Məhkəmə qərarları › İş №2(103)-3187/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3187/2024

13.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3187/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: sığorta ödənişinin tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-135/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı (bundan sonra iddiaçı) idarə etdiyi “VAZ-21124” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Toyota Prius” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən maddi zərər vurulmuşdur. “Toyota Prius” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil PAZ********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC (bundan sonra cavabdeh) tərəfindən sığortalanmışdır. Həmin yol-nəqliyyat hadisəsi cavabdeh tərəfindən sığorta hadisəsi hesab edilmiş, lakin tərəflər arasında avtomobilə dəymiş zərər məbləğinin qiymətləndirilməsi ilə bağlı razılıq əldə olunmadığından iş üzrə müstəqil eskpert təyin olunmuşdur. Bu qaydada təyin edilmiş “Sumqayıt Ekspertiza Xidməti”nin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən iddiaçının avtomobilinə dəymiş zərər 600 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən də iddiaçıya ünvanlanmış məktubda məhz bu məbləğin ödənilməsinin mümkün hesab edildiyi qeyd olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli müətəxəssis rəyinə əsasən qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçiya məxsus avtomobilə vurulmuş zərərin məbləği 695 manat təşil edir. "xxxx" ASC-nin İxtisaslaşdırılmış Avtomobil Mərkəzinin Avtovaz Servis Mərkəzinin (avtoekspert X6) xx.xx.2023-cü il tarixli ziyan aktına əsasən isə avtomobilə 1.010 manat məbləğində zərərin vurulduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 1.010 manat məbləğində maddi zərərin, 30 manat məbləğində qüsur aktının tərtib olunma xərcinin, habelə 30,40 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 1.070,40 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini işin yuxarıda istinad olunan faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, qəza törədən avtomobilin icbari qaydada sığortalandığı "xxxx" ASC onun avtomobilinə dəymiş ziyanı ilkin olaraq 450 manat məbləğində qiymətləndirmişdir. O, həmin zərər məbləği ilə razılaşmadığı üçün bu barədə Mərkəzi Banka şikayət ünvanlamış və bundan sonra sığorta şirkəti tərəfindən təyin edilən ekspert avtomobilə dəymiş zərəri 600 manat məbləğində qiymətləndirmişdir. O, bu məbləğlə razı deyil. Bu ona dəymiş real ziyanın yarısı həcmindədir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ziyan aktına əsasən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus “VAZ 21124” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1.010 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 135/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən 650 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir (hakim X4).

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı "xxxx" ASC-də sığortalanmış “Toyota Prius” markalı, **-GY- *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı idarə etdiyi “VAZ-21124” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə zamanı “Toyota Prius” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təqsirli bilinmişdir. Həmçinin "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 73 nömrəli “Avtomobilə dəymiş zərərin müəyyən edilməsi barədə” mütəxəssis rəyinə əsasən “VAZ-21124” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 695 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən iddiaçıya məxsus “VAZ-21124” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 650 manat və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilməlidir.

6. Məhkəmə həmçinin, hesab etmişdir ki, ekspertiza xərcini təşkil edən 150 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq, "xxxx" MMC-yə ödənilməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci, 21.2ci, 883.1-ci, 884.3-cü, 897.4-cü, 1096.1-ci, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2-ci, 20.2-ci, 21-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 14.2-ci, 77.1-ci, 107-ci, 119.1-ci, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinə təqdim etdiyi "xxxx" ASCnin xx.xx.2023-cü il tarixli ziyan aktına əsasən “VAZ-21124” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər 1.010 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC "LADA” markalı avtomobillərin Azərbaycandakı Baş İdxalçısı və Rəsmi Distribyutorudur. Onun ixtisaslaşdırılmış Atmobil Mərkəzinin Avtovaz Servis Mərkəzi tərəfindən təqdim edilən möhür ilə təsdiq edilən ziyan aktında hər xidmətin dəyərini müəyyənləşdirilmişdir. Lakin, məhkəmənin təşəbbüsü ilə əldə olunmuş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 73 nömrəli “Avtomobilə dəymiş zərərin müəyyən edilməsi barədə” mütəxəssis rəyinə əsasən “VAZ21124” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 695 manat məbləğində müəyyən edilmişdir. Həmin rəy ilə razı deyil. Belə ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 73 nömrəli “Avtomobilə dəymiş zərərin müəyyən edilməsi barədə” mütəxəssis rəyində göstərilir ki, guya ki, avtomobilə baxış keçirilmiş, müvafiq qeydlər aparılmış və mobil telefon aparatı vasitəsi ilə fotoşəkillər çəkilmişdir. Bu tamamilə yalandır. Nə maşına baxış keçirilmiş, nə də ki fotoşəkillər çəkilmişdir. Ona ümumiyyətlə avtomobilə nə vaxt, necə, hansı şəraitdə baxış keciriləcəyi barədə bildiriş gəlməmişdir. Eyni zamanda, onun iştirakı olmadan rəy tərtib edilmişdir. Ekspert maşına baxış keçirmədən və hərtərəfli tədqiqat aparmadan, maşının ilini müəyyən etmədən, rəngi, mühərriki və s araşdırdırma aparmadan uydurma əsassız bir rəy tərtib edib və məhkəməyə göndərilibdir. Ona görə də həmin ekspert rəyi etibarsız hesab edilməlidir. Digər tərəfdən onun məhkəməyə təqdim etdiyi ziyan aktında bütün maşını xarakterizə edən hər xüsusatı qeyd edilmişdir. Ona görə də həmin qüsur aktı sübut kimi qəbul edilməlidir. Eyni zamanda, birinci instansiya məhkəməsinə təqdim etdiyi cavabdeh tərəfindən ilkin olaraq 450 manat zərəri qiymətləndirilməsi, sonradan isə onun tərəfindən “Mərkəzi Banka” müraciət edildikdən sonra zərərin 600 manat kimi qiymətləndirilməsi cavabdehin qərəzli və qeyri-obyektiv olmasına dəlalət edir. Lakin birinci instansiya məhkəməsi həmin sənədləri tədqiq etməmiş və qətnamədə aydınlıq gətirməmişdir. Əsassız və qanunsuz birinci instansiya məhkəməsinin qətnaməsi onun vəziyyətini xeyli ağırlaşdırır. Belə ki, onun maddi imkanı çatmır ki, rəsmi avtoservisdə maşını düzəltsin və normal həyatına dönsün. Göstərilən 650 manata o, heç bir yerdə maşınını düzəldə bilməyəcəkdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən cavabdeh "xxxx" ASC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir; 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.

14. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır; 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir; 15.3-15.3.1-cü maddələrinə əsasən əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır; 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir; 20.5-ci maddəsinə əsasən üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur; 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını səhv tətbiq edərək, iş materiallarında olan sübutları düzgün qiymətləndirməmiş, mötəbər sübut kimi qəbul edilməli olan sənədlərin mötəbərliyini nəzərə almadan zərər məbləğini müəyyən etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir.

20. Məhkəmə kollegiyası yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçı sığortalının sığorta tələbi daxil olduqdan sonra ən qısa müddət ərzində sığortalanan əmlaka dəymiş zərərin məbləğini müəyyən etməli, bundan sonra 1) sığorta ödənişinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş sonuncu sənədin daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığorta ödənişini ödəməli və ya 2) sığorta ödənişinin verilməsindən imtina edilməsi barədə sığortalıya yazılı formada məlumat verməlidir.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin faktiki hallarına istinad edərək qeyd edir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı idarə etdiyi “VAZ-21124” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilə "xxxx" ASC-də sığortalanmış “Toyota Prius” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən maddi zərər vurulmuşdur. Həmin yol-nəqliyyat hadisəsi cavabdeh tərəfindən sığorta hadisəsi hesab edilmiş, lakin tərəflər arasında avtomobilə dəymiş zərər məbləğinin qiymətləndirilməsi ilə bağlı razılıq əldə olunmadığından iş üzrə müstəqil eskpert təyin olunmuş və nəticədə belə bir ekspert qismində çıxış edən “Sumqayıt Ekspertiza Mərkəzi”nin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən iddiaçının avtomobilinə dəymiş zərər məbləği 600 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən də iddiaçıya ünvanlanmış məktubda məhz bu məbləğin ödənilməsinin mümkün hesab edildiyi qeyd olunmuşdur.

22. Hazırki mübahisə də məhz baş vermiş yol-nəqliyyat hadisəsi üzrə ödənilməli olan sığorta ödənişinin məbləği ilə bağlıdır. Belə ki, iddiaçı sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin əvvəlcə 450 manat məbləğində qiymətləndirildiyini, onun narazılığı da nəzərə alınaraq sığorta şirkətinin öz seçdiyi müstəqil ekspert tərəfindən zərər məbləğinin 600 manata qaldırıldığını, lakin vurulmuş zərərin qarşılığında bu məbləğin həddindən artıq aşağı olduğunu, mülkiyyətində olan avtomobilin rəsmi distribüteri olan "xxxx" ASC tərəfindən avtomobilə dəymiş zərərin 1.010 manat məbləğində qiymətləndirildiyini iddia edir və vurulmuş zərərin əvəzi olaraq məhz həmin məbləğin cavabdehdən tutulmasını tələb edir.

23. Bu konteksdə məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının idarə etdiyi “VAZ-21124” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəməəmtəəşünaslıq ekspertizası keçirilmiş və "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmənin nəticələrinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən qeyd edilən yol-nəqliyyat hadisəsində mübahisəli avtomobilə 695 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. Lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin rəylə müəyyən edilmiş məbləği də əsas götürməyərək avtomobilə dəymiş zərərə görə cavabdehdən iddiaçının xeyrinə 650 manat məbləğində pulun tutulması qənaətinə gəlmişdir. Halbuki, zərərin bu məbləğdə olmasını təsdiq edən hər hansı sübut, o cümlədən rəy mövcud deyil və nəticə etibarı ilə birinci instansiya məhkəməsi zərərin bu məbləğdə müəyyən edilməsi ilə bağlı mövqeyini əsaslandırmamışdır.

24. Məhkəmə kollegiyası avtomobilə dəymiş zərər məbləğinə münasibətdə qeyd edir ki, iddiaçının istinad etdiyi ziyan aktında göstərilən ehtiyat hissələri ilə "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli müətəxəssis rəyində göstərilən zədələnmiş ehtiyat hissələri eynidir, ümumi məbləğ baxımından isə 30 manat fərq var (müvafiq olaraq 280 manat və 250 manat), əsas fərq görülməli olan işlərin (göstərilməli olan xidmətlərin) sayında və onların qiymətindədir. Belə ki, "xxxx" MMC avtomobilin hadisədən əvvəlki vəziyyətə gətirilməsi üçün 3 ehtiyat hissəsinin əvəz edilməli olmasını, eyni zamanda elektrik (45 manat), dəmirçi (200 manat) və rəngsaz (200 manat) işlərinin görülməli olduğunu göstərmiş və bu işlərin görülməsi üçün ümumilikdə 445 manat məbləğində pulun tələb olunduğunu qeyd etmişdir. "xxxx" ASC isə öz ziyan aktında eyni ehtiyyat hissələrini, habelə əlavə olaraq armaturçu, razval və balans (iki arxa təkər) işlərinin də görülməli olduğunu göstərmiş və bu işlərin yerinə yetirilməsi üçün ümumilikdə 730 manat məbləğində pulun tələb olunduğu müəyyən etmişdir. Bu zaman həmin rəydə dəmirçi və rəngsaz işlərinin hər biri 100 manat artıq, yəni 300 manat, elektrik işi 40 manat (5 manat az), armaturçu, razval və balans işləri ümumilikdə 90 manat göstərilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə hər hansı zərurət görməmişdir.

25. Məhkəmə kollegiyası "xxxx" ASC-nin “VAZ” markalı avtomobillərin rəsmi servis məntəqəsi olmasını və bu markalı avtomobillər üzrə ixtisaslaşmasını nəzərə alaraq, məhz bu cəmiyyət tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ziyan aktını mötəbər sübut kimi qiymətləndirir və cavabdehdən iddiaçının xeyrinə bu rəydə göstərilən 1.010 manat pulun tutulması qənaətinə gəlir.

26. Məhkəmə kollegiyası "xxxx" ASC tərəfindən qüsur aktının təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat xidmət haqqının cavabdehdən onun xeyrinə tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı 30 manat xidmət haqqı ödədiyini bildirsə də, bu halı təsdiq edən hər hansı sənəd (qəbz, qaimə) məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası həmin hissədə iddia tələbini əsassız hesab edir.

27. Məhkəmə kollegiyası cavabdehdən ümumilikdə 1.010 manat məbləğində borcun tutulması qənaətinə gəldiyindən hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə bu məbləğ üçün nəzərdə tutulmuş məbləğdə, yəni 30,10 manat məbləğində dövlət rüsumu tutulmalı, tələb edilən qalan, yəni (30,40-30,10 = 0,30) 0,30 manat hissəsi iddiaçıya aid edilməlidir.

28. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, cavabdehdən 1.010 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,10 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir.

29. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-135/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 1.010 (bir min on) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,10 (otuz manat, on qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar