Məhkəmə qərarları › İş №2(103)-3182/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3182/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3182/2025 26.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh5 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: prosessual müddətin bərpası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh5 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il il tarixli, e-2(005)-871/2015 nömrəli qərardadından Cavabdeh2 şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 MMC-nin müqavilə üzrə 08 yanvar 2015-ci il tarixə ASC-yə borclu olduğu 264365,71 ABŞ dolları məbləğində əsas borc, 17010,68 ABŞ dolları məbləğində faiz və 2489,50 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 283865,89 ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ASC-yə ödənilməsi, tələbin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında 0,02271 ha torpaq sahəsində yerləşən 446,36 kv.m. ümumi, 302,52 kv.m. yaşayış, 143,84 kv.m. yardımçı sahədən ibarət 8 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinə (yerləşdiyi torpaq sahəsi ilə) və 26,2 kv.m. hasara (tikinti altı sahə) yönəldilməsi, ilkin satış qiyməti 550000 manat müəyyən edilməklə, əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbi artırılmışdır).

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-871/2015 nömrəli, 23 aprel 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 264365,71 ABŞ dolları məbləğində əsas borcun, 17010,68 ABŞ dolları məbləğində faiz və 2489,50 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 283865,89 ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla hesablanmaqla və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka predmetlərinə tutma yönəldilməsi haqqındabildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Bank VTB ASC-nin xeyrinə tutulması, Tələbin Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında 0,02271 ha torpaq sahəsində yerləşən 446,36 kv.m. ümumi, 302,52 kv.m.yaşayış, 143,84 kv.m. yardımçı sahədən ibarət 8 otaqlı 2 mərtəbəli fərdi yaşayiş evinə (yerləşdiyi torpaq sahəsi ilə) və 26,2 kv.m. hasara (tikinti altı sahə) yönəldilməsi, əmlakın açıq hərracdan satılması, Mənzilin ilkin satış qiymətinin 550000 manat məbləğində müəyyən edilməsi, Əmlakın açıq hərracdan satılmasından əldə edilən vəsait hesabına cavabdehlərin "xxxx" ASC-yə olan borcunun və dövlət rüsumunun tutulması qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1878/2018 nömrəli, 12 fevral 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4782/2018 nömrəli, 13 iyul 2018-ci il tarixli qərarı ilə cavabdehlər Cavabdeh4 MMC və Cavabdeh1 kassasiya şikayətləri təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 12 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1671/2019 nömrəli, 03 dekabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 05 iyun 2013-cü il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh1 zaminliyinə xitam verilməsi, Cavabdeh1 ilə "xxxx" ASC ilə bağlanmış 07 iyun 2013-cü il tarixli ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi, iddiaçının hesabına ödənilməli əsas borcun məbləği 257392,09 ABŞ dolları, faiz borcunun məbləğinin isə 15961,86 ABŞ dolları həddində müəyyən edilməsi, məhkəmə xərcləri ilə bağlı məsələlərin həll edilməsi qət olunmuşdur.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2634/2020 nömrəli, 22 iyul 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 03 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7371/2020 nömrəli 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh4 MMC-nin direktoru (həm də zamin) Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tutulmalı olan əsas və faiz borcunun məbləğinə aid hissədə dəyişdirilmiş, iddiaçı bankın hesabına ödənilməli əsas borcun məbləği ödəniş günü Azərbaycan manatının məzənnəsinə uyğun olaraq 257392,09 ABŞ dolları, faiz borcunun məbləği isə 15961,86 ABŞ dolları həddində müəyyən edilməklə, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsisinin Cavabdeh1 əsas, faiz və cərimə borcunun və məhkəmə məsrəflərinin tutulması və tutmanın ona məxsus yaşayış evinə yönəldilməsinə aid hissədə ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 1913/2021 nömrəli, 12 aprel 2021-ci il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilməmiş, iş üzrə apellyasiya instansiya məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7371/2020 nömrəli, 01 may 2024-cü il tarixli qərardadı ilə Cavabdeh2 tərəfdən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

10. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin 23 aprel 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamədən yalnız cavabdehlər Cavabdeh4 MMC-nin direktoru (həm də zamin) Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayəti vermiş və apellyasiya instansiya məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə yoxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verməmiş və qətnamə ona münasibətdə yoxlanılmamışdır. Ona görə də həmin qətnamədən apellyasiya şikayəti vermədən, apellyasiya instansiya məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsinə yol verilmir. Odur ki, apellyasiya instansiya məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsi ilə məhkəmənin qətnaməsi yalnız digər cavabdehlər Cavabdeh4 MMC-nin direktoru (həm də zamin) Cavabdeh3 və Cavabdeh1 münasibətdə yoxlanıldığından, apellyasiya instansiya məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti vermək hüququ olmamışdır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2400/2024 saylı, 26 iyul 2024-cü il tarixli qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7371/2020 nömrəli, 01 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. Daha sonra Cavabdeh2 14 noyabr 2024-cü il tarixdə apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-871/2015 saylı, 23 aprel 2015-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmiş, eyni zamanda prosessual müddətin bərpasına dair ərizə əlavə etmişdir.

13. Ərizə onunla əsaslandırılmışdır ki, o 2014-cü ildən Türkiyə Respublikasında yaşayır və 2024-cü ilədək vətənində olmamışdır. 21 yanvar 2024-cü il tarixində aeroportdan axtarışla bağlı Səbail rayon İcra şöbəsinin icraatında olan ondan və digər şəxslərdən pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7371/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qətnaməsi haqqında məlumat almışdır. Göstərilən mübahisə üzrə işin bir neçə dəfə Bakı Apellyasiya Məhkəməsindən və AR Ali Məhkəməsindən keçməsinə baxmayaraq onun iş üzrə cavabdeh kimi narazı qaldığı Nərimanov Rayon Məhkəməsinin 2(005)-871/2015 saylı, 23 aprel 2015-ci il tarixli qətnaməsinin yuxarı instansiya məhkəmələrinin dəyişdirilməyərək, saxlanılmış hissəsindən apellyasiya şikayəti vermək imkanı olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7371/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qətnaməsi tərəfindən mübahisələndirilmişdir, lakin Bakı Apellyasiya Məhkəməsinin MülkiKollegiyasının 2(103)-7371/2020 saylı, 01 may 2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmış və AR Ali Məhkəməsinin 2(102)- 2400/2024 saylı, 26 iyul 2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin (103)- 7371/2020 saylı, 01 may 2024-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan xəbər tutan kimi o Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-871/2015 saylı, 23 aprel 2015-ci il tarixli qətnaməsinin surətinin ona verilməsini xahiş etmişdir. Mülki iş Bakı Apellyasiya Məhkəməsində 28 oktyabr 2024-cü il tarixində təqdim edilmişdir.

14. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, e- 2(005)-871/2015 nömrəli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-871/2015 saylı, 23 aprel 2015-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən tərəfindən məhkəməyə daxil olmuş apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin ona münasibətdə bərpa edilməsi barədə ərizəsi təmin edilməmişdir.

15. Qərardad onunla əsaslandırılmışdır ki, mülki iş materiallarından olan xəbərnamədən görünür ki, mübahisələndirilən qətnamə Cavabdeh2 tərəfindən 12 may 2015-ci il tarixində imzalanmaqla götürülmüşdür. Buradan müəyyən edilir ki, qətnamədən tərəfin məlumatı olmuş, onun tərəfindən qətnamə mübahisələndirilmişdir. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosesual müddətin bərpa edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə hesab edir ki, müddətin bərpası barədə ərizə formal mülahizələrdən ibarətdir.

16. Cavabdeh2 həmin qərardaddan şikayət verərək, həmin qərardadın ləğv edilməsini və buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir.

17. Şikayətini onunla əsaslandırmışdır ki, işlə tanış olduqda müəyyən edilib ki, həmin poçt qəbzində Cavabdeh2 imzası yoxdur. Həmin qəbzdə Cavabdeh2 imzası deyil. Belə ki, qəbzdə olan imza poçt rəisinin imzası üçün ayrılan yerdədir və Cavabdeh2 ona verdiyi etibarnamədə olan imza ilə heç bir oxşarlığı yoxdur. Qeyd edir ki, 17 noyabr 2014cü il tarixindən Qurbanov X4 Respublikasında yaşamış və Bakıya yalnız 2024-cü ilin 17 yanvar tarixində qayıtmışdır. Bu ərəfədə onun (və ya ailə üzvləri tərəfindən) qətnamə qəbul oluna bilməzdi.

18. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2025-ci il il tarixli, e- 2(005)-871/2015 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. İş materiallarından görünür ki, 23 aprel 2015-ci il tarixli məhkəmə qətnaməsi Cavabdeh2 tərəfindən 12 may 2015-ci il tarixində imzalanmaqla götürülərək rəsmi qaydada çatdırılmışdır.

22. Cavabdeh qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasının üzrlü səbəbi kimi 17 noyabr 2014-cü il tarixindən Qurbanov X4 Respublikasında yaşamış və Bakıya yalnız 2024-cü ilin 17 yanvar tarixində qayıtmasını qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut əlavə olunmamışdır.

23. Kollegiya cavabdehlərin bu dəlillərini müddətin buraxılmasına səbəb olan üzrlü səbəblər kimi qəbul etməyərək qeyd edir ki, buraxılmış prosessual müddətin bərpası üçün elə üzrlü səbəblər mövcud olmalıdır ki, bunun nəticəsində tərəf prosessual hərəkətləri etmək imkanından məhrum olsun. Hazırkı vəsatətdə isə cavabdehin göstərdiyi hal yuxarıda qeyd olunan “üzrlü səbəblər” dairəsinə aid edilə bilməz. Belə ki, məhkəmənin qətnaməsi ona rəsmi qaydada çatdırılmışdır və müddətin başlanğıcı da həmin vaxtdan hesablanmalıdır.

24. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin geri qaytarılması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 7371/2020 nömrəli, 01 may 2024-cü il tarixli qərardadından ərizəçinin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2400/2024 saylı, 26 iyul 2024-cü il tarixli qərarı ilə təmin olunmamış, bu qərar 22 avqust 2024-cü il tarixdə ona təqdim olunsa da, hazırkı müddətin bərpası və apellyasiya şikayəti ərizəçi tərəfindən 2 ay 22 gün sonra - 14 noyabr 2024-cü il tarixdə verilmişdir. Hətta hüquqlarının başqa qaydada bərpasının mümkün olmadığının ərizəçiyə 2024-cü ilin avqust ayında məlum olması faktı qəbul edilsə belə, yenə də apellyasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq müddət ərzində deyil, 2 aydan artıq vaxt keçdikdən sonra verilmişdir.

25. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

26. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il il tarixli, e-2(005)-871/2015 nömrəli qərardadından verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il il tarixli, e- 2(005)-871/2015 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar