Məhkəmə qərarları › İş №2(103)-3190/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3190/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3190/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4600/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən ASC-nin xeyrinə xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 7911,08 manat əsas borc, 469,41 manat faiz borcu və 0 cərimə borcu olmaqla, cəmi 8380,49 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən ASC-dən illik 25 faizlə 24 ay müddətinə 10000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə xx xxxxxxxx 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borcu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxxxx 2020-dək Cavabdeh1 banka xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə7911,08 manat əsas borc, 469,41 manat faiz borcu və 0 cərimə borcu olmaqla, cəmi 8380,49 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək və 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır ki, həmin məbləğin də cavabdehlərdən tutulmasını tələb edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4600/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə iclaslarında onun iştirakı təmin edilməmişdir. Həmçinin müqavilənin müddəti bitmədən bank məhkəməyə müraciət edərək borcun ödənilməsini tələb etmiş, məhkəmə də qətnamənin ləğvinə heç bir münasibət bildirmədən iddia tələbini təmin etmişdir. O qeyd edir ki, borcunu ödəməkdə çətinlik çəkməsi ölkədə olan pandemiya rejimi ilə əlaqədardır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş «xxxx» İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 20-MZ2-1-0-712-19 saylı kredit müqaviləsinə əsasən, sonuncuya şəxsi fəaliyyət məqsədləri üçün kreditdən istifadə haqqı qismində illik 25 faiz ödəmək şərti ilə 24 ay müddətinə 10000 manat məbləğində kredit verilməsini İKB öz öhdəsinə götürmüşdür. Bundan başqa, xx.xx.2019-cu il tarixdə «xxxx» İKB ASC ilə Cavabdeh2un və Cavabdeh3 arasında «Zaminlik müqavilələri» bağlanmışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 əsas borc üzrə qalıq məbləğ 7911,08 manat və faiz borc üzrə qalıq məbləğ 469,41 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İşin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd edilən “kredit müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubları göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından, əsas və faiz borcunun, habelə məhkəmə xərclərinin əsas borclu ilə yanaşı ondan da müştərək qaydada tutulması ilə bağlı iddianı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 500.1-ci maddəsinin tələblərinə görə, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kollegiya apellyatorun “müqavilə müddəti bitmədən borcun tələb edilməsinin yolverilməz olması” arqumenti ilə bağlı qeyd edir ki, borcalanla bank arasında bağlanmış kredit müqaviləsinə görə, müqavilə üzrə borcalanın bütün ödənişləri annuitetdir; bu o deməkdir ki, kredit müqaviləsi 24 ay müddətinə bağlansa da, müqavilədə borcun müddətin sonunda deyil, məhz aylıq ödənişlərlə qaytarılması nəzərdə tutulmuşdur və əsas kredit borcunun müqavilə müddətinin (yəni 24 ay müddətinin) sonunda qaytarılmalı olması arqumenti əsaslı deyildir. Müqavilədə borclunun bütün ödənişlərinin annuitet olması göstərildiyindən, borc məhz bərabər aylıq ödənişlər əsasında qaytarılmalıdır; borcalan tərəfindən isə müqavilənin bu şərti pozulmuş, beləliklə də bankın öhdəlikləri vaxtından əvvəl tələb etmə hüququ yaranmışdır. Bu mənada, məhkəmənin “Banklarda kreditlərin verilməsi Qaydaları”nın tələblərinin pozulmasına əhəmiyyət verməməsi barədə apellyasiya şikayətinin dəlilini də kollegiya əsassız hesab edir; çünkü kredit müqaviləsi 24 ay müddətinə bağlanmış və iddiaçı bank həmin müddətin bitməsini gözləmədən xx.xx.2020-ci il tarixində iddia ilə məhkəməyə müraciət etmişdir. Kollegiya apellyatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini də əsassız hesab edir; belə ki, iş materiallarından onun məhkəməyə məlum olan ünvanına bildirişlər göndərildiyi aydın olur – qeydiyyatda olduğu ünvanda yaşamamasının məsuliyyətini isə cavabdeh daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin onu mübahisələndirən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4600/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Qürbət Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar