Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-32/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi X5 və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5582/2019 saylı 16 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 12 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 25 iyul 2012-ci il tarixli, 2 iqt(81)- 2410/2012 saylı qətnaməsi ilə İddiaçı ASC-nin müflis elan edilməsi və İddiaçı ASC-yə ləğvedici qismində «X1 Company» MMC-nin təyin edilməsi qərara alınmışdır.
2. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 30 aprel 2010-cu il tarixli, 1062 saylı kredit müqaviləsinə əsasən Bank cavabdehə 24 ay müddətinə illik 15 faiz dərəcəsi olmaqla, 550000 ABŞ dolları məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür. Müqavilənin sonunda borcalan qismində Cavabdeh deyil, “X6” göstərilmişdir.
3. 04 may 2010-cu il tarixli, 09 iyun 2010-cu il tarixli, 11 iyun 2010-cu il tarixli dəyişikliklərə əsasən kredit xəttinin limitinin ******* dollarına artırılması nəzərdə tutulmuşdur. 02 avqust 2011-ci il tarixli Kredit Xətti Müqaviləsinə dəyişikliyə əsasən qeyd olunan kredit xəttinin valyutasının ABŞ dollarından manata dəyişdirilməsi nəzərdə tutulmuşdur. Həmin tarixə əsas borc üzrə qalıq 1 499 818 (bir milyon dörd yüz doxsan doqquz min səkkiz yüz on səkkiz) dollardan konvertasiya olunub 1 179 607 (bir milyon yüz yetmiş doqquz min altı yüz yeddi) manat məbləğində, faiz borcu üzrə 248407 (iki yüz qırx səkkiz min dörd yüz yeddi) dollar qalıq isə 195596 (bir yüz doxsan beş min beş yüz doxsan altı) manat müəyyənləşdirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30 aprel 2010-cu il tarixli, 1062 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə iddiaçının xeyrinə 1 499 817.45 ABŞ dolları əsas borcun, müqavilə müddəti bitən tarixə 416 669.38 ABŞ dolları faiz borcunun, gecikdirilmiş vaxt üçün hesablanan 5 % üzrə 716 142 ABŞ dolları, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur (İ cild, i.v 188).
5. İddia belə əsaslandırılmışdır ki, kreditdən və kredit üzrə yığılmış faizlərin təcili ödənilməsi barədə Bank tərəfindən Cavabdeh müraciətlər edilmiş, lakin Cavabdeh verdiyi vədlərə əməl etməyərək, tərəflər arasında bağlanmış kredit xətti haqqında müqavilənin şərtlərini kobud surətdə pozmuş və nəticədə tələb olunan həcmdə borcu yaranmışdır.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş № 2(004)- 5582/2019) iddia rədd olunmuşdur.
7. Qətnamə ilə yanaşı xüsusi qərardad qəbul edilərək İddiaçı ASC-nin əməkdaşlarının əməllərində Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əlamətləri aşkar olunduğundan bu barədə prokurora xəbər verilməsi qərara alınmış, xüsusi qərardad icra edilməsi üçün Bakı şəhəri Yasamal Rayon Prokuroruna göndərilmişdir.
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tərəfindən tərəflər arasında kredit müqaviləsininin bağlanmasının görüntüsü yaradılsa da, faktiki olaraq, cavabdehə hər hansı bir kredit vəsaiti verilməmişdir. Proses gedişatında müəyyən edildiyi kimi, cavabdeh avtoyuma məntəqəsində yuyucu qismində çalışır. Odur ki, maddi durumu məhdud olan fiziki şəxsə bir milyon yarım dollar məbləğində kredit verilməsi məhkəmə üçün inandırıcı gəlmir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 340, 560cı maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qeyd edilən kredit xətti müqaviləsinin bağlanılmasına təhrik edilməmiş və onu həmin müqavilənin bağlanılmasına heç kim məcbur etməmişdir. Əksinə, cavabdeh kreditin rəsmiləşdirilməsi üçün tələb olunan bütün sənədləri şəxsən Banka təqdim etmiş, kredit xətti müqaviləsini, xəzinə məxaric orderlərini və digər sənədləri heç kimin müdaxiləsi və təzyiqi olmadan imzalamış və bununla da Bank qarşısında özü üçün öhdəliklər yaratmışdır. Hətta, bir müddət keçdikdən sonra da Banka gələrək, kredit xətti müqaviləsinə yuxarıda göstərilmiş dəyişikliklərin edilməsi üçün müvafiq ərizələrlə Banka müraciət etməsi və həmin dəyişiklikləri könüllü imzalaması onu deməyə əsas verir ki, cavabdeh müvafiq sənədləri, o cümlədən kredit xətti müqaviləsini, ona edilmiş dəyişiklikləri və ən əsası pulun xəzinədən alınması üçün xəzinə məxaric orderlərini imzalamasının mahiyyətini başa düşmüş, bu hərəkətlərin gələcəkdə onun üçün və qarşı tərəf üçün hansı hüquq və vəzifələr yarada biləcəyini çox yaxşı dərk etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov-sədrlik edən və məruzəçi, A.İmanov və V.Sadıqov, iş №2(103)-611/20) apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər E.Şamayev-sədrlik edən və məruzəçi, E.Vəliyeva və A.Abbasov, iş №2(102)-3645/20) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi.
16. Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
18. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
19. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
20. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə xx.xx.2020-ci il tarixli qərarında şərh olunan göstərişlərə görə işə apellyasiya qaydasında yenidən baxılarkən tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cinayət təqibinin mövcud olub-olmaması və olduğu halda onun nəticələri barədə istintaq orqanlarından məlumat alınmalı, bundan asılı olaraq iddiaçı və cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranıb-yaranmaması məsələsinə bir daha hüquqi qiymət verilməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması təmin edilməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
26. Apellyasiya baxışı zamanı Yasamal Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli xüsusi qərardadının icrasının nəticəsini öyrənmək məqsədilə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə müvafiq sorğu göndərilmişdir. Həmin İdarənin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində Azərbaycan Respublikası CM-nin 179.3.2, 313 və 193-1.3.2-ci maddələri ilə olan ********* saylı cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, X3 Baba Daşdəmir oğlunun adına İddiaçı ASC-də külli miqdarda vəsaitləri İddiaçı ASC-nin mərkəzi ofisinin xəzinəsindən qabaqcadan əlbir olduğu şəxslər vasitəsilə qanunsuz olaraq götürməklə, özgə, yəni, İddiaçı ASC-nin əmlakını öz qulluq mövqeyindən istifadə edərək, qabaqcadan əlbir olan bir qrup şəxslə, Banka külli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış və qabaqcadan əlbir olmuş bir qrup şəxs qismində vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Cinayət işinin materialları ittiham aktı tərtib olunmaqla xx.xx.2020-ci il tarixdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş ittiham aktının surətindən məlum olur ki, həmin ittihamın hazırkı mübahisəli kredit məbləğinin götürülməsi ilə bağlı epizodunda X9 təqsirləndirilən, İddiaçı ASC-nin ləğvedicisi ƏSF zərər çəkmiş, Cavabdeh isə şahid qismində keçir.
27. Mülki işin icraatı X7 və qeyrisinin barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılması ilə əlaqdar olaraq dayandırılmışdır. Cinayət işi üzrə hökm çıxdıqdan və həmin hökmdən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxıldıqdan sonra iş üzrə icraat təzələnmiş və məhkəmə baxışına təyin olunmuşdur.
28. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-59/2022 saylı, 31 mart 2022-ci il tarixli hökmü ilə İddiaçı ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə və İddiaçı ASC-də Kredit Komitəsinin sədri, İdarə Heyətinin üzvü və baş direktoru vəzifələrində işləmiş X20 hazırkı mülki işdə cavabdeh olan Cavabdeh və digərlərinə qarşı cinayət törədərək Cinayət Məcəlləsinin 179.3.2, 193-1.3.2, 313-cü maddələri ilə təqsirli bilinmiş və müvafiq surətdə 8 (səkkiz) il və 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər.
29. Hökmlə müəyyən olunmuşdur ki, “Cam Əli təkrarən həmin vəzifədə işləyərkən göstərilən səlahiyyətlərə malik məsul şəxs olmaqla öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını talamaq məqsədilə Bankda İdarə heyətinin sədr müavini vəzifəsində işləyən oğlu Fuad Cam və qeyriləri, yəni rəhbərlik etdiyi Bankın istintaqla şəxsiyyətləri araşdırılan aidiyyyəti vəzifəli şəxsləri və digərləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, Cavabdeh adına rəsmiləşdirilən kredit vəsaitinin bank rəhbərliyi tərəfindən ödəniləcəyi haqqında əvvəlcədən yalan məlumat verilməklə razılığını aldıqdan sonra, qabaqcadan əlbir olduğu şəxslər vasitəsilə guya fərdi evlərin tikintisi məqsədilə 24 ay müddətinə illik 15 faizlə 550.000 ABŞ dolları məbləğində kreditin ayrılmasına razılıq verilməsi barədə qərarın əks olunduğu X10 iclasının 20 aprel 2010-cu il tarixli protokolundan çıxarışı öz imzası ilə təsdiq edərək, Cavabdeh şəxsiyyət vəsiqəsindən istifadə edilməklə, adına Bankın Bakı şəhəri, Yasamal rayonu, H.Cavid 5 ünvanda yerləşən mərkəzi ofisində göstərilən məbləğdə pul vəsaitlərinin verilməsi haqqında biləbilə yalan, yəni guya kreditin fərdi evlərin tikintisi məqsədi ilə ayrılması və həmin kreditin Cavabdeh verilməsi barədə məlumatların əks olunduğu 30 aprel 2010-cu il tarixli 1062 №li, bankın İdarə heyətinin sədr müavini X15 və Cavabdeh tərəfindən imzalanmış kredit xətti müqaviləsinin, eləcə də kredit məbləğinin 450.000 ABŞ dolları məbləğində artırılması haqqında xx.xx.2010-cu il, 100.000 ABŞ dolları məbləğində artırılması haqqında xx.xx.2010-cu il, 400.000 ABŞ dolları artırılması haqqında xx.xx.2010-cu il tarixli müqavilələrin, habelə xx.xx.2010-cu il tarixli fiziki şəxsin kredit almağı üçün ərizə blankı, müddətli öhdəlik, xəzinə məxaric orderlərinin - saxta rəsmi sənədlərin hazırlanmasını və bankın kompüter əməliyyat sistemində bununla bağlı müvafiq məlumatların məzmununa bilə-bilə yalan məlumatların daxil olunmasını təmin edərək və Cavabdeh adından tərtib olunmuş kredit sənədlərində imzaları istintaqla müəyyən olunmamış şəxs və ya şəxslər tərəfindən saxtalaşdırılmaqla, xx.xx.2010-cu il tarixdə 500.852 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə 46.017 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə 28.229 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə 67.056 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə 32.123 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə 923 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə 39.822 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə 33.305 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə 42.766 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə 7.171 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə 68.761 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə 2.691 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə 5.801 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə 49.315 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə 7.899 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə 15.831 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə 51.438 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə 100.000 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə 40.722 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə 12.442 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə 19.327 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə 231.197 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə 37.360 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə 1.039 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə 86.280 ABŞ dolları və xx.xx.2010-cu il tarixdə 1.688 ABŞ dolları olmaqla, ümumilikdə həmin dövrün məzənnəsinə müvafiq olaraq 1.224.044 manat məbləğində vəsaitləri İddiaçı ASC-nin mərkəzi ofisinin xəzinəsindən qabaqcadan əlbir olduğu şəxslərin vasitəsilə qanunsuz olaraq götürməklə özgə, yəni İddiaçı ASC-nin əmlakını öz qulluq mövqeyindən istifadə edərək, qabaqcadan əlbir olan bir qrup şəxslə, Banka külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəyərək talamış və qabaqcadan əlbir olmuş bir qrup şəxs qismində vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir.
30. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1195/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək həmin epizodla bağlı cinayət təqibinə Azərbaycan Respublikası Cinаyət Prоsеssuаl Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə xitam verilmiş və məhkumların cəzası müvafiq olaraq 6 və 8 ilə endirilmişdir. Həmin qərar qəbul edildiyi andan qanuni qüvvəyə minmişdir.
31. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən müəyyən olunmuşdur ki, iddia tələbinin əsasını təşkil edən 30 aprel 2010- cu il tarixli kredit müqaviləsi, həmin müqaviləyə 04 may 2010-cu il, 09 iyun 2010-cu il və 11 iyun 2010-cu il tarixli dəyişikliklər, habelə kredit məbləğinin alınmasına dair 30 aprel 2010 il - 22 iyun 2010-cu il tarixlərini əhatə edən 22 xəzinə məxaric orderində olan imzalar Cam Əli və qeyriləri tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını talamaq məqsədilə digərləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək saxtalaşdırılmışdır.
32. MPM-ə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (maddə 82.4).
33. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, sözügedən kredit müqaviləsi üzrə cavabdehin öhdəliyi yaranmadığından iddianın əsası da yoxdur.
34. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.
35. Məhkəmə kollegiyası hesab edir ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi qanuni və əsaslı qənaətə gəlmişdir.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 16 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.