Məhkəmə qərarları › İş №2(103)-3187/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3187/2025

10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3187/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-3187/2025 (Açar sözlər: kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 439/2025 nömrəli 18 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli LD ********** saylı kredit müqaviləsindən görünür ki, kreditor sonuncuya 30 ay müddətə xx.xx.2026-cı il tarixə qədər illik 28 faiz dərəcəsi ilə 7000 manat məbləğində kreditin verilməsini, sonuncu isə kreditora alınmış kreditin bu müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və miqdarda qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdələrinə götürmüşlər.

2. BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli LD ********** saylı zaminlik müqaviləsindən görünür ki, zamin BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli LD ********** saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün kredit alanla birgə məsuliyyət daşımağı və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərinin icra edilməsini öhdəsinə götürmüşdür.

3. BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli LD ********** saylı zaminlik müqaviləsindən görünür ki, zamin BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli LD ********** saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün kredit alanla birgə məsuliyyət daşımağı və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərinin icra edilməsini öhdəsinə götürmüşdür.

4. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli LD ********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 əsas borcu 6836,27 manat, faiz borcu 810,95 manat, cərimə 633,87 manat olmaqla, ümumilikdə borcu 8281,09 manat təşkil edir.

5. BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, onlara kredit müqaviləsi üzrə yaranmış borc məbləği (357,51 manat) barəsində məlumat verilməklə yaranmış borcun ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada «03» Aprel 2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 6836.27 manat, faiz borcu üzrə 465.07 manat, cərimə üzrə 158.81 manat olmaqla, ümumilikdə 7460.15 manat və dövlət rüsümu kimi ödənilmiş 95 AZN pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış «03» Aprel 2024-cü il il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 30 ay müddətinə «03» Oktyabr 2026-cı il il tarixə qədər aylıq qalıq borcun 28% dərəcəsini tətbiq etməklə 7000 manat məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 1.2 və 1.3-cü bəndləri). Kredit müqaviləsinin 2.1-ci bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh3 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh3 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh3 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh1 və Cavabdeh2 arasında «03» Aprel 2024- cü il il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 və Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh3 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 1.1-ci maddəsində qeyd olunur ki, borclu öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 «05» Avqust 2024- cü il il tarixli arayışa əsasən BOKT "xxxx" ASC-nə olan borcunun məbləği əsas məbləğ üzrə 6836.27 manat, faiz üzrə 465.07 manat, cərimə üzrə 158.81 manat olmaqla, ümumilikdə 7460.15 manat təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz borcları cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmin şəxsə məxsus əmlakların üzərinə həbs qoyularaq götürülməli, həmin əmlaklara tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına cavabdeh iddiaçı olan borcları ödənilməlidir.

8. İddiaçı “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdə olan əsas borc üzrə 6836,27 manat, faiz borcu üzrə 810,95 manat, cərimə üzrə 633,87 manat olmaqla, ümumilikdə 8281,09 manat və dövlət rüsumu kimi ödənilmiş 103 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2024-cü il tarixli, LD ********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh3 xx.xx.2024-cü il tarixə (sual üzrə tarixə) BOKT "xxxx" ASC olan borcu 7688,08 manat məbləğində müəyyən edilir, o cümlədən: - əsas borc üzrə - 6851,44 manat, - faiz borcu üzrə - 836,64 manat.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 mart 2025-ci il tarixli 2(001)-439/2025 nömrəli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddianın qismən təmin edilməsi, xx.xx.2024-cü il tarixli LD ********** saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6836,27 manat məbləğində əsas borc, 810,95 manat məbləğində faiz borcu və 63 manat məbləğində cərimə olmaqla, cəmi 7710,22 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 96 (doxsan altı) manatı iddiaçı BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsaitin Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

11. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli LD ********** saylı kredit müqaviləsinə əsasən kreditverən sonuncuya illik faiz dərəcəsi 28% olmaqla 30 ay müddətinə 7000 manat məbləğində kredit verməyi, sonuncu isə verilmiş krediti və ona hesablanan faizləri bu müqaviləyə uyğun kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Daha sonra tərəflər arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ilə borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün kredit alan ilə birgə məsuliyyət daşımağı və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərinin icra edilməsini öhdələrinə götürmüşlər.

12. Cavabdeh3 bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.

13. Məhkəmə hesab etmişdir ki, Cavabdeh3 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməli, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 da zaminlər kimi Cavabdeh3 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, Cavabdeh3 ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 463.1, 465.2, 467, 472.1, 472.2, 739 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iş üzrə əsas borclu olan Cavabdeh3ı işə cəlb etmədən, onun izahatını almadan qətnamə qəbul etmişdir. Bildirir ki, Cavabdeh3 barəsində tərəfindən hüquq mühafizə orqanların cinayət işi açılması üçün şikayət verilmişdir. Cavabdeh3 ona və digər şəxslərə qarşı etibardan sui-istifadə edərək zaminlik müqaviləsinə imza atmağa təhrik etmişdir. O, anasının xərçəng xəstəsi olduğu və ona görə də ona təcili pul lazım olduğunu bildirmişdir. Lakin sonradan məlum olmuşdur ki, onun anasının ümumuiyyətllə xəstəliyi yoxdur və pulları mənimsəmişdir. Bundan başqa Cavabdeh3 Azercell-də yüksək əmək haqqı ilə işləmişdir və işdən çıxarıldıqdan sona 50000 manata yaxın ona Azercell tərəfindən ödəniş edilmişdir. Cavabdeh3 barəsində hal-hazırda Nəsimi Rayon Polis idarəsində cinayət işi üzrə şikayəti üzrə araşdırma aparılır. Məhkəməyə bu barədə məlumat vermiş və cinayət işi üzrə araşdırma yekunlaşanadək işin dayandırılmasını xahiş etmişdir. Lakin Məhkəmə bu vəsatəti təmin etməmişdir. Hesablanan məbləğlər də düzgün deyildir. Məbləğlər şişirdilmişdir. Belə ki, məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, lakin ekspertiza işə düzgün qiymət verməmiş, məbləğləri həddən artıq çox hesablamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.

19. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 22.Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 26.Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 27.Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 28.Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 29.Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 30.Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 31.Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

32. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

33. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 254.1.4. Məhkəmə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraatı dayandırmalıdır.

37. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Qətnamə mübahisələndirilən hissədə - Cavabdeh1 şikayətinin dəlillərinə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilməlidir.

42. İddiaçı cavabdehlərlə bağlanmış müqavilələrə əsaslanaraq yaranmış kredit borcunun tutulmasını tələb etmişdir.

43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2024-cü il tarixli, LD ********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh3 xx.xx.2024-cü il tarixə (sual üzrə tarixə) BOKT "xxxx" ASC olan borcu 7688,08 manat məbləğində müəyyən edilir, o cümlədən: - əsas borc üzrə - 6851,44 manat, - faiz borcu üzrə - 836,64 manat.

44. Cavabdeh ekspert rəyi və məhkəmə tərəfindən tutulan məbləği mübahisələndirir. Lakin rəyi şübhə altına ala biləcək hər hansı sübutü nə birinci instansiya məhkəməsində, nə apellyasiya icraatında təqdim etməmişdir.

45. Bununla belə, Kollegiya faiz borcuna aid hissədə şikayətin dəlillərini qismən əsaslı sayaraq qeyd edir ki, iddiaçı hazırki iddianı qaldırmaqla müqavilə münasibətlərinə son qoymuşdur (xitam vermişdir) və həmin tarixdən (xx.xx.2024) sonra cavabdehlərdən faiz borcu tələb edə bilməz.

46. Kollegiya onu da qeyd edir ki, xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda iddiaçı yalnız qrafik üzrə gecikmə məbləğini tələb etmişdir ki, bu da müqaviləyə xitam verilməsi kimi qiymətləndirilə bilməz. Həmin xəbərdarlıq məktubunda iddiaçı gecikmədə olan borcun ödənilməsini tələb etmiş, müqavilənin ləğvi barədə iradə ifadəsini bəyan etməmişdir.

47. İddia ərizəsindən göründüyü kimi, iddiaçı cavabdehlərdən 465,07 manat faiz və 158,81 manat cərimə tələb etmişdir. Sonradan iddianın həcmini artıraraq, müvafiq olaraq 810,95 manat faiz borcu və 633,87 manat cərimə tələb etmişdir.

48. Məhkəmə tərəfindən isə ekspertiza təyin edilərkən müqavilə üzrə borcun məhz iddia tələbinin həcminin artırıldığı günədək hesablanması qərara alınmış və ekspert qərardad üzrə suallara cavab vermişdir.

49. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən “müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. ...Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.”

50. Beləliklə Kollegiya hesab edir ki, qətnamə faiz borcuna aid hissədə dəyişdirilməli, müqaviləyə xitam verildiyi vaxt mövcud olmuş faiz borcu, yəni 465,07 manat tutulmalıdır.

51. Həmin vaxtdan sonrakı dövr üçün isə iddiaçı öhdəliyin icra edilməməsinə görə real zərər və əldən çıxmış faydanın ödənilməsini tələb edə bilər ki, hazırki işdə də belə tələb yoxdur.

52. Şikayətin digər - Cavabdeh3 barəsində tərəfindən hüquq mühafizə orqanlarına şikayət verməsi və bu səbəbdən hazırki işin icraatının dayandırılmalı olması ilə dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, göstərilən hal icraatın dayandırılması üçün əsas deyil.

53. Belə ki, Mülki Prosessual Məcəllədə cinayət təqibi qaydasında ibtidai araşdırma aparılması zamanı mülki iş üzrə icraatın dayandırlması məhkəmənin nə səlahiyyəti, nə hüququ kimi nəzərdə tutulmamışdır.

54. MPM-in 254.1.4-cü maddəsində məhkəmənin yalnız cinayət işi üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraatı dayandırma vəzifəsi göstərilmişdir.

55. Cavabdehin bu hissədə dəlilləri formal xarakter daşıyır.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-439/2025 nömrəli iş üzrə 18 mart 2025-ci il tarixli qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilərək, 465,07 manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən cavabdeh onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar