Məhkəmə qərarları › İş №2(103)-3167/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3167/2020

11.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3167/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), X3 və X5 ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh 15.000 manat avtomobilinə dəyən maddi zərərin əvəzi, hadisə nəticəsində sonradan yol xərci, evakuator xərci və s. üçün 1.000 manat, qüsur aktının alınması üçün 200 manat, həyat yoldaşı X6 avtoqəza nəticəsində səhhətində yaranmış narahatlıqlarla bağlı aldığı müalicələr üçün xərclənmiş 2000 manat, özünə dəyən mənəvi ziyana görə cavabdehin real imkanlarını nəzərə alaraq 10.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəati Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, 4.987 manatın və ödənilmiş dövlət rüsumunun 5,22 manat hissəsinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 24,78 manat hissəsinin iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 120 manatın 20,88 manat hissəsinin cavabdehdən, 99,12 manat hissəsinin iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh, apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın ona aid hissədə təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iş materiallarına əlavə edilmiş “X13” MMC tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş “Chevrolet Avro” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin qiymətləndirilməsi və təmir-bərpasına dair ziyan aktında avtomobilin ön faraları dəyişilməli hissələrin siyahısına alınmışdır. Lakin avtomobilin iş materiallarına əlavə edilmiş və qəzadan sonra çəkilmiş fotoşəkillərindən görünür ki, ön faralar sağlamdır. Belə olan halda, sağlam detalın dəyişilməli olan ehtiyat hissələrinin siyahısına alınması tərtib olunmuş aktların etibarlılığını şübhə altına almış, lakin işə baxan hakim buna düzgün hüquqi qiymət verməmişdir. Eyni zamanda, avtomobilin iş materiallarına əlavə edilmiş fotoşəkillərində nəqliyyat vasitəsinin həmin hadisədən öncə də toqquşmaya məruz qaldığı və üzərində təmir işlərinin aparıldığı görülməkdədir. Bu isə avtomobilin içərisində quraşdırılmış olan və ziyan aktında zərərə məruz qalmış ehtiyat hissələri kimi siyahıya alınmış rulun lentasının, ön təhlükəsizlik kəmərlərinin datçikinin və s. ehtiyat hissələrinin məhz xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ehtimalını da şübhə altına alır. Bundan əlavə, “xxxxxxxxxxxx” ASC tərəfindən hazırlanmış zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatda avtomobilə dəymiş zərər hesablanmış və həmin hesabatda dəyişiləcək ehtiyat hissələri 26 adda və ümumi dəyəri 4625 manat, avtmobilin təmir-bərpa xərci isə 1300 manat olmaqla, yekun məbləğ 5925 manat müəyyən edilmişdir. Göründüyü kimi, “X13” MMC tərəfindən tərtib edilmiş ziyan aktı ilə “xxxxxxxxxxxx” ASC tərəfindən hazırlanmış hesabatda həm ehtiyat hissələrinin sayı, həm də qiyməti baxımından böyük bir fərq vardır. Bu səbəbdən də, cavabdehin nümayəndəsi tərəfindən işə əlavə edilmiş fotoşəkillər əsasında ekspertizanın yenidən keçirilməsi barədə şifahi vəsatət təqdim edilsə də, hakim tərəfindən vəsatət rədd edilmişdir. Bundan başqa, hadisə yerinin sxemindən və X2 hadisədən sonra alınmış izahatından görünür ki, X10 idarə etdiyi “Chevrolet Avro” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmanın təsirindən idarəetməni itirərək qarşı yola çıxmış və qarşı yolda hərəkətdə olan Ş.Mustafayevin idarə etdiyi “Toyota Hilux” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Bununla əlaqədar Ş.Mustafayevə 1400 manat zərərin əvəzi sığorta tərəfindən ödənilmişdir. Hesab edir ki, baş vermiş mülki hüquq pozuntusu ilə avtonəqliyyat vasitəsinə dəymiş zərər arasında səbəbli əlaqə mövcudluğunu itirmiş, sözügedən avtomobilə dəymiş zərərin əvəzini ödəmək vəzifəsi tək cavabdehin yox, eyni zamanda Elçin Əbdülovun da öhdəsinə qoyulmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi isə, şikayətə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası, qətnaməni apellyatorun mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh, X1 məxsus “X16 Prado” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı məxsus olan, X7 etibarnamə əsasında idarə etdiyi “Chevrolet Aveo” markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Xətai Rayon DYPŞ-nin xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. “Performance Center” tərəfindən xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən, iddiaçıya məxsus “Chevrolet Aveo” markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumlikdə 9.946 manat maddi ziyanın dəydiyi müəyyən edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 24541 saylı rəyinə əsasən iddiaçının avtomobilinin nəzəri hesablama yolu ilə təmir-bərpa xərci, ehtiyat hissələrinin köhnəlmə faizi tətbiq edilməklə, cəmi 8.660 manat müəyyən edilmişdir. Qeyd edilənlər iddia ərizəsi, 640150 nömrəli, 779699 nömrəli nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli etibarnamələr, AP ******* nömrəli, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokol və MN ******* nömrəli, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərar, xx.xx.2019-cu il tarixli qüsur aktı, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 24541 saylı rəyi və işdə olan digər sənədlərlə təsdiqlənir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 1096.1-ci, 1097.1-ci və 1108-ci maddələrinə əsasən, cavabdehdən iddiaçıya dəymiş maddi ziyanın əvəzi kimi qətnamədə göstərilən məbləğdə pulun tutulması qanuni və əsaslı olmuşdur. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Baxılan işdə cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülkihüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, Cavabdeh hərəkəti mülki hüquq pozuntusudur (deliktdir). Çünki, onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin tələblərini pozması, dolayısı ilə, təqsirli olaraq hüquqa zidd əməl törətməsi, iddiaçının məruz qaldığı zərərin məhz cavabdehin hüquqa zidd hərəkəti nəticəsində yaranması və bunlar arasındakı uyğun səbəbli əlaqə yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Hazırda cavabdeh, apellyasiya şikayətində avtomobilə dəymiş maddi ziyanın məbləğinin düzgün müəyyən olunmadığını və hadisədə iddiaçıya məxsus avtomobili idarə edən Elşən Əbdülovun da təqsirli olduğunu bildirərək, qətnaməni mübahisələndirir. Kollegiya, cavabdehin bu dəlillərinə münasibətdə bildirir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Baxılan işdən görünür ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyi ilə yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə 8.660 manat maddi zərər dəyməsi müəyyən olunmuş və iddiaçının nümayəndəsi avtomobilə dəymiş zərərin 3.673 manat hissəsinin sığorta şirkəti tərəfindən ödənildiyini bildirmişdir. Belə olan halda, mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğu nəzərə alındıqda, rayon məhkəməsinin ekspertizanın rəyi ilə razılaşaraq, sığorta şirkəti tərəfindən ödənilmiş məbləği avtomobilə dəymiş ümumi ziyan məbləğindən çıxmaqla gəldiyi qənaət əsaslı hesab olunmalıdır. Kollegiya, baş vermiş yol nəqliyyat hadisəsində həm də iddiaçıya məxsus “Chevrolet Aveo” markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən Elşən Əbdülovun təqsirli olması barədə cavabdehin dəlilini əsaslı saymır. Ona görə ki, iş materialları ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yalnız Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilməsi müəyyən olunur. Cavabdeh, hadisədə iddiaçıya məxsus avtomobilin sürücüsünün də təqsirli olmasını təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd olunanlara əsasən Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin2(011)-6939/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Zaur Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar