Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-319/2020 03.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), X5 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X7, Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 vəkili X10 iştirakı ilə, İddiaçı Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə qarşı “mülkiyyət hüququnun tanınması, mənzildən istifadəyə maneələrə son qoyulması və müqavilənin etibarsız hesab edilməsi” haqqında ilkin, Cavabdeh2 MMC-nin İddiaçı və Cavabdeh1 MMC-yə qarşı, X3 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia ərizəsinədair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən və xx xxxxx 2019-cu il tarixli əlavə qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Bakışəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa olunmuş binanın 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 145 kv.m olan, 3 otaqlı, 17 saylı mənzil üzərində mülkiyyət hüququnun tanınması və həmin mənzildən onun sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılmasının Cavabdeh2 MMC-nin rəhbərliyinə həvalə edilməsi və Cavabdeh2 MMC ilə Tofiq Balayev arasında bağlanmış xx.xx.2008-ci il tarixli 17 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 MMC, qarşılıqlı iddia verərək, Cavabdeh1 MMC ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə Bakışəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa olunmuş binanın 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən 145.00 kv.metr sahəsi olan 3 otaqlı, 17 saylı mənzillə bağlı bağlanmış müqavilənin, eyni tarixli və xx xxx 2008-ci il tarixli maliyyə arayışlarının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa olunmuş binanın 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 145 kv.m olan, 3 otaqlı, 17 saylı mənzil üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılmasının Cavabdeh2 MMC-nin rəhbərliyinə həvalə edilməsi, ilkin iddianın qalan hissədə, habelə Cavabdeh2 MMC-nin qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli əlavə qətnaməsi ilə Cavabdeh2 MMC ilə X8 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 17 saylı müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Cavabdeh2 MMC, apellyasiya şikayəti və ona əlavə verərək, qətnamənin ləğv olunmasını və qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin və ona əlavənin dəlilləri bundan ibarətdir ki, məhkəmə, qətnamə çıxararkən MM-in 178-ci maddəsinə istinad edərək, İddiaçı mənzilin dəyərini tam şəkildə ödəməklə həmin mənzilə sahiblik, istifadə hüququ əldə etməsini göstərsə də, Cavabdeh1 MMC-nin təşkilati hüquqi formasının kooperativ olmaması və iddiaçının kooperativin üzvü olmasına və mənzilin Cavabdeh1 MMC tərəfindən ona təhvil verilməsinə dair sənədi məhkəməyə təqdim etməməsini nəzə almamışdır. Həmçinin, iddiaçının müqaviləsinin qeydiyyat kitabında qeyd olunub-olunmamasına dair heç bir sübut tələb etməmişdir. Məhkəmə tərəfindən mənzilin qanuni sahibi Cavabdeh2 MMC tərəfindən mənzil satılmış şəxslərin müqavilələrinin, o cümlədən T.Balayevlə bağlanmış müqavilənin qeydiyyat kitabı rəsmi qaydada tələb edilməmiş, baxmayaraq ki, belə kitab və müqavilələrin qeydiyyatı mövcuddur. Bundan başqa, məhkəmə MM-in 351.1-ci maddəsinə istinad etsə də, 354.2-ci maddədə göstərilənləri nəzərə almamışdır. Həmin maddəyə görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il ərzində əqdi mübahisələndirə bilər. Cavabdeh2 MMC, həm də T.Balayev, satış aparmağa səlahiyyəti olmayan Cavabdeh1 MMC-nin İddiaçı mənzil satmasını sonuncunun məhkəməyə meraciət edən vaxt, yəni 2018-ci ilin noyabr ayında bilmişdir. Göründüyü kimi, E.Babayevə binanın sahibi tərəfindən nə müqavilə, nə də ki qanunla satışa icazə verilməmişdir. Həm də, mənzillərin Cavabdeh2 MMC tərəfindən satılmasına dair 2007-ci ildən binanın önündə dəmir lövhə qoyulmuşdur. Mübahisəli mənzil xx.xx.2008-ci ildə Cavabdeh2 MMC tərəfindən 88.450 manata T.Balayevə satılmışdır. İddiaçıla bağlanmış mənzil tikintisi haqqında müqavilələr MM-də müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından etibarsız hesab edilməlidir. T.Balayev mənzilin qanuni sahibi Cavabdeh2 MMC-dən aldığı mənzilin dəyərini tam ödməklə öhdəlik daha əvvəl onun xeyrinə əmələ gəlmiş, həmçinin əmlaka mülkiyyət hüququ əldə etmişdir, hazırda da həmin mənzildə təmir aparır. Məhkəmə 17 saylı mənzilə T.Hüseynovun mülkiyyət hüququnun tanınmasını qətnamənin təsviri hissəsində rədd etmişdir. Göründüyü kimi, Cavabdeh2 MMC ilə İddiaçı arasında öhdəliyin əmələ gəlməsinə dair müqavilə mövcud deyil. Bununla da, məhkəmə maddi hüquq normalarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Tofiq Balayevin vəkili, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. İlkin iddiaçı və nümayəndəsi isə bildirmişlər ki, mübahisəli mənzil onlara məxsusdur. Belə ki, İddiaçı, həmin mənzili dəyərini tam ödəməklə almışdır və mənzil ona təhvil verilmişdir. İddiaçı, yaşayış sahəsində müəyyən təmir işləri aparılmışdır və xeyli müddətdir ki, həmin mənzildə yaşayır. Lakin Cavabdeh2 MMC-nin əməkdaşları mənzildən istifadə etməyə, orada əlavə təmir işləri aparmağa maneçilik törədir. Mənzilin guya X1 isə yalandır. Belə ki, onların mənzilə dair sənədləri həqiqi olduğu halda, T.Babayevin maliyyə arayışının tarixi və nömrəsi yoxdur, yəni həmin sənəd saxtadır. İlkin iddiaçı və nümayəndəsi, göstərilənlərin nəzərə alınmaqla qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən digər şəxslər hazırkı məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iclas iştirakçısını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında yaşayış evinin tikintisi ilə əlaqədar pay barədə xx.xx.2012-ci il tarixli müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci, 2-ci və 3.1-ci bəndlərinə əsasən, əqdin əsas predmeti Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa olunan binanın 1-ci girişinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 145 kv.metr olan 3 otaqlı, 17 saylı mənzildən ibarətdir. Payçı ona düşən mənzil sahəsi üçün 67976 manat (85000 ABŞ dolları) tam ödəməlidir. Tikinti işləri tam başa çatdırıldıqdan sonra müqavilənin əsas predmeti olan mənzil icraçı tərəfindən təhvil verilir, payçı isə qəbul edir. Cavabdeh1 MMC tərəfindən verilmiş 149/60 nömrəli, xx.xx.2012-ci il tarixli maliyyə arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu. Yeni Yasamal yaşayış massivində inşa olunan binası Cavabdeh2 MMC və “xxxx” MMC-yə məxsusdur, mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir və borcu qalmamışdır. Bundan əlavə, Cavabdeh2 MMC ilə X8 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 17 saylı koperativ mənzilin tikintisi barədə müqaviləyə əsasən, cəmiyyət Bakı şəhəri, Yasamal rayonu. Yeni Yasamal yaşayış massivində inşa olunan binanın 1-ci girişinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 145 kv.metr olan 3 otaqlı, 17 saylı mənzili payçı olaraq X6 təhvil verməyi, payçı isə müəyyənləşdirilmiş 88450 manat məbləğdə pul vəsaitini cəmiyyətə ödəməyi öhdəsinə götürmüşdür. Tarxi və nömrəsi olmayan maliyyə arayışında həmin mənzilin pay dəyərinin X8 tərəfindən tam ödənildiyi və cəmiyyətə borcunun olmadığı qeyd edilmişdir. Apellyasiya baxışında qeyd edilən müqavilədəki imzaların və onun tərtib edilmə tarixinin müəyyənləşdirilməsi üçün məhkəmə-xətşünaslıq və sənədlərin texniki-kriminalistik ekspertizaları keçirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin sənədlərin materiallarının tədqiqi ekspertizası üzrə 25455 nömrəli, xx.xx.2019-cu il tarixli rəyinə əsasən, tədqiq olunan xx.xx.2008-ci il tarixdə bağlanmış mənzil tikintisi haqqında Tofiq Balayevin adına 17 nömrəli müqavilənin əslindəki, tarixsiz Tofiq Balayevin adına maliyyə arayışının əslindəki “İ.M.Axundov” soyadlarının qarşısındakı imzalar kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə; həmin imzalar ilə müqavilənin əslindəki “Payçı” qrafasındakı imza və soyad kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. Həmin sənədlərdəki möhürlərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə ştempel boyalarının kimyəvi tərkibinə uyğundur. Həmin sənədlərdəki imza və möhürlərin icra olunma tarixini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizası üzrə 29788 nömrəli, xx.xx.2019-cu il tarixli rəyinə əsasən, Cavabdeh2 MMC ilə Tofiq Balayev arasında baölanmış xx.xx.2008-ci il tarixli, 17 saylı kooperativ mənzil tikintisi haqqında müqavilədə “Payçı” qrafasında “Балаjев”xxxx“MMC-nin direktoru” qrafasındakı imza və 100-cü vərəqədəki maliyyə arayışında Cavabdeh2 MMC-nin sədri” qrafasındakı imza X11 tərəfindən icra olunmuş, müqavilədə “Payçı” qrafasındakı “Balayev T.D AZE 05302454” yazılar Tofiq Balayev və İmran Axundov tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə, ilkin İddiaçı, mübahisəli mənzilin dəyərini tam ödəyərək aldığını, mənzilin onun sahibliyinə verildiyini, orada yaşamaq üçün şərait yaratdığını və bəzi təmir işləri gördüyünü, faktiki olaraq həmin mənzildə yaşadığını, lakin Cavabdeh2 MMC-nin əməkdaşlarının əlavə təmir işləri aparmağa və mənzildən sərbəst istifadə etməyə imkan vermədiklərini bildirərək ilkin iddia tələblərini irəli sürmüşdür. Qarşılıqlı iddiaçı Cavabdeh2 MMC isə, sözügedən binanın özünə məxsus olduğunu, Cavabdeh1 MMC-nin mübahisəli mənzili İddiaçı satmaq səlahiyyətinin olmadığını, mənzili xx.xx.2008-ci il tarixli müqavilə əsasında Tofiq Balayevə satdıqlarını bildirərək qarşılıqlı iddia tələblərini irəli sürmüşdür. Birinci instansiya məhkəməsi ilkin iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış müqavilədən və ona əlavə edilmiş maliyyə arayışından müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə İddiaçı tərəfindən əməl olunmasına, habelə Cavabdeh1 MMC tərəfindən mənzilin təhvil verilməsinə baxmayaraq, həmin mənzildə təmir işlərinin aparılmasına Cavabdeh2 MMC tərəfindən maneəçilik törədilir, halbuki 2012-ci ildə İddiaçı mənzilin dəyərini tam ödəməklə həmin mənzilə sahiblik və istifadə etmək hüquqlarını əldə etmişdir. Mülki Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Birinci instansiya məhkəməsi, X9 ilə Cavabdeh2 MMC arasında bağlanmış müqaviləyə münasibətdə qeyd etmişdir ki, həmin müqavilə iddiaçı tərəfindən mübahisələndirildiyindən, yəni həmin müqavilənin uydurma müqavilə olması və iddiaçının iddiasına maneəçilk törədilməsi məqsədi ilə sonradan geri tarixlə bağlanılması bildirildiyindən, həmin müqavilənin həqiqiliyini yoxlanılması məqsədi ilə Cavabdeh2” MMCnin nümayəndəsinə MMC-ilə 2008-ci il tarixdə bağlanmış mübahisəli mənzilin yerləşdiyi binada yerləşən mənzillərin alqı-satqı müqavilələrinin qeydiyyatı kitabını məhkəməyə təqdim olunması təklif edilməsinə baxmayaraq, həmin kitablar məhkəməyə təqdim edilməmişdir. Rayon məhkəməsi hesab etmişdir ki, X9 ilə bağlanılmış müqavilə uydurma müqavilədir. Belə ki, həmin müqavilənin mövcud olduğu halda Cavabdeh2 MMC və ya X9 tərəfindən İddiaçı ilə bağlanmış mənzilin tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə bu neçə il ərzində məhkəmədə iddia qaldırmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq onu da qeyd edir ki, pay haqqının tam ödənilməsini, başqa sözlə əmlaka mülkiyyət hüququ əldə edilməsini təsdiqləyən sübut kimi maliyyə arayışının mötəbərliliyi nəzərə alınmaldır. Belə ki, sənədin rəsmi kitabda qeydiyyatdan keçməsini göstərən əlamətlər kimi onun nömrə və tarixinin olması mühüm əhəmiyyət kəsb edir. Hazırkı işdə Cavabdeh1 MMC tərəfindən İddiaçı verilmiş maliyyə arayışının tarixi və nömrəsi vardır (№:149/60, tarix:xx.xx.2012). Cavabdeh2 MMC-nin Tofiq Balayevə verdiyi maliyyə arayışında isə sənədin nömrəsi və tarixi mövcud deyil. Yuxarıda qeyd olunan səbəblərdən həmin sənədin mötəbərliliyinə ciddi şübhələr olduğu halda, Cavabdeh2 MMC və Tofiq Balayev, ona verilmiş maliyyə arayışında tarixin və nömrənin olmamasının səbəblərini ağlabatan dəlillərlə izah edə bilməmişlər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilən halları birlikdə qiymətləndirərək bu qənaətə gəlir ki, Cavabdeh2 MMC ilə Tofiq Balayev arasında tərtib edilmiş müqavilə və maliyyə arayışı qarşılıqlı hüquq və öhdəlik yaratmağa yönəlmiş iradə ifadələri olmamaqla, görünüş üçün bağlanmış uydurma əqddir. Belə əqd isə əhəmiyyətsizdir və heç bir hüquqi nəticə yaratmır. Mülki Məcəllənin 337.1-ci və 337.4-cü maddələrinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Odur ki, birinci instansiya məhkəməsinin Cavabdeh2 MMC ilə X8 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 17 saylı müqavilənin etibarsız hesab edilməsinə dair qənaəti əsaslıdır. Məhkmə kollegiyası onu da vurğulayır ki, hətta Cavabdeh2 MMC və Tofiq Balayev arasındakı müqavilə etibarlı olsaydı belə, mübahisəli mənzil üzərində İddiaçı üstün hüququ vardır. Belə ki, mülki hüquq münasibətlərində borclunun eyni əşyanı iki və ya daha artıq şəxsə (kreditora) verəcəyi barədə öhdəlik götürməsi (müqavilə bağlaması) halları mümkündür. Yəni borclu, bağladığı müqavilələrlə bir əşyanı müxtəlif şəxslərə verəcəyi (mülkiyyətinə keçirəcəyi) barədə üzərinə öhdəlik götürmüş olur. Bu məzmunda müqavilənin bağlanması ilə kreditorlardan heç biri avtomatik olaraq həmin əşyanın mülkiyyətçisi olmur (mülkiyyəti qazanmırlar). Belə hallarda əşyanın mülkiyyətini alıcılardan hansının qazanması qanunvericiliklə tənzimlənmişdir. Mülkiyyətin qazanılması borclunun əşyaya sərəncam verməsi - daşınarlarda əşyanı alıcının faktiki sahibliyinə verməsi (MM, maddə 182), daşınmaz əşyalarda əşyanın dövlət reyetrindəki qeydini alıcının adına keçirməsi (MM, maddə 139), fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsi halında isə əşyanın üçüncü şəxsə mülkiyyət hüququ ilə (faktiki yiyələnmə formasında sahibliyə) verilməsi ilə mümkün olur (MM, maddə 452.1). Baxılan işdə mübahisə predmeti olan mənzil daşınmaz əmlakın dövlət reyetrində qeydə alınmamış əşyadır. Ona görə də, həmin mənzilin verilməsi barədə İddiaçı və Tofiq Balayevlə bağlanmış müqavilələr üzrə onlardan hansının üstün hüququnun yaranmasına Mülki Məcəllənin 452-ci maddəsi tətbiq edilir. MM-in 452.1-ci maddəsinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Göründüyü kimi, qanun, fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydalarını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni üçüncü şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Çünki, borclunun artıq başqasının mülkiyyətinə keçmiş (verilmiş) əşyanı kreditora verməsi obyektiv səbəbdən mümkün deyil. Bu baxımdan əşyanın üçüncü şəxsin sahibliyinə verilməsi faktı müəyyən edildiyi təqdirdə alıcılardan (kreditorlardan) hansının müqaviləni daha əvvəl bağlamasının hüquqən əhəmiyyəti yoxdur. Çünki, qanun, müqavilələrin tarixini o halda həlledici sayır ki, əşya nə onu tələb edən kreditora, nə də üçüncü şəxsə verilməmiş olsun (əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur). Cavabdeh2 MMC, mübahisəli mənzilə dair Tofiq Balayevlə müqavilənin daha əvvəl xx.xx.2008-ci il tarixdə bağlanıldığına istinad etsə də (Cavabdeh1 MMC ilə İddiaçı arasındakı müqavilə xx.xx.2012-ci il tarixdə bağlanmışdır) əşya üzərində üstün hüququn yaranması üçün yaşayış sahəsinin onlardan hansının faktiki sahibliyinə verilməsi əsas götürülməlidir. Baxılan işdə Cavabdeh2 MMC, mübahisəli mənzili Tofiq Balayevin sahibliyinə verdiyini təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi, X2rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İddiaçı isə mənzilə sahiblik etməsi, orada müvafiq təmir işləri aparması onun izahatı ilə yanaşı apellyasiya baxışında keçirilmiş tikinti-texniki ekspertizanın rəyi ilə təsdiq olunur. Məhkəmə Ekspertizası Mərkəzinin 25456 nömrəli, xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, İddiaçı tərəfindən mənzilin divarına və tavanına şpaklyovka çəkilmiş, sanitar qovşağına unitaz quraşdırılmış və mənzilin qapısı dəyişdirilərək dəmir qapı əvəz olunmuşdur. Eyni zamanda mənzilin dəhliz və bir otağının tavanına şpaklyovka çəkilmişdir. Mənzilin bir otağının daxilində döşəməyə dik düzülərək, plastik qapı-pəncərə və bir ədəd taxta qapı quraşdırılmışdır. Mənzilin hazırkı vəziyyəti (təmir, kommunal, sanitar və digər şərtlər nəzərə alınmaqla) orada daimi yaşayış üçün qənaətbəxş olmadığı müəyyən edilir. Kollegiya vurğulayır ki, Mülki Məcəllənin 452-ci maddəsi baxımından mübahisəli əşya üzərində hüquq iddia edən kreditorlardan hansının üstün olmasının müəyyənləşdirilməsi üçün mənzilin daimi yaşayış üçün qənaətbəxş olması zəruri deyil. Vacib olan mənzilə kreditorlardan hansının faktiki sahiblik etməsidir. Ekspertizanın rəyi ilə təsdiqlənən işlər (yeni qapının qoyulması, müvafiq təmir işlərinin aparılması və s.) mübahisəli mənzilin İddiaçı sahibliyində olması nəticəsinə gəlmək üçün kifayət edir. Beləliklə, mübahisəli mənzil daha əvvəl İddiaçı sahibliyinə verildiyi üçün həmin daşınmaz əşya üzərində onun üstün hüququ yaranmışdır. Odur ki, Tofiq Balayevin müqaviləsi etibarlı olsaydı belə, Mülki Məcəllənin 452-ci maddəsinin (əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur) tələbi baxımından onun müqaviləni daha əvvəl bağlaması İddiaçı mənzil üzərindəki hüququnu aradan qaldıra bilməzdi. Göstərilənlərə əsaəsn Kollegiya hesab edir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa olunmuş binanın 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 145 kv.m olan, 3 otaqlı, 17 saylı mənzil üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılmasının Cavabdeh2 MMC-nin rəhbərliyinə həvalə edilməsi barədə rayon məhkəməsinin gəldiyi qənaət əsaslıdır. Qarşılıqlı iddianın həlli ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsinə əsasən, Cavabdeh1 MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış birgə təsərrüfat fəaliyyəti haqqında müqavilənin 2.1.5-ci bəndinə əsasən Cavabdeh1 MMC-nin mənzil satmaq səlahiyyəti olmadığından, mənzil üçün Cavabdeh2 MMC-yə pul vəsaiti ödənilmədiyindən, İddiaçı ilə bağlanmış mənzil tikintisi haqqında müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından, yəni binanın qanuni sahibi Cavabdeh2 MMC ilə bağlanmadığından, habelə həmin mənzil barəsində 2008-ci ilin aprel ayında X8 arasında mənzil tikintisi haqqında müqavilə bağlanıldığından etibarsız hesab edilməlidir. İş materiallarında olan Cavabdeh2 MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli birgə təsərrüfat fəaliyyəti haqqında müqavilənin 2.1.5-ci bəndinə əsasən “bu müqavilə imzalandığı tarixdən etibarən tərəflər yaşayış və qeyri-yaşayış sahələrinin satışını eyni qiymətlə aparmaqla, satış alqı-satqı müqavilələri və digər sənədlər əsasında İ Tərəfin adından rəsmiləşdiriləcəkdir, əgər satışı İİ Tərəf öz adından rəsmiləşdirərsə payçılar və rəsmi dövlət orqanları, alıcılar qarşısında özü öz əmlakı ilə, yəni zərərvuran İİ Tərəf məsuliyyət daşıyacaq. İİ Tərəf gördüyü işin yarısı dəyərində, yəni payına düşən hissəsinin 25%həcmində İ Tərəfin möhürü və imzası ilə satış apara bilər.” Mülki Məcəlləsinin 350-ci maddəsinə əsasən, əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Mülki qanunvericiliyin qeyd olunan normasının mənasından görünür ki, ilk olaraq İddiaçı Cavabdeh1 MMC-nin satmaqda səlahiyyətli şəxs olmadığını bilməlidir və onun bu halı bilməsi Cavabdeh2 MMC tərəfindən sübuta yetirilməlidir ki, İddiaçı adına olan mənzil müqaviləsi mübahisələndirilə bilinsin. Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. MM-in 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Göstərilənləri nəzərə alaraq, rayon məhkəməsi belə nəticəyə gəlmişdir ki, tikilən binanın ofisinin fəaliyyət göstərdiyi şərait imkan verirdi ki, İddiaçı həmin ofisdə mənzil müqaviləsi bağlaya bilsin və bu zaman onun həmin satış ofisinin müqavilə bağlamaq səlahiyyətinin olub-olmamasını müəyyən etmək imkanı ola bilməzdi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan mövqeyi ilə razılaşıraq hesab edir ki, iş üzrə düzgün nəticəyə gəlinmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyi üçün iş üzrə keçirilmiş, sənədlərin materiallarının tədqiqi ekspertizası üzrə 104 manat, məhkəmə-xətşünaslıq ekspertizası üzrə 126 manat, məhkəmə tikinti-texniki ekspertizası üzrə 100 manat olmaqla, cəmi 330 manat məhkəmə xərci Cavabdeh2 MMC-dən tutularaq, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına kеçirilməlidir. Belə ki, MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-581/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi və xx xxxxx 2019-cu il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 330 (üç yüz otuz) manat məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına kеçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Zaur Əliyev
Məhkəmə qərarları › İş №2(103)-319/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-319/2020
03.03.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver