Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3192/2020 21.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(007)-175/2018 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh ilə «xxxx ASC» arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 011/16 saylı kredit müqaviləsi üzrə Cavabdeh 50000 manat əsas borcun, 3361,02 manat faiz borcunun, 24.333,24 manat cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 7259,24 manat olmaqla, cəmi 84953,60 (səksən dörd min doqquz yüz əlli üç manat, 60 qəpik) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan «xxxx» ASCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-ci il tarixli, 011/16 saylı kredit müqaviləsinə əsasən cavabdehə 15 gün müddətinə, illik faiz dərəcəsi 20% ödənilmək şərtilə 50000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.1-ci maddəsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş 50000 manat əsas borc, 3361,02 manat faiz borcu, 24333,24 manat cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 7.259,24 manat olmaqla, cəmi 84953,60 manat kredit borcu vardır Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(007)-175/2018 saylı qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia qismən təmin olunmuş, Cavabdeh 44.172,48 (qırx dörd min bir yüz yetmiş iki manat qırx səkkiz qəpik) manat əsas borc, 416,67 (dörd yüz on altı manat altmış yeddi qəpik) manat faiz borcu, 3116,61 (üç min bir yüz on altı manat altmış bir qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi və 5000 (beş min) manat cərimə olmaqla, cəmi 52.705,76 (əlli iki min yeddi yüz beş manat yetmiş altı qəpik) manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin xeyrinə tutulması, iddia qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (yüz iyirmi) manatın 60 (altmış) manatının iddiaçı ləğv prosesində olan «xxxx» ASC-dən, 60 (altmış) manatının isə Cavabdeh dövlət nəfinə tutulması qət olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını, iddianın əsas borcun tutulması hissəsində qismən təmin olunması, faizlərin və cərmənin tutulması hissələrində isə rədd olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin qismən əsassız olması, iddianın tam təmin olunmalı olması, ekspertiza rəyinin düzgün olmaması, kredit borcunun düzgün hesablanmaması və s. kimi əsaslandırmış,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin qismən əsassız olması, ekspertiza rəyinə əsasən 10777,18 manat ödəniş etməsi, həmin ödənişin qalıq qalmış 416,67 manat faizlərin ödənilməsinə, qalan hissəsinin isə əsas borcun ödənişinə yönəldilməli olması, bank qarşısında faiz borcunun qalmaması, əsas borcunun isə 39639,49 manat təşkil etməsi (10777,18-416,67=10360,51, 50000- 10360,51=39639,49), ekspert tərəfindən düzgün hesablama aparılmaması, birinci instansiya məhkəməsinin isə bu hala diqqət yetirməməsi, həmçinin 5000 manat dəbbə pulunun çox olması, 3116,61 manat gecikdirilmiş müddət üçün hesablanmış faizlərin əsassız olması və s. kimi əsaslandırmış,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək,həmçinin cavabdehin apellyasiya şikayətini əsassız sayaraq şikayətdə göstərilənlərə uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək,həmçinin iddiaçının apellyasiya şikayətini əsassız sayaraq orada göstərilənlərə uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib,iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı, iddia qismən təmin olunmalıdır. İlkin olaraq qeyd edilməldir ki, tərəflər arasında xx.xx.2016-ci il tarixli, 011/16 saylı kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdehə 15 gün müddətinə, illik faiz dərəcəsi 20% ödənilmək şərtilə 50000 manat məbləğində kredit verilməsi, öhdəliyin cavabdeh tərəfindən lazımınca icra olunmaması işin mübahisə olunmayan hallarıdır. Tərəflər apellyasiya şikayətlərində kredit borcunun birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən olunmamasını mübahisələndirmişlər. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 21328 saylı ekspert rəyinə əsaslanmışdır. Belə ki, həmin rəyə əsasən tərəflər arasında bağlanmış xx.xx.2016-ci il tarixli, 011/16 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla müqavilə müddətinə cavabdehin xx.xx.2016-cı il tarixə banka olan borcu əsas borc üzrə 50000 manat, faiz borcu üzrə 416,67 manat; müqavilə müddətindən sonra Cavabdeh xx.xx.2016-cı ildən xx.xx.2019-cu il tarixədək illik 5 faiz hesablanmaqla banka olan borcu əsas borc üzrə 44.172,48 manat, faiz borcu üzrə 3.116,61 manat təşkil edir. Birinci instansiya məhkəməsi əsas borcun 44172,48 manat, faiz borcunun 416,67 manat, gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi üzrə isə 3116,61 manat olmasını müəyyən etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə qismən razılaşaraq, hesab edir ki, birinci instansiya məhkəməsi əsas və faiz borclarının tutulması hissəsində səhv nəticəyə gəlmiş, ekspertiza rəyini digər sübutlarla yanaşı düzgün qiymətləndirməmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İşdə olan sübutlara əsasən (kredit müqaviləsi və s.) tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti (kreditin qaytarılması müddəti) xx xxxxx 2016-cı il tarixdə bitmiş, həmin müddətə kredit müqaviləsinin şərtlərindən irəli gələn ümumi faiz məbləği 416,67 manat təşkil etmişdir (tərəflər bu halı mübahisələndirmir). Bu hal, həmçinin ekspertiza rəyindən də görünür. Eyni zamanda, ekspertiza rəyinə əsasən cavabdeh tərəfindən ilk ödəniş xx xxxxxx 2016-cı il tarixdə 2777,78 manat olmaqla həyata keçirilmiş, sonradan isə xx xxxx 2017-ci il tarixdə 5000 manat, xx xxxxxx 2017-ci il tarixdə 1000 manat, xx xxxxxx 2017-ci il tarixdə 1000 manat, xx xxxx 2018-ci il tarixdə isə 1000 manat, cəmi 10777,78 manat ödəniş aparılmışdır. Belə olan halda isə kredit müqaviləsinin şərtlərindən irəli gələn 416,67 manat faiz borcunun qalması mümkün deyildir. Birinci instansiya məhkəməsi cavabdehdən 416,67 manat faiz borcunu tutmaqda haqlı olmamışdır. Eyni zamanda, ekspertiza rəyi ilə də 416,67 manat faiz borcunun yalnız xx xxxxx 2016-cı il tarixə mövcud olması göstərilmişdir (çünki, cavabdeh müqavilə müddəində ödəniş etməmişdir). Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə qeyd edilən hissədə (416,67 manat faiz borcunun ödənilməsi, bu səbəbdən də ondan tutulmalı olmaması hissəsində) razılaşır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsas borcu və borcun gecikdirilməsi nəticəsində MM-nin 445.7-ci maddəsinə əsasən hesablanmış illik 5 faiz məbləğini də düzgün müəyyən etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işdə olan sübutlar və ekspertiza rəyinin məlumatları nəticəsində qeyd edilən istiqamətdə sadə riyazi üsulla müvafiq hesablamanın aparılması mümkündür, bunun üçün əlavə və ya təkrar ekspertizanın təyin olunmasına ehtiyac yoxdur (xüsusi bilik tələb edən hal yoxdur). Belə ki, qeyd edildiyi kimi işdə olan sübutlara (ekspertiza rəyi və s.) əsasən cavabdeh xx xxxxxx 2016-cı il tarixdə 2777,78 manat ödəniş etmiş (müqavilə müddətinin sonundan, yəni xx xxxxx 2016-cı il tarixdən bu tarixədək 244 gün gecikdirilmişdir), həmin məbləğdən kredit müqaviləsinin şərtinə görə ödənilməli olan 416,67 manat faizlər bağlanılır, yerdə qalan 2361,11 manat ödəniş əsas borcdan çıxılır və həmin tarixə əsas borc 47638,89 manat təşkil edir. Gecikdirilmiş 244 gün üçün illik 5 faiz məbləği isə 1693,36 manat təşkil etmişdir (50000 manat kreditin illik 5 faiz hesablanmaqla 1 günə 6,94 manat faiz təşkil edir ki, həmin məbləğ də 244 günə vurulur). Beləliklə, xx xxxxxx 2016-cı il tarixə əsas borc47638,89 manat, gecikdirilmiş günlərə görə illik 5 faiz məbləği isə 1693,36 manat təşkil etmişdir. Bundan sonra, cavabdeh xx xxxx 2017-ci il tarixdə 5000 manat ödəniş etmiş (gecikmə xx xxxxxx 2016-cı il tarixdən etibarən 210 gün təşkil etmişdir), qalıq qalmış 47638,89 manat əsas borcdan həmin məbləğ çıxıldıqda əsas borc 42638,89 manat təşkil etmişdir. Gecikdirilmiş 210 gün üçün illik 5 faiz məbləği isə 1388,10 manat təşkil etmişdir (47638,89 manat qalıq əsas borc illik 5 faiz hesablanmaqla 1 günə 6,61 manat faiz təşkil edir ki, həmin məbləğ gecikdirilmiş 210 günə vurulur). Beləliklə, xx xxxx 2017-ci il tarixə əsas borc42638,89 manat, gecikdirilmiş günlərə illik 5 faiz məbləği isə ümumilikdə 3081,46 manat (1693,36+1388,10=3081,46) təşkil etmişdir. Bundan əlavə, cavabdeh xx xxxxxx 2017-ci il tarixdə 1000 manat ödəniş etmiş (gecikmə xx xxxx 2017-ci il tarixdən etibarən 108 gün təşkil etmişdir), qalıq qalmış 42638,89 manat əsas borcdan həmin məbləğ çıxıldıqda əsas borc 41638,89 manat təşkil etmişdir. Gecikdirilmiş 108 gün üçün illik 5 faiz məbləği isə 639,36 manat təşkil etmişdir (42638,89 manat qalıq əsas borc illik 5 faiz hesablanmaqla 1 günə 5,92 manat faiz təşkil edir ki, həmin məbləğ gecikdirilmiş 108 günə vurulur). Beləliklə, xx xxxxxx 2017-ci il tarixə əsas borc41638,89 manat, gecikdirilmiş günlərə illik 5 faiz məbləği isə ümumilikdə 3720,82 manat (3081,46+639,36=3720,82) təşkil etmişdir. Bundan əlavə, cavabdeh xx xxxxxx 2017-ci il tarixdə 1000 manat ödəniş etmiş (gecikmə xx xxxxxx 2017-ci il tarixdən etibarən 50 gün təşkil etmişdir), qalıq qalmış 41638,89 manat əsas borcdan həmin məbləğ çıxıldıqda əsas borc 40638,89 manat təşkil etmişdir. Gecikdirilmiş 50 gün üçün isə illik 5 faiz məbləği 289 manat təşkil etmişdir (41638,89 manat qalıq əsas borc illik 5 faiz hesablanmaqla 1 günə 5,78 manat faiz təşkil edir ki, həmin məbləğ gecikdirilmiş 50 günə vurulur). Beləliklə, xx xxxxxx 2017-ci il tarixə əsas borc40638,89 manat, gecikdirilmiş günlərə illik 5 faiz məbləği isə ümumilikdə 4009,82 manat (3720,82+289=4009,82) təşkil etmişdir. Nəhayət cavabdeh sonuncu ödənişini xx xxxx 2017-ci il tarixdə 1000 manat olmaqla həyata keçirmiş (gecikmə xx xxxxxx 2017-ci il tarixdən etibarən 64 gün təşkil etmişdir), qalıq qalmış 40638,89 manat əsas borcdan həmin məbləğ çıxıldıqda əsas borc 39638,89 manat təşkil etmişdir. Gecikdirilmiş 64 gün üçün isə illik 5 faiz məbləği 360,96 manat təşkil etmişdir (40638,89 manat qalıq əsas borc illik 5 faiz hesablanmaqla 1 günə 5,64 manat faiz təşkil edir ki, həmin məbləğ gecikdirilmiş 64 günə vurulur). Beləliklə, xx xxxx 2017-ci il tarixə əsas borc39638,89 manat, gecikdirilmiş günlərə illik 5 faiz məbləği isə ümumilikdə 4370,78 (4009,82+360,96=4370,78) manat təşkil etmişdir. Bundan sonra cavabdeh ödəniş etməmişdir. İddiaçının sonuncu tələbi isə xx xxxx 2019-cu il tarixinə olmuşdur. Ekspertiza rəyindən görünür ki, qeyd edilən tarixə gecikmə 508 gün təşkil etmişdir. Gecikdirilmiş 508 gün üçün isə illik 5 faiz məbləği 2794 manat təşkil etmişdir (39638,89 manat qalıq əsas borc illik 5 faiz hesablanmaqla 1 günə 5,50 manat faiz təşkil edir ki, həmin məbləğ gecikdirilmiş 508 günə vurulur). Beləliklə, xx xxxx 2019-cu il tarixə əsas borc 39638,89 manat, gecikdirilmiş günlərə illik 5 faiz məbləği isə ümumilikdə 7164,78 manat (4370,78+2794=7164,78) təşkil etmişdir. Göründüyü kimi, işdə olan sübutlara əsasən əsas kredit borcunun 39638,89 manat, gecikdirilmiş günlərə görə illik 5 faiz hesablanmaqla alınan məbləğin isə 7164,78 manat olması müəyyən edilir. Bu səbəbdən də, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd edilən hissədə (əsas borcun 39638,89 manat təşkil etməli olması hissədə) dəlilləri ilə razılaşır. Lakin, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı hesablanmış illik 5 faizlərin silinməsi hissəsi ilə razılaşmır. Çünki, işdən açıq-aşkar görünür ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, əsas borcun ödənilməsi uzun müddət gecikdirmişdir. Belə olan halda, iddiaçının həmin hissədə (illik 5 faiz hissədə) apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Birinci instansiya məhkəməsi həmin hissədə iddianı 3116,61 manat həddində təmin etməkdə haqlı olmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sübutları, işin qeyd edilən hallarını və qanunvericiliyin normalarını düzgün qiymətləndirməmiş, nəticədə kredit borcunu səhv müəyyən etmidir. Eyni zamanda, qeyd edilməlidir ki, MM-nin467.1-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göründüyü kimi,qanunverici tənasübsüz surətdə yüksək dəbbə pulunun məhkəmə tərəfindən azaldılması imkanını nəzərdə tutmuş, birinci instansiya məhkəməsi isə həmin imkandan işin hallarına uyğun qaydada istifadə etməmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq, cərimənin 3000manat həcmində təmin olunmasını ədalətli və qanuni hesab edir. MM-nin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesmab edir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, qətnamə qismən (yəni, «Cavabdeh 44172,48 manat əsas borc, 416,67 manat faiz borcu, 3116,61 manat gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi və 5000 manat cərimə olmaqla, cəmi 52705,76 manat məbləğində borc tutulması» hissəsində) ləğv olunmalı, iddia həmin hissədə qismən təmin olunmalı, apellyasiya şikayətləri qalan hissələrdə təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(007)-175/2018 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(007)- 175/2018 saylı qətnaməsi qismən (yəni, «Cavabdeh 44172,48 manat əsas borc, 416,67 manat faiz borcu, 3116,61 manat gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi və 5000 manat cərimə olmaqla, cəmi 52705,76 manat məbləğində borc tutulması» hissəsində) ləğv edilsin, iddia həmin hissələrdə qismən təmin olusun. Cavabdeh 39638,89 (otuz doqquz min altı yüz otuz səkkiz manat 89 qəpik) manat əsas borc, gecikdirilmiş günlərə görə illik 5 faiz hesablanmaqla 7164,78 (yeddi min yüz altmış dörd manat 78 qəpik) manat və 3000 (üç min) manat cərimə tutularaq iddiaçının xeyinə verilsin. Qətnamə apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-3192/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3192/2020
21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver