Məhkəmə qərarları › İş №2(103)-3198/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3198/2024

23.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3198/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təbii qazın təchizatı, təbii qazdan sayğacdankənar qeyri-qanuni istifadə, maddi ziyanın ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndi, Əskərov küçəsində yerləşən ev Cavabdeh istifadə və sahibliyindədir.

2. Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00021 №-li abonent kodu verilmiş və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndi, Əskərov küçəsində yerləşən 2011-ci ilin mart ayından təbii qazla təchiz olunmuşdur.

3. Cavabdeh ilə İddiaçı İB arasında təbii qazdan istifadə edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, ünvana sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qaz sayğacı quraşdırılmışdır.

4. Həmin müqavilədə istehlakçı tərəfindən PQ-4-dən, radiatordan və QSSQdən istifadə edilməsi nəzərdə tutulmuşdur.

5. Cavabdeh aid abonent saldosundan görünür ki, onun evində 4 gözlü qaz plitəsi (PQ-4) istifadə olunur.

6. İddiaçı İB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndi, Əskərov küçəsində yerləşən evdə sayğacdan kənar xəttdən istifadə ilə bağlı xx.xx.2022-ci il tarixdə ******* №-li; xx.xx.2022-ci il tarixdə ******* №-li; xx.xx.2023-cü il tarixdə ******* №-li; xx.xx.2023-cü il tarixdə ******* №-li; xx.xx.2023-cü il tarixdə ******* №-li; xx.xx.2023-cü il tarixdə ******* №-li akt aktlar tərtib olunmuş, xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 2903,04 manat; xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 483,84 manat; xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında 1468,80 manat; xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında 734,40 manat, yəni cəmi 7057,38 manat məbləğində dəymiş zərər hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən vurulmuş 7057,38 manat məbləğində zərərin və 90,58 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 7147,96 manatın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə arasında xx.xx.2023-cü il tarixində 04/5559 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi imzalanmış, həmin müqavilə əsasında İddiaçı İB ona məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmiş, ünvana İddiaçı İB- nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00021 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X2 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni səkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 2903,04 manat; xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 483,84 manat; xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında 1468,80 manat; xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında 734,40 manat, yəni cəmi 7057,38 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində "Azəriqaz” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

9. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını istəmişdir.

10. Məhkəmə iclasında iştirak edən cavabdeh müəyyən vaxt ərzində kənar xətdən istifadə etdiyini bildirmiş, iddianın qismən təmin olunmasını xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin 27 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 2479 manat məbləğində zərərin əvəzinin və 44,79 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin “4578,38 manatın tutulması” hissəsində təmin edilməməsi, 45,79 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.

12. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

12.1. İddiaçının əməkdaşları tərəfindən 2022-2023-cü illərdə ardıcıl altı ay üzrə aktlar tərtib edilmiş və zərər hesablanmışdır. 12.2. Göründüyü kimi, iddiaçı həmin dövrdə qüvvədə olan Qaydaların 6.5-ci bəndində nəzərdə tutulan üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar xətt üçün şərait yaratmaqla ardıcıl altı ay ərzində aktlar tərtib edib məhkəmədə iddia qaldırmışdır. 12.3. Odur ki, tərtib edilmiş yalnız birinci akt, yəni xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında zərər hesablanmalı və tutulmalıdır. 12.4. Cavabdehin 3 avadanlığı qeydiyyata alınmışdır - PQ-2, radiator və QSQ. xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 24192 kubmetr qaza görə 2903,04 manat aşağıdakı qaydada hesablanmışdır: PQ4-ün maksimal saatlıq sərfi 1,2 kub metr x orta iş rejimi 24 saat x 180 gün = 5184 kub metr, QSQQ maksimal saatlıq sərfi 3 kub metr x orta iş rejimi 24 saat x 180 gün = 12960 kub metr, 3 ədəd dəmir soba maksimal saatlıq sərfi 1,4 kub metr x orta iş rejimi 24 saat x 180 gün x 3 ədəd = 6048 kub metr, cəmi 24 624 kub metr. 12.5. Məhkəmə hesab edir ki, hesablama səhv olmuşdur. Akt tərtib edilən zaman Qaydalarda zərərin hesablanma qaydası nəzərdə tutulmadığından və iddia xx.xx.2023-cü ildən sonra verildiyindən (dəyişikliyin edildiyi), hesablama məhz Qaydaların 6.5-3-cü bəndinə əsasən hesablanmalıdır (İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır). 12.6. Cavabdehin qeydiyyatda PQ-2 avadanlığı olduğu halda PQ-4 üzrə, orta iş rejimi 12 saat nəzərə alınmalı halda, 24 saat götürülmüşdür, bir radiatoru olduğu halda, 3 ədəd dəmir soba üçün hesablama aparılmışdır. 12.7. Saldodan qaz paylayıcısı tərəfindən qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixinin 180 gün əvvəl olduğu müyyən edilir. 12.8. Odur ki, hesablama aşağıdakı qaydada aparılmalıdır: PQ2-ün maksimal saatlıq sərfi 0,6 kub metr x orta iş rejimi 12 saat x 180 gün = 1296 kub metr, QSQQ maksimal saatlıq sərfi 3 kub metr x orta iş rejimi 12 saat x 180 gün = 6480 kub metr, 1 ədəd dəmir soba (radiator əvəzi) maksimal saatlıq sərfi 1,4 kub metr x orta iş rejimi 12 saat x 180 gün = 3024 kub metr - cəmi 10 800 kubmetr. 12.9. Tarif Şurasının qərarına əsasən 10 800 kubmetr qaza görə zərər aşağıdakı qaydada hesablanmalıdır: 1200 kub metr x 0,12 manat = 144 manat, 1300 kub metr x 0,20 manat = 260 manat, 10 800-1200-1300 = 8300 kub metr x 0,25 manat = 2075 manat - cəmi 144 + 260 + 2075 = 2479 manat. 12.10.Beləliklə, iddia 2479 manat zərər tutulması hissəsində təmin, 4578,38 manat hissədə rədd edilməlidir. 12.11. İddiaçı tərəfindən məhkəməyə iddiaçının adından imzalanmış ərizə təqdim edilmişdir. Həmin ərizənin standart hissəsi çap formasında tərtib edilmiş, istehlakçıya aid məlumatlar (ad, soyad, ata adı, telefon nömrəsi) tarix, abonentin kodu, icraçının adı və etiraf edilən məbləğ sonra əlyazma ilə əlavə edilmişdir. 12.12.Ərizəyə əsasən cavabdeh 7058,8 manat borcunu etiraf etmiş və hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. 12.13.Həmin ərizənin çap edilmiş hissəsində etiraf edilən borca aid hissə adi şriftlə, “quraşdırılmış smart sayğacın kartının verilməsi üçün köməklik göstərməyinizi xahiş edirəm” hissəsi qalın şriftlə icra edilmişdir. 12.14.Məhkəmə hesab edir ki, istehlakçının düşünülmüş şəkildə həmin ərizəyə imza atıb o məbləğdə borcu etiraf etməsi inandırıcı deyil, həmin ərizədəki əlyazmaların, eyni zamanda borcun məbləğinin əvvəlcədən, yəni imzaya qədər əlavə edilməsi sübut edilmir. İddiaçının əməkdaşlarının niyyəti həmin ərizəyə imza atdıraraq abonentin qalın şriftlə icra edilmiş “quraşdırılmış smart sayğacın kartının verilməsi üçün köməklik göstərməyinizi xahiş edirəm” hissəsinə diqqətini yönəltməkdən ibarət olmuşdur, çünki həmin hissəsinin digər hissələrdən ayrılmasının başqa açıqlaması yoxdur. Bundan da başqa, cavabdeh gözdən əlildir, o, imzaladığı sənədi oxumaq iqtidarına malik deyil. Cavabdehin özünün də bildirdiynə görə, o, sayğacın dəyişdirilməsi ilə əlaqədar hansısa sənədə imza atmışdır. Odur ki, məhkəmə həmin ərizəni borcun etirafı kimi qəbul etmir.

13. Gəldiyi nəticəni əsaslandırarkən məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1091-ci, 1092-ci, 1093-cü, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci, 6.5-1-ci, 6.5-1.1-ci, 6.5-1.2-ci, 6.5-1.3-cü, 6.5-3-cü, 6.5-4-cü bəndlərinə istinad etmişdir.

14. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, cavabdeh sayğacdankənar xətt vasitəsilə təbii qazdan istifadə etmiş, bu hal dəfələrlə tərtib olunmuş aktlarla rəsmiləşdirilmiş, müvafiq fotoçəkilişlər aparılmış, cavabdeh özü bunu etiraf etmiş, lakin məhkəmə heç bir hüquqi əsas olmadan İddiaçı İB-yə dəyən zərəri nəzərə almamışdır.

Apellyasiya şikayətinə etiraz

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya baxışı

16. İşə baxılmasının (vaxtı) yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı İB nümayəndəsini məhkəməyə göndərməmiş, cavabdeh də məhkəməyə gəlməmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

20. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

“Qaz təchizatı” haqqında Qanun

21. Maddə 13 (bənd 8). Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

22. Maddə 13 (2022-ci ilin may ayından qüvvədə olan 8-1-ci bənd). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

23. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

24. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

25. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii X2 pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydaları

26. Bənd 3. İstehlakçılar tərəfindən təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatının hesablanma hesabatına ödənilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

30. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın təmin olunmayan hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmişdir; iddiaçı isə qətnamənin iddianın təmin olunmayan hissəsində ləğvini xahiş etmişdir. Başqa sözlə qətnamə, iddianın qismən təmin edildiyi hissədə yoxlanılmır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

34. Tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz iddiaçı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir.

35. Kollegiyanın qənaətinə görə, İddiaçı İB cavabdehin qazdan sayğacdankənar qanunsuz istifadə etdiyini sübuta yetirmişdir; lakin həmin istifadə üçün onun cavabdehə hesabladığı borc məbləği reallığa uyğun deyildir.

36. Belə ki, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamaqla hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir); həm bu müddəanın mənasına, həm də bilinən işgüzar praktikaya görə qaz təchizatçısı ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləşdirməli, əgər sayğacda problem varsa, yaxud sayğac yoxdursa və ya qazdan sayğacsız istifadə olunursa, onu işlək sayğacla əvəz etməli, habelə qanunsuz istifadənin qarşısını almalıdır.

37. Buna görə də kollegiya hesab edir ki, mübahisənin həllinə məhz bu kontekstdən yanaşılmalı, cavabdehin barəsində tərtib olunmuş aktlar əsasında hesablanmış məbləğin düzgün olub-olmadığına qiymət verilməlidir.

38. Başqa sözlə, cavabdehin qazdan sayğacsız (sayğacdankənar) istifadə etdiyi dövr üçün ödəməli olduğu pulun məbləği ağlabatan mühakimə və hər kəsin qəbul etdiyi işgüzar adətlər kontekstində təsbit oluna bilər. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii X2 pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarının yuxarıda qeyd olunan bəndinin mənasına görə, belə hesablama zamanı evdəki qaz işlədicilərinin gücü nəzərə alınmalı, hesablama axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata uyğun aparılmalıdır.

39. Bu kontekstdə kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, müvafiq dövrdə cavabdeh daha çox qaz istehlak etmişdirsə, bunun məsuliyyəti onun qazdan sayğacsız istifadə etməsinə şərait yaradan, yəni öz vəzifələrini lazımi qaydada icra etməyən İddiaçı İB-nin əməkdaşlarına aid olunmalıdır.

40. Kollegiya, birinci instansiya məhkəməsi tərəfindən yalnız birinci akta əsasən hesablama aparılmasını düzgün yanaşma hesab etmir; bununla yanaşı nəzərə alır ki, məhkəmənin həmin akt əsasında hesabladığı borc məbləği kifayət qədər yüksək olduğundan və cavabdeh qətnamədən şikayət vermədiyindən, apellyasiya şikayətinin təmin olunması tərəflər arasında ədalətli balansı poza bilər.

41. Bu zaman həm də nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə (§ 22) əməl olunmamış, aktlar tərtib edilərkən onun bir nüsxəsi həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq nə cavabdehə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yaxud cinayət təqibi orqanına təqdim edilməmiş, beləliklə də cavabdehin (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən olunmamışdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı nümayəndəsinin apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-847/2024 saylı iş üzrə 27 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar