Məhkəmə qərarları › İş №2(103)-320/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-320/2021

16.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-320/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 yanvar 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona vurduğu maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 8.109 manat məbləğində pulun cavabehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı MMC-nin keçmiş əməkdaşıdır. 23.10.2017-ci il tarixdə MMC ilə cavabdeh arasında 3 aylıq sınaq müddəti tətbiq etməklə müddətsiz əmək müqaviləsi bağlanılmışdır. Həmin vaxtdan etibarən Cavabdeh MMC-nin “Oba-Elmlər 2” adlı mağazasına (kod 785) satıcı-kassir vəzifəsinə təyin edilmişdir. Sonradan, 16.08.2018-ci il tarixdə Cavabdeh ilə bağlanmış 23.10.2017-ci il tarixli əmək müqaviləsinə əlavə qəbul edilmiş və həmin əlavə əsasında cavabdeh 16.08.2018-ci il tarixdən MMC-nin Satış Departamentinə Baş satıcı vəzifəsinə keçirilmişdir. Həmçinin, 16.08.2018-ci il tarixdə MMC ilə Cavabdeh arasında “tam maddi məsuliyyət haqqında” müqavilə bağlanılmışdır. Cavabdeh 04.02.2019-cu il tarixli yazılı ərizəsi əsasında MMC-nin 04.02.2019-cu il tarixli 010 nömrəli əmri ilə Cavabdeh MMC-nin Satış Departamentinin Satış 2 Şöbəsinin “Elmlər 2” filialının administratorunun vəzifələri həvalə edilmişdir. Cavabdeh iş vaxtı ərzində iş yerində intizam xətasına yol vermiş və öz əmək funksiyalarını pozmuşdur. Həmin hərəkətlər nəticəsində cəmiyyətinə maddi zərər dəymişdir. Belə ki, 20.05.2019-cu il tarixdə “Oba-Elmlər 2” mağazasında inventarizasiya monitorinqi aparılmışdır. 20.05.2019-cu il tarixli "xxxx" dair akta əsasən Cavabdeh MMCyə maddi zərər vurmuşdur. Aktı əsasında tərtib edilmiş 20.05.2019-cu il tarixli iltizamnamədə göstərilmişdir ki, 1.996 say çeşid malda 9.227 manat əskik gəlmişdir, 0.5% ümumi malın xarab olması nəzərə alınmaqla, zərərdən çıxılmış və 8.601 manat zərər vurulması müəyyən edilmişdir. Bu səbəbdən MMC ilə Cavabdeh arasında bağlanmış 02.09.2019-cu il tarixli “borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləsi imzalanmışdır. 02.09.2019-cu il tarixli müqavilənin şərtinə əsasən Cavabdeh MMC-yə 02.10.2019-cu il tarixdən etibarən 10 ay müddətində hər ay 860,10 manat ödəməklə borcunu tam ödəməli idi. MMC-nin 11.09.2019-cu il tarixli 395-K nömrəli əmri ilə Cavabdeh əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. Müqavilə bağlanandan sonra Cavabdeh 492 manat pulu MMC-nin xəzinəsinə ödəmişdir. Hazırda Cavabdeh MMC-yə (8.601-492=) 8.109 manat məbləğində borcu qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 09.01.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X1 apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etmiş və şikayətin məzmununa uyğun izahat vermişdir. İşə apellyasiya qaydasında baxılmanın növbəti iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, iş üzrə cavabdeh və onun vəkili (nümayəndəsi) apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı MMC-nin nümayəndəsi apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərə və tərəflərin məhkəmələr bildirdiklərinə əsasən müəyyən edilir ki, MMC ilə iddiaçı Cavabdeh arasında 23.10.2017-ci il tarixdə 3 aylıq sınaq müddəti tətbiq etməklə "xxxx" bağlanmışdır. Həmin vaxtdan etibarən Cavabdeh MMC-nin “Oba-Elmlər 2” adlı mağazasında satıcı-kassir vəzifəsinə təyin edilmişdir. 16.08.2018-ci il tarixdə Cavabdeh ilə bağlanmış 23.10.2017-ci il tarixli “Əmək müqaviləsinə əlavə” qəbul edilmiş və həmin əlavə əsasında Cavabdeh 16.08.2018-ci il tarixdən MMC-nin Satış Departamentinə baş satıcı vəzifəsinə keçirilmişdir. 16.08.2018-ci il tarixdə MMC ilə Cavabdeh arasında “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır. Cavabdeh 04.02.2019-cu il tarixli yazılı ərizəsi əsasında MMC-nin 04.02.2019-cu il tarixli 010 nömrəli əmri ilə Cavabdeh MMC-nin Satış Departamentinin Satış 2 Şöbəsinin “Elmlər 2” filialının administratorunun vəzifələri həvalə edilmişdir. 20.05.2019-cu il tarixdə “Oba-Elmlər 2” mağazasında inventarizasiya monitorinqi aparılmışdır. "xxxx" dair 20.05.2019-cu il tarixli akta əsasən Cavabdeh MMC-yə maddi zərər vurması müəyyən edilmişdir. Aktı əsasında tərtib edilmiş 20.05.2019-cu il tarixli iltizamnamədə göstərilmişdir ki, 1.996 say çeşid malda 9.227 manat əskiklik aşkar olunmuşdur. 0,5% ümumi malın xarab olması nəzərə alınmaqla, zərərdən çıxılmış və 8.601 manat zərər vurulması müəyyən edilmişdir. MMC ilə Cavabdeh arasında bağlanmış “borcun etirafı və ödəniş qaydası haqqında” 02.09.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC-yə vurduğu maddi ziyanın məbləği 8.601 manat təşkil edir. Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh 02.10.2019-cu il tarixdən etibarən 10 ay müddətində hər ay 860,10 manat ödəməklə MMC-yə olan 8.601 manat borcunu tam ödəməlidir. MMC-nin 14.10.2019-cu il tarixli “Arayışından” görünür ki, 20.05.2019-cu il tarixdə aparılmış təftiş zamanı müəyyən edilmiş 8.601 manat çatışmazlıqdan Cavabdeh 492 manatını MMC-yə ödəmişdir, onun 8.109 manat borcu qalmışdır. MMC-nin 11.09.2019-cu il tarixli 395-K nömrəli əmri ilə Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin maddənin 2-ci hissəsinə görə, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Əmək Məcəlləsinin 192-ci maddəsinin 1-ci hissəsinə görə, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Həmin maddənin 2-ci hissəsinə görə, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Əmək Məcəlləsinin 194-cü maddəsinin 1-ci hissəsinə görə, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Maddənin 2-ci hissəsinə görə, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırki iş üzrə iddiaçı ona cavabdeh tərəfindən maddi zərərin vurulmasını tam sübuta yetirmişdir. Bu fakt rəsmi sənədlərlə və tərəflərin verdiyi izahatları ilə təsdiq olunur. Məhkəmə araşdırma zamanı iddiaçı göstərilmiş borcunu qismən etiraf etmişdi. Tərəflər arasında “borcun etirafı və ödəniş qaydası haqqında” 02.09.2019-cu il tarixli müqavilə bağlanmışdır. Məhkəmə həmin müqaviləni tərəflərin könüllü iradələrin ifadəsi kimi qəbul edir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfin vəsatəti əsasında hazırki mülki işin başlanmasına səbəb olmuş iddia tələbinin əsasını təşkil edən 02.09.2019-cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında müqavilənin” etibarlılığı cavabdeh tərəfindən mübahisələndirildiyindən 12.06.2020-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraatı Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırmışdır. Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)-144/2021 saylı mülki iş üzrə qətnamə qəbul edilərək Cavabdeh iddiasının əsassız olduğu üçün rədd edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia əsaslıdır. Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 yanvar 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar