Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3176/2022 18.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı2, onun və iddiaçı X2 nümayəndəsi və vəkili X4, Cavabdeh1 Sami oğlunun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3472/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar X7 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar X7 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Sami oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi Xiyabani küçəsi yaşayış evinin 1-ci blokunun "15-ci mərtəbəsində 112.1 kv.m. olan 83 nömrəli 3 otaqlı mənzilin X1 ilə bağlı əldə etdikləri 57.000 ABŞ dolların cavabdehlər Cavabdeh1 Sami oğlundan və Cavabdeh2 müştərək qaydada alınaraq X3 və İddiaçı2 verilməsinə, 30.000 min ABŞ dolları Cavabdeh1 alınaraq X3 və İddiaçı2 verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3472/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçılar X7 və İddiaçı2 birgə verdikləri apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, təxminən 2020-ci ilin iyul ayının əvvəllərində Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küşəsində yerləşən "xxxx" MMC-yə məxsus yaşayış evin təsiscisi Taleh müəllim (mob; *** *** ** **) İddiaçı2 zəng edərək ailəsinə məxsus 2 maşın qarajlarının Cavabdeh1 tərəfindən zəncirləndirilək satmağını bildirdi və onun xəbərinin olub-olmadığını soruşdu, o, isə məsələdən xəbəri olmadığını bildirdi. Həmin dövrdə mərhum atası X11 “koma” vəziyyətində olduğu üçün ailəsinə məxsus olan mülklərə o və anası nəzarət edirdi. Bu xəbəri eşidəndən sonra İddiaçı2 "xxxx" MMC-də yerləşən əmlaklarının müqavilələrini götürüb yeni tikiliyə getdi. Araşdırma nəticəsində məlum oldu ki, ailəsinə məxsus olan və 6 №-li müqavilə ilə qeydiyyatdan keçən həmin binanın 1-ci blokunun 15-ci mərtəbəsində 112.1 kv.m, olan 83 № li 3 otaqlı mənzil xəbərləri olmadan satılıb. "xxxx" MMC-nin direktoru Fazil Əliyevdən (*** *** ** **) məsələnin araşdırılmasını xahiş etmişdir. Fazil evi alana (Soltan Məlikova *** *** ** **, *** *** ** **) zəng vuraraq mənzili kimdən aldığını soruşdu. Soltan da qeyd olunan mənzili Səməd Vurğun prospektində yerləşən ofisdə Cavabdeh1 (*** *** ** **, *** *** ** **) 57.000 ABŞ dollara aldığını bildirdi. İddiaçı2 Namiqə zəng vuraraq məsələnin aydınlaşdırılması üçün göruşməklərini bildirmiş və onlar görüşmüçlər. İddiaçı2 mənzilin onun tərəfindən satıldığını dedikdə Namiq bu işdən xəbərinin olmadığını bildirdi. Belə olan halda o, mənzili alan X14 görüşdürərək məsələni aydınlaşdırmaq istəsə də, bir neçə gün bu, mümkün olmadı. Lakin onun israrla təkidindən sonra ev alan X15 və o 14 sentyabr 2020-ci ildə saat 16.00-da görüşləri baş tutdu. Görüşə o, Taleh, Namiq, qardaşı Nazim, Namiqin bacısı oğlu Naməddin və ev alan Soltanın iki oğlanları gəldilər. Ev alanın oğlu Rəhim Namiqə baxaraq pulu ona verdiyin dedi. Namiq isə bunları tanımadığını, pul almadığını, belə bir görüş olmadığını bildirdi. İddiaçılar apellyasiya şikayətində Mülki Prosessual Məcəlləsinin 88, 218.1, 220, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 nömrəl qərarının 6.2-ci bəndinə istinad edərək bildirmişdir ki, bütün məhkəmələr üçün məcburi olan qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəflərin istinad etdiyi sübutların və dəlillərin hər birinə öz münasibətini bildirməli, bu və ya digər dəlilin qəbul və ya rədd edilməsini müvafiq qaydada əsaslandırmalıdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbini rədd etsə də, məhkəmə gəldiyi nəticəni əsaslandırmamışdır. Hesab edirlər ki, məhkəmənin gəldiyi nəticələr aşağıda qeyd olunanlara əsasən tamamilə əsassızdır. Belə ki, əvvəla, məhkəməyə təqdim edilmiş iddia ərizəsinə Eldar Vəliyevin ölümü haqqında və nikah haqqında şəhadətnamələrin və İddiaçı2 doğum haqında şəhadətnaməsinin təsdiq edilmiş surətləri və Eldar Vəliyevlə bağlanmış çoxmənzilli yaşayış binasının tikintisi haqqında 6 nömrəli müqavilənin və məlumat və hesabatların surətləri əlavə olunmuşdur. Cavabdehlər Yasamal rayon Polis İdarəsində araşdırma zamanı faktiki olaraq Fuad və X10 Vəliyevin vərəsələri olduqlarını qəbul etmiş və məhkəmədə qaldırılmış iddiada qeyd olunan qanunsuzluqlarla bağlı nümayəndəsi vasitəsi ilə öz mülahizələrini bildirmişlər. Bununla yanaşı əmlak birgə nikah dövründə əldə olunmuş əmlak olduğu üçün ümumi mülkiyyət hesab edilməli və mülkiyyətlə bağlı hüquq normaları, Mülki Məcəllənin 213-225-ci maddələri tətbiq edilməli idi. Lakin məhkəmə tərəfindən işin halları üzrə hər hansı bir maddi və prosesual hüququ normasına istinad olunmamış iş üzrə tətbiq edilməli olmayan və yalnız Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına istinad edilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən onların yalnız subyektiv hüquqlarının olmamasına istinad edilməklə iddianın təmin etməməsi tam əsassızdır. Mülki Məcəlləsinin 213-225-ci maddələri tətbiq edilmədiyindən maddi hüquq pozuntusuna yol verilmişdir. Qanunverici qeyd olunan normalarda birgə nikah dövründə əldə edilmiş əmlakı ər-arvadın ümumi mülkiyyəti kimi tanıyır və bunun müdafiəsi ilə bağlı müəyyən hüquqlar müəyyən edir. Belə olan halda məhkəmələr tərəfindən qeyd olunan hüquqların tətbiqi məcburi xarakter daşıyır. Bundan başqa, Yasamal rayon Polis və Prokurorluğunda ilkin araşdırma zamanı və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı2 mərhum Eldar Vəliyevin oğludur və qeyd olunan binanın tikintisi zamanı atasının səlahiyyətli nümayəndəsi kimi bütün işləri o, icra etmişdir. Məhkəmə tərəfindən qeyd olunan hallar nəzərə alınmamış, iş üzrə tətbiq edilməli olan hüquq norması tətbiq edilməməklə qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı2, eləcə də hər iki iddiaçının nümayəndəsi və vəkili X12 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 Sami oğlunun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər Cavabdeh2 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə; “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə; “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarına; “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, sifarişçi X11 ilə podratçı "xxxx" MMC-nin direktoru arasında bağlanmış 10 mart 2007-ci il tarixli 6 saylı müqavilənin surətindən görünür ki, sifarişçi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivindəki, Xiyabani küçəsində tikilməkdə olan yaşayış binasının 1 blokunda, 15 mərtəbədə, 3 otaqlı 83 №-li mənzilin tikintisini öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 23.10.2020-ci il tarixdə 1 saylı Bakı “Asan xidmət” mərkəzi tərəfindən verilmiş AZ-İİ № 122005 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, sifarişçi X11 19.10.2020-ci il tarixdə vəfat etmişdir. "xxxx" MMC tərəfindən 10 mart 2007-ci il tarixli X8 verilmiş kassa mədaxil qəbzinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivindəki, Xiyabani küçəsində olan yaşayış binasının 1 blokunda, 15 mərtəbədə, 3 otaqlı 83 №-li mənzilin dəyəri olan 56050 manat məbləğində pul ödənilmişdir. İddiaçılar iddia edir ki, mərhum X8 məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivindəki, Xiyabani küçəsində tikilməkdə olan yaşayış binasının 1 blokunda, 15 mərtəbədə, 3 otaqlı 83 №-li mənzil onların xəbəri olmadan üçüncü şəxsə satılmışdır. Cavabdehlər iddia tələbini qəbul etmir, iddiaçıların “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərara istinad etməsinin əsassız olduğunu, bu səbəbdən də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə belə hesab edir ki, iddiaçılar X2 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Sami oğluna və Cavabdeh2 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia qaldırsalar da belə bir tələblə iddia qaldırmağa subyektiv hüquqlarının olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə əvvəlcə iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Göründüyü kimi, iddiaçılar İddiaçı2 və İddiaçı1 mərhum X6 qanuni vərəsələri olması sübuta yetirilməmiş, buna dair iddiaçılar tərəfindən məhkəmə araşdırması zamanı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi üzrə iddiaçılar X2 və İddiaçı2 hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Belə ki, mübahisələndirilən məsələ üzrə qeyd edilən iddia tələbini yalnız mərhum şəxsin müvafiq qaydada təsdiqlənmiş vərəsələri tərəfindən qaldırıla bilər. Belə olduğu təqdirdə isə iş üzrə iddiaçılar X2 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Sami oğluna və Cavabdeh2 qarşı “vurulmuş zərərin ödənilməsi” hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi özlüyündə əsassız və qanunsuzdur. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsaəsn varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərdən ibarətdir. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 1091-1095-ci maddələri nəzərdən keçirilə bilər. Lakin iddia ilə bağlı faktiki hallar həmin normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığı üçün də iddia haqlı sayıla bilməz. Belə ki, iddianın və apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçılar 21 iyul 2011ci ildə Bakı şəhəri Yasamal rayonu Xiyabani küçəsində olan yaşayış evinin 1-ci blokunun 15-ci mərtəbəsində 112.1 kv.m. olan 83 nömrəli 3 otaqlı mübahisəli mənzilə dair "xxxx" MTK-nın direktoru Əliyev Fazil Soltan oğlu ilə X9 arasında bağlanmış müqavilə üzrə ödənilmiş 57.000 ABŞ dollarını cavabdehlərdən tələb edir. Yəni, iddiaçılar həmin məbləğin Cavabdeh1 ödənildiyini əsas gətirib 10 ildən sonra həmin məbləği tələb edirlər. İlk növbədə iddiaçılar iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməlidirlər. Başqa sözlə mübahisəli mənzilə dair "xxxx" MTK-nın direktoru Əliyev Fazil Soltan oğlu ilə X9 arasında bağlanmış müqavilə üzrə ödənilən 57.000 ABŞ dollarının Cavabdeh1 verilməsi mötəbər sübutlarla təsdiq edilməlidir. Lakin onlar tərəfindən məhkəməyə hansısa mötəbər sübut təqdim edilməmişdir. İş üzrə dindirilmiş şahidlərin ifadələri də sübut edilməli halları bilavasitə təsdiq etmir. Belə ki, şahidlərdən yalnız Rəhim Məlikov qeyd olunan məbləğin 55000 ABŞ dollarını şəxsən Cavabdeh1 ödədiyini, qalan 2000 ABŞ dollarını isə hər ay Namiqin katibəsinə ödədiyini göstərmişdir. Ancaq şahid Fazil Əliyevin ifadəsindən, eləcə də iş materiallarından bəlli olur ki, Cavabdeh1lə Eldar Vəliyevin iş birliyi olmuş və onlar qeyri-rəsmi ortaq olmuşlar. Belə olmasaydı, ən azından Eldar Vəliyev özü vəfat edənədək həmin mənzilin satışından əldə edilən vəsaiti hazırki iş üzrə cavabdehlərdən tələb edərdi. Əksinə iş materialları ilə təsdiq olunur ki, hazırki iddia Cavabdeh1 iddiaçılara qarşı borcun qaytarılması və zərərin əvəzinin ödənilməsinə dair Binəqədi Rayon Məhkəməsində iddia irəli sürdükdən sonra qaldırılmışdır. Göründüyü kimi, bu hallar da iddianın əsassızlığına dəlalət edən faktlardır. Əks halda ən azından iddiaçılar on il müddətində mübahisəli mənzilin satışından əldə olunan vəsaitin mərhum Eldar Vəliyevə çatmalı olduğuna yaxud çatmadığına dair hansısa formada tələb irəli sürə bilərdilər. Ancaq bu müddətdə tələbləri olmamış, qeyd olunduğu kimi onlara qarşı cavabdeh tərəfindən məhkəmə müstəvisində yuxarıda qeyd olunan iddia irəli sürüldükdən sonra hazırki iddia ortaya çıxmışdır. İddiaçıların bu davranışı da həyatda həmişə baş verən hallara da uyğun gəlmir. Yəni, iddiaçılar onların ailəsinə məxsus mənzilin on il əvvəl satılmasından, on il sonra xəbər tutaraq mənzilin özünü deyil, onun dəyərini müqavilə tərəfi olmayan şəxslərdən tələb etməsi ağlabatan iddia sayıla bilməz. Bununla yanaşı, iddiaçılar Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan müddəti də ötürmüşlər. Həmin maddəyə əsasən əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. İddiaçıların mübahisəli mənzilin on il əvvəl satılmasını bilməmiş ola bilməzlər. Çünki, ağlabatan mühakimə ilə də insanın ona məxsus daşınmaz əşyanın satışından on il sonra xəbər tutmasını yaxud mənzilin satışından əldə edilən vəsaitin onlara çatmadığını on il ərzində müəyyən etməmələri inandırıcı və ağlabatan sayıla bilməz. Ona görə qeyd olunan maddədə nəzərdə tutulan müddəti də iddiaçılar uzun illər əvvəl ötürdüyündən bu halın özü də iddianın rədd edilməsinin müstəqil əsası sayılırdı. Məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçılar üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda daşınmaz əşyaların alqı-satqısı, hüquqdan sui-istifadə etməyin qadağan olunması, iddia və kəsici müddət institutlarının da yaranmasına da zərurət və əsas olmazdı. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3472/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçılar X7 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3472/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3176/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3176/2022
18.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver