Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3182/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehna qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər : (“maddi ziyanın ödənilməsi”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdehna qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2509/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 166000 manat kompensasiya məbləğinin ödənilməsinin 5 il 06 ay gecikdirilməsinə görə illik 7,75%-lə hesablanmış 71730 manat manat pulun və məhkəmə icraatının başlanması üçün çəkilmiş 305 manat xərcin, ümumilikdə 72035 manat pulun sonuncudan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2509/22 saylı iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən maddi zərərin əvəzi kimi 3216 manat pulun və ödənilmiş 305 manat dövlət rüsumunun 30 manatının alınaraq iddiaçıya verilməsi, ödənilmiş 305 manat dövlət rüsumunun qalan 275 manatının isə iddiaçıya aid edilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 425.1, 442, 449.1, 449.2, 944.1, 1097.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 76.1, 76.2, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiyanın ödənilməsinin gecikdirilməsinə görə faiz borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1040/2022 saylı qərarının çıxarıldığı xx.xx.2022-ci il tarixdən hazırki qətnamənin çıxarıldığı xx.xx.2022-ci il tarixədək hesablanmaqla, həmin müddət 3 ay müəyyən edilməlidir. Mərkəzi Bankın rəsmi internet səhifəsində xx.xx.2022-ci il tarixə uçot faiz dərəcəsi 7,75% müəyyən edilmişdir.Qeyd olunanlarla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehdən bank uçot dərəcəsi üzrə (3 ay üzrə ödəmənin gecikməsi nəzərə alınmaqla) 3216 manat (166.000 manat x 7,75% uçot faiz dərəcəsi /12 ay = 1072 manat); (1072 x 3 ay = 3216 manat) məbləğində pul tutulmalıdır.
3. İşin icraatı zamanı təqdim təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3263/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilmiş, sığorta hadisəsinin baş verməsi ilə əlaqədar 166000 manat məbləğində kompensasiyanın İddiaçı ödənilməsi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5116/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1040/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə müvafiq olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(103)- 6134/2022 nömrəli qətnaməsi ilə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 425.1, 442, 449.1, 449.2, 944.1, 1097.1; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 15.2, 372.4, 402-ci maddələrinə istinadən) iddiaçının və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-383/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixili qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6134/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsinin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yenidən baxılması üçün işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 425.1, 442, 443.1, 443.2, 445.7, 449.1; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.4, 407.2, 416.1, 416.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməmiş hissəsi üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi, həmçinin maddi və prossesual hüquq normalarının tələblərinə zidd olduğu üçün əsaslı və qanuni sayıla bilməz. Belə ki, məhkəmələr cavabdeh Əmanətlərin Sığortalanması Fondunun qanunvericilikdə nəzərdə tutulmuş hüquqdan istifadə edərək müxtəlif məhkəmə instansiyalarına müraciət etməsini nəzərə alaraq məhkəmə mübahisəsinin davam etdiyi 5 il müddət üçün cavabdehdən pul tutulmasını əsassız hesab etmişdirlər. Lakin məhkəmə kollegyası hesab edir ki, iddia tələbi qətnamənin vaxtında icra edilməməsinə görə ziyan tələbi olmadığından öhdəliyin yarandığı gündən faizlərin hesablanıb tutulması barədə iddianın bu əsasla təmin edilməməsi əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehə qarşı qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında hesabına bərpa edilməli olan əmanət məbləğinə görə kompensasiya ödənilməsi barədə tələbi cavabdehin etirazlarına baxmayaraq, məhkəmələr tərəfindən təmin edilmiş, tələb əsaslı hesab edilmiş, cavabdehin qanunun tələbinə əsasən yaranmış kompensasiya ödəmək öhdəliyinin icrasından imtinası qanunsuz hesab edilmişdir. Belə olan halda, iddiaçının qanunla icra edilməli olan pul öhdəliyin vaxtında icra edilməməsi üçün ziyan tələb etmək hüququ vardır və iddiaçı Mülki Məcəllənin 445.7 və 449.1-ci maddələrinə istinad etməklə hazırki iddianı qaldırmışdır. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı) Məhkəmələr tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə istinad edilsə də, həmin norma düzgün tətbiq edilməmiş, yalnız qətnamənin qanuni qüvvəyə mindiyi gündən sonrakı dövrə faizlər hesablanaraq tutulmuşdur. Kollegiyanın qənaətinə görə cavabdehin məhkəmə təminatı hüququndan istifadə edərək məhkəmə aktlarından şikayət verməsi onu məsuliyyətdən azad edən hal hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 6.İddiaçının apellyasiya şikayətində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 217.3, 384.0.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, “Əmanətlərin sığortalanması haqqında" AR Qanununun 4.1.4-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparır və kompensasiya ödəyir; 28.2-ci maddəsinə əsasən kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur. Təqdim olunan sənədlərin yoxlanılması və ödənişə yönəldilməsi qaydası X6 tərəfindən müəyyən edilir. Maddə 28.5. Fond kompensasiyanı əmanətçinin ərizəsini qəbul etdiyi gündən ən geci 90 təqvim günü ərzində ödəməlidir. “Əmanətlərin sığortalanması haqqında" qanunun yuxarıda qeyd olunan müddəalarının mənasına görə bank və əmanətçilər tərəfindən təqdim olunan sənədlərin yoxlanılması və ödənişə yönəldilməsi Fondun vəzifəsidir. Ancaq işin faktiki hallarına əsasən "BankStandard" KB-də sığorta hadisəsi baş verəndən sonra, onun tərəfindən müvafiq qaydada Əmanətlərin Sığortalanması Fonduna müraciət edilməsi və əmanəti təsdiqləyən subutların təqdim edilməsinə baxmayaraq, Ləğvetmə prosesində olan bank tərəfiindən təqdim edilmiş bankın əmanətçilər qarşısında öhdəlikləri reyestrində onun əmanətlərinə dair məlumatın olmaması bəhanəsi ilə kompensasiyanın ödənilməsindən yayınmışdır. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 02 oktyabr 2009-cu il tarixli (16 saylı protokol) qərarı ilə Kompensasiyaların ödənilməsi proseduruna dair Qaydaların 9.2.bəndinə əsasən Fond hər bir əmanətçiyə görə kompensasiya məbləğini bank reystrində göstərilən məlumatlar, habelə əmanətçilər tərəfindən təqdim edilən məlumat və sənədlər əsasında hesablayır və ödəyir. “Əmanətlərin sığortalanması haqqında" AR Qanununun 27.11. Maddəsinə əsasən Fond kompensasiyanın ödənilməsi üçün səhv və ya yanlış məlumatlar təqdim etmiş, yaxud qanunsuz olaraq kompensasiya alınması üçün müraciət etmiş şəxslərə kompensasiya ödəməkdən imtina edir və ya ödənilmiş məbləğin geri qaytarılmasını tələb edir. Bu tələb ödənilmədikdə, Fond qanunvericiliyə müvafiq qaydada tədbirlər görür. Məhkəmə qərarını onunla əsaslandırıb ki, guya “Fond öz maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmişdir və bu müddət 5 ildən çox təşkil edir". Məhkəmənin bu mövqeyi mülahizə xarakterli olub tamamilə əsassızdır. İş materiallarına əsasən kompensasiya ödənilməsi üçün onun Fonda müraciəti qanunsuz olmayıb və bu tələbə dair Fondun məhkəməyə müraciəti olmamışdır. Əksinə, onun məhkəməyə müraciəti əsasında Əmanətlərin Sığortalanması Fondunun kompensasiya ödəmək öhdəliyi məhkəmə aktı ilə bir daha təsdiq edilmişdir. Yuxarıda göstərilələrə əsasən, Əmanətlərin Sığortalanması Fondunun 166.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1040/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından deyil, Bankda sığorta hadisəsinin baş verməsi ilə əlaqədar Qanunvericiliyin tələblərindən irəli gələn öhdəlikdir və 01 yanvar 2017-ci il tarixinədək icra edilməli idi. Sonradan iddiaçı apellyasiya şikayətinə əlavə göndərərək iddia tələbini dəqiqləşdirmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə 166 000 manat pulun ödənişinin 5 il 7 ay 17 gün geçikməsinə görə həmin məbləğə illik 7,75 % hesablanmaqla 73446 manatın və hazırkı məhkəmə icraatının başlanması üçün çəkilmiş xərcə görə 305 və 153 manatın, ümumilikdə 73904 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları
7. Apellyasiya instansiyasında işə yenidən baxılan zaman iddiaçı apellyasiya şikayətinə əlavə təqdim edərək qeyd etmişdir ki, hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsində işə baxılarkən 166000 manat məbləğində kompensasiyanın ödənilməsinə dair xx.xx.2018-ci il tarixli 2(006)- 3263/2018 saylı icra sənədi borclu ƏSF tərəfindən icra edilməmişdi. Ona görə də Nəsimi Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixdə qətnamə qəbul edilən vaxt kompensasiya ödənişinin gecikdirilməsi müddəti başlanğıc 01 yanvar 2017-ci il tarixdən 01. 07.2022-ci il tarixə kimi 5 il 6 ay, başqa sözlə gecikmə günlərinin sayı 2007 gün, həmin vaxt Mərkəzi Bankın ucot faiz dərəcəsinin illik 7.75% olması nəzərə alınmaqla, 166000 manat borcun vurulan zərərin məbləği aşağıdakı kimi hesablanmışdı : gündəlik faiz məbləği 166 000 x 0.0775 : 360 = 35,74 manat, Fond tərəfindən 2007 gün gecikdirilməsinə görə vurulan zərərin məbləği 35,74 manat x 2007 gün = 71 730 manat. 166000 manat məbləğində pul vəsaiti Əmanətlərin Sığortalanması Fondu tərəfindən 18 avqust 2022-ci il tarixdə ödənilərək (bank ödəniş tapşırığı iş materiallarına əlavə edilib) xx.xx.2018-ci il tarixli 2(006)-3263/2018 saylı icra sənədi tam icra edilmişdir. Bu halda Fond tərəfindən yol verilən əlavə gecikdirmə 1 iyuldan 17 avqust tarixinə kimi 48 gün, başqa sözlə ümumi gecikmı günlərinin sayı 2007 gün+ 48gün =2055 təşkil edir. Bundan başaqa hazırda (29 mart 2023-cü il tarixdə ) Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.75%-ə qaldırılıb. 3.Yuxarıda göstərilənləri nəzərə almaqla Fond tərəfindən vurulan zərərin məbləği aşağıdakı kimi hesablanır : gündəlik faiz məbləği 166 000 x 0.0875 : 360 = 40,3472 manat, Fond tərəfindən 2055 gün gecikdirilməsinə görə vurulan zərərin məbləği 40,3472 manat x 2055 gün = 82 913,5 manat təşkil edir. Bundan başqa məhkəmələrdə işə baxılmasına görə 305+153+153=611 manat rüsum ödənilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və 166000 manat pulun ödənişinin 5 il 7 ay 17 gün ay gecikməsinə görə, həmin məbləğə illik 8.75 faiz hesablanmaqla 82 913,5 manatın və hazırki məhkəmə icraatı üçün çəkilmiş xərc 611 manatın ümumilikdə 83 524,5 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 məhkəməyə etiraz ünvanlayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)- 383/2023 nömrəli qərarında qeyd edilən göstərişləri ilə bağlı aşağıdakı qanunverici halları məhkəmənin nəzərinə çatdırmağı zəruri hesab edir. Belə ki, Banklar haqqında Azərbaycan Respublikası Qanununun 92-ci maddəsinə əsasən Mərkəzi Bank, X8 Heyətinin üzvləri və digər vəzifəli şəxsləri, maliyyə bazarlarına nəzarət orqanı və onun Direktorlar Şurasının üzvləri və digər vəzifəli şəxsləri, habelə bu Qanuna uyğun təyin edilmiş müvəqqəti inzibatçılar və ləğvedicilər bu Qanunla müəyyən edilmiş tənzimləmə, nəzarət və ləğvetmə funksiyalarını və vəzifələrini həyata keçirərkən hər hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində yaranmış zərər üçün məsuliyyət daşımır. Maddədən göründüyü bankda sığorta hadisəsi baş verməzdən əvvəlki dövrdə bankın hərəkəti və hərəkətsizliyi nəticəsində dəymiş zərərdən ləğvedici məsuliyyət daşımır. Bu halda hesab edirlər ki, Ali Məhkəmə qərarında AR MM-nin 445-ci maddəsinə istinadı zamanı yanlış nəticəyə gəlmişdir. Məcəllənin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Məhkəmə icranı gecikdirən borclunu düzgün müəyyən edə bilməmişdir ki, xüsusi məqamı məhkəmənin diqqətinə çatdırmaq istərdi. ƏSF AR Konstitusya Məhkəməsinin Plenumunun qərarlarına əsasən əmanəti əmanətçinin mülkiyyət olaraq geri ödəyən tərəf,yəni borclu deyildir. ƏSF bankda sığorta hadisəsi baş verdikdə sığortaçı olaraq qorunan əmanətləri kompensasiya edən tərəfdir. ƏSF iş üzrə borclu deyil, kompensasiya ödəyən tərəfdir. Yəni Ali Məhkəmənin sözügedən qərarının əsaslandırıcı hissəsində gəldiyi nəticə düzgün tətbiq edilməmişdir. İş üzrə Ali Məhkəmənin mövqeyindən çıxış etsək borclu şəxs elə məhz bankın özü, yəni hazırda ləğv prosesində olan QSC "xxxx" KB-dir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli qərar “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır.”
9. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar verilmiş apellyasiya şikayətinə əlavələr və cavabdehin ikinci apellyasiya icraatında verdiyi xx.xx.2023 tarixli etirazı üzrə izahat təqdim edərək qeyd etmişdir ki, 1. kompensasiyanın ödənilməsi öhdəliyinin yaranma tarixinin 01 yanvar 2017-ci ildən hesablanmasına dair: Mərkəzi Bankının qərarı ilə "Bank Standard” KB müflis elan olunmuş, Maliyyə Bazarlarına Nəzarət X1 30 sentyabr 2016-cı il tarixli qərarı ilə Bankın lisenziyası 1 oktyabr 2016-cı il tarixdə ləğv edilmiş, bundan sonra Əmanətlərin Sığortalanması Fondu qanunun tələblərindən irəli gələn ödəliyini icra etməyərək 166000 manat məbləğində kompensasiyanın ödənilməsini uzun müddət gecikdirməklə Bank Standard” KB-nin müştərisi olmaqla onun qorunan əmanətçi hüquqlarını pozmuşdur, Fonda qarşı “sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiya ödənilməsi” tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Hazırkı mülki iş materiallarına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli, 2(006)-3263/2018 saylı qətnaməsi Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5116/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin 2(102)-1040/2022 saylı 16 mart 2022-ci il yekun məhkəmə aktı ilə qanuni qüvvəsini almışdır. Əmanətlərin Sığortalanması Fondunun üzərinə 166000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi qoyulmuşdur. Bununla əlaqədar Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsidə göstərilir ki, Ləğv prosesində olan "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, İddiaçı 166000 manat məbləğində tələbi ərizəsinə əsasən Bank tərəfindən 10 yanvar 2017-ci il tarixində 1482 nömrəsi ilə kreditorların reyestrinə daxil edilmişdir. İş materiallarında olan İddiaçı QSC "xxxx" KB-ya ünvanladığı xx.xx.2017-ci il tarixli pretenziya bildirişindən görünür ki, o, banka 166000 manat kompensasiyanın ödənilməsi ilə bağlı (əvvəllər) müraciət etmişdir (qətnamə səh 7). Hüquqi dəyərləndirmə: “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.4-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparır və kompensasiya ödəyir. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir, ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Eyni Qanunun 28.5-ci maddəsinə əsasən fond kompensasiyanı əmanətçinin ərizəsini qəbul etdiyi gündən ən geci 90 təqvim günü ərzində ödəməlidir (qətnamə səh 10). AR Mülki Prosessual Məcəlləsininn 82.3 maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müyyən edilmiş faktllar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən subut edilmir.Göstərilən prosessual normanın tələbləri baxımından Əmanətlərin Sığortalanması Fondunun komensasiya vermək öhdəliyi məhkəmə aktı ilə də təsdiq edilmişdir. Həmin öhdəlik qanunvericilikdə nəzərdə tutulmuş 90 gün ərzində, yəni vaxtında, 01 yanvar 2017-ci il tarixədək icra edilməmişdir. Ona görə də, hazırkı apellyasiaya baxışındakı iş üzrə kompensasiya ödənilməsinin gecikdirilməsinə görə cavabdehin üzərinə qoyulan faiz borcu 01 yanvar 2017-ci il tarixindən hesablanmışdır. 2. Apellyasiya mərhələsində iddia tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar verilən Apellyasiya şikayətinə əlavələrə dair: MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Maddə. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Birinci instansiya məhkəməsində baxılarkən kompensasiyanın ödənilməsinə dair məhkəmə qətnaməsi borclu ƏSF tərəfindən icra edilməmişdi, faiz borcu qətnamənin çıxarıldığı tarixədək hesablanmışdır. Apelyasiya şikayətinin verildiyi ərəfədə həmin qətnamə tam icra edilərək Əmanətlərin Sığortalanması Fondu tərəfindən 166000 manat məbləğində pul vəsaiti 18 avqust 2022-ci il tarixdə ödənilmişdir(iş materiallarındakı bank ödəniş tapşırığı).Əvvəlki apellyasiya baxışında iddia tələbinin dəqiqləşdirilməsi barədə verilən ərizə onunla əsaslandırılıb ki, birinci instansiya məhkəməsində qətnamənin çıxarıldığı tarixdən sonra yol verilən 48 gün əlavə gecikdirmə nəzərə alınmaqla vurulan zərərin yekun məbləği hesablanmalıdır (əlavə 48 gün x 35.74 = 1716 manat). Ancaq birinci apellyasiya icraatında işə baxan məhkəmə səhv edərək belə nəticəyə gəlmişdir ki, iddiaçının apellyasiya şikayətinə əlavədə irəli sürdüyü tələb yeni tələbdir və bu tələbə apellyasiya mərhələsində baxıla bilməz. Sözügedən apellyasiya baxışının nəticlərinin ləğv edildiyi və hazırkı apellyasiya baxışına əsas olan Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2023-cü il Qərarında göstərilir ki, iddiaçı Mülki Məcəllənin 445.7 və 449.1-ci maddələrinə istinad etməklə hazırki iddianı qaldırmışdır (qərar ,bənd 51). Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (qərar, bənd 33.). Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (qərar, bənd 34.). MMnin 449.1.maddəsinin mənasına ğörə cavabdeh borcun gecikdirilməsi müddəti nəzərə alınmaqla 166 min manat borc məbləğindən hazırkı bank uçot dərəcəsi əsasında faiz ödəməlidir. Hazırkı apellyasiya baxışında iddia tələbinin dəqiqləşdirilməsi barədə verilən ərizə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi baxışından sonra ötən müddət ərzində Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.75%-ə dəyişdirilmişdir (29 mart 2023-cü il tarixdə). Cavabdeh tərəfindən ödənilməli olan faiz məbləğinin (vurulan zərər) hesablanması xüsusi bilik tələb etmir. Bu məbləğ borcun gecikdirildiyi günlərin sayı (müddəti) və qüvvədə olan bank uçot dərəcəsi nəzərə alınmaqla, faizlərin hesablanması üçün banklarda tətbiq edilən proqram təminatına uyğun olaraq bir təqvim ilindəki günlərin sayı 360 və hər aydakı gün sayı isə 30 qəbul edilməklə, (borc məbləği manat) x (uçot dərəcəsinin faizi) x (gecikdirilmə müddətində günlərin sayı) formulası ilə müyyən edilir. 3.Cavabdehin xx.xx.2023-cü il tarixli etirazına dair: Etirazın dəlilləri cavabdehin hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddia tələbinə qarşı verdiyi etiraz, məhkəmənin qətnaməsindən verdiyi apellyasiya şikayəti və apellyasiya məhkəməsininn qətnaməsindən verilən kassasiya şikayətinə qarşı verdiyi etirazın dəlilləri ilə eyni olub hüquqi əsası olmayan mülahizələrdir. Əvvəlki apellyasiya baxışında cavabdehin veridiyi apellyasiya şikayətinə qarşı etiraz-mülahizə təqdim edilmişdir. Cavabdeh hazırkı etirazını da onunla əsaslandırıb ki, mübahisə predmeti üzrə tərəf Əmanətlərin Sığortalanması Fondu deyil ləğv prosesində olan QSC "xxxx" KB olmalıdır. Müvafiq qanunvericilik aktlarına əsasən Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici qismində təyin edilməzdən əvvəl fiziki şəxsə bankın hərəkətsizliyi səbəbindən dəymiş maddi və ya mənəvi zərərə görə məsuliyyət daşımır və buna görə də əlavə pul riskinə məruz qala bilməz. 166000 manat kompensasiya verilməsinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qərarında cavabdehin bu dəlilləri rədd edilmişdir: Konstitusiya Məhkəməsi Plenumunun "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 6 iyul tarixli Qərarında göstərilmişdir ki, "sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir.” Hazırki iddia ilə iddiaçı Fonddan əmanətin qaytarılmasını deyil, əmanətçi kimi ona dəymiş maddi ziyanın kompensasiyasını tələb etmişdir... KM Plenumunun 10 avqust 2020-ci il tarixli qərarına əsasən “bankın vəzifəli şəxslərinin vəzifələrinin icra etməməsi vicdanlı əmanətçilərin qanunlarla qorunan maraqlarına və hüquqi gözləntilərinə mənfi təsir göstərməməlidir’. İddiaçı kompensasiya almaq üçün qanunda nəzərdə tutulan rəsmi sənədləri təqdim etməyinə baxmayaraq, Fond “Əmanətlərin Sığortalanması” haqqında Qanundan irəli gələn qorunan əmanətə görə kompensasiya ödəməsinə dair öhdəliklərini icra etməkdən imtina etmişdir”. Bundan başqa Ali Məhkəmənin Mülki kollegiyasının hazırkı apellyasiya baxışına əsas olan xx.xx.2023-cü il Qərarında göstərilir ki, iddia tələbi qətnamənin vaxtında icra edilməməsinə görə ziyan tələbi olmadığından öhdəliyin yarandığı gündən faizlərin hesablanıb tutulması barədə iddianın bu əsasla təmin edilməməsi əsassızdır (qərar, bənd 33). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehə qarşı qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında hesabına bərpa edilməli olan əmanət məbləğinə görə kompensasiya ödənilməsi barədə tələbi cavabdehin etirazlarına baxmayaraq məhkəmələr tərəfindən təmin edilmiş, tələb əsaslı hesab edilmiş, cavabdehin qanunun tələbinə əsasən yaranmış kompensasiya ödəmək öhdəliyinin icrasından imtinası qanunsuz hesab edilmişdir (qərar, bənd 33). Ali Məhkəmənin yuxarıdakı hüquqi mövqeyinə görə Etirazda irəli sürülənlər hüquqi və faktiki əsası olmayan mülahizələrdir, ona görə də rədd edilməlidir.
10. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 12 sentyabr 2023-cü il tarixili rəyində qeyd edilmişdir ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" QSC ilə cavabdeh İddiaçı arasında bağlanmış müqavilələr üzrə olan depozit faiz məbləği 166000 manat pula olan münasibətdə tələb edilən məbləğlər ayrı-ayrılıqda illər üzrə illik faiz uçot dərəcələri ilə hesablanaraq aşağıdakı kimi müəyyən edilir: 2017-ci ilin yanvar ayının 1-dən başlayaraq 2022-ci ilin iyul ayının 1-nə kimi hesablanan faiz məbləği 82762,53; 2017-ci ilin yanvar ayının 1-dən başlayaraq 2022-ci ilin avqust ayının 18-nə kimi (icra edildiyi gün üçün) 84442,13; 2017-ci ilin yanvar ayının 1-dən başlayaraq 2023-cü ilin iyun ayının 5-nə kimi (qərarın çıxarıldığı gün üçün) 95690,93 manat. Aparılmış ekspert tədqiqatının dəyəri 100(yüz) manat müəyyən edilmişdir.
11. İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar ərizə təqdim edilmiş və qeyd edilmişdir ki, hazırkı mülki iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələri tanış olaraq bildirmək istəyir ki, 9/4614 saylı, xx.xx.2023-cü il tarixli ekspert Rəyi ilə razılaşır və hesab edir ki, ilkin iddia tələbi buna uyğun olaraq dəqiqləşdirilməlidir. Hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsində baxılarkən 166.000 manat məbləğində kompensasiyanın ödənilməsinə dair xx.xx.2018-ci il tarixli saylı icra sənədi borclu ƏSF tərəfindən icra edilməmişdi. Ona görə də Nəsimi Rayon Məhkəməsi 28.06. 2022-ci il tarixdə qətnamə qəbul edilən vaxt kompensasiya ödənişinin gecikdirilməsi müddəti başlanğıc 01 yanvar 2017-ci il tarixdən 01. 07.2022-ci il tarixə kimi, gecikmiş günlərinin sayı 2007 gün, Mərkəzi Bankın ucot faiz dərəcəsinin 7.75% olması nəzərə alınmaqla, 166000 manat borcun qaytarılmasının Fond tərəfindən 2007 gün gecikdirilməsinə görə vurulan zərərə görə iddia tələbinin məbləği 71730 manat hesablanmışdır. Apellyasiya mərhələsində 166000 manat məbləğində pul vəsaiti Əmanətlərin Sığortalanması Fondu tərəfindən 18 avqust 2022-ci il tarixdə ödənilərək icra sənədi tam icra edilmişdir. Bu halda Fond tərəfindən yol verilən faktiki gecikdirmə 2055 gün, Mərkəzi Bankının uçot dərəcəsi 8.75% qəbul edilərək Fond tərəfindən borcun qaytarılmasının gecikdirilməsinə görə vurulan zərərin məbləği 82 913,5 manat hesablanmış və iddia tələbinin dəqiqiləşdirilməsi barədə apellyasiya məhkəməsinə müraciət edilmişdir. Ancaq xx.xx.2023-cü il tarixli ekspert Rəyi ilə müqayisə edəndə məlum olur ki, iddia tələbində vurulan zərərin məbləği hesablanarkən gecikdirilmə dövründə Mərkəzi Bankının uçot dərəcəsinin bir neçə dəfə dəyişməsi faktı tərəflərindən nəzərə alınmayıb, yekun faiz məbləğ düzgün müəyyən edilməmişdir. Ekspert Rəyində 01 yanvar 2017-ci il - 18 avqust 2022-ci il dövrü üçün faiz məbləği 84442.13 manat hesablanmışdır, iddia tələbi də buna uyğun olaraq dəyişdirilməlidir. Bundan başqa Dövlət rüsumu haqqında təlimatın tələblərinə əsasən iddia artırıldıqda rüsumun çatışmayan hissəsi artırılmış iddia məbləğinə uyğun olaraq əlavə ödənilir. Bunu nəzərə alaraq onun tərəfindən ilkin iddianın verilməsinə görə ödənilən 305 manata əlavə olaraq 38 manat rusum ödənilməlidir. Bu halda məhkəmələrdə işə baxılmasına görə ödənilən rüsum məbləği 305+153+153 +38 = 649 manat təşkil edir. MPM- nin 53 cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Maddə. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Yuxarıda göstərilən halların apellyasiya şikayətinə əlavə edilməsini nəzərə alaraq, məhkəmədən 166000 manat pulun ödənişinin 01 yanvar 2017-ci il tarixdən 18 avqust 2022-ci il tarixə kimi gecikməsinə görə 84442.13 manatın və hazırki məhkəmə icraatı üçün çəkilmiş xərc 649 manatın, ümumilikdə 85091,13 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ekspert rəyi ilə razılaşdığını bildirmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi nəzərə alınmaqla tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
13. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən (iddiaçının apellyasiya şikayəti) hissədə yoxlanılmalıdır. Belə ki, birinci apellyasiya icraatının nəticəsi olan qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilməmişdir. Bununla bərabər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən qeyd edilməlidir ki, mübahisələndirilən qətnamə kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə müəyyən etdiyi iddianın təmin edilməyən hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələrinə əsasən 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələri nəzərdən keçirilməlidir: 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
17. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun aşağıda qeyd edilən tələblərinə əsasən: 4.1. Fond aşağıdakı funksiyaları həyata keçirir: 4.1.4. sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparır və kompensasiya ödəyir; 25.1. Əmanətçilərin aşağıdakı hüquqları vardır: 25.1.4. bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq; 28.5. Fond kompensasiyanı əmanətçinin ərizəsini qəbul etdiyi gündən ən geci 30 təqvim günü ərzində ödəməlidir. Müstəsna hallarda X3 qərarı ilə Fond kompensasiyaların ödəniş müddətini 30 təqvim gününədək uzada bilər.
18. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən (baxılan) hissədə yoxlanılarkən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385-390, 425, 442, 443, 445, 449; Mülki Prosessual Məcəllənin 14.2, 76, 77, 80-82, 119, 106.2, 217.4, 220.5, 385-390, 420-cı maddələrinə, habelə kassasiya instansiya məhkəməsinin göstərişlərinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır, apellyasiya şikayəti və onun sübutedici dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin düzgün tətbiq edilməməsi, yalnız qətnamənin qanuni qüvvəyə mindiyi gündən sonrakı dövrə faizlərin hesablanması diqqətə çatdırılaraq, istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktının qəbul edilməsi təsbit edilmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası kassasiya instansiya məhkəməsi tərəfindən təsbit edilmiş göstərişlərlə prosessual hüquq normalarına istinadən pozuntulara müvafiq səlahiyyətləri həddində əlavə araşdırmanın (ekspertizanın) aparılması ilə yoxlanılmasını zəruri hesab edərək, iddianın subyektiv səciyyəsini istisna etmişdir. Belə ki, aparılan ekspert rəyi üzrə hesablamaları, yəni iddianı təkzib edən sübutlar (vəsatətlər) cavabdeh tərəfindən daxil olmamışdır.
20. Apellyasiya şikayəti üzrə əlavə araşdırmanın nəticəsi belə qənaətə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsinın gəldiyi qənaətin əsasları düzgün müəyyən edilməmiş və işin halları əhatəli araşdırılmamışdır. Ona görə, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi baxılan hissədə ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli və baxılan hissədə iddia təmin edilməklə, 166000 manat kompensasiya məbləğinin ödənilməsinin 5 il 06 ay gecikdirilməsinə görə tələb edilən 71730 manat manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması təmin edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən 3216 manat məbləğində vəsait artıq tutulduqdan və kassasiya instansiya məhkəməsi tərəfindən bu hissədə qətnamə qanuni qüvvəsini aldığından, son olaraq hazırki icraat çərçivəsində bu məbləğ nəzərə alınaraq (71730-3216 =) 68514 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, ekspertiza ilə iddianın verilmə tarixinə hesablanan faiz məbləği 82762,53 manat təşkil edərək iddia tələbini əhatə edir və iddianın əsasının məhz tələbdə qeyd edilən müddət əhatə etdiyindən sonradan apellyasiya icraatı zamanı verilən iddia həcminin artırılmasının nəzərə alınması üçün hüquqi əsaslar müəyyən edilmir. İddia verilən zaman digər qətnamə üzrə qət edilən pul vəsaitinin ödənilməsi təmin edilmədiyindən iddianın əsasını davam edən pozuntu üzrə hüquqların müdafiəsi, tələbin predmeti isə bu müddətək iddia edilən tarixə olan faiz tələbi olmuş, yəni iddia tələbinin predmetinə müvafiq onun əsasını (davam edən pozuntu olmasını) iddiaçı bilmiş və bu əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş kimi qiymətləndirilə bilməz. 21.Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edildiyindən, ekspertiza xərci cavabdehdən tutulmalı, iddiaçının pozulmuş hüquqları tam kompensasiya edildiyindən dövlət rüsumu üzrə ödənilən məhkəmə xərcləri onları ödəyən şəxslərə aid olmalıdır.
22. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti baxılan (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-383/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixili qərarı ilə ilə müəyyən edilən) hissədə təmin edilsin və həmin hissədə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 2509/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2509/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin qüvvədə olan hissəsi (qət edilən 3216 manat məbləğində vəsait) nəzərə alınmaqla, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan maddi zərərin əvəzi kimi 68514 (altmış səkkiz min beş yüz on dörd) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Ekspertiza xərci olan 100 (yüz) manat məbləğdə pul vəsaiti – cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.