Məhkəmə qərarları › İş №2(103)-3199/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3199/2024

15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3199/2024 15.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı - ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, ekspert rəyinin mötəbərliliyi, restukturizasiya, ekspert rəyinin mötəbərliliyi, kreditin verildiyi valyuta növü, borcun düzgün hesablanmaması, zaminliyə xitam verilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh1 və X2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ASC (bank) ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə ********* №-li kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank, Cavabdeh1 şəxsi istehlak məqsədilə, 24 ay müddətinə qaytarması, illik 21,5% ödəməsi şərtilə 5000 ABŞ dolları kredit vermişdir.

2. X1 arasında xx.xx.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh2 xx.xx.2015-ci il tarixli ********* №-li kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasına borcalanla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

3. Kredit və zaminlik müqavilələri üzrə xx.xx.2016-cı il tarixdə əlavə sazişlər imzalanmış bağlanmış, sazişlərə əsasən Cavabdeh1 bank qarşısındakı kredit öhdəliyinin qalığı 4370,83 ABŞ dolları müəyyənləşdirilərək kreditin qaytarılma müddəti xx.xx.2018-ci il tarixinədək uzadılmışdır.

4. Kredit və zaminlik müqavilələri üzrə xx.xx.2017-ci il tarixdə əlavə sazişlər imzalanmış, sazişlərə əsasən Cavabdeh1 bank qarşısındakı kredit öhdəliyinin qalığı restrukturizasiya edilərək kredit borcunun məbləği 4702,26 ABŞ dolları hesablanmış, ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlərin 1 USD=1,40 AZN məzənnəsi əsas götürülməklə həyata keçiriləcəyi, kreditin müddətinin xx.xx.2022-ci il tarixədək uzadıldığı, illik 8% ödəniləcəyi razılaşdırılmışdır.

5. 16 avqust 2023-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixinə 1709,66 ABŞ dolları əsas, 540,57 ABŞ dolları faiz, 848,98 ABŞ dolları cərimə, 108 ABŞ dolları gecikmiş faiz borcu vardır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. Ləğv prosesindəki İddiaçı ASC (iddiaçı) Cavabdeh1 və X2 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1709,66 ABŞ dolları əsas, 540,57 ABŞ dolları faiz, 848,98 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 108 ABŞ dolları faiz borcunun və 74,53 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbləri belə əsaslandırılmışdır ki, bankla Cavabdeh1 arasında bağlanmış ********* №-li xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədilə 24 ay müddətinə, illik 21,5% dərəcəsi ilə 5000 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh2 ilə bank arasında 390012028-ZM nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2016-cı il tarixli 07 №-li Əlavə Sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 4370,83 ABŞ dolları hesablanmış, kreditin müddəti xx.xx.2018-ci il tarixinədək uzadılmışdır. Bağlanmış xx.xx.2017-ci il tarixli 02 №-li Əlavə Sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin qalığı 4702,26 ABŞ dolları hesablanmış, ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlərin 1 USD = 1,40 AZN məzənnəsi əsas götürülməklə qəbul ediləcəyi razılaşdırılmış, kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cavabdehlər üzərlərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş, borcu qaytarmamışlar.

8. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia tələbini müdafiə etmiş, Cavabdeh1 ekspertiza rəyi əsasında müəyyənləşdirilən borcun ondan tutulmasına etiraz etmədiyini bildirmiş, digər cavabdeh isə məhkəməyə gəlməmişdir.

9. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin verdiyi xx.xx.2024-cü il tarixli rəydə göstərilmişdir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə (müqavilə müddətin bitmə tarixinə) 1716,26 manat əsas, 486,88 manat faiz borcu, xx.xx.2023-cü il tarixə (maliyyə arayışının tarixi) 1716,26 manat əsas, 486,88 manat faiz borcu, 105,60 manat 5%-lə faiz borcu vardır.

10. Birinci instansiya məhkəməsinin 05 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin olunması, Cavabdeh1 1716,26 manat əsas, 486,88 manat faiz, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 105,60 manat faiz borcu olmaqla cəmi 2308,74 manat borcun və 43,08 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə və zamin X2 qarşı rədd edilməsi, 31,45 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, 100 manat ekspertizanın dəyərinin Cavabdeh1 tutulub müvafiq hesaba köçürülməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehlər iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, üzərlərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. Lakin əsas və faiz borcu ekspert rəyinə əsasən tutulmalıdır. Ekspert tərəfindən cərimə borcu müəyyən edilmədiyindən iddia cərimə borcunun tutulması hissəsində rədd edilməlidir.

12. Məhkəmə hesab etmişdir ki, iddia zaminə qarşı rədd edilməlidir. Belə ki, zaminlik müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək nəzərdə tutulmuşdur, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə isə, zaminlik müqaviləsində göstərilmiş müddət qurtardıqda zaminliyə xitam verilir.

13. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, həmçinin Mülki Məcəllənin 385.1-ci, 386.1-ci, 433.1-ci, 442-ci, 472.1-ci, 472.2.-ci maddələrinə istinad etmişdir.

14. Qətnamədən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, əsassız ekspert rəyinə istinadla borcun valyutasını manatla müəyyənləşdirdiyi, cərimə borcunu tutmamaqla və zaminə qarşı tələbi təmin etməməklə maddi hüquq normalarının tələblərini pozduğu arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar, alınmış ekspert rəyi

16. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, Cavabdeh1 borcunun 1709 ABŞ dolları olduğunu, lakin onu 1,40 manat məzənnəsi ilə ödəyəcəyinin razılaşdırıldığını bildirmiş, digər cavabdeh isə məhkəməyə gəlməmişdir.

17. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iş üzrə təkrar mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:

- xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2022-ci il tarixinə əsas və faiz borcu nə qədər olmuşdur? - 15 may 2022-ci il tarixindən sonra həmin müqavilə üzrə hansı məbləğlərdə ödənişlər həyata keçirilmişdir və bu ödənişlərin hansı hissəsi əsas, hansı hissəsi faiz borcuna çıxılmışdır?.

- xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə kredit vəsaitindən istifadə müddətinin başa çatdığı 15 may 2022-ci il tarixindən 08 avqust 2023-cü il tarixinədək olan dövr üçün Cavabdeh1 illik 5 (beş) faiz hesabı ilə hansı məbləğdə faiz borcu yaranmışdır?

18. Məhkəmə Ekspertizası Mərkəzinin həmin təyinat əsasında verdiyi xx.xx.2024-cü il tarixli rəydə göstərilmişdir ki, kredit müqaviləsinin müddətinin bitmə tarixinə, yəni xx.xx.2022-ci il tarixə Cavabdeh1 1696,56 ABŞ dolları əsas, 480,89 ABŞ dolları faiz borcu olmuş, həmin tarixdən sonra ödəniş həyata keçirilməmiş, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr üçün onun illik 5% hesabı ilə 104,38 ABŞ dolları faiz borcu yaranmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

20. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

21. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

22. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

25. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

26. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

30. Maddə 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz.

31. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.

32. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

33. Maddə 470. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

34. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

35. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

39. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

42. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

43. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

44. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun

45. Maddə 17. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.

46. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.

Apellyasiya baxışının həddi

47. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

49. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddia tələbinin qismən təmin edilməməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni Cavabdeh1 mübahisələndirməmiş, iddiaçı bank isə yalnız qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

51. Kollegiya birinci instansiya məhkəməsinin zamin Cavabdeh2 qarşı yönələn tələb üzrə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır:

52. İddiaçı ASC ilə zamin arasında bağlanmış zaminlik müqaviləsinin 5.1.4-cü bəndində göstərilmişdir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

53. Bu baxımdan müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır.

54. Bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsində və sonradan bağlanmış əlavə sazişdə tərəflər razılaşdırmışlar ki, borcalan aldığı krediti xx.xx.2022-ci il tarixinədək qaytarmalıdır.

55. Beləliklə, iddiaçı bank zaminə qarşı xx.xx.2023-cü il tarixədək iddia qaldırmaq hüququna sahib olmuş, lakin bu hüququndan istifadə etməmişdir.

56. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur.

57. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh2 münasibətdə təmin etməməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvi üçün əsas deyildir.

58. Kollegiya, birinci instansiya məhkəməsinin “cərimə borcunun tutulması” tələbi üzrə gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsində öhdəliyin yerinə yetirilməməsinə görə borcalanın penya (dəbbə pulu) ödəməli olduğu razılaşdırılmamışdır. Halbuki, Mülki Məcəllənin 462.1-ci maddəsində təsbit edilmişdir ki, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bu isə o deməkdir ki, tərəflər arasında bağlanılmış müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hallarda cavabdehin həmçinin penya ödəməli olduğu razılaşdırılmamışdırsa, ona qarşı yönəlmiş bu cür tələb təmin oluna bilməz. Qeyd olunmalıdır ki, bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin 3.5-ci bəndində təsbit edilmiş müddəa borcalanın penya öhdəliyini təsbit etmir və yalnız öhdəliyin yerinə yetirilməməsinə görə əlavə faiz dərəcəsinin tətbiqinə hüquq verən müqavilə şərti kimi qiymətləndirilə bilər.

59. Bununla belə kollegiya borc məbləğinin düzgün hesablanmadığı ilə bağlı apellyatorun dəlillərini qismən əsaslı sayır – belə ki, Cavabdeh1 kredit ABŞ dolları ilə verilmiş və tərəflər arasında bağlanmış sonuncu razılaşmada kredit borcunun məbləğinin 4702,26 ABŞ dolları olduğu, manatla ödənişlərin 1 USD = 1,4 manat məzənnəsi əsas götürülməklə qəbul ediləcəyi müəyyənləşdirilmiş, buna baxmayaraq məhkəmə borc məbləğlərini manatla hesablayaraq bunun səbəbini ümumiyyətlə izah etməmişdir.

60. Buna görə də kollegiya, apellyasiya baxışı zamanı alınmış ekspert rəyini əsas götürməklə hesab edir ki, qətnamə “Cavabdeh1 1716,26 manat əsas, 486,88 manat faiz, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 105,60 manat faiz borcu olmaqla cəmi 2308,74 manat borcun tutulması” hissəsində dəyişdirilməli, Cavabdeh1 müvafiq kredit müqaviləsi üzrə tutulmalı olan əsas borcun məbləği 1696,56 ABŞ dolları, faiz borcunun məbləği 480,89 ABŞ dolları, gecikmə faizinin məbləği isə 104,38 ABŞ dolları müəyyənləşdirilməli, həmin borc məbləği manatla ödənildiyi təqdirdə 1 USD = 1,4 manat məzənnəsi əsas götürülməlidir.

61. Bankın “kredit müqaviləsi üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz (5%) borcunun tutulması” tələbi üzrə həmçinin qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsınin adı çəkilən Qərarındakı hüquqi mövqeyə görə, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-651/2024 saylı iş üzrə 05 mart 2024-cü il tarixli qətnaməsi “Cavabdeh1 1716,26 manat əsas, 486,88 manat faiz, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 105,60 manat faiz borcu olmaqla cəmi 2308,74 manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh1 ********* №-li xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1696,56 ABŞ dolları əsas, 480,89 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 104,38 ABŞ dolları faiz borcu, yəni əsas və faiz borcu qismində cəmi 2281,83 (iki min iki yüz səksən bir dollar 83 sent) ABŞ dolları (borc məbləği manatla ödənildiyi təqdirdə 1 USD = 1,4 manat məzənnəsi əsas götürülməklə) tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin; mühasibatıq ekspertizasının xərci olan 100 (yüz) manatın 80 (səksən) manatı Cavabdeh1, 20 (iyirmi) manatı İddiaçı ASC-dən alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X4, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamənin “iddia tələbinin zamin X2 qarşı rədd edilməsi” hissəsindən İddiaçı ASC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar