Məhkəmə qərarları › İş №2(103)-3168/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3168/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3168/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi-vəkili Vəkil, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” ilkin, Cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-5287/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 40000 manat borc pul, Məhərrəmə verdiyi 8500 manat və ətir üçün aldığı 1145 manat borc olmaqla, cəmi 49645 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan 12000 ABŞ dolları məbləğində pulun ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq alınıb ona verilməsi, mənəvi zərərə görə 1000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsmunun tutularaq onun nəfinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə iş görərək avtomobil alqı-satqısı ilə məşğul olmuşlar, iş münasibətlərindən başqa, toyuq istehsalı ilə məşğul olmaq üçün cavabdeh dost kimi 2019-cu ilin noyabr ayında ondan 40000 manat borc pul istəmiş və 1 aya, yəni dekabrda qaytaracağına söz vermişdir. Bundan başqa, cavabdehin ona 5000 dollar, yəni 8500 manat borcu vardır. Həmin pulu Məhərrəm adlı dostlarına borclu olduğu üçün vermiş və cavabdeh ona qaytaracağına söz vermişdir. Bundan başqa, cavabdeh özünə 1145 manat dəyərində ətir almışdır ki, ətirin pulunu ona məxsus “Birkart”dan ödəmiş, cavabdeh qaytaracağını bildirmişdir. Bununla bağlı Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, cavabdeh Polis İdarəsində izahat verərək həqiqətən də ondan 40.000 manat borc pul aldığını etiraf etmişdir. Qaytardığını göstərdiyi pul isə avtomobil alqı-satqısı ilə bağlı yaranan borc puldur. 40000 manat isə işə aidiyyatı olmamaqla şəxsən ondan borc olaraq aldığı puldur, hansı ki, bu günə qədər qaytarmır və bütün əlaqə telefonlarını söndürərək yoxa çıxmışdır. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında göstərilən xüsusatlar öz əksini tapmışdır. Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı ilə ortaq kimi birgə iş görərərək avtomobillərin aıqı-satqısı ilə məşğul olmuşlar və bunun üçün o, 70000 manat, iddiaçı isə 80000 manat pul qoymuşlar. İddiaçı son dövrlər avtosalondan “Range Rover” markalı avtomobil götürmüşdür ki, o da həmin avtomobilin götürülməsi üçün 7000 ABŞ dolları məbləğində pul qoymuş, lakin həmin avtomobil ona qaytarılmamışdır. Həmçinin, “Shevrolit Malibu” markalı avtomobilin alınması ilə bağlı 5000 ABŞ dolları məbləğində pul qoymuş, həmin avtomobili iddiaçı dəyişdirmiş, lakin ona pul verməmişdir. “Passat” markalı avtomobilə 10500 manat məbləğində pul qoymuş, “BMW” markalı avtomobillə barter etmişdir. Onda olan məlumata görə bu avtomobili onun əlindən almışlar. Bu avtomobilə görə qoyduğu pulu da iddiaçı qaytarmamışdır. “BMW X5” markalı avtomobillə bağlı 3500 manat pul qoysa da, iddiaçı barter edərək yeni maşın almış, onun pulunu qaytarmamışdır. İşlədikləri müddət ərzində ikisi də şərik olaraq ziyana düşmüşlər. İddiaçı bunu nəzərə almayaraq bütün ziyanı onun üzərinə qoymaq və öz ziyanını kompensasiya etmək məqsədilə ona qarşı iddia qaldırmışdır. O, aldığı 40000 manat borcun 34000 manatını nəğd olaraq qaytarmışdır, həmçinin ətriyyatla bağlı tələb etdiyi pulun isə ona heç bir aidiyyatı yoxdur, iddiaçı həmin pulu başqa şəxsə verdiyindən buna görə o, heç bir öhdəlik götürməmişdir. Cavabdehin ona 12000 ABŞ dolları məbləğində borcu qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-5287/2020 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, 40000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ilkin iddianın digər hissələrdə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Hazırda qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddia üzrə 49645 manat məbləğində pul tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır, prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə 40000 manat pulun alınma faktını qəbul etdiyi halda, onun iddiaya qarşı olan etirazının dəlillərini nəzərə almamış, aldığı pulu qaytarması ilə bağlı araşdırma aparmadan onun iddiasını rədd etmişdir. Belə ki, polis tərəfindən aparılmış araşdırma zamanı o, biznesdən kənar borc aldığı 40.000 manatı qaytarmaq məqsədilə 2020-ci ilin yanvar ayında «Mercedes-Benz S klass» markalı şəxsi avtomobilini sataraq İddiaçı 17.500 ABŞ dolları verdiyini, sonuncu da bu faktı təsdiq etsə də, 17.000 ABŞ dolları verildiyini və həmin pulun 40.000 manat borca görə yox, şərikli biznesə görə verildiyini göstərmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) və nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyası ilk növbədə qeyd edir ki, qətnamədən yalnız Cavabdeh şikayət vermiş və şikayətində qətnamənin ləğv edilib, ilkin iddia üzrə 49.645 manat məbləğində pul tələbinin rədd edilməsini xahiş etmiş, qətnamənin qarşılıqlı iddianın təmin olunmaması ilə bağlı hissəsindən şikayət verməmişdir. Lakin apelyasiya şikayətinin məzmunundan görünən odur ki, Cavabdeh ilkin iddianın təmin olunmuş hissəsini mübahisələndirmişdir. İddiaçı isə ilkin iddianın təmin olunmayan hissəsi üzrə qətnaməni mübahisələndirməmişdir. Buna görə də qətnamə yalnız mübahisələndirilən hissədə – Cavabdeh İddiaçı xeyrinə 40.000 manat məbləğində pulun tutulması hissəsində yoxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir və bu hal qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinin tələbinə görə isə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən tərəflər şərikli pul vəsaiti qoyaraq avtomobil biznesi ilə məşğul olmuşlar. Eyni zamanda, Cavabdeh həmin biznesdən kənar 2019-cu ilin noyabr ayında İddiaçı 40000 manat məbləğində borc pul almışdır. Cavabdeh həmin borcu 2020-ci ilin yanvar ayında özünə məxsus avtomobilini sataraq 29750 ABŞ dolları (29750 manat) nağd ödəməklə, qalan 10250 manatı da alver zamanı əvəzləşdirməklə ödədiyini, iddiaçı isə cavabdehin həqiqətən də 2020-ci ilin yanvar ayında şəxsi avtomobilini sataraq ona 17000 ABŞ dolları (28900 manat) verdiyini, lakin həmin pulun 40000 manat borca aidiyyəti olmadığını, həmin pulun şərikli bizneslə bağlı olduğunu bildirmişlər. İş materiallarında olan Nərimanov RPİ-nin İŞ-nin xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərarından görünür ki, cavabdeh polis orqanında verdiyi izahatında göstərmişdir ki, 2019-cu ilin sonlarında əmisi ilə birgə toyuq istehsalı ilə məşğul olmaq üçün iddiaçıdan 40000 manat borc pul istəmiş, iddiaçı həmin pulu üzərində 2000 manat gəlirlə qaytarmaq şərtilə onun yaşadığı Xətai rayonu, Rəşid Bağırov küçəsində ona vermişdir. Təxminən 2 ay sonra “Mersedes S Klass” markalı avtomobilini sataraq aldığı 40000 manatdan iddiaçıya 17500 ABŞ dolları, yəni 29750 manat pulu qaytarmış, onun iddiaçıya 10250 manat borcu qalmışdır. Həmin ərəfədə iddiaçı ilə aldıqları bir neçə avtomobilin satışından iddiaçı ona 40000 manat pul verməli olduğu halda, avtomobilləri satmış, lakin pulu özünə götürmüşdür. Buna görə də, iddiaçıya borclu olduğu 10250 manat borcu həmin puldan çıxmışdır. Hazırda iddiaçının ona 29750 manat borcu vardır. Həmin qərardan həmçinin görünür ki, iddiaçı izahatında həqiqətən də Cavabdeh özünə məxsus avtomobilini sataraq ona 17000 ABŞ dolları verdiyini təsdiq etmiş, lakin həmin pulun şərikli avtomobil biznesinə aid olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində cavabdeh izahatında da bildirmişdir ki, iddiaçıdan toyuq istehsalı ilə məşğul olmaq üçün 40000 manat almış, həmin borcun 29750 manatını qaytarmış, qalan 10250 manat hissəsini isə iddiaçının ona birgə avtomobil satışından verəcəyi pul hesabına silmişlər. Göründüyü kimi tərəflər arasında borc münasibətləri olmuş, lakin borc münasibətlərinin rəsmiləşdirildiyi yazılı əqd bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (324.1). Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (324.2). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (324.4). İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (324.5). Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qanunvericiliyə əsasən borc müqaviləsinin həm şifahi, həm yazılı formada bağlanıla bilməsi nəzərdə tutulsa da, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çox olduğu hallarda yazılı formada bağlanılmalı olması göstərilmişdir. Hazırki iş üzrə 40.000 manat məbləğində pul vəsaiti borc verildiyindən, tərəflər arasında yazılı əqd bağlanmalı olduğu halda, belə əqd bağlanmamışdır. Həmin məbləğdə pulun borc verilməsi barədə şifahi razılaşma (əqd) isə qanunvericiliyin tələbinə əsasən etibarsız hesab edilir. Belə ki, Mülki Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Belə olan halda Cavabdeh 40.000 manat pulu hüquqi əsas olmadan əldə etməklə əsassız varlanmışdır və əsassız varlanma nəticəsində əldə etdiklərini qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçı tərəfindən cavabdehə 40000 manat borc verilməsi mübahisəsizdir. Cavabdeh iddiaçıdan aldığı 40000 manat borcun 17500 ABŞ dollarını, yəni 29750 manat hissəsini qaytardığını, qalan 10250 manat hisəssini isə iddiaçının ona birgə avtomobil satışından verəcəyi pul hesabına sildiklərini qeyd edir. İddiaçı isə bildirir ki, 2020-ci ilin yanvar ayında Sərxan öz avtomobilini sataraq ona avtomobil alqı-satqısı ilə bağlı yaranan münasibətə görə 17000 ABŞ dolları ödəmişdir. Kollegiya qeyd edir ki, tərəflər birlikdə avtomobillərin alqı-satqısını həyata keçirmiş, gəlir əldə etmişlər, hansı ki, hansı avtomobilləri kimə və hansı qiymətə satmaları, nə qədər gəlir əldə etmələri, nə qədər ziyana düşmələri və digər bu kimi halların Kollegiya tərəfindən izlənilməsi və nəticəyə gəlinməsi ağlabatan deyildir, hazırda həmin avtomobillər ayrı-ayrı şəxslərə satılmışdır. Yəni, tərəflər faktiki olaraq birgə fəaliyyət göstərmişlər, lakin aparılmış işlərin müfəssəl qeydiyyatı aparılmadığından (ən azı məhkəməyə təqdim olunmadığından), hazırki vəziyyətdə onların arasındakı bununla bağlı maliyyə münasibətlərinə aydınlıq gətirmək də mümkün deyildir. Bu baxımdan, şərikli biznes zamanı düşdükləri zərərin əvəzi kimi cavabdehin iddiaçıya 17000 ABŞ dolları ödəmək məqsədilə özünə məxsus avtomobili satması barədə iddiaçının dəlilləri hər hansı sübutla təsdiq olunmur, eləcə də təqdim olunmuş sübutlar əsasında məhkəmənin bu halı müəyyən etmək imkanı yoxdur. Belə olan halda, iddiaçının qeyd etdiyi cavabdehin 17000 ABŞ dollarını avtomobil alqı-satqısı ilə bağlı yaranan münasibətə görə qaytarması barədə iddia etməsi əsassızdır. Kollegiyanın qənaətinə görə, cavabdehin 2020-ci ilin yanvar ayında şəxsi avtomobilini sataraq iddiaçıya ödədiyi 17000 ABŞ dolları məbləğində pul məhz aldığı 40000 manatın qaytarılması ilə bağlı olmuşdur və həmin məbləğ 17500 ABŞ dolları yox, iddiaçının etiraf etdiyi həddə – 17000 ABŞ dolları kimi qəbul olunmalıdır. Kollegiya hesab edir ki, 40000 manat borcun 17000 ABŞ dolları, yəni həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq (1 ABŞ dolları = 1,7 manat ) 28900 manatı cavabdeh tərəfindən iddiaçıya qaytarıldığından, yerdə qalan 11100 manat (40000-28900) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5287/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - Cavabdeh 40000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək, 11100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar