Məhkəmə qərarları › İş №2(103)-3195/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3195/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3195/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 29 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Şahid1 xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsini 5000 (beş min) manata İddiaçı satmış, xx.xx.2021-ci il tarixdə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2023-cü ildə İddiaçı həmin torpaq sahəsini 5000 (beş min) manata Şahid2 satmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 45.000 (qırx beş min) manat pulun və tərəfindən ödənilmiş 225 (iki yüz iyirmi beş) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2021-ci ildə ünvan 2 ünvanında yerləşən həyət evini satmış və «İnstagram» sosial şəbəkəsində özünə ev almaq üçün evlərə baxmağa başlamışdır. Orada «Zabrat əmlak» səhifəsində olan evlərdən birini bəyənərək həmin səhifədə qeyd olunan nömrə ilə əlaqə saxlamışdır. Zəngə cavab verən şəxs onların vaxtının olmadığını və həmin əraziyə baxan makler Rəşid adlı şəxsin mobil telefon nömrəsini vermişdir. Rəşid adlı şəxslə (055 557-00-53) danışıb Maştağa qəsəbəsi ərazisində yerləşən həyət evinə baxmağı razılaşmışlar və sonuncu ilə Maştağa qəsəbəsində görüşərək, orada Rəşidlə evə baxmış və evi bəyənmişdir. Rəşid adlı şəxs evin sahibinin adını sonradan bildiyi Nüsrətlə (050 289-25-25) danışdıqdan sonra evi 50.000 (əlli min) manata almağa razılaşmışlar. Nüsrətlə evi almağı razılaşdıqdan sonra Rəşidə 200 manat beh vermişdir. Sənədləşmə aparılaraq alqı-satqı müqaviləsi tərtib olunmuş (Nurəddin 050 311-08-33) və ona təqdim olunan bütün sənədlərə imza edib 50.000 (əlli min) manatı Nüsrətə verib sağollaşmışlar. Bundan sonra alqı-satqı müqaviləsini və digər sənədləri aparıb reyestr xidmətinə təqdim etmiş və torpağa çıxarış almışdır. 2021-ci ilin aprel ayının əvvəllərində evə əşyaları daşımağa başlamış və bir gün evdə təmizlik işləri aparan zaman görmüşdür ki, yataq otağının giriş qapısının üstündə divar aralanmışdır. Bunu görüb əsəbiləşmiş və Nüsrətin onu aldadıb yararsız evi satdığını başa düşmüşdür. Evin heç bir sənədi olmadığını anlayaraq, Nüsrətə zəng vurmuş və məlum olmuşdur ki, aldığı evin fundamenti yoxdur. Bundan sonra Nüsrətdən pulunu tələb etmiş, lakin sonuncu ona heç yerə şikayət etməməyi, özünün hər şeyi həll edəcəyini demişdir. Nüsrət onu aldadaraq tək qadın olmağından istifadə edib yaşayış üçün yararsız olan evi ona satmışdır. Nüsrət hazırda evin pulunu verməkdən imtina edir və hətta Nüsrətə ona başqa ev verməsini təklif etdikdə, ona evi satacağını və pulunu verəcəyini demiş, lakin bu vaxta kimi müxtəlif bəhanələr gətirməklə, onun 45.000 manat pulunu verməkdən boyun qaçırır.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(008)- 822/2024 saylı qətnaməsi ilə (hakim Ş.Qədirova) iddia təmin olunmuşdur.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh Şahid1 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsində inşa edilmiş və hüquqmüəyyənedici sənədi olmayan fərdi yaşayış evini hüquqi əsas olmadan 50.000 manata İddiaçı satmaqla əsassız varlanmışdır. Belə ki, iddiaçı sosial şəbəkə vasitəsilə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evini bəyənmiş və Rəşid adlı makler həmin evə baxmaq üçün onu cavabdehlə tanış etmişdir. İddiaçı evə baxaraq bəyənmiş və cavabdehlə alqı-satqı müqaviləsi bağlamaq qərarına gəlmişlər. Danışıqlar zamanı cavabdeh iddiaçıya özünü fərdi yaşayış evinin mülkiyyətçisi kimi tanıtmış, sonuncu da ona inanmışdır. Alqı-satqı müqaviləsi bağlanan zaman notariat ofisinə iddiaçı, cavabdeh və iddiaçının tanımadığı, sonradan ona məlum olan Şahid1 getmişdir. Notariat ofisində iddiaçı cavabdehə 50.000 manat məbləğində pul vermiş, sonuncu isə həmin pulu iddiaçıdan aldığını etiraf etmişdir (bununla bağlı məhkəməyə yazılı ərizə təqdim etmişdir).

6. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 386.1, 439.4, 1091, 1092,1-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 52.2, 106.3, 14.2, 77.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, hər iki müqavilə bağlanarkən evin hüquqmüəyyənedici sənədi olmamışdır. Hər iki müqavilədə satış qiyməti 5000 manat göstərilmişdir. İddiaçı hər hansı əmlakından məhrum olmayıb, ona görə də hazırkı mübahisədə əsassız varlanmadan söhbət gedə bilməz.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdehin nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır;

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı apellyasiya şikayətində qətnamə apellyasiya qaydasında cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilən həqiqi hallarına uyğun gəlmədiyindən və maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından qətnamə ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır.

17. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid1 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsini 5000 (beş min) manata İddiaçı satmışdır. Torpaq sahəsi ilə birlikdə onun üzərində olan və Cavabdeh tərəfindən inşa olunmuş tikili (ev) də iddiaçıya satılmışdır. Həmin tikiliyə görə cavabdehə 45 000 manat ödənilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini və üzərindəki tiklini (evi) Şahid2 satmışdır. Ağəli Məmmədov tərpaq sahəsinə və evə görə iddiaçıya cəmi 50 000 manat ödədiyini bildirmişdir.

18. İddiaçı iddia edir ki, cavabdeh onu aldadaraq yararsız halda olan tikilini ona satmış, nəticədə onun hesabına əsassız varlanmışdır. Ona görə də həmin tikiliyə görə ödədiyi 45000 manat ona geri qaytarılmalıdır.

19. Cavabdeh isə izahatında göstərib ki, tikilinin yerləşdiyi torpaq sahəsi Şahid1 məxsus olsa da, Nurəddinlə qarşılıqlı razılığa əsasən o, həmin torpaq sahəsində ev tikmişdir. Razılığa görə ev tikiləndən sonra satılmalı və torpağın pulu Nurəddinə, evin pulu isə ona verilməli idi. Torpaq sahəsi üzərindəki evlə birlikdə iddiaçıya satılmış və razılığa uyğun olaraq Nurəddinə torpağın dəyərini təşkil edən 5000 manat, ona isə tikilinin (evin) dəyərini təşkil edən 45 000 manat çatmışdır. Bununla bağlı onunla Nurəddin arasında hər hansı narazılıq, mübahisə yoxdur və olmamışdır. İddiaçı evi aldıqdan sonra bəzi qüsurlar olduğunu bildirmiş və bu qüsurlar onun tərəfindən aradan qaldırılmışdır.

20. Birinci instansiya məhkəməsi mübahisəyə əsassız varlanma ilə bağlı normaları tətbiq edərək belə nəticəyə gəlmişdir ki, Cavabdeh Şahid1 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsində inşa edilmiş və hüquqmüəyyənedici sənədi olmayan fərdi yaşayış evini hüquqi əsas olmadan 50.000 manata iddiaçıya satmaqla əsassız varlanmışdır.

21. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi bu qənaətə gələrkən sübutları düzgün qiymətləndirməmiş, iddiaçının hansı əmlakdan məhrum olmasını araşdırmamış, mübahisəyə əsassız varlanma ilə bağlı normaları tətbiq edərkən mövqeyini əsaslandırmamışdır.

22. İşdən mübahisəsiz qaydada müəyyən edilir ki, iddiaçı 50000 manat ödəməklə mübahisəli torpaq sahəsini tikili ilə birlikdə alıb, həmin qiymətə də başqa şəxsə satıb. Mübahisəli torpaq sahəsinin iddiaçı tərəfindən Ağəli Məmmədova satılmasında vasitəçilik etmiş Əkbər Soltanov məhkəmə iclasında şahid qismində verdiyi ifadəsində aşağıdakıları göstərmişdir: “Sevinc evi satırdı, Ağəli isə alırdı, o, sadəcə vasitəçi olmuşdur. X4 evi satan ərəfədə xəstə idi, ona dedi ki, iş ilə məşğul ol. Bəzən vasitəçilik edir. Ağəlini başqa vasitəçi ilə tanımışdır. Ağəli başqa maklerə müraciət edib, o makler də ona. Sevincə müraciət etmişlər, onlar da öz aralarında razılaşmışlar, sonra onlar notariusa gedəndə o da getmişdir. Onun orada iştirakının səbəbi alacağının olması idi. Alqı-satqı olmuş, Ağaəli 50.000 manatı saydı verdi ona, o da sonra maşında saydı və Sevincə verdi”.

23. Mübahisəli torpaq sahəsinin iddiaçıdan sonrakı mülkiyyətçisi, torpaq sahəsini iddiaçıdan almış Şahid2 şahid qismində ifadəsində göstərmişdir ki, Sevinci ev alanda tanımışdır. Nüsrəti tanımır. O, evi 2023-cü ilin yayında almışdır. Evdə cəmi 3-4 ay qalmışdır. Evə gecə baxıb bəyənmişdir. Səhər yenə gəlib baxmış, beh vermişdir. Evi internetdə görmüşdü. Sevinc ona dedi ki, alqı-satqı etmək üçün hal-hazırda iş ilə əlaqədar olaraq vaxtı yoxdur, 1-2 gün səbrli ol. Daha sonra notariusda 50.000 manat dəyərində alqısatqı etmişlər. Onların yanındakı maklerin adı Ceyhun idi. Evin videosunu da çəkmişdir. Pulu Əkbər adında maklerə vermişdir. Alqı-satqı zamanı yanlarında 3-4 nəfər makler var idi. 50000 manatı o, qohumlarının, Sevincin və onun yoldaşının yanında sayıb maklerə vermişdir. Sevinc demişdi ki, “pulu maklerə ver, mən işimi onunla həll edəcəm”. Əkbər Sevinclə maşına oturdu, pul haqq-hesabını orada edəndən sonra çıxıb getdi. 50.000 pulu manatla ödəmişdir. Pulu 3 ay olar ödəmişdir. Əkbər pulu saymış, Sevincin maşınına əyləşmiş, pulu ona verib getmişdir. O, 5000 manat verməmişdır, 500 manat beh verdiyinə görə 49.500 notariusda alqı-satqı olandan sonra ödəmişdir. Evi özü sonradan 57.500 manata satmışdır. Evin qüsuru yox idi, olsa idi almazdı. Evi satdığı adam da indi orada yaşayır. Evi yol uzaq idi deyə 3-4 ay yaşayandan sonra satdı.

24. Məhkəmə kollegiyası şahid ifadələrinin işdə olan sübutlarla tamamlandığını nəzərə alaraq cavabdehin izahatını inandırıcı sayır və mötəbərliyini qəbul edir.

25. Beləliklə, işdə olan yazılı sübutlar və şahid ifadələri onu deməyə əsas verir ki, mübahisəli torpaq sahəsinin ilkin mülkiyyətçisi Şahid1la Cavabdeh arasında torpaq sahəsinin və üzərindəki tikilinin (evin) satışı ilə bağlı hər hansı mübahisə yoxdur. İddiaçının torpaq sahəsinə və tikiliyə görə 50 000 manat ödəməsi və sonradan bu məbləğdən 5000 manat geri alması işin mübahisələndirməyən halıdır. Belə ki, cavabdeh alqı-satqı vaxtı 50000 manat aldıqlarını etiraf etmiş, iddiaçı isə 5000 manatın ona geri qaytarıldığını iddia ərizəsində göstərmişdir. İddiaçı aldığı tikilidə qüsurlar olduğunu əsas gətirərək hazırda cavabdehdən qalan 45 000 manat pulun ona qaytarılmasını tələb edir. İddiaçı həmin pulu tələb etsə də, bu pulun müqabilində aldığı torpaq sahəsinin və tikilinin (evin) qaytarılmasına iddia ərizəsində toxunmamış, buna münasibət bildirməmişdir.

26. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, lazımi keyfiyyətdə olmayan əşyanın verilməsinin nəticələrinə dair Mülki Məcəllədə xüsusi norma nəzərdə tutulmuşdur.

27. Maddə 587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

28. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı aldığı tikilinin keyfiyyətinə dair tələblərin əhəmiyyətli dərəcədə pozulmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan vəziyyətdə iddiaçının cavabdehə qarşı 587.1-ci maddədə nəzərdə tutulan tələblərlə müraciət etmək hüququ yaranmış və işdən göründüyü kimi o, bu hüququndan istifadə etmişdir. Belə ki, iddiaçının müraciətinə əsasən tikilidə olan qüsurlar cavabdeh tərəfindən aradan qaldırılmış və hətta alınmış məbləğdən 5000 manat ona qaytarılmışdır.

29. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Mülki Məcəllənin 587.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla iddiaçının cavabdehə qarşı müqavilənin ləğvi və ya qüsurlu əşyanın əvəz edilməsi ilə bağlı tələb hüququ yaranmış olsaydı belə, o, belə olan vəziyyətdə qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Lakin işdən göründüyü kimi, iddiaçı “qüsurlu” olduğunu qeyd etdiyi tikilini (evi) xx.xx.2023-cü ildə bağladığı torpaq alqı-satqı müqaviləsi ilə birlikdə Ağəli Məmmədova satmışdır və bu səbəbdən tikilinin cavabdehə qaytarılması mümkün deyil.

30. Digər tərəfdən, Mülki Məcəllənin 589-cu maddəsində qüsurlarla bağlı tələb irəli sürülməsinə dair müəyyən vaxt məhdudiyyəti müəyyən edilmişdir.

31. 589.1. Əgər alqı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin.

32. 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır.

33. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı xx.xx.2021-ci ildə əldə etdiyi tikilidə olan qüsurları 2021-ci ilin aprel ayında aşkar etmiş olsa da, hazırkı iddianı xx.xx.2023-cü ildə, yəni qanunla müəyyən edilmiş iki illik müddət keçdikdən sonra qaldırmışdır.

34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı xx.xx.2021-ci ildə aldığı 0,02 ha mübahisəli torpaq sahəsini və üzərindəki tikilini xx.xx.2023-cü ildə 50 000 manata Ağəli Məmmədova satmışdır. Yəni, iddiaçı torpaq sahəsini və üzərindəki tikilini aldığı qiymətə satmış, zərərə uğramamış, hər hansı əmlakından məhrum olmamış, əksinə ödədiyi məbləğin 5000 manatının geri qaytarılmasına nail olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmaqla faktiki olaraq özü cavabdehin hesabına varlanmaq istəmişdir.

35. Mülki Məcəllənin 560.1, 560.2-ci maddələrinin tələbinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

36. Məhkəmə kollegiyası sübutların tədqiqi nəticəsində bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən cavabdehə münasibətdə əsassız varlanma ilə bağlı maddi hüquq normalarını tətbiq etməklə səhvə yol vermişdir.

37. Məhkəmə kollegiyasının qənaətinə görə göstərilənlər nəzərə alınaraq birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmənin gəldiyi nəticənin işin həqiqi hallarına uyğun olmaması və maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması əsası ilə ləğv edilməli və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı 45 000 manat məbləğində pul tələbinə dair iddiası rədd olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar