Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3188/2024 20.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: «maddi ziyan, təhlükəsizlik qaydalarına əməl edilməməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı Keyfiyyət oğlunun iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-29/2024 saylı, 13 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı Keyfiyyət oğlu xx.xx.2022-ci il tarixində, saat 19 radələrində Ağsu şəhəri, H.Əliyev küçəsində özünə məxsus **-DP-*** dövləq qeydiyyat nişanlı “OPEL ASTRA” minik markalı avtomobili ilə hərəkət edən zaman Cavabdeh ASC-nin Ağsu idarəsinin əməkdaşları tərəfindən qazılmış yolda qəza törətmiş və avtomobili əzilmişdir.
2. Qəzanın baş verməsinə səbəb Cavabdeh ASC-nin Ağsu idarəsinin əməkdaşları tərəfindən yolda qazılmış çuxur göstərilir. Çuxur ətrafında heç bir xəbərdaredici nişan olmamış və sürücü qəza törədərkən sərxoş olmamışdır.
3. Ağsu Rayon “999” X1 və Avtomobillərə Texniki Xidmət Məntəqəsinin aktına əsasən “OPEL ASTRA” minik markalı avtomobilə 4357,00 manat ziyan dəymişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh ASC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan cəmi 4375 manatın, 300 manat ziyan və 65 manat dövlət rüsumunun cavabdehən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Tələbdə göstərilir ki, iddiaçı xx.xx.2022-ci il tarixində saat 19 radələrində Ağsu şəhəri, H.Əliyev küçəsində özünə məxsus **-DP-*** dövlət qeydiyyat nişanlı “OPEL” markalı avtomobili ilə təxminən 50 km/saat sürətində hərəkətdə olmuşdur. Elektrik stansiyasının yanından keçən zaman yolun əks istiqamətindən gur işıqlı avtomobil gəlmişdir. Bu zaman həmin avtomobilin işıqları onun görmə qabiliyyətini məhdudlaşdırmışdır. Həmin vaxt da iddiaçı qarşıda böyük bir çuxurun olduğunun fərqinə varmış, həmin çuxura çox az məsafə qalmış tormoza basmış, buna baxmayaq avtomobil çuxura düşmüşdür. Düşən zaman avtomobilin təkəri partlamış və idarəetməni itirmişdir. Sonra avtomobil yolun əks istiqamətinə çıxaraq yolun kənarındakı ağaca çırpılmış, o, avtomobildən düşərək avtomobilin əzildiyini müəyyən etmişdir. Hadisə yerinə DYP əməkdaşları gələrək baxış keçirmiş, iddiaçıya sonradan məlum olmuşdur ki, həmin ərazidə Cavabdeh ASC-nin Ağsu idarəsinin əməkdaşları təmir işləri aparmış və təmir zamanı əraziyə təmirlə bağlı heç bir xəbərdaredici nişan qoymamışdır. İddiaçıya məxsus olan avtomobilə Ağsu Rayon “999” X1 və Avtomobillərə Texniki Xidmət Məntəqəsinin aktına əsasən 4357,00 manat ziyan dəymişdir. Avtomobili idarə edərkən sərxoş vəziyyətdə olmamış, 776 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” ilə təsdiq edilmişdir. İş yeri Ağsu şəhərində olduğundan hər gün Zərqava kəndindən Ağsu şəhərinə gedib-gəlmək üçün gündəlik 10 manat məbləğində xərc edir və avtomobilinin təmiri müddətində bir aya 300 manat pul xərclənəcəkdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-29/2024 saylı, 13 fevral 2024cü il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia tələbi qismən təmin edilərək Cavabdeh ASC-dən 3970,00 (üç min doqquz yüz yetmiş) manat maddi ziyanın əvəzi və ödənilmiş dövlət rüsumunun 59,70 (əlli doqquz manat yetmiş qəpik) manat hissəsinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi iş üzrə yekun qənaətində göstərib ki, Ağsu RPŞ-nin DYPB-nin inspektoru tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli “Yol nəqliyyat hadisəsinin sxemi”nə əsasən müəyyən olunur ki, İddiaçı Keyfiyyət oğlu idarə etdiyi “OPEL ASTRA” minik markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu şəhəri, Heydər Əliyev prospektində yolun qazılmış sahəsinə düşərək əks istiqamətə dönmüşdür. Yolda təhlükəsizlik yol nişanları yoxdur. “999” X1 və Avtomobillərə Texniki Xidmət Məntəqəsinin tərtib etdiyi ziyan aktına əsasən İddiaçı məxsus olan “OPEL ASTRA” minik markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilə ümumilikdə 4375,00 manat məbləğində zərər dəydiyi müəyyən olunmuşdur. Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli “201 su şəbəkə xəttində baş vermiş qəza barədə” arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə Ağsu şəhəri, Heydər Əliyev küçəsində 201 su şəbəkə xəttində qəza baş vermişdir. Qəzanın baş vermə səbəbi borunun şəbəkənin təzyiqinə uyğun seçilməməsidir. Qəzanı bərpa etmək üçün 15 kvadrat metr asfalt örtüyü qazıldı. 1 ədəd xamut (d155x165mm/L 400mm) istifadə edildi. Ağsu Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 04 avqust 2023-cü il tarixli sorğuya cavab məktubunun məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixində səhər saat 09:00 radələrində Ağsu şəhəri, Heydər Əliyev küçəsində su xəttində qəza baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal 201 su xəttində baş vermiş qəza ilə əlaqədar 11839126 nömrəli iş əmri açılmış və su xəttində qəzanın bərpa olunması üçün hazırlıq işlərinə başlanılmışdır. İcazə alındıqdan sonra qazıntı işlərinə başlanılmış və qazıntı zamanı tam təhlükəsizlik tədbirləri görülmüşdür. Qəzalı hissə bərpa olunduqdan sonra xəndək əks doldurulmuş və xəndəkdə bərkitmə işləri aparılmış və həmin ərazidə təhlükəsizliyi təmin etmək məqsədilə nişanlar qoyulmuşdur. Təmir işləri qismən bitdikdən sonra Rayon İcra Hakimiyyətinin nümayəndəsi ilə ərazidə qazılmış hissənin ölçüləri götürülmüş və akt tərtib olunmuşdur. Sözügedən ərazidə təmir işləri tam bitmədiyi üçün asfalt örtüyü bir neçə gündən sonra vurulmuşdur. Yasamal Rayon Məhkəməsinin 2(004)-1355/2023 saylı mülki iş üzrə 12 may 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş, lakin “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinin tələblərinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edərək iş üzrə materialları icrasız olaraq geri qaytarmışdır. Yasamal Rayon Məhkəməsinin 2(004)-1355/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsininin birinci hissəsinə görə Azərbaycan Respublikası ərazisində avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri sahəsində bütün işlər yol hərəkəti təhlükəsizliyi üzrə beynəlxalq standartlar, qaydalar və normativlər, habelə nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti üçün ayrılmış zolağın yetərliliyinin təmin edilməsi zərurəti nəzərə alınmaqla həyata keçirilməlidir. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Onuncu hissəsinə görə avtomobil yollarının layihələşdirilməsini, tikintisini, yenidən qurulmasını və təmirini həyata keçirən hüquqi və fiziki şəxslər yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 62-ci maddəsinin birinci hissəsinə görə Xəbərdarlıq nişanları hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir. Dördüncü hissəsinə görə yolun hərəkət hissəsində qısamüddətli işlər aparılarkən 1.23 nişanı işlərin aparıldığı yerə 10-15 metr qalmış (7.1.1 lövhəciyi olmadan) xəbərdarlıq nişanları quraşdırılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 30 sentyabr 2022-ci il tarixdə Ağsu şəhəri, Heydər Əliyev küçəsindəki su xəttində qəza baş vermişdir. Baş vermiş qəzanın bərpa olunması üçün Cavabdeh ASC-nin Ağsu Rayon İdarəsi tərəfindən həmin küçədə asfalt örtüyü qazılmışdır. Qazıntı işləri aparılan zaman cavabdeh qurumun məsul əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülməmişdir. Qəzalı hissə bərpa olunduqdan sonra xəndək doldurulmamış və həmin ərazidə təhlükəsizlik nişanları qoyulmamışdır. 03 oktyabr 2022-ci il tarixdə Ağsu şəhəri, H.Əliyev prospektində İddiaçı idarə etdiyi “OPEL ASTRA minik markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən həmin xəndəkə düşməsi səbəbindən yol nəqliyyat hadisəsi törətmişdir. İddiaçı bildirdiyinə görə yolun hərəkət istiqamətindəki qazıntı işləri aparılmış sahəyə düşməsi nəticəsində avtomobilin təkəri partlamış və idarə etməni itirib əks istiqamətdəki ağacla toqquşmuşdur. Mülki iş üzrə yol nəqliyyat hadisələri ekspertizası təyin edilmiş, əlavə tədqiqat obyektinin - avtomobilin zədələnmiş sol təkərinin təqdim edilməsi barədə ekspert vəsatəti məhkəməyə daxil olmuş, iddiaçı avtomobilini təmir etdirdiyindən tədqiqat obyektinin ekspertə təqdim edilməsi mümkün olmadığı üçün işdə olan sənədlər əsasında rəy verilməsi xahiş olunmuşdur. Lakin ekspert hazırki ekspertizanın aparılmasından imtina edərək iş üzrə materialları icrasız olaraq geri qaytarmışdır. Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 9 və 62-ci maddələrinin tələblərini pozmuş, nəticədə isə yol-nəqliyyat hadisəsi baş vermişdir. Bu, tərəflərin izahatları, şahidin ifadəsi və təqdim etdiyi fotoşəkillərlə, iş materiallarında olan “Yol-nəqliyyat hadisəsinin sxemi”, hadisədən dərhal sonra çəkilmiş fotoşəkillər və video yazılarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid X2 ifadəsində 30 sentyabr 2022ci il tarixdə saat 11:30 radələrində Ağsu sukanal sahəsinin əməkdaşları tərəfindən tikintiquraşdırma işlərinin normativə uyğun olaraq görüldüyünü, axşam saat 17:30 radələrində işin yekunlaşdığını, əks doldurma işlərinin aparıldığını və xəndəkin tam doldurulduqdan sonra isə nişanların yığışdırıldığını qeyd etsə də, bu, işdə olan sübutlarla təkzib olunur. Belə ki, şahidin məhkəməyə təqdim etdiyi fotoşəkillərdən qazıntı aparılan sahənin bir hissəsinin doldurulması, digər hissəsinin isə bərpa olunmamış vəziyyətdə qalması, telefonuna baxış keçirilən zaman isə həmin fotoşəkillərin 04 oktyabr 2024-cü il tarixdə çəkildiyi müəyyən olunmuşdur. Beləliklə məhkəmə tərəfindən iddiaçının avtomobilinə ziyan dəyməsi, bunun Cavabdeh ASC-nin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Ona görə də baş vermiş yol-nəqliyyat hadisəsinə görə iddiaçının qarşısında cavabdeh məsuliyyət daşıyır. Dəymiş zərərlə bağlı məhkəmə qeyd edib ki, Məhkəmə Ekspertizası Mərkəzinin 08 yanvar 2024-cü il tarixli ekspert rəyinə əsasən iddiaçının avtomobilinə dəyən zərər ümumilikdə 3970 manat təşkil edir, iddiaçının avtomobilinə dəymiş ziyanın miqdarı 3970 manat müəyyən edilməli və həmin məbləğdə pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, 300 manat məbləğində pul tələbi hissəsində iddia tələbi təmin edilməməlidir. Belə ki, bu hissədə iddiaçı tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. İddia tələbi qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun 59,70 (əlli doqquz manat yetmiş qəpik) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh ASC apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin olunan hissədə ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 31.88 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasını xahiş edib şikayətində göstərir ki, “Sudan istifadə Qaydaları”nın, 2.1.1-ci bəndinə əsasən, Cəmiyyətin vəzifələrindən biri də balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etməkdir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 12-ci maddəsinin “b” bəndinə əsasən, hər bir su təchizatı müəssisəsi öz zonası hüdudlarında səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqla su kəmərlərindən ətraf mühitə su sızmasının aradan qaldırılmasını və belə halların baş verməsinin qarşısının alınmasını təmin etməlidir. “Yol hərəkəti haqqında” Qanunun 9.10-cu bəndinə əsasən, Azərbaycan Respublikası ərazisində avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri sahəsində bütün işlər yol hərəkəti təhlükəsizliyi üzrə beynəlxalq standartlar, qaydalar və normativlər, habelə nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti üçün ayrılmışzolağın yetərliliyinin təmin edilməsi zərurəti nəzərə alınmaqla həyata keçirilməlidir. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Avtomobil yollarının layihələşdirilməsini, tikintisini, yenidən qurulmasını və təmirini həyata keçirən hüquqi və fiziki şəxslər yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilənlərə əsasən, Cəmiyyətin təmir-bərpa işləri zamanı yol hərəkəti təhlükəsizliyinə dair qaydalara, standartlara və normalara riayət edilməsinə dair məsələlər maddi sübut daşıyıcılarında da öz əksini tapmışdır. Məhkəmə qətnamə qəbul edərkən cavabdeh tərəfindən təqdim edilmiş sübutlara baxmayaraq, faktlara hüquqi qiymət verməmiş və yalnız iddiaçının mülahizələrinə əsaslanaraq əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğunu bildirdi və məhkəmədən təmin edilməməsini xahiş etdi.
10. Rüstəm Rüstəmov tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə ünvanlanmış ərizədə Cavabdeh ASC-nin nümayəndəsi Lalə Seydiəliyevanın səhhətində yaranmış problemlə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyinin nəzərə alınaraq işə baxılmasının başqa vaxta təxirə salınması xahiş edilmiş, lakin bu halı təsdiq edən sübut ərizəyə təqdim edilməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
12. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 40-2. Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı yol təsərrüfatı orqanlarının işçilərinin və yol hərəkəti iştirakçılarının təhlükəsizliyi təmin olunmalı və yol hərəkəti düzgün təşkil edilməlidir.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd etmişdir ki, “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.”
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin iddia tələbinin təmin olunan hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. Əvvəla, mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
21. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları tələbin təmin olunduğu hissədə Mülki Məcəllənin yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia təmin edildiyi hissədə haqlı sayılır.
22. Əvvəla, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçının mülkiyyətində olan avtomobilinə qeyd olunan tarixdə və vaxtda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərər dəyməsi işin mübahisəsiz halıdır. Yəni, cavabdeh tərəf də bu faktı mübahisələndirmir. Mübahisələndirilən hal həmin zərərin yetirilməsində cavabdehin təqsiri olub-olmaması yaxud təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranıbyaranması ilə bağlıdır. Çünki, Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir.
23. Şahid qismində dindirilmiş X2 da ifadəsində bildirib ki, o, Cavabdeh ASC 2 nömrəli Regional Sukanal İdarəsinin Ağsu sukanal sahəsində sahə rəisi vəzifəsində işləyir. Yol-nəqliyyat hadisəsindən səhəri günü xəbər tutmuş, polisdən bildiriş almış, polis idarəsinə getmiş, maşının sağ tərəfinin əzildiyini görmüşdür. Polis ondan izahat istəməmiş, iş icraçısı izahat verməli olmuş, lakin icraçı məzuniyyətdə olmuşdur. Su qəzası 30 sentyabrda baş vermişdir. İş əmrinə əsasən səhər saatlarında, təqribən saat 11:30 radələrində hadisə yerinə baxış keçirilmiş, ərazi lentlənmiş, xəbərdarlıq nişanları qoyulmuş, əməkdaşlar tərəfindən tikinti-quraşdırma işləri normativə uyğun olaraq görülmüş, axşam saat 17:30 radələrində iş yekunlaşmış, əksdoldurma işləri aparılmış, tam doldurulmuş, doldurulduqdan sonra isə nişanlar yığışdırılmış, bərkitmə işləri aparılmışdır. Ola bilsin ki, su müəyyən çökmələr yaratmış, lakin bu qəzaya səbəb olacaq dərəcədə olmamışdır.
24. Apellyasiya baxışı zamanı videogörüntülərə baxış keçirilərkən müəyyən olundu ki, , yolun qəza olan hissəsi çökmüş və xəbərdaredici heç bir nişan qoyulmamışdır. Ona görə də, baş vermiş hadisə cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyindən apellyasiya şikayətindəki dəlil, yəni Cəmiyyətin təmir-bərpa işləri zamanı yol hərəkəti təhlükəsizliyinə dair qaydalara, standartlara və normalara riayət etməsi inandırıcı və ağlabatan sayıla bilməz. Cavabdeh tərəf bu hala istinad edirsə, onu sübut etməlidir. Çünki bəyan etdiyi həmin halı sübut etmək yükü artıq onun üzərinə düşür. Ancaq cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi hallara dair mötəbər sübut təqdim etməyib. Ona görə də məhkəmə qətnamə qəbul edərkən mövcud olan faktlara hüquqi qiymət verib və yalnız iddiaçının mülahizələrinə əsaslanaraq əsassız qətnamə qəbul etməmişdir.
25. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-29/2024 saylı, 13 fevral 2024-cü il tarixl qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-29/2024 saylı, 13 fevral 2024-cü il tarixl qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.