Məhkəmə qərarları › İş №2(103)-3165/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3165/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3165/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3165/2023 (Açar sözlər: kredit borcunun qaytarılması, müddətin keçməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1161/2023 saylı 02 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 may 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı QSC ilə Abbasov Ədalət Oqtay oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli 18A000013588 saylı kredit müqaviləsinə əsasən İddiaçı QSC kredit alana 36 ay müddətinə, illik 2,0833% dərəcəsi ilə, 10.000 manat məbləğində kredit vermişdir.

2. İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli 18A000013588 saylı zaminlik müqaviləsi bağlanmışdır.

3. Kredit alan şəxs Abbasov Ədalət Oqtay oğlu xx.xx.2017-ci il tarixdə ölmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı QSC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 3133,77 manat məbləğində kredit bоrcu, 1349,26 manat məbləğində faiz bоrcu və 1439,03 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 5922,06 manat məbləğində bоrcun və ödənilmiş 79,22 manat məbləğində dövlət rüsumunun tutulması barədə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abbasov Ədalət Oqtay oğlu İddiaçı QSC ilə xx.xx.2014-cü il tarixdə bağladığı 18A000013588 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 6866,23 manat ödəniş etmiş və оnun iddiaçıya 3133,77 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Abbasov Ədalət Oqtay oğlu kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 2237 gün üçün hesablanmış faiz borcu 1349,26 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 2237 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1439,03 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Abbasov Ədalət Oqtay oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Abbasov Ədalət Oqtay oğlu ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışa əsasən Abbasov Ədalət Oqtay oğlunun öldüyü Banka məlum olmuşdur. Bank tərəfindən müvafiq notariat orqanlarına və digər aidiyyatı orqanlara sorğular verilmiş, lakinAbbasov Ədalət Oqtay oğlunun adına vərəsəlik işi açılmamış və qanun və ya vəsiyyətnamə üzrə vərəsələrdən müraciət edən olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən, Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. X4 Oqtay oğlunun qanun və ya vəsiyyətnamə üzrə vərəsəsi olmadığından kredit müqaviləsi üzrə borcun zamindən tələb edilməsi zərurəti yaranmışdır. Həmçinin, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, kredit müqaviləsi üzrə borclunun ölümü də tərəflər arasında mövcud olan müqavilə münasibətlərini başa çatdırmır və əsas borca görə faizlər hesablanmaqda davam edə bilər.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(004)-1161/2023 saylı 02 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia tələbi təmin edilməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 471, 472.1, 477.0.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 88, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iddia müddəti tətbiq edilərkən maddi hüquq normalarının pozuntusuna yol verilmişdir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddət iddia müddətidir, lakin məhkəmə cavabdehin həmin müddətin tətbiq edilməsinə dair yazılı ərizəsi olmadan iddia müddətini tətbiq edərək qanunvericiliyin tələblərini pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

13. Maddə 471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

14. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

15. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Abbasov Ədalət Oqtay oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli 18A000013588 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC kredit alana 36 ay müddətinə, illik 2,0833 % dərəcəsi ilə, 10000 manat məbləğində kredit vermişdir.

25. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 18A000013588 saylı zaminlik müqaviləsinə əsasən isə, Cavabdeh həmin kredit müqaviləsi əsasında Abbasov Ədalət Oqtay oğlunun öz öhdəliklərini tam yerinə yetirməsi üçün bank qarşısında onunla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

26. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Abbasov Ədalət Oqtay oğlunun xx.xx.2014-cü il tarixli 18A000013588 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borcu 3133,77 manat, faiz borcu 1349,26 manat, cərimə borcu üzrə 1439,03 manat olmaqla, cəmi 5922,06 manat borcu yaranmışdır.

27. DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmişxx.xx.2021-ci il tarixli arayışından görünür ki, Abbasov Ədalət Oqtay oğlu xx.xx.2017-ci il tarixdə ölmüşdür.

28. Beləliklə işdə olan sübutlarla təsdiqlənir ki, iddiaçı mərhum şəxs Ədalət Abbasova (kredit alan) xx.xx.2014-cü il tarixdə 36 ay müddətinə, yəni xx.xx.2017-ci il tarixinədək qaytarılması şərti ilə kredit vermişdir. Öhdəliyin icrasının təmini üsulu kimi bank həmçinin həmin tarixdə Cavabdehla müddəti göstərilməyən zaminlik müqaviləsi bağlamışdır. Kredit alan vəfat etdiyidən iddiaçı yaranmış kredit borcunun qaytarılmasını zamindən, hazırki iş üzrə cavabdehdən tələb etmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsində öhdəliyin icrası müddətinin göstərilməsini, zaminlik müqaviləsində isə konkret müddətin müəyyənləşdirilmədiyini nəzərə alaraq, Mülki Məcəllənin 477.0.4-cü maddəsi baxımından bank zaminə qarşı 1 il ərzində, yəni xx.xx.2018-ci il tarixədək iddia qaldırmaq hüququna malik olub. Lakin bu müddət ərzində heç bir tələb irəli sürməmiş, iddia ərizəsini xx.xx.2023-cü il tarixində, tələbetmə hüququnun bitdiyi tarixdən 4 ildən çox vaxt keçdikdən sonra məhkəməyə təqdim etmişdir.

30. Kollegiya hesab edir ki, hazırki iş üzrə ilk növbədə iddiaçının cavabdehdən kredit borcunun qaytarılmasını tələb etməsi ilə bağlı subyektiv hüququnun itirilibitirilməməsi məsələsi araşdırılmalıdır. Bu səbəbdən də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddətin iddia müddəti, yoxsa kəsici müddət olmasına aydınlıq gətirilməlidir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Resoublikası Ali Məhkəəmsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olub, əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olduğu halda, kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir, lakin kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır.

32. Məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Məcəllənin 477-ci maddəsində müəyyən edilmiş müddətlər pozulmuş hüququn bərpası üçün məhkəməyə müraciət etmə müddəti (iddia müddəti) deyil, müddətin keçməsi ilə bağlı öhdəliyə xitam verilməsi (kəsici) müddətidir. İddia müddətlərindən fərqli olaraq kəsici müddət hüququn itirilməsi ilə bağlı olur və belə müddətlərin tətbiq olunması üçün tərəflərin ərizə verməsi tələb olunmur.

33. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan maddədə təsbit olunmuş müddəti kəsici müddət kimi təfsir etməklə, işin halları və tərəflərin qarşılıqlı münasibətləri barədə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində pozuntuya yol verməmişdir. Cavabdehin isə apellyasiya şikayətinin dəlilləri əsassızdır və qətnamənin ləğvi üçün əsas ola bilməz.

34. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyətli məqamlar aradan qaldırılmalıdır.Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübahə altına alan v, ziddiyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli qərarı)

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1161/2023 saylı 02 mart 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar