Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3186/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun qaytarılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-857/2023 nömrəli, 13 fevral 2023cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. Mülki işin materiallarında olan 11 iyun 2021-ci il tarixli, 19110***-*******02L saylı Kredit limiti müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh2 33 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 6200 (altı min iki yüz) manat məbləğində kredit verilmişdir.
2. Mülki işin materiallarında olan 11 iyun 2021-ci il tarixli, 19110***-*******02L saylı Zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən, zamin Cavabdeh1 borclu Cavabdeh2 kreditor qarşısındakı kreditor öhdəliyinin tamamilə icra edilməsi üçün birgə məsuliyyəti öz üzərinə götürmüşdür.
3. Mülki işin materiallarında olan Ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc 6200 manat, faiz borcu 2016,71 manat, aylıq ödəniş isə cəmi 8216,71 manat məbləğində müəyyən edilmişdir.
4. Mülki işin materiallarında olan 17 noyabr 2022-ci il tarixli Pretenziya məktubundan görünür ki, Bank tərəfindən borclular Cavabdeh2 və Cavabdeh1 borcun olması və müəyyən edilmiş vaxt aralığında ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə qabaqcadan xəbərdar edilmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 19110***-*******02L saylı kredit limiti müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4719,64 manat məbləğində əsas kredit borcunun, 454,77 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 91,41 manat məbləğində cərimənin, cəmi 5265,82 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 72,65 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 19110***-*******02L saylı kredit limiti müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə 50.000 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli, 19110***-*******02L saylı zaminlik müqaviləsi bağlanmış və o, kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2021-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 33 ay müddətinə illik 21% dərəcəsi ilə (aylıq ödəniş 248.99 manat olmaqla hər ayın 11-dək ödənilmək şərti ilə) 6200 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcə də öhdəlik üzrə zamini Cavabdeh1 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 4719,64 manat məbləğində əsas kredit borcu, 454,77 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 91,41 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5265,82 manat məbləğində borcu qalmaqdadır.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-857/2023 nömrəli, 13 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 19110***-*******02L saylı kredit limiti müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4719,64 manat məbləğində əsas kredit borcu, 454,77 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 9 manat məbləğində cərimə borcu, cəmi 5183,41 manat məbləğində pul vəsaitinin, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 72,65 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445, 448.1, 462.1, 462.3,467, 470.1, 472.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilmərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi barədə məlumatı olmadığından prosesdə iştirak edə bilməmişdir. Nəsimi Rayon Məhkəməsi isə iştirakını təmin etməyib və yalnız iddiaçı tərəfin təqdim etdiyi sənədlər əsasında işə baxaraq heç bir araşdırma aparmadan ədalətsiz qətnamə qəbul etmişdir. Hesab edir ki, məhkəmə ən azında borcun düzgün hesablanması müəyyən etmək məqsədilə mühasibatlıq ekspertizası təyin etməli idi. Bu səbəbdən də, iş üzrə məhkəmə mühasibatlıq ekspertiazası keçirlməli və borcun düzgün hesablanması ekspert tərəfindən müəyyən olunmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 6.2 fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
14. Maddə 385 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Madə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 443.1 öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
17. Maddə 445 icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
18. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Maddə 462.1, 462.3 və 467. dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.
20. Maddə 470 zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
21. Maddə 472 borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
22. Maddə 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
23. Maddə 741 əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, iddia tələbi təmin edilməyən hissədə qətnamə iddiaçı tərəfindən mübahisələndirilmədiyində hazırkı halda qətnamə yalnız iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-857/2023 nömrəli, 13 fevral 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilənin təminat üsulu kimi Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Hazırda Bank iddiaçı qismində məhkəməyə müraciət edərək, borclular tərəfindən müqavilələr üzrə ödənilməyən borc pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasını məhkəmədən xahiş etmişdir.
34. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh2 yuxarıda qeyd olunan müqavilələr üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir.
35. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliklərin icra edilməsini öz öhdəsinə götürmüşdür. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliklərin icra edilməsini öz öhdəsinə götürmüşdür.
36. İş materiallarında olan 24 noyabr 2022-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə borcu: - əsas borc üzrə – 4719,64 manat; - faiz borcu üzrə – 454,77 manat; - cərimə borcu üzrə - 91,41 manat; - cəmi borc- 5265,82 manat.
37. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh2 və digər Cavabdeh1 (zamin) borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zamini xəbərdar etmişdir.
38. Kollegiya qeyd edir ki, Cavabdeh2 iddiaçı qarşısında götürdüyü öhdəliyi tam və vaxtında icra etmədiyindən və Cavabdeh1 qızı digər cavabdeh Əmənov Zülfü Oruc oğlunun kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürdüyündən iddiaçı qarşısında borc məbləği həddində məsuliyyət daşıyır.
39. Göründüyü kimi, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərinin yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq hesab etmişdir ki, iddia tələbi müqavilənin ləğv edilməsi, həmçinin əsas və faiz borca münasibətdə əsaslıdır.
40. Dəbbə pulu hissəsinə mübasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
41. Məhkəmə, haqlı olaraq hesab etmişdir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək olduğundan həmin məbləğ 9 manat məbləğinədək azaldılmalıdır.
42. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində mülki iş üzrə ekspertizanın təyin edilməli olduğunu qeyd etsə də, bu halı əsaslandırmamış və iş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışında göstərilən məbləğdən kənar hər hansı ödənişi təsdiq edən hər hansı sübut əlavə etməmişdir.
43. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar hər hansı sübuta əsaslanmayan formal mülahizələrdən ibarətdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinin tələbi baxımından hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Cavabdehin apellyasiya şikayətində həmçinin qeyd edir ki, məhkəmə prosesləri barədə ona məlumat verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlilini də əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən hər iki cavabdehin ünvanına məhkəmə bildiriş göndərilməklə yanaşı, onların istifadəsində olan mobil nömrələrə SMS bildirişlər göndərilmişdir. Cavabdeh vermiş olduğu apellyasiya şikayətində məhz birinci instansiya məhkəməsi tərəfindən SMS bildiriş göndərilmiş mobil nömrəni qeyd etmişdir ki, bu da cavabdeh məhkəmə iclaslarında məlumatı olmasını bir daha təsdiq edir.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirlən hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-857/2023 nömrəli, 13 fevral 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.