Məhkəmə qərarları › İş №2(103)-3171/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3171/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3171/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 fevral 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 4.492,95 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 759,5 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 237,32 manat, cəmi 5.489,77 manat borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla iddiaçı Bank arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Kredit müqaviləsinə” əsasən Bankdan illik 28 faiz dərəcəsi ilə 7.000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh həmin müqavilə ilə üzərinə öhdəlik götürmüşdür ki, əsas kredit borcu və kredit borcuna hesablanacaq faizləri hissə-hissə və aybaay, 36 ay müddətində Banka qaytaracaq. Bank, “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh, Bank qarşısında üzərinə götürdüyü öhdəliyi qismən icra etmiş, borcun bir hissəsini Banka ödəsə də, qalan borcu ödəməmişdir. Nəticədə cavabdehin 4.492,95 manat məbləğində əsas kredit borcu, 759,5 manat məbləğində faiz borcu yaranmışdır. Bank, öhdəliyin cavabdeh tərəfindən icra edilməməsini nəzərə alaraq “Kredit müqaviləsinin” şərtinə əsasən cavabdehə 237,32 manat cərimə hesablamışdır. Bank, yazılı qaydada cavabdehə müraciət edərək borcun ödənilməsini tələb etsə də, borc ödənilməmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 76 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, Bank, qeyd edilən məbləğlərin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Kredit müqaviləsinə” əsasən cavabdehə 7.000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh borcunu ödəməmişdir. Beləliklə, cavabdehin iddiaçı Bank qarşısında müqavilədən irəli gələn öhdəliklərinin pozulması halı baş vermişdir. Müqavilə öhdəlikləri cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyinə görə iddia tələbi təmin edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni əsas borca hesablanmış faiz borcunun və borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ondan iddiaçı Bankın xeyrinə tutulması hissəsində ləğv edilməsini və həmin borcların ondan Bankın xeyrinə tutulması barədə tələbin rədd edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh həqiqətən də Bankdan kredit götürmüşdür. Lakin maddi vəziyyəti pisləşdiyi üçün krediti ödəyə bilməmişdir. İddiaçı Bank isə cavabdehin ağır maddi duruma düşməsini nəzərə almamış, əsas kredit borcla yanaşı faiz və dəbbə borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi də, cavabdehin maddi durumunun ağır olmasını nəzərə almamışdır. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat

7. Cavabdeh və iddiaçı Bankın nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apelyasiya baxışının həddi barədə məlumat.

8. Apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, cavabdeh, ondan iddiaçı Bankın xeyrinə əsas kredit borcun tutulmasına etiraz etmir. Cavabdeh ondan Bankın xeyrinə əsas borca hesablanmış faiz borcunun və borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) tutulması barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır.

9. Odur ki, göstərilən halı, MPM-nin 372.6-ci maddəsinin tələbini və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, iddiaçı Bank ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli bağlanmış “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, cavabdeh həmin müqaviləyə əsasən Bankdan illik 28 faiz dərəcəsi ilə 36 ay müddətinə 7.000 manat məbləğində pulu borc olaraq götürmüşdür.

12. “Kredit müqaviləsinin” şərtlərindən görünür ki, cavabdeh üzərinə öhdəlik götürmüşdür ki, Bankdan aldığı krediti müqavilə və müqavilənin ayrılmaz hissəsi olan “Ödəniş cədvəli” üzrə Banka aybaay və hissə-hissə ödəyəcək.

13. Bank tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Maliyyə arayışdan” görünür ki, cavabdehin iddiaçı Banka ödənilməmiş 4.492,95 manat məbləğində əsas kredit borcu, 759,5 manat məbləğində əsas kredit borcuna hesablanmış faiz borcu və 237,32 manat məbləğində cərimə borcu var.

14. Cavabdeh apellyasiya şikayətində bildirir ki, o, Banka əsas kredit borcunun olması faktı və əsas kredit borcunun məbləği ilə razılaşır. Lakin ondan Bankın xeyrinə faiz və dəbbə borcunun tutulması ilə razılaşmır. Çünki yaranmış maliyyə çətinlikləri səbəbindən o, kredit borcunu Banka qaytara bilməmiş, lakin nə Bank, nə də ki, işə baxmış rayon Məhkəməsi bu halı üzürlü hal kimi nəzərə almamışlar.

15. İşdə olan xx.xx.2023-cü il tarixli “Bildirişdən” görünür ki, Bank borcun ödənilməsini cavabdehdən tələb etmişdir.

16. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin hazırki iş üzrə cavabdeh iddiaçı Banka əsas kredit borcunun olmadığı ümumiyyətlə iddia etməməşdir.

17. Qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, borcalan olan cavabdeh icra etmədiyi öhdəliklərə görə Bank qarşısında məsuliyyət daşıyır və Banka olan borclarını ödəməlidir.

18. Mülki Məcəllənin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəm əli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2.).

19. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin hallarına, iddiaçı Bank ilə cavabdeh arasında bağlanmış “Kredit müqaviləsində” əsas kredit borcuna faizlərin hesablanması şərtinin və cavabdehin Bank qarşısında üzərinə götürdüyü öhdəliyin lazımi qaydada icra edilməməsi, o cümlədən, borcun ödənilməsinin gecikdirilməsinə görə cərimənin (dəbbənin) tətbiq edilməsi şərtinin nəzərdə tutulmasını nəzərə alaraq hesab edir ki, iddiaçı Bank əsas kredit borcuna hesablanmış faiz borcunun və borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimə (dəbbə) borcunun ödənilməsini cavabdehdən tələb etməkdə, işə baxmış Rayon Məhkəməsi isə bu tələbi əsaslı hesab etməkdə haqlı olmuşlar.

20. Bundan başqa Məhkəmə bildirir ki, cavabdeh ilə iddiaçı Bank arasında bağlanmış “Kredit müqaviləsində” cavabdehin maddi vəziyyətinin ağırlaşmasının “fors major” halı kimi qiymətləndirilməsi və nəzərə alınması şərti nəzərdə tutulmamışdır. Belə olan halda bu kimi halın baş verməsi cavabdehin bir borclu kimi kreditor olan Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasından azad etmir və o, Mülki Məcəllənin yuxarıda qeyd edilmiş 739-cu maddəsinə əsasən Bank qarşısında üzərinə götürdüyü öhdəliyi tam həcmdə yerinə yetirməlidir. h) Apellyasiya baxışının nəticəsi

21. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

22. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

23. Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

25. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 fevral 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar