Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3185/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Qəhrəmanova Səadət Nizami qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “əsas kreditin, hesablanmış faiz və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 13.09.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, 08.01.2015-ci il tarixli 86nkNAR/15 nömrəli kredit müqaviləsi üzrə yaranmış 3.357,83 ABŞ dolları əsas borc, 83,38 ABŞ dolları faiz borcu, 167,70 ABŞ dolları cərimə olmaqla, cəmi 3.608,91 ABŞ dolları borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev, iş № 2(004)-5980/2019) iddia qismən təmin olunaraq, Cavabdeh 08.01.2015-ci il tarixli 86nkNAR/15 nömrəli kredit müqaviləsi üzrə yaranmış 3.357,83 ABŞ dolları əsas borc, 83,38 ABŞ dolları faiz borcu, 05 ABŞ dolları cərimə olmaqla, cəmi 3.446,21 (üç min dörd yüz qırx altı ABŞ dolları iyirmi bir sent) ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 08.01.2015-ci il tarixli 86nkNAR/15 nömrəli kredit müqaviləsinə əsasən bank borcalana 48 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 7.000 ABŞ dolları borc vermişdir. Borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borclu Cavabdeh müqavilənin şərtlərini pozaraq, xəbərdarlıq edilməsinə baxmayaraq, borc öhdəliyini lazımi qaydada icra etməmişdir. Hal-hazırda borcalanın 08.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 07.09.2019-cu il tarixə 3.357,83 ABŞ dolları əsas borc, 83,38 ABŞ dolları faiz borcu, 167,70 ABŞ dolları cərimə olmaqla, cəmi 3.608,91 ABŞ dolları borcu yaranmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən məhkəmə mühasibatlıq ekspertizasının rəyi alınmalı olduğu halda, məhkəmə bunu etməmişdir. İddiaçı məhkəməyə müraciət edərkən kredit müqaviləsi üzrə yaranmış borcun bankın məlumat bazasına əsasən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmədiyini göstərdiyi halda, həmin kredit müqaviləsinə Fərmanı tətbiq etmiş, bu barədə 11 may 2019-cu il tarixli “Problemli kreditlərin kompensasiyası” kimi ona 5250,30 manat hesablamış, halbuki ona çatan hissə isə 4998,30 manat olmuş və həmin məbləğ də nümayəndəsi tərəfindən alınmışdır. Məhkəmənin maddi və prosessual normalara əsaslanması formal xarakter daşıyır, çünki onlara riayət etməmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında yalnız Cavabdeh mübahisələndirmişdir. İddia qismən təmin olunsa da, iddiaçı qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxladı. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 24 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında imzalanmış 08 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 24 faiz ödəmək şərtilə 48 ay müddətinə 7000 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilə öhdəliklərinin lazımi qaydada yerinə yetirilmədiyinə istinad edən "xxxx" KB ASC hazırkı iş üzrə tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq qismən təmin etmiş və hesab etmişdir ki, cavabdeh tərəfindən müqavilə öhdəlikləri həqiqətən də lazımi qaydada yerinə yetirilməmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 741, 448.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlillərinə görə məhkəmə mülki iş üzrə mühasibatlıq ekspertizası təyin etməli olduğu halda bunu etməmiş və nəticədə ondan şişirdilmiş borc məbləği tutulmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən hallara aydınlıq gətirməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyul 2021-ci il tarixli, 9/2872 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən Cavabdeh 08.01.2019-cu il tarixə əsas borc üzrə 5129,06 USD, faiz borcu üzrə 44,45 USD; 07.09.2019-cu il tarixə əsas borc üzrə 5032,60 USD, faiz borcu üzrə 399,25 USD borcu müəyyən edilmişdir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən Cavabdeh ilə "xxxx" KB ASC arasında bağlanmış 08.01.2015-ci il tarixli, 86nkNAR/15 saylı kredit müqaviləsi kompensasiyaların hesablanması hissəsində Fərmanın təsir dairəsinə düşmüşdür. Belə ki, sözügedən kredit müqaviləsi üzrə birinci devalvasiya gününə (21.02.2015-ci il tarixinə) qalıq qalan 6.911,10 ABŞ dolları məbləğində əsas kredit borcuna münasibətdə Fərmanın 1-ci hissəsinin tələbləri nəzərə alınmaqla 1727,78 manat və ikinci devalvasiya gününə (21.12.2015-ci il tarixinə) qalıq qalan əsas kredit borcu 5918,60 ABŞ dolları təşkil etdiyindən Fərmanın 1.2-ci bəndinə uyğun olaraq 3550,98 manat olmaqla cəmi 5250,30 manat kompensasiya məbləği (kredit təşkilatının etdiyi 28,46 manat güzəlt çıxılmaqla) hesablanmışdır. Həmçinin qeyd edilməlidir ki, məlumat bazalarına ötürülmüş qeydlərə əsasən Fərmanın qüvvəyə mindiyi günə (01.03.2019-cu il tarixinə) vətəndaşla digər kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə 252,00 manat məbləğində ödəniş müddəti keçmiş kredit borcu mövcud olduğundan yuxarıda hesablanmış kompensasiyadan həmin məbləğ Fərmanın 2-ci hissəsinə əsasən ilk növbədə kredit borcunun ödənilməsinə yönəldilmiş və qalıq qalan 4998,30 manat kompensasiya məbləği vətəndaşın sərəncamına verilmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə işə baxmış məhkəmə kredit müqaviləsinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmədiyini göstərdiyi halda, həmin kredit müqaviləsinə Fərmanı tətbiq etmişdir. Halbuki, bu barədə 11 may 2019-cu il tarixli “Problemli kreditlərin kompensasiyası” kimi ona 5250,30 manat hesablamış, ona çatan hissə isə 4998,30 manat olmuş, həmin məbləğ də nümayəndəsi tərəfindən alınmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, həmin dəlillər məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin özünün də etiraf etdiyi kimi devalvasiya ilə bağlı kredit borcu üzrə hesablanmış 4998,30 manat kompensasiya məbləği onun kredit borcundan silinməmiş, nümayəndəsi tərəfindən alınmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının 02.06.2021-ci il tarixli məlumatından da görünür ki, cavabdehlə bağlanmış 08.01.2015-ci il tarixli kredit müqaviləsi kompensasiyaların hesablanması hissəsində Fərmanın təsiri altına düşsə də, kredit borcunun restrukturizasiyası hissəsində Fərmanın təsir dairəsinə düşməmişdir. Bu baxımdan Bank kredit müqaviləsi üzrə ödənilməmiş qalıq borcunu cavabdehdən tələb etməkdə haqlıdır. Borcun məbləğinə gəldikdə isə, Bankın tələb etdiyi məbləğ ekspert rəyilə müəyyən edilmiş borc məbləğindən az olmaqla cavabdehin maraqlarına uyğun olduğundan və MPM-nin 218.3-cü maddəsinin tələbinə əsasən məhkəmə yalnız verilmiş tələb üzrə işə baxdığından məhkəmə kollegiyası borcun iddia tələbinə uyğun şəkildə qismən tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Cavabdeh verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 24 oktyabr 2019-cu il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-3185/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3185/2021
18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver