Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3178/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, X5 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(005)-532/2024 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 fevral 2019-cu il tarixli icarə müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar müqaviləyə xitam verildiyi üçün icarəçi Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən sahənin boşaldılaraq ona, İddiaçı təhvil verilməsi və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 mart 2005-ci il tarixli, 228619 saylı qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1 ünvanında yerləşən, sahəsi 47 kv.m. olan daşınmaz əmlak xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. 20 fevral 2019-cu il tarixində icarəyə verən kimi onunla icarəçi Cavabdeh arasında həmin əmlak üzrə icarə müqaviləsi bağlanılaraq notarial qaydada təsdiq edilmişdir. 20 fevral 2019-cu il tarixli müqavilənin 4-cü bəndinə əsasən, icarəyə götürənin icarəyə verənə aylıq 200 manat icarə haqqı ödəməsi müəyyən edilmişdir. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti müqavilə imzalandığı vaxtdan xx.xx.2021-ci il tarixinədək müəyyən edilmişdir. Müqavilənin müddətinin xx.xx.2021-ci il tarixində bitməsinə rəğmən, bu günə qədər əmlak boşaldılaraq təhvil verilməmişdir. İcarəyə götürənə dəfələrlə xəbərdarlıq edilmiş, müddətin bitməsi ilə əlaqədar icarə müqaviləsinə xitam verildiyi üçün icarə obyektini boşaldaraq təhvil verməsi tələb edilmişdir. Lakin icarəyə götürən Cavabdeh bu günə qədər əmlakı təhvil verməmişdir. Bu səbəblə, xx.xx.2023-cü il tarixində ona pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq sözügedən əmlakı 3 iş günü müddətində boşaldaraq təhvil verməli olduğu bildirmiş, əmlak 3 iş günü müddətində boşaldaraq təhvil verilmədiyi təqdirdə əmlakın boşaldılaraq təhvil verilməsi və obyektin qanunsuz saxlandığı müddət üçün ona dəymiş zərərin, həmçinin vəkil xərcləri, poçt xərcləri, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu və digər xərclərin tutulması barədə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin cavabdeh əmlakını boşaldaraq ona təhvil verməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh X3 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əbdülrəhmanov küçəsi, ev 18, mənzil 44-də yerləşən sahənin təmirinə sərf etdiyi 27.000 manat pulun, eyni zamanda iddianın verilməsi üçün məhkəmənin hesabına ödədiyi 271 manat pulun cavabdeh X2 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, X4 ilə aralarında 20 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əbdülrəhmanov küçəsi, ev 118, mənzil 44-də yerləşən qeyri-yaşayış sahəsinin icarəsinə dair müqavilə bağlanmışdır. Müqavilə bağlanarkən, qeyri-yaşayış sahəsi təmirsiz olduğundan, təmirə ehtiyacının olmasını qeyd edib. Aralarında belə bir razılıq olub ki, qeyri-yaşayış sahəsi onun hesabına təmir etdirilsin, icarə müqaviləsi bitdikdən sonra, qeyriyaşayış sahəsindən çıxarkən təmir xərci ona ödəniləcək, bundan sonra qeyri-yaşayış sahəsini tərk edəcəkdi. Beləliklə, icarəyə götürdüyü qeyri-yaşayış sahəsini təmir etdirmişdir. Təmirə 27.000 manat pul vəsaiti sərf etmişdir. Cavabdehin özüdə həmin məbləğdə xərcin çəkildiyini bilirdi və ona həmin xərci ödəyəcəyini bildirmişdir. Təmir etdirdikdən sonra uzun müddət qeyri-yaşayış sahəsindən istifadə etmişdir. Hazırda cavabdeh ondan müqavilənin bitdiyini bildirərək, qeyriyaşayış sahəsindən çıxmağını tələb edir. İcarə müqaviləsi bağlandıqdan sonra razılaşdıqları kimi, mübahisəli sahəyə çəkdiyi xərci tələb etmiş, lakin cavabdeh həmin xərci ödəməkdən imtina etmişdir. Çəkdiyi xərc cavabdeh tərəfindən ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(005)-532/2024 saylı qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edimişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini qarşılıqlı iddianın da təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, sədrlik edənin suallarına cavab olaraq icrarə müqaviləsi predmeti olan ünvan 1 ünvanında yerləşən sahənin ofis kimi istifadə olunduğunu bildirdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahatında VÖEN-i olduğunu, mübahisə predmeti olan icrarə müqaviləsi predmeti olan ünvan 1 ünvanında yerləşən sahənin əvvəl aptek kimi, sonradan ofis kimi istifadə olunduğunu bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(005)-532/2024 saylı qətnaməsi ləğv edilməli, iş materialları baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Çıxarışlardan görünür ki, İddiaçı əsas fəaliyyət növü “şüşənin pərakəndə satışı” istiqamətində fərdi qaydada fəaliyyət göstərən sahibkar olmaqla adına xx.xx.2011-ci il tarixdən ********** nömrəli VÖEN mövcuddur. Fəaliyyəti müvəqqəti dayandırılmışdır. Həmçinin, Cavabdeh əsas fəaliyyət növü “konsessiya qaydası təşkil edilmiş idman restoranlarının fəaliyyəti” istiqamətində fərdi qaydada fəaliyyət göstərən sahibkar olmaqla adına xx.xx.2007-ci il tarixdən ********** nörməli VÖEN mövcuddur. Fəaliyyəti müvəqqəti dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmetivə hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 11-ci bəndinə əsasən o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Kollegiya qeyd edir ki, subyektiv tərkibinə görə tərəflər İddiaçı (**********) və Cavabdeh (**********) hər ikisi fərdi sahibkar statusuna malik olan fiziki şəxsdir. Mübahisənin mahiyyəti ondan ibarətdir ki, Cavabdeh tərəfindən ünvan 1 qeyri-yaşayış sahəsi- ofis kimi istifadə edilərək gəlir götürülməsi üçün İddiaçı icarə müqaviləsi əsasında icarəyə götürülmüşdür. Hazırda iddiaçı icarə müqaviləsinin predmeti olan qeyri-yaşayış sahəsi kimi icarəyə verdiyi sahənin cavabdeh tərəfindən boşaldılmasını, cavabdeh isə həmin qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş xərcin iddiaçı tərəfindən ödənilməsini tələb edərək, hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər. Göründüyü kimi, həm mübahisənin subyekt tərkibi, həm də predmeti məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Həmçinin hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işdə iştirak edən şəxslərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını nəzərə almadan işə ümumi məhkəmədə baxılmalı olması qənaətinə gəlməklə prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 32.3, 32.4, 263-264, 384.0.4, 385.1.1, 387.2.9, 402.2.5, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(005)- 532/2024 saylı qətnaməsi ləğv olunsun, iş materialları baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-3178/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3178/2024
29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver