Məhkəmə qərarları › İş №2(103)-3186/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3186/2021

05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3186/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər –Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mövlayev Azər Aydın oğlunun katibliyi ilə, Bakı şəhəri Xatai Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh1 oğlunun apellyasiya şikayətini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi və.s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh Cavabdeh1 oğlu apellyasiya şikayəti vermişdir. Mülki işin materiallarını və apellyasiya şikayətini araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki işin materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan (səhifə 58) məhkəmə qəbzindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsini cavabdeh xx xxxx 2017-ci il tarixdə rəsmi qaydada məhkəmə qəbzinə imza etməklə qəbul etmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti xx xxxxxx 2020-ci il tarixdə yəni apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətdən 03 il 8 aydan çox müddət keçdikdən sonra verilmişdir. Həmçinin cavabdeh tərəfindən apellyasiya şikayətinə, şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsinə dair ərizə də əlavə edilməmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi ilə verilməsinə, habelə apellyasiya şikayətinə buraxılmış müddətin bərpa edilməsi ilə bağlı ərizənin əlavə edilməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən müddətin ötürülməsi ilə bağlı məsələyə qiymət vermədən apellyasiya şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 363.1 və 363.1.3-cü maddələrinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; 366.2-ci maddəsinə görə isə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, cavabdeh tərəfindən apellyasiya şikayəti prosessual qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası ilə bağlı ərizə verilmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən bu hallara qiymət verilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə şikayət üzrə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli apellyasiya şikayəti geri qayatarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2016-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki işin materialları Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar