Məhkəmə qərarları › İş №2(103)-3169/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3169/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3169/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), X1 və X7 ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi,. İddiaçı, Cavabdeh1, onun nümayəndəsi və vəkili X2, Tərcüməçi: X3 qızının iştirakları ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi” barədə ilki, Cavabdeh1 İddiaçı Filippinovnaya qarşı “əmlak tələbi” barədə qarşılıqlı iddia tələblərinə dair Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-7492/2019 saylı iş üzrə qəbul etdiyi 06 dekabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı Filippinovna tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh1 qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçıdan aldığı 4.500 manatın və Cavabdeh2 iddiaçıdan aldığı 1.400 manatın alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və onun tanışı Cavabdeh2 birlikdə iddiaçının etibarını qazanaraq ona aid olan 4.500 manat və 1.400 manat pulu mənimsəmişlər. Əvvəllər Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Cavabdeh2 ilə birlikdə iddiaçıdan borc pul almışlar. İddiaçı onlara yazılı şəkildə borc vermişdir. Əlyazma üzərində olmuşdur. Zamanla onlar iddiaçıya götürdükləri pulun bir miqdarını qaytarmışlar, yerdə qalan məbləği isə qaytarmamışlar. Cavabdeh1 4.500 manat, Cavabdeh2 isə 1.440 manat olmaqla, cəmi 5.900 manat borcları qalmışdır. İddiaçı onlardan borcunu qaytarmağı tələb etsə də, onlar imtina etmişlər. Daha sonra ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 2.472+1.500+600+300+400=5.272-700=4.572manat, 4572-2.565 (15x171=2565)=2.007 manat, eyni zamanda borcun təminatı kimi verilmiş üzük (200 manat) və sırğanın (220 manat) dəyəri olan cəmi 420 manatı (200+220=420) borcun ödənilməsinə yönəlməsi, 2007-420=1587 manatın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı borc tələbinin rədd edilməsi, qarşılıqlı tələb olan Cavabdeh1 borc pul üçün İddiaçı girov qoyduğu bir ədəd brilyant qaşlı, 6.2 qramlıq qızıl sırğanın və bir ədəd “obodok” adlanan brilyant qaşlı, 4.8 qramlıq qızıl üzüyün İddiaçı alınıb ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Cavabdeh1 heç bir aidiyyəti yoxdur və onun harada yaşaması Cavabdeh1 məlum deyildir. O, Kamili İddiaçı vasitəsilə tanımışdır. Tatyana Laləyə ilk dəfə 2017-ci ilin sentyabrında 2.472 manat vermiş, əvəzində təqaüd kartını ayda 173 manat pulu götürmək üçün qəbul etmişdir. Bundan əlavə ayda 200 manat, yəni Cavabdeh1 fərdi qaydada işlədiyi işin maaşının yarısını gah özü, gah da kürəkəni Samir götürmüşdür. Cavabdeh1 təqaüd kartını ümumi borcu bitdiyinə görə bağlatmışdır. 2-ci dəfə 19 yanvar 2018-ci il tarixdə ona 1.500 manat qəbz yazdırmış, 1.350 manat pul vermişdir. 3-cü dəfə 25 fevral 2018-ci il tarixdə pul götürəndə ona 600 manat yazdırmış, 540 manat pul vermişdir. Pulu isə 660 manatdan çıxmağa başlamışdır. 4-cü dəfə 11 sentyabr 2018-ci ildə Lalə 400 manat almaq üçün gəlmiş, Tatyana yenə də 10 faizini götürmüş, ona 360 manat vermiş, borcu çıxanda isə 440 manatdan hesablamışdır. Məhkəmənin gedişində İddiaçı məhkəməyə təqdim etdiyi qəbzləri öyrənəndə ona məlum olmuşdur ki, İddiaçı Laləyə 1500 manat əvəzinə, 1350 manatı verəndə bunun üçün bir ədəd brilyant qaşlı qədimi qızıl sırğasını, 6,2 qram olmaqla girov saxlamışdır. Daha sonra 600 manat əvəzinə ona 540 manat verəndə təqaüd kartı və maaşdan əlavə girov kimi “obodok” adlanan brilyant qaşlı 4,8 qram ölçüdə qızıl üzüyünü və evinin texpasportunun surətini götürmüşdür. Cavabdeh1 hazırda İddiaçı borcu yoxdur. Lakin o, Cavabdeh1 bir ədəd brilyant qaşlı 6,2 qramlıq qızıl sırğasını və bir ədəd “obodok” adlanan brilyant qaşlı 4,8 qramlıq qızıl üzüyü, eləcə də evinin texniki pasportunun surətini özündə saxlamışdır. Bakı şəhəri Xətai rayon Мəhkəməsinin 2(011)-7492/2019 saylı iş üzrə qəbul etdiyi 06 dekabr 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi isə təmin edilərək, İddiaçı Cavabdeh1 məxsus 4.8 qram çəkisi olan “obodok” üzüyün və 6.2 qram çəkisi olan şəbəkə sırğanın alınaraq cavabdehə geri qaytarılması, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun onun özünə aid edilməsi, İddiaçı 30 (otuz) manat dövlət rüsumunun tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd barədə qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətinin ilkin iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, birinci instansiya məhkəməsinin heç bir sübut olmasına baxmayaraq cavabdeh tərəfindən borcun tam ödənilməsi qənaətinə gəldiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun uzahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək bildirmişlər ki, ilk iddiasında İddiaçı Cavabdeh1 ilə yanaşı Cavabdeh2 adlı şəxsin də ona borclu olduğu 1400 manatı da Cavabdeh1 tələb edirdi. Lakin sonradan məhkəməyə dəqiqləşdirmə ərizəsi verdi və o hissəni çıxdı. İddiaçınm iddia ərizəsində Laləyə borc verdiyi pullara dair öz xətti ilə yazmış olduğu qəbzləri də təqdim etmişdir. Bu qəbzlərə görə İddiaçı cəmi 5272 manat Laləyə pul vermişdir. Həmin vaxt o, Laləyə 1500 manat əvəzinə,1350 manatı verəndə bunun üçün bir ədəd brilyant qaşlı qədimi qızıl sırğasını, 4,5 qram olmaqla girov saxlayıb. Daha sonra 600 manat adı ilə ona 540 manat verəndə pensiya kartı və maaşdan əlavə girov kimi «obodok» adlanan brilyant qaşlı 4,8 qram ölçüdə qızıl üzüyünü və evinin texpasportunun surətini götürüb. İddiaçı 1-ci dəfə 2017-ci ilin sentyabrında Cavabdeh1 2472 manat verib, əvəzində pensiya kartını ayda 173 manat pulunu götürmək üçün qəbul edib. Bu kartı da düz 16 ay olmaqla, hər ayda 173 manat alıb. Bundan əlavə ayda 200 manat, yəni Cavabdeh1 fərdi qaydada işlədiyi işin maaşının yarısını gah özü, gah da kürəkəni Samir vasitəsilə götürüb. Özü də bunu düz bir il qəbul edib. Pensiya kartını da 2019-cu ilin fevralın 15-nədək alıb sonra Lalə ümumi borcu qurtardığına görə bağlatmışdır. 2-ci dəfə 19 yanvar 2018-ci ildə ona 1500 manat qəbz yazdırıb, əlinə 1350 manat verib. 3-cü dəfə 25 fevral 2018-də pul götürəndə, ona 600 manat yazdırıb, əlinə 540 manat verib. Pulu isə 660 manatdan çıxmağa başlayıb.4-cü dəfə 05.07.2018-də 300 manat hesabı ilə on faiz çıxıb, 270 manat ona pul verib. Nəhayət, 5-ci dəfə 11 sentyabr 2018-ci ildə Lalə 400 manat almaq üçün gəlmiş, Tatyana yenə də 10 faizini götürüb onun əlinə 360 manat verib və borcu çıxanda 440 manatdan hesablayıb. Məhkəmənin gedişində İddiaçınm məhkəməyə təqdim etdiyi qəbzlərdən məlum olmuşdur ki, o, bir il ərzində Əliyevanın fərdi işdə işlədiyi əmək haqqının yarısı olan 200 manatı və pensiyası olan 173 manatı, yəni ikisi birlikdə 373 manatı qəbul etdiyini öz xətti ilə yazıb və məhkəmədə ilk dəfə ifadə verərkən özü bunu təsdiq etmişdir. Beləliklə, Cavabdeh1 İddiaçı məhkəməyə müraciət etdiyi vaxt ona borcu olmayıb. Lakin Cavabdeh1 bir ədəd brilyant qaşlı 4,5 qramlıq qızıl sırğası və bir ədəd «obodok» adlanan brilyant qaşlı 4,8 qramlıq qızıl üzüyü, eləcə də evinin texniki pasportunun surətini özündə saxlayıb. Həmin qızıl əşyalarını Lalə nə qədər geri tələb etsə də İddiaçı verməyib. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında 5.272 manat məbləğində borcla bağlı münasibətlər yaranmışdır. Belə ki iddiaçı cavabdehə müxtəlif vaxtlarda pul verməklə verdiyi pulları qəbzlərdə qeyd etmişdir. Borc kimi verilmiş pulların təminatı olaraq cavabdehə məxsus təqaüd kartı və qızıl-zinət əşyaları çıxış etmişdir. Həmçinin birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 2017-ci ilin oktyabr ayından 2019-cu ilin yanvar ayı da daxil olmaqla cavabdehin təqaüd kartından aylıq təqaüdünü çıxarmışdır. Cavabdeh məhkəməyə əlyazma ilə tərtib edilmiş hesabat əks olunan vərəqi təqdim edərək iddiaçının özünə məxsus xətlə yazılan yazıya istinad etmiş və göstərmişdir ki, 2018-ci ilin onuncu ayından etibarən iddiaçı ilə razılaşmalarına əsasən, o 200 manatı ödəməkdən azad olmuşdur. İddiaçı ona məxsus kartdan 172 manat pulun alacağını qeyd etmişdir. Məhz bu razılaşmaya əsasən o 2019-cu ilin fevral ayında iddiaçıya olan borcunu tam ödədiyi qənaətinə gələrək kartını bağlatdırmışdır. İddiaçı qeyd edilən məsələyə münasibətdə bildirmişdir ki, istinad edilən yazı onun tərəfindən yazılıb, lakin bu cavabdehlə aralarında olan gələcəkdə icra edilməsi nəzərdə tutulan bir şərt olmasını göstərmişdir. Əks halda cavabdehin ödəmələri həyata keçirməsi ilə bağlı hər hansı qəbzi olardı. Tərəflərin birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi izahatlarla təsdiq edilir ki, Cavabdeh1 özünə məxsus 6.2 qramlıq qızıl sırğasını və bir ədəd “obodok” adlanan brilyant qaşlı 4,8 qramlıq qızıl üzüyünügötürdüyü borcun təminatı kimi girov qoymuşdur. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Kollegiya birinci instansiya məhkəməsinin borc məbləğinin tam ödənilməsi barədə gəldiyi nəticəni əsaslı hesab etmir. Cavabdeh tərəfindən təqdim edilmiş 200 manatla əlaqəli sübuta dair məhkəmə qeyd edir ki, məhkəməyə sübut kimi təqdim olunmuş hesablaşmanı özündə əks etdirən vərəqə sübut kimi qəbul edilə bilməz. Belə ki, vərəqələrdə ödənişlərin tarixi qeyd olunmamış, həmin ödənişlər hansı dövrü əhatə etdiyi qeyri-müəyyəndir. Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasэ Mülki Prosessual Məcəlləsinin 14.2-cimaddəsinəəsasən isə, məhkəməyalnıztərəflərintəqdimetdiklərisübutlarıaraşdırmalıvəonlardanistifadəetməli, 77.1ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlididir. Həmçinin qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun verilməsinə dair müvafiq qəbzlər, müqavilə və s.) sübut olunmalıdır və MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin etməməkdə səhv nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında borc münasibətlərinin yarandığı və ilkin iddia üzrə iddiaçı tərəfindən cavabdehə 5272 manat məbləğində borc pul verildiyi işin mübahisəsiz halıdır. İddiaçı öü etiraf etmişdir ki, cavabdehə məxsus kartdan 15 ay müddətində 171 manat olmaqla ümumilikdə 2565 manat pul çıxarmışdır. İddiaçı həmçinin etiraf etmişdir ki, cavabdeh tərəfindən əlavə olaraq ona borc məbləğindən 700 manat məbləğində ödəniş edilmişdir. Beləliklə kollegiya hesab edir ki, mübahisəli olmayan 5272 manat məbləğində borcdan cavabdeh tərəfindən ümumilikdə 3265 (2565+700=3265) manat ödənildiyindən, cavabdehdən iddiaçının xeyrinə 2007 (5272-3265=2007) manat tutulmalıdır. Apellyasiya şikayətinin qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, hazırki qətnamə ilə cavabdehdən iddiaçının xeyrinə borc məbləği tutulduğundan, borc öhdəliyinin təminatı olaraq iddiaçıya verilmiş qızıl-zinət əşyaları cavabdehə qaytarılmalıdır. Yuxarıda gösətirlənləri ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 İddiaçı Filippinovnanın xeyrinə 2007 manat məbləğində borc tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Мəhkəməsinin 2(011)-7492/2019 saylı iş üzrə qəbul etdiyi 06 dekabr 2019-cu il tarixli qətnaməsi ilkin iddia tələbinin “pulun tutulmaması” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul qəbul edilsin. Cavabdeh1 2007 manat məbləğində borc tutularaq İddiaçı Filippinovnanın xeyrinə ödənilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Məmməd Məmmədov Elşad Şamayev Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar