbləğ şişirdilmişdir. Bu səbəbdən də, kollegiya apellyasiya şikayətini qismən əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları qismən əsaslı hesab edir və belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğuna görə, bu qətnamədən kassasiya şikayəti nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25.05.2022-ci il tarixli, 2(002)-1605/2021 saylı qətnaməsi qismən – faiz borcunun tutulması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh 20.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 4,02 ABŞ dolları məbləğində faiz borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci hesabına İddiaçı ASC-dən 75 manat, Cavabdeh 75 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar