Məhkəmə qərarları › İş №2(103)-319/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-319/2023

28.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-319/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı QƏTNAMƏSİ iş № 2(103)-319/2023 (Açar sözlər: yol nəqliyyat hadisəsi nəticəsində maddi ziyanın ödənilməsi) Bakı şəhəri, 28 fevral 2023-cü il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X11 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı “Azərmaş MMC”-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yol nəqliyyat hadisəsi nəticəsində maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-67/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:

1. İddiaçı X10 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yol nəqliyyat hadisəsi nəticəsində maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində KHAZAR SD minik markalı, 99PX039 dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD 832661 seriyalı, 2020-ci il buraxılışlı, ban Na NVAW01HHFLE220593, mühərrik N° null, göy rəngli) avtomobilə və avtomobilin potensial mülkiyyətçisi olaraq ona dəymiş 16.090,32 manat məbləğində maddi zərərin cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, 28 fevral 2021-ci il tarixdə saat 13:30 radələrində cavabdeh X7 Bakı-Xocasən yolunun Abşeron rayonu ərazisindən keçən 5-ci kilometrində idarə etdiyi BMW 535 minik markalı, 10SS812 dövlət qeydiyyat nişanlı avtomobillə 2 zolaqlı yolun sağ zolağı ilə 75 km/saat sürətlə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən hərəkət üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, həmçinin hərəkət istiqamətlərini ayıran ağ qoşa bütöv üfüqi nişanlanma xəttini kəsməməli olduğu halda bunu etməmiş, “X12” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməmiş, qarşısında eyni istiqamətdə hərəkətdə olan avtomobili ötmək üçün sol zolağa manevr etmiş, avtomobili ötmək istədiyi anda idarə etməni itirərək avtomobil əks hərəkət zolağına çıxmış, nəticədə idarə etməsində olan KHAZAR SD minik markalı, 99PX039 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanad hissəsi ilə toqquşmuş, nəticədə onun sağlamlığına yüngül zərər vurulmuş və avtomobilə əzilərək maddi ziyan dəymişdir. Hadisə yerinə baxış protokolu, sxemi, fotoşəkilləri və izahatlar ilə qeyd olunanlar öz əksini tapmışdır. Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin müstəntiqi polis mayoru X3 HK-1/154 Neli, 28 mart 2021-ci il tarixli qərarı ilə yol nəqliyyat hadisəsi sürücü X4 təqsiri nəticəsində baş verməklə başqa şəxslərin sağlamlığına az ağır və ya ağır zərər tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd olunmuş, həmçinin cavabdeh“X12” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1 -ci bəndinin tələblərini pozaraq ehtiyatsızlıqdan ərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurdğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh görülməsi qərara alınmışdır. Bildirmək istəyir ki, KHAZAR SD minik markalı, 99PX039 dövlətqeydiyyat nişanlı avtomobili “AZƏRMAŞ MMC” ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli MAS- 2543 saylı “X9”nə əsasən, 24 ay müddətinə, illik 19% həcmində mükafat məbləği hesablanmaqla 13300 manata lizinqə gğtürmüşdür. Aylıq lizinq ödənişinin məbləği 670.43 AZN təşkil edir. Beləliklə, qiyməti 13300 manat olan avtomobil lizinq ödənişlərini ödədikdən sonra ona 16.090,32 manata başa gələcəkdi. Lakin cavabdehlərdən Cavabdeh2 mülkiyyətindəı olan, X4 idarə etdiyi BMW 535 minik markalı, 10SS812 dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydası pozulması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsinin nəticəsində lizinqə aldığı avtomobil tam yararsız vəziyyət düşmüş və nəticədə ona 16.090,32 manat məbləğində ziyan dəymişdir.. Ona lizinqə verilmiş KHAZAR SD minik markalı, 99PX039 dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD 832661 seriyalı, 2020-ci il buraxılışlı, ban N° NVAW01HHFLE220593, mühərrik N° null, göy rəngli) maşın 2020-ci il buraxılışlıdır, maşın lizinqə götürəndən 7 ay sonra hadisə baş vermiş və ona ziyan dəymişdir. O, hazırda da lizinq ödənişlərini ödəyir.Hazırda cavabdehlər yol nəqliyyat hadisəsi törədərək ona vurduğu maddi ziyanı könüllü ödəməkdən boyun qaçırdığı üçün ona qarşı iddia tələbi ilə ərazi aidiyyəti üzrə Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.

3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-67/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 dəymiş ziyanın əvəzi olaraq 14000 (on dörd min) manat məbləğində pul alınaraq iddiaçı “Azərmaş MMC”-yə ödənilməsi, 50(əlli) manat ekspertiza xərci Cavabdeh1 tutularaq müvafiq hesab üzrə Dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Günay Həşimova).

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-729/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək dəymiş ziyanın yenidən hesablanmasını xahiş etmişdir.

5. Apellyasiya şikayətində qeyd edilmişdir ki, cavabdeh hərbiçidir, xüsusi təyinatlı hərbi hissədə xidmət edir. N günlük X6 iştirakçısı və Müharibə veteranıdır. Döyüş zamanı yaralansa da yenidən hərbi xidmətini davam etdirir. İddiaçı MMC mənə və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq yol nəqliyyat hadisəsi nəticəsində onlara dəymiş 16090,32 manat maddi ziyanın ödənilməsini xahiş etmişdir. Qaradağ rayon məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 2(002)-67/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən dəymiş ziyanın əvəzi olaraq 14000 manat məbnləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh məhkəmənin iddia tələbi üzrə gəldiyi nəticə ilə razı deyil. Belə ki, iş materialları ilə müəyyən edilir ki, yol nəqliyyat hadisəsi cavabdehin təqsiri üzündən baş vermiş və “KHAZAR SD” minik markalı 99PX039 dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı bazar qiyməti olan 14000 manat məbləğində müəyyən edilir və həmin məbləğin tam olaraq cavabdehdən tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, qeyd edilən yol nəqliyyat hadisəsi zamanı “KHAZAR SD” minik markalı 99PX039 dövlət qeydiyyat nişanlı avtomobili tam yarasızdır. “KHAZAR SD” minik markalı 99PX039 dövlət qeydiyyat nişanlı avtomobili sığortalı olmaqla tam yararsız hala düşməsi səbəbindən iddiaçı təşkilata sığorta şərtlərinə əsasən 50000 manat sığorta ödənişi ödnilmiş və həmin məbləğ ümumi məbləğdən çıxılmalı idi. Eyni zamanda ekspertiza rəyində qeyd edilmişdir ki, sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissəllər diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirdikdən sonra qalıq dəyərimüəyyən edilə bilər. Göründüyü kimi avtomobilin salamat hissələri müəyyən edilib satıldıqdan sonra qalana məbləğlər məndən tutulmalı idi. Məhkəmə qətnamə qəbul edərkən bu hissələr araşdırılmamışdır. Nəticədə işin faktiki hallarına uyğun olmayan qətnamə qəbuledilmişdir. İş üzrə iddiaçı təşkilatın aktı ilə müəyyən edilmişdir ki, “KHAZAR SD” minik markalı 99PX039 dövlət qeydiyyat nişanlı avtomobili tam yarasızdır. “KHAZAR SD” minik markaıl 99PX039 dövlət qeydiyyat nişanlı avtomobili sığortalı olmaqla tam yararsız hala düşməsi səbəbindən iddiaçı təşkilata sığorta şərtlərinə əsasən 50000 manat sığorta ödənişi edilmiş, həmin məbləğ ümumi məbləğdən çıxılmalı idi. Eyni zamanda ekspertiza rəyində qeyd edilmişdir ki, sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissəllər diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirdikdən sonra qalıq dəyəri müəyyən edilməli idi. Lakin məhkəmə bütün bunları araşdırmamış, sözügedən avtomobilin hazırkı bazar dəyərin tutulması barədə qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Nəcəfli şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

8. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehlərə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə bamayaraq onlar kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1-ci maddəsinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

11. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

12. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

13. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

14. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Apellyasiya baxışının hədləri:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

18. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yol-nəqliyyat hadısələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinə verilmiş xx.xx.2021-ci il tarixli Cavabdeh1 izahatından görünürki, 28 fevral 2021-ci il tarixdə saat 13:30 radələrində etibarnamə ilə idarə etdiyi BMW 535 minik markalı, 10SS812 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Xocasən yolunun Abşeron rayonu ərazisindən keçən 9-ci kilometrində Bakı şəhəri istioqamətində 2 zolaqlı yolun sağ zolağı ilə 75 km/saat sürətlə hərəkət ediridi.Qarşıda eyni istiqamətdə Mercedes markalı avtomobili ötmək üçün sol zolağa manevr etmiş və həmin avtomobil də sola doğru manevr etmişdir. Bu halda toqquşmamaq üçün tormoz etmiş və idarəetməni itirmiş və avtomobili əks hərəkət zolağına çıxaraq, əks istiqamətdıə olan KHAZAR SD minik markalı, 99PX039 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanad hissəsi idarə etdiyi avtomobilin sol qanad hissəsi ilə toqquşdu və zərbədən idarə etdiyi avtomobil firlanaraq toqquşma yerində dayandı Həmin avtomobil isə yolun sağına istiqamətlənib hərəkət hissədən kənara çıxıb dayandı.hadısə zamanı maşında yük və sərnişin olmamaışdır. Ona və maışınına ziyan dəymişdir.

19. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 28 mart 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünürki,toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh1 barəsində İXM-nin 337.8-ci maddəsi ilə inzibati tənbeh görülməsi qərara alınmışdır.

20. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X17 İdarəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, BMW 535 minik markalı, 10SS812 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 adına qeydiyyatdır və arayışa əlavə olunmuş kompyuter çıxarışından görünürki, həmin avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək etibarnamə əsasında Cavabdeh1 sahibliyinə verilmişdir.

21. İş materiallarına əlavə olunmuş MAS-2543 saylı 17 iyul 2020-ci il tarixli X9nin surətindən görünür ki, İddiaçı MMC ilə X10 arasında müqavilə bağlanmış və müqaviləyə əsasən lizinq verən lizinq alanın sifariş etdiyi əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə 48 ay müddətinə lizinq ödənişlərini cədvələ əsasən ödəməyi öz öhdəsinə götürür. Müqaviləyə əsasən əmlakı 24 ay müddətinə, illik 19% həcmində mükafat məbləği hesablanmaqla 13300 manata lizinqə götürmüşdür.

22. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərmaş MMC-nin aktından görünür ki, KHAZAR SD minik markalı, 99PX039 dövlət qeydiyyat nişanlı avtomobilinə ümumi texniki baxış zamanı aşkar olundu ki,avtomobil tam yararsızdır.

23. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki,“ KHAZAR SD minik markalı, 99PX039 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi “Azərmaş MMC”dur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AC-N-313434 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki BMW 535 minik markalı, 10SS812 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2dur.

24. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, Cavabdeh2 tərəfindən BMW 535 minik markalı, 10SS812 dövlət qeydiyyat nişanlı avtomobilinin idarə edilməsi 6 ay 5 gün müddətinə(xx.xx.2021-ci il tarixədək) Cavabdeh1 etibar edilmişdir.

25. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, Azərmaş MMC” tərəfindən X8 aralarında bağlanmış xx.xx.2020-ci il tarixli “Daxili lizing müqaviləsi”əsasəında verilmiş KHAZAR SD minik markalı, 99PX039 dövlət qeydiyyat nişanlı avtomobilinin ölkə daxilində idarə edilməsinə səlahiyyət verilmişdir(etibar edilmişdir).

26. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2021-ci il tarixli 9/6560 nömrəli rəyindən görünür ki, KHAZAR SD minik markalı, 99PX039 dövlət qeydiyyat nişanlı mühərrikin iş həcmi 1650 kub santimetr avtomobilin təyinatı üzrə istifadəyə yararlı(normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 14000 (on dörd min) manat müəyyən olunur. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostiika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra qalıq dəyəri müəyyən edilə bilır.Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən mövqeyini yalnız onunla əsaslandımışdır ki, Cavabdeh1 xx.xx.2021-ci il idarə etdiyi avtomobil ilə manevr etmə qaydasını pozmuşdur.

28. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyini natamam hesab edir və qeyd edir ki, inzibati xətanın törədilməsinə dair protokol Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın cavabdeh tərəfindən törədildiyini təsdiq etsə də, özlüyündə hazırki iddia tələbinin təmin edilməsi üçün yetərli deyildir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə məxsus avtomobilin icbari sığorta edilibedilməməsi məsələsi araşdırılmamış, əgər sığorta olunubsa sığorta ödənişinin ödənilibödənilməməsi aydınlaşdırılmamış, sığortaçı müəyyən edilərək, iş üzrə icraata cəlb edilməmişdir.

29. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman sığortaçı "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilmişdir. Bundan başqa, məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi E.Nəcəfli izahatında bildirmişdir ki, "xxxx" ASC tərəfindən 5000 manat məbləğində dəymiş zərər ödənilmişdir.

30. Məhkəmə iclasında təqdim edilmiş Arayışdan görünür ki, "xxxx" ASC tərəfindən 5000 manat məbləğində ödəniş İddiaçı MMC-yə ödənilmişdir.

31. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman təkrar məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında KHAZAR SD minik markalı, 99PX039 dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD 832661 seriyalı, 2020-ci il buraxılışlı, ban Na NVAW01HHFLE220593, mühərrik N° null, göy rəngli) nəqliyyat vasitəsinin təmirə və dəyişdirilməyə ehtiyac olan hissələrinin dəyəri bazar qiymətlərinə uyğun) nə qədər məbləğ təşkil edir? KHAZAR SD minik markalı, 99PX039 dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD 832661 seriyalı, 2020-ci il buraxılışlı, ban Na NVAW01HHFLE220593, mühərrik N° null, göy rəngli) nəqliyyat vasitəsinə ümumilikdə dəymiş zərərin məbləği nə qədər təşkil edir? – sualları qoyulmuşdur.

32. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8519 saylı rəyinə əsasən, 2020-ci il buraxılışlı “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı mühərrikin iş həcmi 1650 sm avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 14000 manat müəyyən olunur.

33. Məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, həm birinci instansiya məhkəməsində icraat zamanı, həm də apellyasiya instansiyası məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının nəticəsində avtomobilin orta bazar qiyməti 14000 manat məbləğində müəyyən edildiyindən və ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədiyindən rəyin sübut kimi qəbul edilməsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğundur.

34. Kollegiya iş materiallarına və ekspert rəylərinə əsasən qeyd edir ki, sığorta şirkəti tərəfindən iddiaçıya 5000 manat məbləğində ödəniş edildiyindən, avtomobilin orta bazar dəyəri olan 14000 manatdan həmin məbləğ çıxılmalı və Cavabdeh1 9000 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

35. Həmçinin, kollegiya iddia tələbinin Cavabdeh2 aid hissədə əsassız hesab edərək qeyd edir ki, Cavabdeh2 qeyd edilən avtomobilin mülkiyyətçisi olsa da, həmin avtomobili digər cavabdehə (Cavabdeh1) etibarnamə əsasında verdiyindən iddia tələbinin ona dair hissəsində rədd edilməlidir.

36. İşə birinci instansiya məhkəməsində baxılan zaman qeyd edilən xüsusatlar, yəni sığorta ödənişinin olub-olmaması araşdırılmamış, yalnız Cavabdeh1 xx.xx.2021-ci il idarə etdiyi avtomobil ilə manevr etmə qaydasını pozmasına dair inzibati xəta haqqında protokola istinad edilərək, işin bütün faktiki halları aydınlaşdırılmamışdır. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsi Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, ləğv edilməlidir.

37. Həmin maddəyə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

38. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilərək, Cavabdeh1 dəymiş ziyanın əvəzi olaraq 9000 (doqquz min) manat məbləğində pul tutularaq iddiaçı “Azərmaş MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

39. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

41. Həmin Məcəllənin 385.1-ci və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

42. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

43. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

q ə t e t d i:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-67/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 dəymiş ziyanın əvəzi olaraq 9000 (doqquz min) manat məbləğində pul tutularaq iddiaçı “Azərmaş MMC”-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev Hakimlər: İkram Şirinov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar