Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3177/2024 24.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 Musarza oğlu və Cavabdeh1nə qarşı işi üzrə Açar sözlər : (“borcun ödənilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə,hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, iddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-288/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Əmanətlərin Sığortalanması Fondu iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim etməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı "Bank Technique” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-Q004/14 saylı kredit müqaviləsi ləğv edilərək, cəmi 35504,47 manat - bundan 20874,74 manat əsas, 8997,50 manat faiz, 5632,23 manat cərimə borcu və iş üzrə ödənilmiş 196,52 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və "Park Azure” Mənzil-Tikinti Kooperativindən müştərək qaydada Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-288/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada 20043,28 manat əsas borc, 7008,47 manat faiz borcu və 563,25 manat cərimə borcu olmaqla, cəmi 27615 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 172,84 manat hissəsinin tutularaq Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 8,16 manat hissəsi iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 423.2, 448.1, 462.1, 467,470.1, 472, 739.1, 739.2; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarına istinadən qeyd edilmişdir ki, məhkəmə əsas borcu cavabdehdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq, cərimə məbləği azaldılmalı və cavabdehdən iddiaçının xeyrinə 563,25 manat cərimə tutulmalıdır. Məhkəmə həmçinin Cavabdeh1 nümayəndəsi və vəkili X4 etirazda istinad etdiyi dəlillərə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, iddiaçı "Bank Technique” Açıq Səhmdar Cəmiyyəti ilə "Park Azure” Mənzil-Tikinti Kooperativi arasında bağlanmış 01 noyabr 2013-cü il tarixli müqavilənin 5.7-ci bəndinin məzmunundan göründüyü kimi, həmin müddəada 90 gün - kooperativ üçün öhdəlik yaradan minimal geicikdirilmiş gün sayıdır və həmin müddəa kreditorun ziyanına şərh edilə bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8244 saylı ekspert rəyində qeyd olunanları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarının müddəalarını əsas götürərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada 20043,28 manat əsas borc, 7008,47 manat faiz borcu və 563,25 manat cərimə borcu olmaqla, cəmi 27615 manat məbləğində borc tutularaq Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - "Bank Technique” Açıq Səhmdar Cəmiyyəti ilə "Park Azure” Mənzil-Tikinti Kooperativi arasında bağlanmış 01 noyabr 2013-cü il tarixli müqavilənin 2.1-ci maddəsinə əsasən, müqavilənin predmetini ünvan 1 ünvanında tikintisi aparılan "Azure Parkinq” çoxmərtəbəli yaşayış və avtomobil dayanacağı kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 80 faizindən artıq olmayan hissəsinin illik 12 faizlə 10 il müddətinə kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir; - "Bank Technique” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinin və ödəniş cədvəlinin surətinə əsasən, borcluya avtodayanacaq sahəsinin alınması üçün illik 12 % dərəcəsi ilə 120 ay müddətinə 36000 manat məbləğində kredit verilmişdir; - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh2 borcu: 20874,74 manat əsas borc, 8997,50 manat faiz borcu və 5632,23 manat cərimə borcu olmaqla, cəmi 35504,47 manat təşkil edir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8244 saylı ekspert rəyində göstərilmişdir ki, Cavabdeh2 borcu xx.xx.2024-cü il tarixə 20.043,28 manat əsas borc və 7.008,47 manat faiz borcu, xx.xx.2023-cü il tarixə isə 20.043,28 manat əsas borc və 8.378,09 manat təşkil edir; - xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun məzmununa əsasən, cavabdehlər 20874,74 manat əsas borc, 7348,29 manat faiz borcu, 4645,59 manat cərimə borcu olmaqla, cəmi 32868,62 manat məbləğində borc 5 gün müddətində ödənilmədiyi təqdirdə, müqavilənin ləğv ediləcəyi və s. barədə məlumatlandırılmışlar. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh1 apellyasiya şikayəti verərək, apellyasiya şikayəti təmin edilərək Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-288/2024 nömrəli qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.5, 14, 458; Mülki Prosessual Məcəllənin 88, 77, 217.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qanunvericiliyin tələbinə uyğun olaraq "xxxx" MTK və "Bank Technique” ASC arasında 01 noyabr 2013-cü il tarixli müqavilə imzalanmışdır.Həmin müqavilənin 5.7-ci maddəsinin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 gündən artıq gecikdirildikdə, kooperativ bütün əsas kredit borcu və hesablanmış faizləri 5 iş günündən gec olmayaraq tam ödənilməsini öhdəsinə götürür. Müqavilə azadlığı prinsipindən istifadə edən bank vaxtı ilə öz üzərinə düşən öhdəliyi düzgün icra etməmişdir. Qanunun tələbindən də, göründüyü kimi müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsinə əsasdır. Lakin, Bank onun üzərinə düşən hüquq və vəzifələri yerinə yetirmədən əsas məbləğlə birlikdə əsassız artan faiz və dəbbə pulunu da tələb edir. 1-ci instansiya məhkəməsi isə əsassız olaraq iddia tələbini qismən təmin edir. Bu hal həm vətəndaşın həm də hüquqi şəxsin vəziyyətini pisləşdirir. Qanunvericik birbaşa qeyd etmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Kreditorun müqavilənin şərtlərinə düzgün əməl etmədən və bilərəkdən öhdəliyin vaxtında icra edilməsinə şərait yaratmaması borclunun məsuliyyətinin ölçüsünü artırmışdır. Əgər müqavilənin tələblərinə əməl etsə idi, borclunun məsuliyyət ölçüsü kreditor qarşısında artmazdı.1-ci instansiya məhkəməsi öz növbəsində qanunvericiliyin bu tələbinə də, istinad etmədən borclunun məsuliyyət ölçüsünü müvafiq surətdə azaltmamışdır.
5. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, Cavabdeh1 MTK apellyasiya şikayətində Cavabdeh1 MTk və "xxxx" ASC arasında bağlanmış 01 noyabr 2013-cü il tarixli müqavilənin 5.7-ci maddəsinə istinad edərək bildirmişdir ki, Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1541/2016 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilməklə, iflas prosesinə başlanılmış, həmin Məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli 2-1(81)-1541/2016 nömrəli qərardadına əsasən ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh1 layihəsinə aid kredit portfeli banka qarşı kreditor tələbinin əvəzi kimi Əmanətlərin Sığortalanması Fonduna köçürülməsi qərara alınmışdır. Bundan əlavə, Fond tərəfindən xx.xx.2022-ci il tarixli **********905 saylı, həmçinin xx.xx.2023-cü il tarixli **********359 saylı məktublarla tərəfə müraciət edərək, borc öhdəliyinin yerinə yetirilməsi tələb edilmişdir. Göründüyü kimi, tərəf apellyasiya şikayətində Fondun borcla bağlı ona məlumat verməməsini əsas gətirsə də, yuxarıda qeyd edilmiş məktublar bunu təkzib edir. MTK borcu xx.xx.2022-ci il tarixli məktubla ödəyə bilərdi və ya kreditora bu məsələ ilə bağlı müraciət edə bilərdi. MTK tərəfindən öhdəliyin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Verilmiş apellyasiya şikayəti ilə prosesi uzatmaq niyyətindədir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli 2-1(81)-1541/2016 nömrəli qərardadına əsasən, Ləğv prosesində olan "xxxx" ASC-nin “Park Azur” layihəsinə aid 30.836.570 manat məbləğində kredit portfelini 5.194.019 manat güzəştli şərtlə Əmanətlərin Sığortalanması Fondunun banka qarşı kreditor tələbinin əvəzi kimi Əmanətlərin Sığortalanması Fonduna köçürülməsi, kredit portfelinə aid istənilən növ təminat hüquqlarının fonda ötürülməsi, Kredit portfelinin təminatı olan 5.194.019 manat məbləğində depozit üzrə bankın öhdəliyinin Fonda köçürülməsi ilə əlaqədar qeyd olunan depozitlər üzrə yüklülüyə xitam verildiyi halda həmin öhdəliyin depozit sahibinə ödənilməsi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi qərara alınmışdır.
7. Tələb hüquqlarının və öhdəliyin ötürülməsi haqqında Ləğv prosesində olan "xxxx" ASC və Əmanətlərin Sığortalanması Fondu arasında 21 dekabr 2016-cı il tarixli müqavilə mövcuddur, müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan kredit portfelinin tərkibinə bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 nömrəli Əlavəsində qeyd edilən kreditlər daxildir.Kredit portfelinin dəyəri 30 836 570 manat təşkil edir.
8. Tələb hüquqlarının və öhdəliyin ötürülməsi haqqında müqaviləyə 1 nömrəli əlavəyə əsasən Cavabdeh2 aid kreditin kredit portfelinə aid edildiyi müəyyən edilmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə verilmiş etiraz ərizəsinn məzmununa uyğun izahat verməklə, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
10. Cavabdeh "xxxx" MTK-nın vəkili Vəkil məhkəməyə məktub ünvanlamaqla onların iştirakı olmadan işə baxılmasını və apellyasiya şikayətinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 376-cı maddəsinə əsasən cavabdehlər "xxxx" MTK və X2 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385-390, 425, 427, 442, 443, 445, 448, 560, 739, 741, 743, 744; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82, 119, 217.4, 385-390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) və qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin əsassız, ziddiyyətli və aidiyyəti olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran əsaslar müəyyən etmir, apellyasiya şikayətinin özünün dəlillərini isə hüquqdan sui-istifadəyə yönəlmiş cəhd kimi qiymətləndirilir. Belə ki, apellyasiya şikayətininin dəlilləri üzrə iddiaçının (vəzifəli şəxslərinin) borcu tələb etməməsi (hərəkətsizliyi) cavabdehlərin müqavilə öhdəliklərindən yayınması üçün əsas ola bilməz. Bu hallar iddia müddətinin tətbiqi və ya tələb etmək hüququna müddətin keçməsinə görə xitamı zamanı müzakirə edilə bilən məsələdir ki, cavabdeh bu barədə ərizə ilə müraciət etməmişdir.
15. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-288/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.