Məhkəmə qərarları › İş №2(103)-3199/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3199/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3199/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Vlaerik oğlunun iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2685/2020 saylı, 30 noyabr 2020ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehi kredit müqaviləsi üzrə 19.05.2020-ci il tarixə Banka olan 13005.73 manat əsas borc, 2033.25 manat faiz borcu, ümumilkidə 15038.98 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2685/2020 saylı, 30 noyabr 2020ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Nəticədə, məhkəmə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi K.Əsədov apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan 26.01.2015-ci il tarixli, 131550-CNS-15365 saylı nağd pul kredit müqaviləsindən görünür ki, Cavabdeh 36 ay müddətinə illik 22 % hesablanmaqla 11500 ABŞ dolları məbləğində kredit verilmişdir. 13.04.2015-ci il tarixli, 131550-1-14627 saylı nağd pul kredit müqaviləsindən görünür ki, Cavabdeh 60 ay müddətinə illik 22% hesablanmaqla 11271,35 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13.10.2015-ci il tarixli, 1 saylı Razılaşmaya əsasən Cavabdeh 11488,00 AZN məbləğində borcu kapitallaşdırılmışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17.02.2016-cı il tarixli, 2 saylı Razılaşmaya əsasən Cavabdeh 12196,12 AZN məbləğində borcu kapitallaşdırılmışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03.10.2016-cı il tarixli, 3 saylı Razılaşmaya əsasən Cavabdeh 13995,32 AZN məbləğində borcu kapitallaşdırılmışdır. İşdə olan arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə 03.10.2016-cı il tarixli 131550-1-14627\3 saylı "Nağd pul krediti müqaviləsi" üzrə 19.05.2020-ci il tarixinə 13005.73 manat əsas borc, 2033.25 manat faiz borcu, ümumilkidə 15038.98 manat məbləğində borcu vardır. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış pretenziyalardan görünür ki, İddiaçı ASC Cavabdeh yaranmış mövcud borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir. DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16.10.2020-ci tarixli, 9\3863 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanmış 26.10.2016-cı il tarixli 3 saylı razılaşma müqaviləsinin qeyd olunan şərtləri əsas götürməklə Cavabdeh İddiaçı” ASC-yə iddia tələbinin tarixinə yəni 19.05.2020-ci ilə olan əsas borc üzrə 13.005,73 ABŞ dolları, faiz borcu üzrə 2.033,25 ABŞ dolları olmaqla ümumilikdə 15.038,98 ABŞ dolları məbləğində təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Rayon məhkəməsi iş üzrə belə nəticəyə gəlmişdir ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci və 448.1-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yol verilməzdir. Bundan əlavə, cavabdehin Banka olan 13005.73 manat əsas borc, 2033.25 manat faiz borcu, ümumilkidə 15038.98 manat borcunun olması iş materiallarında olan 16.10.2020-ci tarixli, 9\3863 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə də müəyyən olunmuşdur. Kollegiya bununla bağlı qeyd edir ki, qeyd olunan ekspert rəyində texniki yanlışlığa yol verilərək cavabdehin 19.05.2020-ci il tarixə banka olan borcu ümumilikdə 15038,98 “ABŞ dolları” olaraq qeyd olunmuşdur, halbuki borc Azərbaycan manatı ilə ifadə olunmalı idi. Belə ki, bu fakt həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində ümumi sözlərə əsaslanmaqla, konkret sübutlara istinad edilmədiyindən şikayət əsassızdır və təmin edilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən birinci instansiya məhkəməsi iddia tələblərini təmin etməkdə haqlı olmuşdur. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2685/2020 saylı, 30 noyabr 2020ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar